“Əqrəb mövsümü”nün qatili: “Tərəf müqabilim dedi ki, nə yaxşı...” - MÜSAHİBƏ + FOTO

Mən bunu iyrənclik kimi qəbul etmədim. Amma özüm üçün də dəhşətli idi.
Bunu Pantomima Teatrının tanınan və istedadlı aktyoru, "Əqrəb mövsümü”nün Elnuru Əli Əlizadə Teleqraf.com-a müsahibəsində deyib.
Onunla müsahibəni təqdim edirik:
"Final səhnəsinin həllini tapa bilmirdik”
- Əli, səni uzun illərdir tanıyıram. Pantomima Teatrında tamaşalarda, bir sıra serial və sənədli-bədii filmlərdə yaddaqalan obrazlar yaratmısan. Son zamanlar isə "Əqrəb mövsümü”ndəki obrazınla gündəmdəsən. Elnur indiyə qədər oynadığın rollara bənzəmir. Asəf Zeynallı, Əhmədiyyə Cəbrayılovdan sonra qatil kimi tamaşaçı qarşısına çıxanda nələr hiss edirdin?
- Düz deyirsən, Nərmin. Elnur mənim üçün qeyri-adi və yad bir rol idi. Ona görə də öncə çox çətin idi. Final səhnəsinə qədər həyəcanı, gərginliyi saxlaya bilərəmmi deyə narahat idim. O finalın ki həllini tapa bilmirdik...
- Çox çətin oldu?
- Rejissorumuz Emil Quliyev çəkiliş meydançasında iki saat susub dayandı, heç nə etmədi. Bizsə oturub gözləyirdik, hərə bir ab-havada idi, mən evdən gətirdiyim tapşırıqla məşğul idim. Emil ssenariyə baxırdı, xoşuna gəlməyən səhnənin üstündən xətt çəkirdi. Birdən - "Vəssalam, tapdım”, - dedi və çəkilişə başladı. Səhnələri bir-birinə o qədər gözəl bağladı ki...
Mənim hasardan düşəndən sonrakı hərəkətlərim bir plana çəkildi. Bu çəkiliş üsulu oyunuma çox kömək oldu. Səhnənin çəkilişinə "rec” verəndə yalan olmasın, 18 dəqiqə davam edirdi.
Digər nüans mənim uşaqlığımı oynayan oğlanla bağlıdır. Onun səhnələri çəkiləndə artıq serialın 30 faizinin çəkilişləri tamamlanmışdı. O uşağın bir tapıntısı mənim üçün rolun vacib açarı idi. Bəlkə də fikir vermisiniz, uşaq pəncərənin qabağında dayananda ağzı ilə bir hərəkət edir. Mən onu finalda da edirəm.
Belə bir tapıntını yaxşı ki, Emil mənə əvvəldə göstərmişdi. O səhnədən yola çıxmaq obraza xüsusi çalar qatırdı.
"O zəhəri məhz özü üçün saxlamışdı”
- Əli, izləyicilərin ən çox narazı qaldıqları səhnələrdən biri Elnurun ölüm anı idi. Dediyin sözlər yaxşı eşidilmirdi. Bu, texniki problem idi, yoxsa başqa səbəbi var idi?
- Bunu həm texniki məsələyə, həm də aktyor işinə bağlayıram. Ağzımda qan olduğuna görə tələffüzüm aydın olmadı. Bəlkə mikrofon məndən bir azca aralı düşüb, yaxud yuxarıdakı bum səsi tam götürə bilməyib - bunu demək çətindir, amma oradakı problemi özüm də hiss etdim.
Bilirsən, biz mətni bilirik deyə, deyilən söz aşağı tonda eşidilsə də, onu başa düşürük, amma bilməyən tamaşaçı üçün söz aydın olmur. Tamaşaçı da haqlı olaraq iradını bildirir.
Sonuncu zəhər porsiyasını hansı Qurban üçün saxlamışdın?
