Fransa ağır sınaq astanasındadır

Emmanuel Makronu qarşıda çətin günlər gözləyir
 
Prezident Emmanuel Makronun "İntibah" partiyasının son Avropa Parlamenti seçkilərində sarsıdıcı məğlubiyyətə uğramasından və onun rəqibi Marin Le Penin "Milli Birlik" partiyasının iki dəfə çox səs toplayaraq Fransanın aparıcı siyasi qüvvəsinə çevrilməsindən sonra Qərb təşvişə düşüb. Bundan sonra çaşqın Makron parlamenti buraxdığını bidirib və iyunun 30-na növbədənkənar seçkilər təyin edib.
ABŞ-nin NYT qəzeti yazır ki, bundan sonra nəyin baş verməsindən asılı olmayaraq, onlar müasir Fransa tarixinin ən ağılsız avantrüralarından biri kimi tarixə düşəcəklər. "Prezident Emmanuel Makronun Milli Assambleyanı buraxaraq və 30 iyun və 7 iyul tarixlərində növbədənkənar qanunvericilik seçkiləri keçirmək qərarı millətçilərə İkinci Dünya müharibəsi zamanı mövcud olan Vişi rejimindən sonra ilk dəfə Fransanı idarə etmək üçün ən yaxşı şans verib". Bildirilir ki, Avropa Parlamentinə seçkilərdə Makronun partiyasının sarsıdıcı məğlubiyyətə uğraması onun amerikapərəst kursunun tamamilə uğursuz olduğunu göstərib.
Makron mərkəzçi, biznespərəst, Avropa və Ukraynayönlüdür. Le Pen millətçi, populist, Aİ əleyhdarı və Moskvanın dostudur. Bu barədə yazan Britaniyanın "Guardian" nəşri qeyd edir ki, Le Penin miqrasiya planları Avropa insan haqları qanunlarını pozacaq və onun milli üstünlükləri Aİ vahid bazarına üzvlüklə uyğun gəlmir.
Əgər Le Pen Milli Assambleya seçkilərində qalib gəlsə və öz hökumətini qura bilsə, prezident onunla anlaşmaqda çətinlik çəkəcək. Belə ki, Fransa konstitusiyasına görə, baş nazir hökumətin fəaliyyətini istiqamətləndirir və qanunların icrasını təmin edir. Eyni zamanda hökumət daxili siyasətin böyük hissəsini idarə edir. Xarici və müdafiə siyasəti isə əsasən prezidentin səlahiyyətindədir. Bu, o deməkdir ki, pensiya, işsizlik müavinəti, təhsil, vergi, immiqrasiya, vətəndaşlıq, dövlət sektorunda məşğulluq, asayiş və əmək qanunları kimi əsas siyasət sahələri prinsipcə millətçilərin üstünlük təşkil etdiyi parlament və hökumətin məsuliyyəti çərçivəsində olacaq. Hətta Makron xarici siyasət üzərində nəzarəti saxlasa belə, məsələn, Fransanın Ukraynaya dəstəyini davam etdirməklə, o, Fransa büdcəsindən Kiyevə veriləcək yardımı maliyyələşdirmək üçün parlament dəstəyinə ehtiyac duyacaq. Bir sözlə, istənilən halda Fransanı çətin bir neçə il gözləyir.
Makronun növbədənkənar seçkilər təyin etmək barədə sürpriz qərarı yüksəksəviyyəli "makronistlər" də daxil olmaqla ölkənin siyasi təbəqəsini heyrətə salıb və fransızların əksəriyyəti üçün çaşdırıcı olaraq qalır. Bununla belə, ənənəvi qaydalara və normalara qarşı çıxmaq vərdişi olan Makron düşünür ki, bu addım ona fayda verəcək, hərçənd analitiklər həyəcan təbili çalırlar: Fransa təhlükədədir!
Rusiya da Fransadakı hadisələri diqqətlə izləyir. Dövlət Dumasının deputatı Aleksandr Tolmaçyov deyir: "Biabır olanların sayı artır - Makronun partiyası Avropa Parlamentinə seçkilərdə sarsıdıcı məğlubiyyətə uğrayıb. İndi Fransa prezidenti vətənində növbədənkənar seçki keçirməyə məcburdur. Onun hakimiyyətinin nəticələri Fransanı məyus edir. Afrikada Parisin təsirinin tamamilə itirilməsi, iqtisadi problemlər, bir sıra uğursuzluqlar və nəhayət, Ukrayna istiqamətində tamamilə fəlakətli siyasət…"
Fransa üçün artıq çətin vaxtlar gəlib çatıb. Ötən şənbə günü Parisdə və digər şəhərlərdə solçu partiya və təşkilatların parlament seçkilərində Milli Birlik partiyasının mümkün qələbəsinə etiraz olaraq keçirdiyi aksiyalarla bağlı ölkədə iğtişaşlar başlayıb. Aksiya başlayandan az sonra təxribatlar baş verib. İştirakçılar polisə daş atmağa başlayıb, əvəzində asayiş keşikçiləri nümayişçilərə qarşı gözyaşardıcı qazdan istifadə ediblər. Və bu, hələ başlanğıcdır...



[email protected]