Bütün dünyada jurnalistlərin işi daha təhlükəli olur

https://www.azerbaijan-news.az/uploads/img/posts/2024/05/04/t%C9%99hl%C3%BCk%C9%991%20(1)jpg-1714819895.jpg

1994-cü ildə BMT Baş Assambleyası tərəfindən təsis olunan Ümumdünya Mətbuat Azadlığı Günü bu il də mayın 3-də qeyd edilib. Əlamətdar günlə bağlı çıxış edən BMT-nin baş katibi Antonio Quterreş açıqlamasında deyib ki, dünya indiki və gələcək nəsillər üçün ekzistensial təhlükə yaradan görünməmiş ekoloji fəlakətlə üz-üzədir. İnsanlar bu barədə bilməlidirlər və jurnalistlər, habelə media işçiləri onların məlumatlandırılmasında və maarifləndirilməsində əsas rol oynayırlar.
Son onilliklərdə qeyri-qanuni mədənçıxarma, meşələrin qırılması, brakonyerlik və digər ekoloji problemləri işıqlandıran onlarla jurnalist öldürülüb. 
Əksər hallarda bu qətllərə görə heç kim məsuliyyətə cəlb edilməyib.
UNESCO-nun məlumatına görə, son 15 ildə ekoloji problemləri işıqlandıran jurnalistlərə və xəbər agentliklərinə 750-yə yaxın hücum olub və bu cür halların tezliyi getdikcə artır.
2024-cü il Ümumdünya Mətbuat Azadlığı Günü hazırkı qlobal ekoloji böhran kontekstində jurnalistikanın və ifadə azadlığının əhəmiyyətini qeyd edir.
BMT xəbərdarlıq edir ki, iqlim dəyişikliyi, biomüxtəlifliyin itirilməsi və havanın çirklənməsinin üçqat planetar böhranı kontekstində dezinformasiya kampaniyaları elmi tədqiqatların biliyini və metodlarını şübhə altına alır. 
Elmi sübutların etibarlılığına hücumlar plüralist və məlumatlı ictimai müzakirələr üçün ciddi təhlükə yaradır və iqlim dəyişikliyi ilə bağlı çaşdırıcı və yanlış məlumatlar bəzi hallarda onunla mübarizə aparmaq üçün beynəlxalq səylərə zərbə vurur.
Sərhədsiz Reportyorlar Təşkilatının (RSF) dərc etdiyi illik Ümumdünya Mətbuat Azadlığı İndeksinə əsasən, mətbuat azadlığına siyasi motivli hücumlar, o cümlədən jurnalistlərin həbsi, müstəqil mediaya təzyiqlər və geniş yayılmış dezinformasiya son bir ildə əhəmiyyətli dərəcədə artıb.
Ötən il dünyanın müxtəlif ölkələrində 800 jurnalist saxlanılıb.
Sərhədsiz reportyorların məlumatına görə, 2023-cü ilin oktyabr ayından Qəzza zolağında 100-dən çox media nümayəndəsi öldürülüb, o cümlədən ən azı 22-si iş zamanı.
BMT-nin İnsan Haqları üzrə Ali Komissarı Volker Türk bildirib ki, jurnalist itirəndə biz xarici dünyaya görmə və eşitmə qabiliyyətini, habelə səs hüququ olmayanların səsini itiririk.
Avropa Vətəndaş Azadlıqları İttifaqı keçən həftə 19 ölkədə 37 hüquq qrupunun iştirakı ilə hazırlanan hesabatda jurnalistlərə qarşı geniş yayılmış təhdidləri və ictimai yayımçıların müstəqilliyinə hücumları qeyd edərək, media azadlığının bütün Avropa İttifaqında azaldığını və bir sıra ölkələrdə kritik nöqtəyə yaxınlaşdığını vurğulayıb.


[email protected]