- Emil bunu tamaşaçının mühakiməsinə buraxır. Amma obrazı canlandıran biri kimi gəldiyim nəticə ondan ibarətdir ki, Elnur zəhəri məhz özü üçün saxlamışdı. Əqrəbin özəlliyi, missiyası nədir? Əqrəb təhlükə hiss edəndə özünü sancır... Yəqin ki, Ceyhun Hidayətli də, Azər Aydəmir də bunu düşünüblər. Elnur da bilirdi ki, haradasa ilişə bilər və zəhər ona məhz o an üçün lazım idi.
Zəhəri niyə Qurbana saxlaya bilmədi? Çünki Elnur Qurbanın həyatda əzab çəkərək yaşamağını arzulayırdı. Üç uşağını öldürüb, qızının hamilə qalmasını planlayaraq Qurbanı bu dərdlə baş-başa qoymaq istəyirdi. Ona görə ki, Elnur körpəliyindən bu dərdlə yaşayıb və "mənim dərdimi indi də sən yaşa” prinsipi ilə hərəkət edirdi.
"Biz bu mərhələni çoxdan aşmalı idik”
- Tamaşaçı rəylərindən çıxış edərək, bir sual da verim. Çoxları Elnurun bacısı ilə münasibətini iyrənclik kimi qələmə verdi. Sən necə qarşıladın? Şəxsi fikirlərin maraqlıdır...
- Mən bunu iyrənclik kimi qəbul etmədim. Amma özüm üçün də dəhşətli idi. Bu fakt mənə görə hadisənin ağırlığını, yükünü birə-beş artırdı.
Düşünürəm ki, bizim tamaşaçı bu kimi məsələləri hələ də öz içində həll edə bilməyib. Bizdə açıq səhnələr belə birmənalı qarşılanmır. Eyni ilə bu da. Halbuki biz bunları xarici filmlərdə görəndə normal qəbul edirik. Mənə elə gəlir ki, biz bu mərhələni çoxdan aşmalı, stereotipləri çoxdan qırmalı idik.
Emil son zamanlar bədii və televiziya filmlərində sosial mesajlarla məşğuldur. Xatırlayırsansa, "Körpü”də də bu var idi.
Bu sosial mesajların bir az, türklər demiş, "abartılı” olması bizə xoşagəlməz görünə bilər, amma bunun içində insan xisləti və reallığımız var. Gəlin, bunu aynamız kimi qəbul edək. Və özümüz üçün bir nəticə çıxaraq.
Ümumiyyətlə, incəsənət sahəsindən - teatrdan, kinodan, hətta ədəbiyyatdan görüb oxuduğumuz şeylərdən nəsə götürürük və istəyirik ki, özümüzdə də mənən nəsə dəyişsin. Məncə, bu addım məhz işin böyüklüyündən və məqsədi bir az da yüksəyə qaldırmaq üçün idi. Hərçənd çox böyük qınağa səbəb oldu.
"Qatilin kimliyini bircə o bilirdi”
- Filmlərin, serialların sonuncu seriyasına tamaşaçı həmişə böyük ümidlər bəsləyir. Amma bu, bəzən özünü doğrultmur, o zaman sanki bir boşluğa düşürsən. "Əqrəb mövsümü”ndə Kənanla bağlı məsələdə açıq qalan suallar da az deyildi. Onun ailə dramı, yoldaşı ilə münasibətləri, İstanbul əhvalatı və bunun kimi digər məsələlər... Belə bir mənzərə yarandı: 11 seriyanı tərifləyənlər 12-ci seriyadan sonra linçləməyə başladılar. Müşahidələrin nə deyir və sonuncu seriyadan sonra səndə hansı təəssüratlar yarandı?
- Sənətçilər də, adi tamaşaçılar da baxdığımız filmlərin, serialların sonunu bir formada təsəvvür edirik. Uydururuq, kosmik dərəcədə şişirdirik. Çünki təxəyyülümüzü işə salırıq. Hansısa yaradıcı insanın təxəyyülü ilə qarşılaşanda məyus oluruq. Açığı deyim, məndə də o hiss yaranmışdı.
