SON XƏBƏRLƏR
GƏNCLİYƏ ÖRNƏK QADIN

GƏNCLİYƏ ÖRNƏK QADIN 
Ülviyyə Hacıyeva
Azərbaycan Dövlət Pedaqoji Universitetinin
Xarici dillər Mərkəzinin müdiri, filologiya üzrə fəlsəfə doktoru,
dosent, "Tərəqqi” medalı mükafatçısı

Hər xalqın tarixində cəsur, igid, qəhrəman qadınlar olub. Bu qadınlar mənsub olduqları xalqın və vətənin sərhədlərini aşaraq tarixə imza atıblar. Amma ayrıca, xüsusi bir xarakterə malik qadınlar var ki, bunlar qeyri-adi qəhrəmanlıqlar göstərməmiş, əyinlərinə zireh geyinib başlarına dəbilqə qoymamışlar, sadəcə böyük qadın, əsl insan kimi bəşəriyyətə öz töhfələrini elmləri, siyasətləri, yaradıcılıqları ilə vermişlər. Bu tip qadınlar əxlaqi-mənəvi keyfiyyətləri, qüruru, heyranedici bacarıqları ilə mənsub olduqları cəmiyyətin bütün sahələrində hörmət qazanır. Azərbaycan qadınının tarix boyu mənəviy­yatın, sədaqətin, səmimiyyətin, ehtiramın, mərdliyin, mənəvi-əxlaqi dəyərlərin rəmzi kimi daşıdığı "qadın” adının missiyasını həyatı, elmi-pedaqoji və idarəçilik fəaliyyətində yaşadan qadınlardan biri də filologiya elmləri doktoru, professor, Əməkdar müəllim Mahirə Hüseynovadır.  
Onun ömür kitabını vərəqlədikcə fədakar alim, gözəl pedaqoq, qayğıkeş ana, tələbkar rəhbər, üstəlik, yurdunu, xalqını böyük məhəbbətlə sevən bir insan, incə, lirik ruhlu şairə ilə qarşılaşırsan. Təsadüfi deyil ki, filosoflar tanınmış adamların ömür yolunu onların yetişdiyi mühit, aldıqları mənəvi tərbiyə ilə bağlayırlar.  Naxşıvanın süst kəndində sadə bir zəhmətkeş ailəsində - Nağı kişi ilə sinəsi dolu Nazlı ananın ailəsində dünyaya gələn Mahirə Hüseynova ilk təhsilinə Xalxal kənd məktəbində başlamış, 1978-ci ildə yaşayış yerini dəyişməsi ilə əlaqədar Novxanı kənd orta məktəbini bitirmişdir. Azərbaycan Pedaqoji İnstitutunun filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirən Mahirə Hüseynova əmək fəaliyyətinə orta məktəbdən başlayır. Mehdiabad qəsəbə 1 saylı orta məktəb, daha sonra  Bakı şəhəri N.Nərimanov rayonu G.Əsgərova adına 43 saylı MLK-da  pedaqoji fəaliyyətinə görə "Respublikanın qabaqcıl təhsil işçisi”,  "İlin nümunəvi müəllimi” fəxri adlarına layiq görülmüş, "Qızıl qələm” Media Mükafatı Laureatı, döş nişanı və I dərəcəli diplomla təltif edilmişdir. 
Lakin orijinal fikirləri, iti diplomatiyası, məntiqi mühakimələri özü də bilmədən onu sevdiyi peşəsindən - müəllimlikdən ayırıb Azərbaycan Dövlət Pedaqoji Universitetinə ? elmi-pedaqoji fəaliyyətə gətirir. "Həsən Mirzəyevin yaradıcılığında filologiya məsələləri” adlı fəlsəfə doktoru dissertasiyası, "XIX-XX əsr Qərbi Azərbaycan aşıq və el şairlərinin yaradıcılığının dil və üslub xüsusiyyətləri (Dərələyəz mahalı üzrə)” mövzusunda doktorluq dissertasiyasını uğurla müdafiə edərək  Mahirə xanım filoloji fikir tarixinə imza atır. Öz fikri, öz sözü, iti məntiqi təfəkkürü, zəhmətsevərliyi, uzaqgörənliyi və prinsipiallığı sayəsində 2019-cu ildə Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi Müşahidə Şurasının üzvü, 2020-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası Filologiya və Pedaqogika üzrə Ekspert Şurasının sədri vəzifələrinə seçilir. 
