SON XƏBƏRLƏR
Mahirə Hüseynova ümumtürk dilləri dialekt və şivələrinin qarşılıqlı inteqrasiyasının araşdırmaçısı kimi

 Mahirə Hüseynova ümumtürk dilləri dialekt və şivələrinin qarşılıqlı inteqrasiyasının araşdırmaçısı kimi
Səmədova Könül İbrahim qızı
ADPU-nun Filologiya fakültəsinin "Müasir Azərbaycan 
dili" kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru, 
dosent, "Qabaqcıl təhsil işçisi" döş nişanı, "Azərbaycan Qadını” media medalı mükafatları laureatı


Ortaq mədəniyyətə, dəyərlərə malik olan türk dilləri yüzilliklər boyu bir-biri ilə əlaqədə formalaşmışdır. Ümumtürk ədəbi dilinin inkişafı ilə normaları sabitləşmiş, qədim tayfa dillərinin elementləri passiv mövqeyə keçmiş, dialekt səviyyəsində möhkəmlənmişdir. Ədəbi dillə dialektlərin əlaqəsinin güclənməsi və ədəbi dilin nüfuzunun artması nəticəsində dialekt faktlarının arealı məhdudlaşmışdır.
 Türk xalqları tarixin müəyyən dönəmlərində bir-birindən ərazi cəhətdən müəyyən qədər uzaq yaşasalar da, öz etnik mənsubiyyətlərinə görə dil, dialekt və şivə baxımından bir-birini anlaya bilir və dillərinin yaxınlığı ilə eyni kökə mənsub olduqlarını sübut edirlər. Qeyd etmək yerinə düşər ki, ümumtürk dillərinin dialekt və şivələrinin hər biri ayrı-ayrılıqda öz ilkinliyinə, miqyasına, tarixi-linqvistik faktlarına görə olduqca zəngindir və bu dillərin dialektlərində fonetik, leksik, qrammatik xüsusiyyətlərin hərtərəfli araşdırılması türkologiyanın ən aktual vəzifələrindən biridir.
Türk dilləri dialekt və şivələrinin qarşılıqlı inteqrasiya məsələləri bu günədək türkologiyada, demək olar ki, əsaslı və fundamental şəkildə araşdırma obyektinə çevrilməmiş, bu sahədə hələ də bəzi problemli məsələlər öz həllini gözləməkdədir. 2016-cı ildə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun Qrantını qazanan filologiya elmləri doktoru, professor Mahirə Nağı qızı Hüseynova bu işi bir ziyalı kimi öz vətəndaşlıq borcu hesab etmişdir.
Mahirə Hüseynovanın "Ümumtürk dilləri dialekt və şivələrinin qarşılıqlı inteqrasiyası" kitabı da bu baxımdan xüsusi maraq kəsb edir. Mahirə xanım Azərbaycan və ümumiyyətlə türk dilçiliyi tarixində ilk dəfə olaraq bu mövzuda dövrümüzə qədər aparılmış tədqiqatları diqqətlə nəzərdən keçirmiş və həmin tədqiqatları müqayisəli şəkildə araşdırmaya cəlb etmişdir. Monoqrafiyada Azərbaycan dilçiliyində ümumtürk dilləri dialekt və şivələrinin müqayisəli aspektdə tədqiqi məsələlərindən bəhs edən müəllif keçən əsrin 50-ci illərindən türk dillərinin dialekt və şivələrində burun samitlərinin mövcudluğunu ilk dəfə akademik Məmmədağa Şirəliyevin müşahidə etdiyini yazır və türkologiyada burun samitlərinin tədqiq edilmədiyini nəzərə alaraq bunları əmələ gətirən fonetik şərait, deyiliş yeri haqqında fikir bildirir. Müəllifin araşdırmalarına əsasən demək olar ki, akademik M.Şirəliyevin həm Azərbaycan, həm digər türkcələrin dialekt və şivə materialları üzrə apardığı araşdırmaların hər biri ayrı-ayrılıqda təqdirəlayiqdir. Əsərdə akademik Ağamusa Axundovun da tədqiqatlarına xüsusi diqqət yetirilir. Alimin iki məqaləsində iki problemə dair mülahizə irəli sürülüb: dialekt sistemlərinin bir-birinə münasibəti və dialekt sistemlərinin aborigenlərin - ölkənin qədim əhalisinin dil sistemi faktlarına münasibəti. Akademik A.Axundov məqalələrində ümumtürk dilləri dialekt və şivələrində mövcud dil hadisələrinə dialektoloqların meyarlarından yanaşmış, inteqrasiya məsələləri üçün əhəmiyyətli fikirlər söyləmişdir ki, bunlarsız sözügedən problemlərin düzgün, elmi dəlillərlə əsaslandırılmış şərhini vermək mümkün deyil. Mahirə Hüseynova Azərbaycanın, o cümlədən, ümumtürk dillərinin dialekt və şivələrinin tədqiqində akademik Tofiq Hacıyevin böyük xidmətləri olduğunu qeyd edir və yazır ki, ümumtürk dillərinin dialekt və şivələrinin qarşılıqlı inteqrasiya məsələlərinin tədqiqində T.Hacıyevin "Cəbrayıl şivəsi" monoqrafiyası ciddi əhəmiyyət kəsb edir.