Mənim əsl üzüm məhz 12-ci seriyada açılırdı. Çox həyəcanlı idim. Seriala baxanda tamamən qatilin kimliyini unutmuşdum və özüm də qatili axtarırdım. Bəzən Namazın, bəzən Kamranın üzərinə atırdım. Hərçənd kimliyini bilirdim...
Sosial şəbəkədən yazan kim, zəng edən kim... Hamı maraqlanırdı. Evdə də soruşurdular, demirdim.
Heç kimə deməmişdin?
- Bircə həyat yoldaşım Aliyə bilirdi. Çünki ssenarini əvvəldən onunla müzakirə etmişdik.
"Buna sənət kimi yanaşmalıyıq”
- Əli, öpüşmə səhnəsi çox müzakirə olundu. Təndiqlərə Şəhanə Rzayeva çox cəsur cavab vermişdi və səninlə tərəf müqabili olmağı yüksək qiymətləndirmişdi.
- Şəhanəni həqiqətən alqışlayıram. Bu səhnənin bizim cəmiyyətdə birmənalı qarşılanmayacağına əmin idi. Mənə görə Azərbaycan aktrisası üçün o cür addım atmaq çox dəyərlidir. Çəkilişlər zamanı Şəhanə hələ tələbə idi. Özü ilə də söhbət etdim, dedi, nə yaxşı ki, sən bu işdə olmusan və bunu aşmaqda mənə yardımçı oldun.
Ona da dedim və indi də deyirəm, buna sənət kimi yanaşmaq lazımdır. Biz bunu işin yaxşı olmağı naminə edirik.
- Bu məsələ müzakirə olunan zaman Gülşad Baxşıyevanın mətbuatda fikirlərinə rast gəldim və mənə həddən artıq qəribə gəldi. Deyir, o səhnəyə çəkilən aktyorlar obrazdan çıxıblar və özləri kimi öpüşüblər. Əgər sabah onlardan hər hansı biri desə ki, mən obraz kimi öpüşmüşəm, onun səmimiyyətinə heç vaxt inanmaram. Əli, açığı, bu fikirlər məni üzdü. Burada məgər aktyor texnikası rol oynamır?
- Bu, məhz aktyor texnikasıdır. Mən düşünürəm ki, artist əgər texnikanı bilmirsə, ümumiyyətlə, artist deyil. İstər səhnə adamı, istər musiqiçi, istər aktyor olsun. Texnikanı bilmirsənsə, sən sənətçi deyilsən, sadəcə, yaradıcı insansan. Yaradıcılıq işə qədərdir, ondan sonra texnika başlayır. Əlbəttə, biz texniki icra edirik. İncəsənət də məhz budur.
Məsələn, adam fiquru düzəldirsən, sonra sıra onun qaşlarını, gözlərini incəliklə işləməyə gəlir. Bu xırdalıqlar artıq texnika tələb edir.
Bəxtiyar Xanızadənin bir sözü var, deyir, gözəl qadın təsəvvür edə bilərsən, amma əgər texnikan yoxdursa, onu çəkə bilməyəcəksən. Texnikanı düzgün yerinə yetirirsənsə və təbiiliyi tamaşaçıya ötürə bilirsənsə, orda başqa söhbət ola bilməz.
"Bu cür düşünməyimin səbəbkarlarından biri odur”
- Bir var tanımadığın insanların - cəmiyyətin iradı, bir də var yaxınlarının, sevdiklərinin iradı, nəyisə qəbul etməməyi. Bunu özündə aşa bilmisənmi?
- Çətinliklə rastlaşmamışam. Çünki təməl olaraq dəstək görmüşəm. Aliyə ilə evlilikdən öncəki və indiki dostluğumuz bu məqamda çox kömək olur. Bu dostluğun qarşılığı bir-birimizi sənətdə anlamağımız, bir-birimizi sənətin içində olan bir insan kimi qəbul etməyimizdir.