ADPU Filologiya fakültəsinin dekanı vəzifəsinə seçildiyi ilk gündən Mahirə xanım təlimin səviyyəsinin yüksəldilməsi ilə yanaşı, quruculuq işləri həyata keçirməyə başlayır. Fakültənin istər maddi-texniki bazasının möhkəmlən­dirilməsi, istər elmi-pedaqoji kadr potensialının yüksəldilməsi, istərsə də təhsil islahatlarının həyata keçirilməsində bir-birinin ardınca sanballı işlər görülür. Auditoriyalar əsaslı təmir edilərək müasir avadanlıqla, İKT vasitələri ilə təchiz edilir, elmi-tədqiqat, elmi-metodik işlərin istiqamətləri dəqiqləşdirilir. Az müddət ərzində müasir tələblərə cavab verən "Linqvistika” kabineti tələbələrin istifadəsinə verilir. Təkcə pedaqoji universitetdə deyil, respublikanın bir çox ali məktəblərində təhsil alan istedadlı gəncləri öz işığına toplayan "Meh” ədəbi dərnəyinin sorağı tezliklə yayılır. Professor-müəllim heyətinin elmi araşdırma­larının aprobasiyası üçün AAK-nın siyahısında olan "Linqvistika problemləri”  beynəlxalq elmi-nəzəri jurnal sanballı elmi məqalələrlə bir çox ölkələrin bilim adamlarını bir araya gətirir.
Qadın səliqəsi, qadın zövqü ilə fakültəyə yeni ab-hava gətirən, ona müasir don geydirən Mahirə xanım məzmun infrastrukturunu da nəzərdən qaçırmır. O, təhsil standartlarının yeniləşməsi, müasir informasiya-kommunikasiya və təlim texnologiyalarının tətbiqini professor-müəllim heyətinin fəaliyyətində əsas istiqamət götürmüş, tələbələrin məsuliyyətinin artirilmasi və imtahanlarda obyektivliyin təmin edilməsinə şərait yaratmışdir. Yeni təlim metodlarından, İKT vasitələrindən istifadə edən müəllimlərə tələbatın böyük olduğunu sosioloji araşdırmalar nəticəsində müəyyənləşdirən Mahirə xanın ali təhsilin zamanın tələblərinə uyğun qurulması, keyfiyyətinin yüksəldilməsi, maliyyələşdirilməsi və idarə­olunmasının təkmilləşdirilməsi, bu sahədə qarşılıqlı əməkdaşlıq və beynəlxalq əlaqələrin genişləndirilməsinə də xüsusi diqqət yetirir. 
Təsadüfi deyil ki, ADPU Bolonya təhsil sisteminin tələblərinə uyğunlaş­dıraraq biliyin qiymətləndirilməsində kredit sisteminin tətbiqi, müəllim-tələbə münasibətlərinin tənzimlənməsi, müəllimlər üçün sistemli treninqlərin təşkili və digər sahələrdə öncül ali mərkəzlərdən sayılır. Bu prosesdə həlledici amillərdən biri kimi beynəlxalq əlaqələrin genişlən­dirilməsi, dünyanın aparıcı universitetləri ilə qarşılıqlı əməkdaşlığın aparılması və təcrübə mübadiləsinin təşkili Beynəlxalq Əlaqələr üzrə prorektor prof. Mahirə Hüseynovanın həyata keçirdiyi islahatların əsas istiqamətinə çevrilmişdir. Azərbaycanın dünyada analoqu olmayan iqtisadi inkişafının ümumavropa təhsil məkanına inteqrasiya prosesinin daha da sürətləndirilməsi və bu sahədə həyata keçirilən işlərin intensivləş­dirilməsini, ali təhsilin rəqabət qabiliyyətliliyinin təmin edilməsində dünya təhsil sisteminə inteqrasiyanı tələb etdiyi bir dövrdə  onun rəhbərlik etdiyi Beynəlxalq Əlaqələr üzrə prorektorluq  dünyanın bir çox təhsil müəssisələri ilə əməkdaşlığa qoşulmuşdur. 
