SON XƏBƏRLƏR
Bu gün ölkənin hansı bölgəsinə nəzər salsaq Pedaqoji Kollecin məzunlarına rast gəlmək mümkündür

Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin yarandığı ilk illərdə ölkəmizdə orta ixtisas təhsilinin yenidən qurulmasına birinci növbədə milli müəllim kadrlarının hazırlanması ilə başlandı. Çünki ümumtəhsil məktəbləri şəbəkəsinin sürətlə genişlənməsi, təhsilə cəlb olunan şagirdlərin sayının artması genişmiqyaslı milli müəllim kadrlarının hazırlanmasını tələb edirdi. Azərbaycan dilində dərs deməyi bacaran müəllimlərə böyük ehtiyac var idi.
Bakı Kişi Müəllimlər Seminariyası açıldı
Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin maarif, təhsil, elm və mədəniyyət sahəsində apardığı siyasətin reallaşdırdığı təxirəsalınmaz tədbirlərin və keçirilməsi nəzərdə tutulan islahatların əsas, ən vacib istiqamətlərindən biri ölkəmizdə ali və orta ixtisas təhsili məktəbləri şəbəkəsinin qurulması, həmçinin milli müəllim kadrları yetişdirmək məqsədilə yeni darülmüəllimlərin (kişi müəllim seminariyası) və darülmüəllimatların (qadın müəllim seminariyası) yaradılması idi.
Həmin ərəfədə Bakı Kişi Müəllimlər Seminariyası açıldı və görkəmli ziyalı Rəşid bəy Əfəndiyev müdir təyin edildi. Az sonra bu seminariyaya Qori Müəllimlər Seminariyasının məzunu Pənah Qasımov rəhbərlik etdi. O, qısa bir müddətdə mütərəqqi ideyalı, demokratik fikirli pedaqoqları öz ətrafına topladı. Görkəmli və tanınmış müəllimlərdən Soltan Məcid Qənizadəni, Hüseyn Cavidi, Abdulla Şaiqi, Azad bəy Əmirovu, Səməd bəy Acalovu, Əli bəy Qasımzadəni, Nuruş Şahsuvarovu, Məhəmməd Abdullayevi, Əhməd Kərədi Zəkuzadəni, Camo Cəbrayılbəylini, Qafur Rəşadı, Sultanmurad Əliyevi və başqalarını işə dəvət etdi. Seminariyada dövrün görkəmli ziyalıları – Üzeyir bəy Hacıbəyli və Müslüm Maqomayev də dərs deyirdilər.

İlk doqquz məzun

Bu səriştəli, güclü kollektivin köməyi ilə məktəbdə nümunəvi nizam-intizam yarandı və təlim-tərbiyə işlərinin səmərəsi yüksəldi. Tezliklə nümunəvi maarif ocağı kimi məktəbin şöhrəti qonşu respublikalara da yayıldı.Yüksək keyfiyyətli pedaqoji kadrlar hazırlamaq məqsədilə tələbələrin bilik və hazırlıq səviyyəsi Pənah Qasımovun sədrliyi ilə işləyən xüsusi komissiya tərəfindən yoxlandı. Komissiya məktəbdəki 90-a qədər tələbədən yalnız 40 nəfərini təhsilini davam etdirməyə layiq gördü. Həmin 40 nəfərdən dördüncü kursda cəmi 9 tələbə qaldı ki, onlar da 1922/1923-cü buraxılış ilində məktəbin ilk məzunları oldular.

Respublikamızın tanınmış alimlərindən Mirəli Axundov, Məmməd Şıxlı, AMEA-nın Əlyazmaları Fondunda baş elmi işçi vəzifəsində işləmiş şair Fazil Seyidov, uzun müddət Gəncə Şəhər Maarif Şöbəsinin müdiri olmuş, şəxsiyyətə pərəstiş dövrünün qurbanlarından biri Allahverdi Namazov, Bəkir Əfəndiyev və başqaları məktəbin ilk məzunları oldular. Həmin 9 məzun təyinatla Zaqatala, Cavanşir (Cəbrayıl) və Şuşa qəzalarına göndərildi.

Məktəbi ikinci buraxılışda 24, üçüncü buraxılışda 28, dördüncü buraxılışda 56 gənc bitirdi. Onlardan biri Türküstana (Orta Asiya), ikisi Dağıstana, qalanları isə Azərbaycanın qəzalarına işləməyə getdilər.

