Ümumdünya Uşaqlar Günü

Rəhimova Rəqibə Cəfər qızı
Göyçay şəhər 8 nömrəli
körpələr evi-uşaq bağçasının müdiri 


Uşaq ailənin, xalqın, dövlətin ən qiymətli sərvətidir.  Bu qiymətli sərvəti fiziki və mənəvi cəhətdən  sağlam, cəmiyyətə faydalı vətəndaş, Vətənə sadiq övlad  kimi böyütmək  çətin və məsuliyyətli olduğu qədər də şərəflidir. Əgər gələcəyimizi bugünün uşaqlarına əmanət ediriksə, onların  düzgün tərbiyə olunması, hansı ideyalara qulluq etməsi hər birimizi ciddi düşündürməlidir. Ona görə də uşaqlara  hər zaman diqqət və qayğı  göstərilir, onların  düzgün tərbiyə olunmalarına, qarşılaşdıqları problemlərin aradan qaldırılmasına, hərtərəfli təhsil almalarına dövlət səviyyəsində nəzarət edilir.  Axı  uşaqlar dövlətin gələcəyi, dayağıdır.
Bu gün müstəqil Azərbaycanın uşaqları diqqət və qayğı ilə tam əhatə olunub. Hətta regionlarda ən ucqar kəndlərdə də uşaq bağçaları fəaliyyət göstərir.  Ulu öndər Heydər Əliyevin “Uşaqlar bizim sevincimiz, xoşbəxtliyimiz, cəmiyyətin gələcəyidir. Ona görə də hər bir insanpərvər cəmiyyətdə uşaqlara daimi xüsusi qayğı, xüsusi diqqət göstərilibdir”-müdrik kəlamı  uşaqlara olan məhəbbətinin təzahüri idi.
1 iyun 1950-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən təşkil olunan “Qadınların Beynəlxalq Konfransı”nda uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənmiş və elə həmin tədbirdə də 1 iyun tarixini uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərarı verilmişdir. Bundan sonra iyunun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi tarixə düşdü. Dünyanın əksər ölkələrində olduğu kimi, bu bayram Azərbaycanda da qeyd edilir.
Bu bayramla yanaşı BMT -nin Baş Assambleyası tərəfindən 20 noyabr tarixində “Ümumdünya Uşaqlar Günü”də qeyd olunur. Qeyd edək ki, “Ümumdünya Uşaqlar Günü”1954-cü ildə BMT -nin Baş Assambleyasının № 836 (IX) saylı qətnaməsində öz əksini tapmış və 1956-cı ildən isə bütün dövlətlərdə uşaqların şərəfinə keçirilməsi tövsiyə olunan bayram kimi qeyd olunmuşdur. Həmçinin Birləşmiş Millətlər Təşkilatı 1959-cu ilin 20 noyabrında “Uşaq Hüquqları Bəyənnaməsi”ni və 1989-cu ildə isə “Uşaq Hüquqları Konvensiyası”nı qəbul etmişdir.
Qeyd edək ki, ölkəmizdə uşaqların sağlam, firəvan böyüməsi, onların hüquqlarının yüksək səviyyədə qorunmasına xidmət edən dövlət siyasətinin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuşdur. Hər zaman sonsuz sevgi, minnətdarlıq və qürurla xatırladığımız müstəqil Azərbaycan dövlətinin memarı əbədiyaşar Heydər Əliyev daim uşaqlara böyük qayğı və diqqət göstərmiş, onların ən böyük himayədarı olmuşdur. Ümummilli liderin ölkəmizə rəhbərlik etdiyi dövrdə bütün sahələrdə olduğu kimi, uşaq hüquqlarının qorunması, uşaqların sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı genişmiqyaslı işlər görülmüş, müvafiq qanunvericilik aktları qəbul edilmişdir. Uşaqların yaxşı təhsil və təlim-tərbiyə alması, Vətən və xalq üçün gərəkli övlad kimi yetişməsi ulu öndərin daim diqqətində olmuşdur. Ümummilli lider deyirdi ki, uşaqlar bizim gələcəyimizdir, gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin sabahı bundan asılı olacaqdır.
Ümummilli lider Heydər Əliyevin bütün istiqamətlərdə, o cümlədən uşaqların hüquqlarının qorunması və qayğı ilə əhatə olunması sahəsində müəyyənləşdirdiyi dövlət siyasəti bu gün ölkə prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin 2008-ci il 22 dekabr tarixli sərəncamı ilə 2009-cu ilin “Uşaq ili” elan edilməsi Azərbaycan dövlətinin uşaqlara sonsuz qayğısının bariz təzahürü sayılır. Hazırda ölkəmizdə uşaq problemlərinin həlli istiqamətində onlarla dövlət proqramı və böyük layihələr həyata keçirilir. Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən uşaqlara dövlət qayğısının gücləndirilməsi, uşaq problemlərinin həlli ilə bağlı vacib proqramlar reallaşdırılır. Xüsusilə valideyn himayəsindən məhrum olan, dövlət müəssisələrində tərbiyə olunuan uşaqların rifah halının yaxşılaşdırılması, hüquqlarının qorunması daim diqqətdə saxlanılır.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və rəşadətli ordumuzun qəhrəmanlığı ilə torpaqlarımızın işğaldan azad edilməsi isə Azərbaycan uşaqlarının həyatında yeni bir mərhələ başladıb. Artıq uşaqlarımız məcburi köçkün deyil və ailələrilə birgə öz doğma ata-baba yurdlarına qayıdışa hazırlaşırlar. Qarabağda və Şərqi Zəngəzurda aparılan sürətli bərpa-quruculuq işləri azad edilmiş ərazilərimizdə tezliklə xoşbəxt uşaq gülüşlərinin eşidiləcəyinə əsas yaradır.

31.05.2024


[email protected]