- Əli, Aliyə (söhbət teatr tənqidçisi Aliyə Dadaşovadan gedir - red.) dəryadır, incidir. Onun düşüncəsi və məsələlərə yanaşma tərzi çox fərqlidir.
- Nərmin, Aliyə mənə düşüncə və intellektuallıq tərəfdən çox kömək olur. Onu özümdən qat-qat intellektual hesab edirəm. Bəlkə bu gün bu cür düşünməyimin səbəbkarlarından biri də Aliyədir.
- Uzun illər Pantomima Teatrında çalışdın. Sonra "Reburs” adlı müstəqil teatrda fəaliyyətini davam etdirdin. Ötən mövsüm Pantomima Teatrında "Şinel” tamaşası ilə qarşımıza çıxdın. Öncə soruşum, "Reburs” fəaliyyətini davam etdirirmi?
- "Reburs”da bir neçə tamaşalar hazırlandı, çox yaxşı da qarşılandı. Amma təəssüf ki, biz onu işlədə, bilet satışını, prodüser işini həyata keçirə bilmədik. Ona görə də fəaliyyətini dayandırmalı olduq.
Düz deyirsən, mən bir neçə il Pantomima Teatrından uzaq düşdüm. Hiss etdim ki, aktyor əgər teatrda fəaliyyət göstərmirsə, özündən enerji xərcləyir. Və daha da geri gedir.
O baxımdan hazırda doğma teatrımdayam. Yeni qurulan tamaşalarda oynayıram. Mən oradan çıxmışam, oradan güc almışam, nə öyrənmişəmsə, nə qazanmışamsa o teatrın sayəsində olub. Ora evim kimi gedirəm. Və mən orada olmaya bilmirəm.
- Azərbaycanda müstəqil teatrlar özünü formalaşdıra bilirmi?
- Müstəqil teatrların olması çox yaxşıdır. Biz bununla inkişaf edə bilərik. Vaxtilə Pantomima, Yuğ, Kamera teatrı studiya kimi formalaşmışdı. İndi müstəqil teatrların fəaliyyəti gələcəkdə o cür teatrların sıraya qatılmasını şərtləndirir.
Ona görə indiki şərtlərlə müstəqil teatrların olması alqışa layiqdir.
"Serial bitəndən sonra anladım ki, səbəb bu imiş”
- Əli, Elnurdan sonra səni hansı obrazda görəcəyik?
- Hələlik konkret bir söz demək çətindir. Amma "Əqrəb mövsümü”nün finalından sonrakı gün içimdə bir boşluq yarandı. Serialın finalından sonra Elnuru içimdə bitirdim, vidalaşdım.
Bunu bir dəfə "Hamlet” tamaşasında da hiss etmişdim. Obrazın acısını, nisgilini, depressiyasını həyatıma daşımışdım. Elnur da onun kimi oldu. Təəssüf edirəm ki, "Əqrəb mövsümü” uzun müddət efirə getmədi. O müddətdə də mən çox aqressiv olmuşdum, bunu hiss edirdim. Səbəbini bilmirdim və ümumiyyətlə bu barədə düşünmürdüm. Amma serial bitəndən sonra anladım ki, səbəb məhz bu idi. Bunu izah etmək çox çətindir.
"Əqrəb mövsümü”ndən həm yaradıcı baxımdan, həm də tamaşaçı kimi böyük zövq aldım. Sevinirəm ki, bu cür kollektivlə işlədim: Emil, Azər, Hikmət, Abbas Qəhrəmanov, Güşvər xanım, Şəhanə və digərləri. Hər birini öpüb bağrıma basıram. Nə yaxşı ki, Azərbaycan sənətində belə yaradıcı və işə kömək olan insanlar var.


[email protected]