Bakıda qadın seminariyası yaradıldı

1920-ci ildə Bakıda köhnə Marinskaya Qız Gimnaziyasının binasında (Filarmoniya ilə üzbəüz binada) ilk Darülmüəllimat (Qadın seminariyası) yaradıldı. Mədinə xanım Qiyasbəyli darülmüəllimata müdir, Gövhər xanım Qayıbova isə tədris hissəsi üzrə müavin təyin olundular. O dövrün qabaqcıl pedaqoqlarından Hüseyn Cavid, Üzeyir Hacıbəyli, Abdulla Şaiq, Azad bəy Əmirov, Atababa Musaxanlı, Məmməd Abdullayev, Səlimə  Yaqubova, Şəfiqə Əfəndizadə, Xədicə  Ağayeva, Sara  Xuramoviç, Zəhra  Şahtaxtinskaya, Sara  Talışinskaya, Reyhan  Topçubaşova, Nəimə  Qazıyeva və başqaları Darülmüəllimatda pedaqoji və ictimai iş aparırdılar. Bu nümunəvi pedaqoji məktəbdə 120 qızın öz ana dilində təhsil alması Azərbaycan qadınının həyatında böyük mədəni inqilab idi.

Qısa bir vaxtda məktəbin şöhrəti bütün Cənubi Qafqaza, Dağıstana, Orta Asiyaya yayıldı.
Darülmüəllimatın 1925-ci ildəki birinci buraxılışında 16 tələbə qız vəsiqə alaraq ilk dəfə orta pedaqoji təhsillə müəllimlik fəaliyyətinə başladı. 1926-cı il buraxılışında 40  qız müəllimlik vəsiqəsi aldı. Bu qızlardan 23 -ü sonradan ali təhsil almış, 16 nəfəri orden və medallarla təltif olunmuş, 5-nə əməkdar müəllim adı verilmişdi.
Darülmüəllimatı qurtaran qızlardan Şəfiqə Qiyasbəyli, Ümidə Qafarzadə, Gövhər  Seyidova, Ünsiyyə  Rüstəmzadə, Mirvarid Dilbazi, Dürrə  Zeynalova və başqaları Azərbaycan xalqının maariflənməsi və mədəni inkişafı sahəsində geniş fəaliyyəti, yüksək və nəcib xidmətləri ilə fərqlənmişlər.

İki təhsil ocağı birləşdirildi

1926-cı ilin sentyabrından Maarif komissarının sərəncamı ilə iki məşhur təhsil ocağı – darülmüəllimin (oğlanlar üçün) və darülmüəllimat (qızlar üçün) birləşdirilərək Bakı Müttəhid (Birləşmiş) Pedaqoji Texnikumu kimi fəaliyyət göstərdi. Texnikum tezliklə respublikanın təhsil ocaqları arasında əhəmiyyətli yer tutdu. Pənah Qasımov birləşmiş məktəbin direktoru, Camo Cəbrayılbəyli tədris işləri üzrə direktor müavini təyin olundu.

Həmin məktəbin ilk məzunlarından olan Cəfər Rəmzi o illərlə bağlı xatirələrini "Ədəbiyyat qəzeti”nin 1994-cü il 23 dekabr sayında belə yada salır: "Qapımızda gözətçi vardı. Həftədə 2 gün oradan çıxmağa icazə verilirdi: şənbə günü dərsdən sonra və cümə günü istəyənlər ailələri ilə görüşə bilərdi. Hərdənbir müəllim bizi kinoya və teatra aparardı. Məktəbimizdə intizam dedikcə möhkəm idi. Məktəblər birləşəndə mən onuncuda (son sinifdə) idim. Sinfimizdə 36 uşaq vardı. Əksəriyyəti qızlar idi. Bu təhsil ocağı ilk vaxtlar ibtidai sinif müəllimləri, məktəbəqədər tərbiyə müəssisələri üçün tərbiyəçilər hazırlayırdı.