Prorektor Mahirə Hüseynova beynəlxalq təşkilatlarla əlaqələrin, təkmil normativ-hüquqi bazanın yaradılması, struktur dəyişikliklərinin aparılması, yeni layihələrin hazırlanıb həyata keçirilməsi, müasir monitorinq və qiymətləndirmə sisteminin tətbiqi sahəsində memorandumların imzalanmasına qayğı və tələbkarlıqla yanaşır. Müasir dövrdə müxtəlif kateqoriyalar üzrə mütəxəssislərin cəlb olunduğu beynəlxalq və respublika səviyyəli təlimlərdə distant ötürmə vasitəsilə yeni materialların əldə olunması, aktual mövzuların dinlənilməsi, konkret metodikanın aprobasi­yası, "öyrədənləri öyrədən” statuslu müəllim və metodistlərlə diskussiya­ların təşkili, tədris plan və proqramları, təlim və informasiya texnologiya­larında olan yeniliklərlə operativ tanışlıq məqsədilə ölkənin tanınmış təhsil işçiləri, akademikləri və yüksək hazırlıqlı mütəxəssisləri dəvət edilir. Təsadüfi deyil ki, bu gün müasir təlim prosesinə və innovasiyalara qoşulmaq üçün ölkənin təhsil işçiləri Beynəlxalq Əlaqələr üzrə prorektor­luğun Təlim-tədris mərkəzinə müraciət edirlər. 
Yüksək mənəvi-əxlaqi keyfiyyətlərə malik olan şəxs başqalarında müsbət keyfiyyətləri görür və arzulayır. Sovetlərin rüşvətxorluq, korrupsiya, proteksiya və digər neqativ hallarına qarşı mətnliklə mübarizə aparan  Mahirə Hüseynova rəhbəri olduğu fakültənin  kadr potensialına  xüsusi diqqət yetirir. Onun fikrincə, mənəvi ucalıq, mənəvi zənginlik, işgüzarlıq, sözübütövlülük şəxsiyyətin meyarıdır. Cəmiyyətin mənən saflaşmasında rolu danılmaz olan müəllim kadrlarını yetişdirən professor-müəllim heyətinin peşə biliklərinə malik olması, iradi keyfiyyətləri özündə birləşdirməsi, milli kökə bağlılığı onun rəhbərlik qayəsini müəyyən edən cəhətlərdir. Ümummilli lider Heydər Əliyev kursunun layiqli davamçı­la­rın­dan olan Mahirə xanımın mənəviyyat, mənəvi dəyərlər və mənəvi tərbiyə məsələlərinə öz baxışı, öz tendensiyası var. Onun fikrincə, mənəvi tərbiyə birtərəfli qaydada həyata keçirilə bilməz, bu iş gənclərdə ləyaqət və qürur, milli "mən” hissinin inkişaf etdirilməsi, həmçinin sosial və tarixi məsuliyyət kontekstində həyata keçirilməlidir. 
