SON XƏBƏRLƏR
Erməni faşizminin xislətini, gerçək mahiyyətini çılpaqlığı ilə açan Xocalı soyqırı

 Erməni faşizminin xislətini, gerçək mahiyyətini çılpaqlığı ilə açan Xocalı soyqırı
 
 İskəndərova Kəmalə Osman qızı
ADPU-nun Kimya və biologiya fakültəsinin 
"Analitik və üzvi  kimya”  kafedrasının baş müəllimi,
kimya üzrə fəlsəfə doktoru, "Heydər Əliyev-100” media mükafatı laureatı

 

Keçmişini unudanların onu yenidən yaşamaq məcburiyyətində olması tarixin ibrət dərsidir.Azərbaycanın çağdaş tarixində də unudulması mümkün olmayan, bütövlükdə xalqın qəlbində dərin iz salaraq onu daim mübarizə və qisas ruhunda kökləyən elə faciəli hadisələr var ki, heç zaman milli yaddaşdan silinməyəcəkdir.

Erməni faşizminin xislətini, gerçək mahiyyətini çılpaqlığı ilə açan Xocalı soyqırımı da məhz unudulması mümkün olmayan belə dəhşətli hadisələrdən biridir. 31 il öncə 1992- ci il fevralın 25- dən 26-na keçən gecə ermənilər dünyada ən əzazil, qəddar və qaniçən millət olduqlarını, terroru dövlət siyasətinə çevirdiklərini bir daha təsdiq etmişlər.

Xocalı soyqırımı ermənilərin əvvəlki illərdə xalqımıza qarşı törətdikləri amansızlıqların cəzasız qalması və erməni faşizminin antiazərbaycan siyasətinin məntiqi nəticəsidir. Belə ki, ermənilərin xalqımıza qarşı 1905-1907, 1918-1920, 1937, 1948- 1953 və 1988- ci ildən 26 fevral 1992-ci ilə kimi törətdikləri soyqırımlar, vəhşiliklər, terror hadisələri cəzasız qaldığı üçün və havadarları tərəfindən müdafiə olunduqları üçün, Xocalı soyqırımına əl atmaqdan çəkinmədilər. Xocalıda törədilmiş amansız qətliam isə nəinki türk dünyasına, bütövlükdə bəşəriyyətin mütərəqqi dəyərlərinə, insanlığa və beynəlxalq hüquq normalarına qarşı yönəlmiş soyqırım idi. Həmin gün azğınlaşmış erməni quldur dəstələri mənfur imperiyanın 366-cı motoatıcı alayının bilavasitə iştirakı ilə hazırladıqları məkrli planı həyata keçirdilər. 613 nəfər öldürüldü.Onlardan hamısı dinc azərbaycanlı idi. Öldürülənlərdən 63 uşaq, 106 qadın, 70 qoca xüsusi qəddarlıqla qətlə yetirilmişdir.487 nəfər ömürlük şikəst olmuşdur. 1275 nəfər dinc sakin – qoca, uşaq,qadın əsir götürülərək ağlasığmaz zülmə, işgəncələrə və təhqirə məruz qalmışdır.8 ailə bütövlükdə məhv edilmişdir.24 uşaq hər iki valideynini itirmişdir.130 uşaq valideynlərindən birini itirmişdir.

Bütün bunlar bir daha sübut edir ki, ermənilik bəşəriyyətə qarşı çox böyük təhlükədir. Xocalıda mülki əhalinin planlı və məqsədli şəkildə qətlə yetirilməsini sübut edən çoxsaylı faktlardan biri də budur ki, həmin gün əhalinin zorakılıqdan qaçıb qurtarmaq istəyən hissələri ərazidən çıxış yollarında əvvəlcədən xüsusi hazırlanmış pusqularda güllələnmişlər. Xocalıdan çıxan əhalinin Naxçivanik kəndi ərazisində pulemyot, avtomat və başqa silahlardan gülləbaran edilməsi faktı bunu bir daha sübut edir. Bütün bunlar ermənilərin 31 il öncə Xocalı şəhərində törətdikləri qeyri-insani hərəkətlərinin kökündə məhz soyqırım niyyətinin dayandığını aşkar surətdə üzə çıxarır.