1927-ci il iyun ayında birləşmiş məktəbin birinci buraxılışı oldu. Bu münasibətlə 25 may 1927-ci ildə "Gənc maarifçi” adlı xüsusi bir qəzet çap olundu. Qəzetdə Mərkəzi İcraiyyə Komitəsinin sədri Səmədağa Ağamalıoğlunun və Xalq Maarif komissarının təbrikləri də var idi. Yüz beş nəfər məzunun rayonlar üzrə siyahısı verilmişdi. Maraqlıdır ki, məktəbi Bakıdan 5 (3 oğlan, 2 qız), Qazaxdan 22 nəfər (çoxu qız) tamamladı…”.

Xalq şairi Mirvarid Dilbazi o illəri xatırlayaraq yazırdı: "Müəllimlərimiz namuslu, vüqarlı, qeyrət məktəbi bitirmiş ziyalı vətənpərvərlər idilər. Burada hər şey şagirdin istedadı ilə ölçülürdü. Odur ki, o illərdə qız və oğlan seminariyalarında oxuyanlar arasında çoxlu istedadlar yetişdi”.

Məktəbi bitirənlərin əksəriyyəti şəxsiyyətə pərəstiş dövründə güllələndi və ya həbs düşərgələrində, sürgünlərdə ömürlərini başa vurdular. Cəfər Rəmzi özü də o dövrün qurbanlarından olmuş, ömrünün 21 il iki ayını zindanlarda, həbs düşərgələrində keçirmişdi.

Nəhayət, adı yaddaşlarımızda  daha çox Mirzə Ələkbər Sabir adına Bakı Pedaqoji Texnikumu kimi hifz olunan  bu təhsil ocağı 1919-cu ildə Bakı Kişi Müəllimləri Seminariyası kimi fəaliyyətə başlasa da,   müxtəlif zamanlarda öz adını dəyişsə də,  bu gün həyata keçirdiyi ali və şərəfli missiya qətiyyən dəyişməyib. 1999-cu ilin dekabrından Azərbaycan Dövlət Pedaqoji Kolleci kimi fəaliyyət göstərən təhsil müəssisəsində  hazırda əyani və qiyabi şöbələr üzrə dörd mindən artıq tələbə təhsil alır.
Azərbaycan Dövlət Pedaqoji Kollecində təlim-tərbiyə işinin təşkili, tədris prosesində kollecin müəllim və tələbə heyətinin həyata keçirdiyi elmi-kütləvi, mədəni tədbirlər, tədris metodiki materiallar, kütləvi informasiya vasitələrində dərc olunmuş, kollecin fəaliyyətini işiqlandıran yazılardan nümunələrinin hazırlanması, gənc müəllimlərlə işin təşkili, müəllim və tələbələrin "açıq dərs” icmalları və bədii yaradıcılıq nümunələri geniş vüsət almışdır.

Orta ixtisas təhsili müəssisələri sırasında öz tarixi əhəmiyyəti ilə idarəçilik sahəsində demokratikliyi, tədris prosesinin təşkilində tətbiq olunan metodların müasirliyi və ənənələri ilə seçilən Azərbaycan Dövlət Pedaqoji Kolleci tədris işinin təşkilində olduğu kimi ümummilli liderimiz Heydər Əliyevin irsinin öyrənilməsi və gənclər arasında təbliği sahəsində də tədbirlərin mərkəzinə çevrilmişdir. Belə ki, kollecdə Azərbaycan dövlətinin müstəqilliyi, onun qorunub saxlanılması sahəsində ümummilli liderimizin çoxşaxəli fəaliyyəti, Heydər Əliyev şəxsiyyətinin keçdiyi maraqlı həyat yolu illər boyudur ki, sistemli şəkildə istər tədris, istərsə də tərbiyə prosesində tələbə gənclərə öyrədilir və aşılanır.

Əksəriyyəti qızlardan ibarət olan bu qocaman təhsil ocağında tələbələrin estetik tərbiyəsinə xüsusi diqqət yetirilir. Daha doğrusu, gün ərzində görülən bütün işlərin əsas özəyini estetik tərbiyə məsələləri təşkil edir.

Estetik tərbiyənin təsiri ilə gənclərin idrak qabiliyyəti, təfəkkürü inkişaf edir, təbiətdə, cəmiyyətdə, ictimai münasibətlərdəki gözəlliyi duymaq və qavramaq qabiliyyəti formalaşır, onların mənəvi aləmi zənginləşir, estetik zövqü cilalanır. Bütün bunlar gələcəkdə gənclərə həyatı, fəaliyyətini sağlam və normal zövq əsasında qurmağa kömək edir.

