Məşhur rus ədəbi tənqidçisi və publisisti V.Belinski humanistliyi şüur və təhsillə inkişaf etmiş insansevərlik kimi dəyərləndirirdi. Ədibin baxışından gəlinən qənaət bu idi ki, humanistlik üçün yalnız gendən gələn nəcib xüsusiyyətlərin daşıyıcısı olmaq kifayət deyil. Müəyyən nəslə, soykökə bağlı göstəricilər mütləq təhsillə çulğalaşmalıdır. Bu çulğalaşma həmin göstəricilərə şüur qazandırır, nizam formalaşdırır. Mövcud trayektoriyada yaranmış mənzərə isə artıq dəyərə çevrilir. Elə bir dəyərə ki, ondan bütöv bir toplum, ümumən cəmiyyət, ən əsası isə xalq faydalanır.
Tam qətiyyətlə söyləyə bilərik ki, Azərbaycanın birinci xanımı, Birinci vitse-prezidenti Mehriban Əliyeva malik olduğu nəslə məxsus nəciblik keyfiyyətlərini dərin biliyi ilə çulğaşan humanizm nümunəsidir. Onun humanizmi ölkəmizin hüdudlarını aşan hadisədir. Vətənimiz Azərbaycanı milyonların gözündə dəyərə çevirən hadisə.
Mehriban Əliyevanın Heydər Əliyev Fondunun prezidenti kimi həyata keçirdiyi misilsiz fəaliyyət xətti ümummilli liderin ruhuna dərin ehtiram nümunəsi olmaqla yanaşı, həm də öz xalqı üçün fədakarlıqlar etmiş, olmazın məhrumiyyətlərə qatlaşmış nəhəng dövlət adamına münasibətdəki qədirbilənlikdir. Bu qədirbilənliyin milli dəyər şəklinə gəlməsi, öz ifadəsini genişmiqyaslı tədbirlərdə tapması Heydər Əliyev irsindəki fundamentallığa yeni ahəng qazandırır, bu irsi institusionallaşdırır.
Bəli, əminliklə vurğulaya bilərik ki, Mehriban Əliyeva Heydər Əliyevin mənalı ömür yolunu məktəbləşdirib. Elə bir məktəb ki, onun başlıca qayəsində Vətən sevgisi dayanır. Bütün çətinliklərə sinə gərmək üçün özündə güc və təpər tapan, ruhdan düşməyən, uğursuzluqları uğura çevirmək əzmini təlqin edən sevgi. Ona görə Heydər Əliyev Fondu həm də Vətən sevgisinin ali mərkəzidir.
Heydər Əliyev Fondu Mehriban Əliyevanın özünün zənginliyindəki Vətən sevgisindən də nəşət alan platformadır. Qurumun gördüyü işlər el-obaya bağlılıq keyfiyyətlərindən doğan gücün, rasional düşüncənin, iti zəkanın sevgi naminə təzahürüdür. Bu təzahür dövlətçilik təfəkküründəki təntənədir – Mehriban Əliyeva təntənəsi. Bu təntənədə milyonlarla azərbaycanlıya Vətəni, xalqı, dövləti Heydər Əliyev kimi sevmək aşılanır. Aşılanır ki, dövlətçiliyimiz və müstəqilliyimiz əbədi olsun. Aşılanır ki, müstəqil respublikamızın ideoloji xətti daimilik qazansın, xalqımız ümummilli liderin ideyalarına söykənərək, yeni uğur və nailiyyətlərə doğru inamla addımlasın.
Bu yerdə Mehriban xanım Əliyevanın “Həyat dərsi” məqaləsindəki düşüncələrə üz tutmağı zəruri sayırıq. Çünki Heydər Əliyev zənginliyinə dəyər baxımından məxsusi ifadə tərzinə malik bu düşüncənin özü də dərin qədirbilənlikdir: “O zamanın qanunlarına görə yaşayan bir cəmiyyətdə respublika başçısının, sözün yaxşı mənasında, millətpərəst bir insan olması onun həyatının nə qədər maneələrlə, üstüörtülü təhlükələrlə, daxili sarsıntılarla dolu olduğunu göstərir. Başqa cür ola da bilməzdi! Axı Azərbaycan üçün Heydər Əliyev möhkəm sipər, dayaqdır. Bunu bizim nəslimiz 80-ci illərin sonunda Vətənin üstünü qara buludlar alanda – Qarabağ savaşında, 20 Yanvar faciəsində haqsızlıq və laqeydlik ilə üz-üzə qalanda hiss etdi. Onun varlığının Azərbaycan üçün Tanrı payı olduğunu onda dərindən duyduq. Hiss etdik ki, “Azərbaycan və Heydər Əliyev bir-birinə bağlanmış qırılmaz tellərdir” kəlmələrinin ifadəsi adi ritorika deyil.
Mədəni zənginlik elə bir xüsusiyyətdir ki, paylaşdıqca artır, daha geniş miqyas alır. Miqyas genişlənir, xalq öz mədəniyyətinə xas cəhətləri daha geniş areallara yayaraq, həm özü zənginləşir, həm də daşıdığı mental dəyərlərə, bir növ, beynəlmiləlçilik qazandırır. Beləliklə, xalq dünyada tanınır, qəbul olunur, özü ilə hesablaşılması üçün immunitet formalaşdırır. Görünür, buna görədir ki, dahi Hüseyn Cavid demişdir:
Turana qılıncdan daha kəskin, ulu qüvvət
Yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət!
Bəli, Mehriban xanım Əliyeva Azərbaycan mədəniyyətinin böyük hamisidir. O, mədəniyyətimizi haqq səsimizin eşidilməsi naminə güc və qüvvət mərtəbəsinə ucaldan ziyalı obrazıdır. Haqq səsimizdən söz düşmüşkən, dövlətimiz otuz ilə yaxın müddətdə Qarabağ və digər işğal olunmuş ərazilərimizin qurtulması naminə mücadilə verdi. Ulu öndər Heydər Əliyevin mövcud istiqamətdəki mübarizəsinə yeni ruh gətirən Prezident İlham Əliyev siyasi-diplomatik vasitələrlə savaş meydanına atıldısa, Mehriban xanım Əliyeva savaşın, belə demək mümkünsə, mədəniyyət cəbhəsinə rəhbərlik etdi. Beləliklə, 44 günlük Vətən müharibəsi nəticəsində diplomatik bacarıq və səriştə ilə mədəniyyətin vəhdəti özünün qürur doğuran bəhrəsini gördü – şanlı Zəfər tariximiz yazıldı. Deməli, Mehriban xanım mədəniyyət davasında da Zəfər çaldı.