Mahirə Hüseynovanın həyatının bir "sarı simi”  də ? özü dediyi kimi, "yeri görünən”, adını qürurla çəkdiyi, elmini, yaradıcılığını sevə-sevə davam etdirdiyi, anası Nazlının doğmaca qardaşı ? dayısı professor Həsən Mirzədir. Uzun illər Azərbaycan Dövlət Pedaqoji Universitetində, AMEA-nın Dilçilik İnstitutunda, Bakı Dövlət Universitetində  dilçilik üzrə ixtisaslaşdırılmış müdafiə şuralarının üzvü, ömrünün 50 ilini ali məktəb auditoriyalarında mühazirələr oxumuş, Yazıçılar və Jurnalistlər Birliyinin üzvü, Əməkdar elm xadimi, Prezidentin fəxri təqaüdçüsü Həsən Mirzəyevin şəxsiyyətini və elmi-bədii yaradıcılıq yolunu ailə şəcərəsinin nümayəndəsi olaraq Mahirə xanım tamamlayır. Dərələyəz sevdalısı Həsən Mirzənin ruhunu titrədən o mizrab - yurd həsrəti, yurd sevdası bu gün bir haray, milli birliyə inam və çağırış, ürək göynədən həsrət kimi Mahirə Nağızıqı poeziyasında da dilə gəlir. Elmini, böyüklüyünü, xeyirxahlığını miras qoyub getdiyi Mahirə xanıma Həsən Mirzə səmimi duyğularını, sözə sevgisini də ərməğan edib:

İnandım qəlbinə, gücünə sənin,
Tanrı yazısına ömürdü zəmin.
Qoyduğu hədəf var Həsən Mirzənin,
Yeri, ayaqlarım,  nə dayanırsan?

- deyən Mahirə xanım bu gün Həsən Mirzənin hələ də sağalmayan Dərələyəz  dərdini misra-misra dilə gətirir. Onun son illərdə oxuculara təqdim olunan "Analı dünyam”, "Salam olsun”, "Bayatılar”, "Ruhuna beşiksə, tanı, Vətəndir”, "Yanından keçmə dağların”, "Konuşan taşlar” və digər ­şeir kitablarını vərəq­lə­dikcə elmi yaradıcılığın daxili hiss-həyəcanın, kövrək duyğuların, Dərələyəz boyda həsrətin, Vətən sevgisinin qarşısında acizliyinə əmin olursan.  Orijinal üslub, zəngin bədii təfəkkür, yüksək erudisiya, fəlsəfi-əxlaqi  düşüncə və sadə ifadə tərzi bir daha Mahirə xanımın insan və onun mənsub olduğu xalqın mənəvi dəyərlərinə bağlılığını fəlsəfi-poetik konsepsiya konteksində sübut edir. 
"Elm olmayan yerdə təhsil olmaz” deyən Mahirə xanımın alimliyini ictimai həyatda fəallığı tamamlayır. O, rəhbəri olduğu müəssisənin hər bir əməkdaşının qayğıları ilə yaşayır. Qəlbinin odunu, hərarətini gənc nəslin, xüsusilə qızların təlim-tərbiyəsinə həsr edən bu alim qadın  ? Azər­bay­can qadınında, qızında milli-əxlaqi keyfiyyətlərə, davranışa, geyimə, ümu­miyyətlə, Şərq qadınına məxsus və yalnız onun daşıya biləcəyi mənəvi uca­lığa dəyər və önəm verən prof. Mahirə Hüseynova  bu gün öz elmi-pedaqoji, icti­mai-siyasi fəaliyyəti ilə ən uca adın - qadın və müəllim adının layiqli təmsilçisidir. 
Tanrıdan sonra ikinci yaradan  qadındır. Bu yaradanın, eyni zamanda görkəmli siyasi və dövlət xadimləri Sara xatun, Şah İsmayılın qızı Məhinbanu, Şirvanşah Xəlilullahın arvadı Pəri xanım, Şah Abbasın anası Xeyransa bəyim, əvsanəvi Tuti Bikə, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanımın adları ilə yanaşı, bu gün Mahirə Hüseynova imzası Azərbaycan qadınının daha bir uğurudur. 




[email protected]