Ayrı-ayrı fənn dərnəkləri ilə yanaşı, burada fəaliyyət göstərən bədii özfəaliyyət, xalq rəqsləri ansamblı, tətbiqi rəsm, dram dərnəyi tələbələrin asudə vaxtının səmərəli keçməsini təmin etməklə, onların estetik tərbiyəsini inkişaf etdirir.

Kollecin müəllimləri Dövlət Proqramları və Təhsil Nazirliyinin layihələri çərçivəsində yerinə yetirildiyi bir sıra tədbirlərdə, seminar və treninqlərdə yaxından iştirak edirlər.
Sabir adına Bakı Pedaqoji Texnikumunun sələfi olmuş darülmüəllimin hələ 20-ci illərin əvvəllərindən nəinki təkcə Azərbaycan üçün, eləcə də türk və müsəlman respublikaları üçün kadrlar hazırlamışdılar. Belə ki, darulmüəllimində özbək, türkmən, tacik, dağıstanlı uşaqları da oxutmuşlar.
1930-cu ildə seminariya Beynəlmiləl Pedaqoji Texnikumu adlandırılmışdır. 1936-cı ildə texnikuma böyük satirik şair və demokrat-maarifçi M.Ə.Sabirin adı verilmişdir. Bəynəlmiləl Pedaqoji Texnikumu 1937-1938-ci dərs ilinə qədər Azərbaycan, rus və erməni bölmələri üzrə fəaliyyətini davam etmişdir.
Məktəbin işgüzar fəaliyyəti respublika ictimaiyyətində müsbət rəy və yüksək maraq oyadırdı. Beləliklə ikinci buraxılışda 24, üçünçü buraxılışda 28, dördüncü buraxılış 56 məzun olmuşdur. 1952-1962-ci illərdə vahid şəkildə birləşdirilən Bakı Müttəhid Müəllimlər Seminariyasında Ü.Hacıbəyov, M.Maqomayev, A.Şaiq, C.Cəbrayılbəyli, H.Cavid kimi görkəmli şəxslər dərs demişlər.
Pənah Qasımovun rəhbərlik etdiyi bu tanınmış təhsil ocağında qısa vaxt ərzində müasir ruhlu gənc pedaqoq-müəllim heyəti hazırlandı. Bu müəllimlər uzun müddət xalqın savadlanması, təlim-tərbiyəsi sahəsində namuslu xidmət göstərməklə yanaşı, sonralar maarif, mədəniyyət və incəsənətin ən görkəmli nümayəndələri kimi tanınmışlar. Milli mədəniyyətimizin fəxri Üzeyir Hacıbəyov, Abdulla Şaiq, məşhur pedaqoqlardan Camo Cəbrayılbəyli, Azad Əmirov, ilk ziyalı qadınlarımızdan Mədinə xanım Qiyasbəyli kollecdə dərs demiş, zəngin bir irs qoyub getmişdir. Akademiklərdən Əlisöhbət Sumbatzadə, Məmmədhüseyn Təhməsib, professorlardan Əkrəm Cəfər, Mərdan Muradxanov, Fatma Süleymanova, Əli Sultanlı, Xalq rəssamı Salam Salamzadə, Bəstəkarlar Niyazi, Səid Rüstəmov, Əfrasiyab Bədəlbəyli, Xalq yazıçısı Mehdi Hüseyn, Əzizə Cəfərzadə, yazıçı Sabit Rəhman, şairlərdən Mirvarid Dilbazi, Cabir Novruz və başqaları kollecin fəxri məzunları olmuşdur.
Bakı Darülmüəlliminin ilk buraxılışında cəmi 9 məzun olmuşdur. Onlardan biri Mirəli Abdulla oğlu Axundov olmuşdur. M.Axundov darülmüəllimini bitirdikdən sonra bir müddət müəllimlik etmiş, sonra ali məktəbə daxil olmuşdur. Mirəli Axundov Azərbaycan təbiət elmlərinin inkişafında böyük xidmətləri olan məhşur alimlərimizdən biri olmuşdur.