Soyqırım (latınca genosid) hər hansı dini, milli etnik və irqi toplumu-qrupu tam və ya qismən məhv etmək, kökünü kəsmək məqsədilə edilən hərəkət deməkdir. Bu hüquqi müstəvidən yanaşdıqda aydın görünür ki, erməni silahlı birləşmələrinin çirkin niyyəti Xocalı şəhərindəki azərbaycanlıları məhz milli- dini zəmində son nəfərədək qətlə yetirmək olmuşdur.Tarixdə ilk dəfə bu tipli hadisələrə soyqırım kimi qiymət verilməsi məsələsi 1947- ci ildə Nürnberq Hərbi Tribunalının nizamnaməsində öz əksini tapmışdır. BMT- nin "Soyqırımı cinayətinin qarşısının alınması və onun cəzalandırılması haqqında” 1948- ci il tarixli Konvensiyasında soyqırım cinayəti tam olaraq əksini tapmışdır.

Deməli, Beynəlxalq hüquqi sənədlər tam əsas verir ki, Xocalı faciəsi soyqırım hadisəsi kimi tanınsın.Əgər dünyada "ikili standartlıq nəzəriyyəsi” mövcud olmasaydı, artıq 31 il bundan öncə Xocalı soyqırımı Beynəlxalq aləmdə Soyqırım kimi tanınardı.....

Ulu öndərimiz Heydər Əliyev 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdandan sonra bir çox faciələrimiz kimi Xocalı soyqırımına da siyasi-hüquqi qiymət verilməsi mümkün olmuşdur. Ulu öndərimiz Heydər Əliyevin təşəbbüsü ilə Milli Məclis 1994-cü il fevralın 24-də "Xocalı soyqırımı günü haqqında” xüsusi qərar qəbul etmiş, sənəddə hadisənin baş vermə səbəbləri, günahkarlar təfsilatı ilə açıqlanmışdır. Ümummilli liderimizin "Xocalı soyqırımının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında” 25 fevral 1997-ci il tarixli sərəncamı ilə hər il fevral ayının 26-sı saat 1700- da Azərbaycan Respublikasının bütün ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsi ehtiramla yad edilir. 1996-cı il fevralın 24-də xocalılarla görüşən ulu öndərimiz Heydər Əliyev Xocalı faciəsinin xalqımızın qəhrəmanlıq tarixində xüsusi yeri olduğunu vurğulamışdır.

Son 31 ildə Xocalı həqiqətlərinin dünyaya tanıdılması, Ermənistanın həyata keçirdiyi insanlıq əleyhinə cinayətin beynəlxalq miqyasda ifşası istiqamətində xeyli iş görülmüş, xarici dillərdə kitablar, sənədlər dərc olunmuş, Xocalı soyqırımı müxtəlif təşkilatlarda gündəmə gətirilmiş, bununla bağlı bir çox internet saytları yaradılmışdır.

Ulu öndərimizin layiqli davamçısı İlham Əliyevin prezidentliyi dövründə də Xocalı soyqırımına həmişə ideoloji siyasətimizin əsas tərəflərindən biri kimi baxılmışdır. Prezident İlham Əliyev şəxsən özü dəfələrlə ən yüksək beynəlxalq tribunalarda cəsarətlə xalqımızın üzləşdiyi faciəni real faktlarla dünya ictimaiyyətinə çatmışdır. Prezidentin göstərişi ilə Bakı şəhərindəki "Xocalı Xiyabanı” yenidən qurulmuş və xiyabanın baş hissəsindəki "Xocalı soyqırımı qurbanlarının xatirəsinə” ucaldılmış abidə yenidən işlənmiş, nəticədə həmin abidədə soyqırımın məzmunu daha aydın şəkildə öz əksini tapmışdır.

Xocalı soyqırımının dünyaya tanıdılmasında Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın ardıcıl və səmərəli fəaliyyətini də xüsusi qeyd etməliyik. Bu il fevralın 26-da Xocalı soyqırımının dünyaya çatdırılması istiqamətində, bu faciəyə hüquqi-siyasi və mənəvi qiymət verilməsi üçün "Xocalıya ədalət” kompaniyası çərçivəsində 30-dan artıq ölkədə tədbirlər keçiriləcək. Bu tədbirlərin rəsmi Dövlət qurumları, səfirliklər, Diasporla iş üzrə Dövlət Komitəsi, Heydər Əliyev Fondu, QHT-lər tərəfindən həyata keçirilməsi planlaşdırılıb.

Heç nə udulmur, heç nə yaddan çıxmır. Artıq bu gün dünya Xocalı soyqırımı ilə bağlı bütün həqiqətləri təfərrüatı ilə bilməlidir. İnsanlığa qarşı yönəlmiş heç bir cinayət cəzasız qalmamalıdır.

 

25.02.2023




[email protected]