Texnikumun məzunları sırasında Azərbaycan musiqiçilərinin görkəmli nümayəndələrinin öz xüsusi çəkisi vardır. Belə ki, XX əsr Azərbaycan musiqisinin və musiqi mədəniyyətinin inkişafında bir bəstəkar, dirijor kimi xidməti olmuş Ətrasiyab Bədəlbəyli, Niyazi, Səid Rustəmov vaxtı ilə burada oxumuşlar. Dövrün görkəmli pedaqoqlarından, özü də ədib, şair kimi tanınmış müəllimlərindən dərs almış həmin məzunlar sonradan müvafiq ali təhsil məktəblərində bilik, bacarıq və qabiliyyətlərini inkişaf etdirmiş, sənət dünyasının sayılıb-seçilən nümayəndələrindən biri olmuşlar. 1990-cı ilin dekabrından Azərbaycan Dövlət Pedaqoji Kollecinə Nurlana Müzəffər qızı Əliyeva rəhbərlik edir. 2006-cı ildən Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunun Dissertasiya Şurasının üzvüdür.
O, Rusiya Federasiyası Pedaqogika və Sosialogiya Akademiyasının müxbir üzvüdür.
Nurlana Əliyeva ölkənin ictimai həyatında da yaxından iştirak edir. Onun mənəvi-siyasi cəhətdən yetkin ziyalı sözü respublika müəllimlərinin, qadınlarının və YAP-ın qurultaylarında, nüfuzlu yığıncaqlarda həmkarları və ictimaiyyət arasında həmişə rəğbətlə qarşılanır. O, YAP Siyasi Şurasının üzvü, YAP Qadınlar Şurasının sədridir.
Azərbaycan Dövlət Pedaqoji Kollecində direktor işlədiyi illər ərzində Nurlana xanım Respublika Təhsil Nazirliyinin və Ailə, qadın, uşaq problemləri üzrə Dövlət Komitəsinin Yasamal rayon İcra Hakimiyyətinin fəxri fərmanları ilə təltif edilmişdir.
Respublika Prezidentinin sərəncamı ilə ona Azərbaycan Respublikasının "Əməkdar müəllimi” fəxri adı verilmiş, 2008-ci ildə "Şöhrət” ordeni ilə təltif olunmuşdur.
Tədris müəssisəsinə rəhbərlik etdiyi illərdə Nurlana xanım özünü pedaqoji aləmdə bacarıqlı və işgüzar təhsil işçisi kimi göstərmiş, vəzifəsinin icrasında təlim prosesinin təşkili və maddi-texniki bazanın genişləndirilməsinə xüsusi diqqət yetirmişdir. Rəhbərlik etdiyi tədris müəssisəsində təlim prosesinin təşkilində müntəzəm olaraq yenilikçi ideyaların tətbiqi ilə seçilmişdir. Onun fikrincə, təhsilimizin bünövrəsini, təməlini qoyan ibtidai sinif müəllimləri yetişdirmək, həm də yüksək səviyyəli müəllimlər, əsl vətəndaşlar, kamil insanlar kimi yetişdirmək bu vəzifələrin başlanğıcıdır. Çünki insanın bir vətəndaş, mütəxəssis, vətənpərvər kimi bütün sonrakı inkişafının özülü məhz ibtidai siniflərdə qoyulur. İbtidai sinif müəllimi yaxşı olanda, özünü şagirdlərinin biliyinə, bacarığına həsr edəndə yuxarı siniflərdə də o sinfin uğurları yüksək olur. Həmin sinfin şagirdlərinin əksəriyyəti savadlı, bilikli, mərifətli, istedadlı uşaqlar olur. Ona görə də təkcə bir sinfin, məktəbli uğurlarında deyil, bütün cəmiyyətin tərəqqisində, inkişafında ibtidai sinif müəllimlərinin rolu danılmazdır.
Yeni tədris metodlarının hazırlanması eksperimetlərin keçirilməsi, əldə edilən nəticələrin kollec daxilində və respublika orta ixtisas təhsili məktəbləri arasında yayılması sahəsində onun şəxsi təcrübəsi və təşəbbüsü pedaqoji ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir. Onun rəhbərlik etdiyi təhsil ocağı təhsil islatahlarının önündə gedir.
Nurlana Əliyeva pedaqoji təmayüllü orta ixtisas məktəbləri üçün bir sıra fənn proqramlarının, tədris vəsaitlərinin hazırlanması işini düzgün təşkil edir. Onun müasir tələblərə cavab verən yüksək peşəkarlıqla apardığı iş Azərbaycan Dövlət Pedaqoji Kollecinin respublikada pedaqoji təmayüllü orta ixtisas məktəbləri arasında baza müəssisəsinə, pilot məktəbinə çevrilməsinə səbəb olmuşdur.
İstər ayrı-ayrı fənlərin tədrisi prosesində, istər praktik işlərin, oyunların yerinə yetirilməsi zamanı, istərsə də dərsdənkənar tədbirlər prosesində bu istiqamətlər üzrə məqsədəmüvafiq işlər aparılır. Texnikumda bütün işlər ilk növbədə milli şüurun inkişafına, mənəvi şüurla davranışın, sözlə əməli fəaliyyətin vəhdətinin təmin edilməsinə yönəldilmişdir. Çünki hər bir vətəndaşın ləyaqətli davranışının əsasını onun əməlləri və fəaliyyəti təşkil edir.
Texnikuma 1993-cü ildən cəmiyyətimizin bugünkü həyatı ilə səsləşən, gələcək üçün lazımlı kadrlar hazırlayan "Sosial pedaqogika”, "Milli əxlaq və islamşünaslıq” ixtisaslarının verilməsi bu sahədə görülən işləri daha da genişləndirmişdir.
1995-ci ilin may ayında "Müasir şəraitdə şəxsiyyətin formalaşmasına kompleks yanaşılmasının elmi-pedaqoji əsasları və praktik məsələləri” mövzusunda keçirilmiş elmi-praktik konfransda nəzəri və praktik əhəmiyyətli ideyalar, fikirlər söylənmişdir.
1997-ci ildə ibtidai sinif müəllimlərinin problemlərinə həsr edilmiş respublika elmi-təcrübi konfransının məhz M.Ə.Sabir adına Bakı Pedaqoji Texnikumunda keçirilməsi də təsadüfi deyildi. Bu, texnikumun pedaqoji nailiyyətlərinin, göstəricilərinin, nümunəvi təhsil ocağı kimi fəaliyyətinin yüksəlməsi zərurətindən irəli gəlmişdir.
Kollecin 1999-cu ildə 80 illik yubileyi keçirilmişdir. Bu yubiley münasibəti ilə əbədiyaşar prezidentimiz, ulu öndər Heydər Əliyevin təbrikində kollecin fəaliyyəti, milli təhsilimizin inkişafındakı rolu yüksək dəyərləndirilmişdir: "Bakı Pedaqoji Texnikumu Respublikanın maarif ocaqlarının yüksək səviyyəli pedaqoji kadrlarla təmin etmək sahəsindəki uzunillik fəaliyyəti ilə Azərbaycan təhsilinin inkişafında misilsiz xidmətlər göstərmişdir. Yarandığı ilk dövrlərdən təlim-tərbiyə prosesini Azərbaycan maarifinin gözəl ənənələri üzərində qurmuş Bakı Pedaqoji Texnikumu bu gündə Azərbaycanımızın xoşbəxt gələcəyi naminə uğurla çalışır, Respublikanın ümumtəhsil məktəblərini və təlim-tərbiyə ocaqlarını pedaqoji kadrlarla təmin edir. Əminəm ki, siz texnikumumuzun uzun illər toplamış olduğu zəngin təcrübəni yeni şəraitdə daha da artıracaq və respublikada müasir tələblərə cavab verən müəllimlər hazırlanması işinə bundan sonra da var qüvvənizi sərf edəcəksiniz”.
Son illər ərzində Azərbaycan Dövlət Pedaqoji Kollecində təlim-tərbiyə işinin təşkili, tədris prosesində kollecin müəllim və tələbə heyətinin həyata keçirdiyi elmi-kütləvi, mədəni tədbirlər, tədris metodiki materiallar, kütləvi informasiya vasitələrində dərc olunmuş, kollecin fəaliyyətini işiqlandıran yazılardan nümunələrinin hazırlanması, gənc müəllimlərlə işin təşkili, müəllim və tələbələrin açıq dərs icmalları və bədii yaradıcılıq nümunələri geniş vüsət almışdır.
Orta ixtisas təhsili müəssisələri sırasında öz tarixi əhəmiyyəti ilə idarəçilik sahəsində demokratikliyi, tədris prosesinin təşkilində tətbiq olunan metodların müasirliyi və ənənələri ilə seçilən Azərbaycan Dövlət Pedaqoji Kolleci tədris işinin təşkilində olduğu kimi ümummilli liderimiz Heydər Əliyevin irsinin öyrənilməsi və gənclər arasında təbliği sahəsində də tədbirlərin mərkəzinə çevrilmişdir. Belə ki, Azərbaycan Dövlət Pedaqoji Kollecində Azərbaycan dövlətinin müstəqilliyi, onun qorunub saxlanılması sahəsində ümumilli liderimizin çoxşaxəli fəaliyyəti Heydər Əliyev şəxsiyyətinin keçdiyi maraqlı həyat yolu illər boyudur ki, sistemli şəkildə istər tədris, istərsə də tərbiyə prosesində tələbə gənclərə öyrədilir və aşılanır.
Əksəriyyəti qızlardan ibarət olan bu qocaman təhsil ocağında tələbələrin estetik tərbiyəsinə xüsusi diqqət yetirilir. Daha doğrusu, gün ərzində görülən bütün işlərin əsas özəyini estetik tərbiyə məsələləri təşkil eləyir. Çünki estetik tərbiyə insanların həm beyninə, şüuruna, həm də qəlbinə, hissinə eyni zamanda təsir edə bilmək baxımından gənc nəslin mənəvi inkişafında mühüm rol oynayır.
Estetik tərbiyənin təsiri ilə gənclərin idrak qabiliyyəti, təfəkkürü inkişaf edir, təbiətdə, cəmiyyətdə, ictimai münasibətlərdəki gözəlliyi duymaq və qavramaq qabiliyyəti formalaşır, onların mənəvi aləmi zənginləşir, estetik zövqü cilalanır. Bütün bunlar gələcəkdə gənclərə həyatı, həyat fəaliyyətini, gözəllik qanunlarını, sağlam və normal zövq əsasında qurmağa kömək edir.
Ayrı-ayrı fənn dərnəkləri ilə yanaşı burada fəaliyyət göstərən bədii özfəaliyyət, xalq rəqsləri ansamblı, tətbiqi rəsm, dram dərnəyi tələbələrin asudə vaxtının səmərəli keçməsini təmin etməklə, onların estetik tərbiyəsini inkişaf etdirir.
Kollecin müəllimləri Təhsil Nazirliyinin Dövlət Proqram və layihələri çərçivəsində yerinə yetirildiyi bir sıra tədbirlərdə, seminar və treyninqlərdə yaxından iştirak edir.
Kollecin 90 illik yubileyi münasibəti ilə Azərbaycan Respublikasının Prezdentinin sərəncamı ilə müəllimlərdən 3 nəfəri "Əməkdar müəllim” adına, 3 nəfər "Tərəqqi medalı”na layiq görülmüşdür.
Pedaqoji Kollecin müəllim kollektivi ölkədə gedən təhsil islahatının həyata keçirilməsində fəal iştirak etmiş, yüksək peşəkarlıq, tədqiqatçılıq nümayiş etdirərək pedaqoji ictimaiyyətə bir daha belə bir həqiqəti sübut etmişlər ki, ölkəmizin gələcəyi müəllimlərin peşə hazırlığı səviyəsindən aslıdır.
Bu gün ölkənin hansı bölgəsinə nəzər salsaq Pedaqoji Kollecin məzunlarına rast gəlmək mümkündür. Onlar içərisində gənc nəslin təlim-tərbiyəsində böyük rolu olan müəllimlər, elm və mədəniyyət sahələrində fəaliyyət göstərən, dövlət qulluğunda çalışan, rəhbər vəzifədə işləyən ziyalılar, görkəmli insanlar az deyildir.
Kollecin məzunları bir sıra ali məktəblərə qəbul olaraq təhsillərini davam etdirmişlər. Sevindirici haldır ki, "Əməkdar müəllim” adına layiq görülmüş ibtidai sinif müəllimləri arasında bu kollecin məzunları da vardır.
 Bu gün ölkənin hansı bölgəsinə nəzər salsaq Pedaqoji Kollecin məzunlarına rast gəlmək mümkündür
Günel Dadaşova
Azərbaycan Dövlət Pedaqoji Kollecinin
Azərbaycan dili və ədəbiyyatmüəllimi



[email protected]