Ümumtürk dilləri dialekt və şivələrinin tədqiqi tarixində görkəmli türkoloq Fərhad Zeynalovun da müstəsna xidmətlərini nəzərə çatdıran müəllif bu barədə yazır ki, professor F.Zeynalov "Türkologiyanın əsasları" əsərində ümumtürk dilləri dialekt və şivələrinin əmələ gəlməsi, inkişafı, təsnifi, tədqiqi və onları səciyyələndirən leksik, fonetik, qrammatik əlamətlər barədə məlumatlar verərək, türk dillərinin qəbilə, tayfa, tayfa birlikləri, xalq və milli ədəbi dillərə yüksələnə qədərki inkişaf mərhələlərinin dolğun bir şəkildə inkişafını izləyə bilib. Kitabda qeyd olunur ki, F.Zeynalov ümumtürk dilinin dialekt və şivələrinin tədqiqatçısı kimi, türkdilli xalqların dialekt və şivələrini bir-birindən fərqləndirən spesifik cəhətləri fonetik, leksik və qrammatik cəhətləri şərh edib.
Ümumtürk dilləri dialekt və şivələrinin müqayisəli təhlili professor Həsən Mirzəyevin də yaradıcılığında xüsusi yer tutur. Onun uzun illər apardığı araşdırmalar nəticəsində Qərbi Azərbaycanın Dərələyəz mahalının toponimlərinin və dialektlərinin toplanılması kimi mühüm iş həyata keçirilmiş, məhz Həsən Mirzəyevin fəaliyyəti nəticəsində dialekt və şivələrimizin öyrənilməsi xalqımızın dil tarixi, dilimizin arxaik leksik qatı, eləcə də dilçiliyimizin qohum türk dilləri ilə əlaqəsi ətraflı şəkildə araşdırılaraq monoqrafiya şəklində nəşr edilmişdi. Monoqrafiyada H.Mirzəyev Dərələyəz şivələri üçün səciyyəvi olan bir çox fonetik və leksik xüsusiyyətləri üzə çıxarmış, onun dialekt və şivələrimiz içərisində yerini, mövqeyini müəyyənləşdirmişdi.
Mahirə Hüseynova bir tədqiqatçı kimi, haqlı olaraq, professor Həsən Mirzəyevin Dərələyəz mahalının şivə sözlərinə həsr etdiyi tədqiqatı bütöv və sistemli araşdırma kimi qiymətləndirir. Professor H.Mirzəyev Dərələyəz mahalı şivələrində qohum türk dilləri ilə paralellik təşkil edən şivə sözlərini müqayisəli şəkildə araşdırmaqla türkologiyamızda dilimizin tarixinin gizli şivələrini üzə çıxarıb. Onu da nəzərə almalıyıq ki, Dərələyəz mahalına aid olan şivə sözlərini əhatə edən, bu sözlərin mənalarının dəqiq izahını verən bir lüğətə böyük ehtiyac var idi.
Müəllif tədqiqatında professor Elbrus Əzizovun bu sahəyə aid çoxlu sayda məqalə, monoqrafiya və dərs vəsaiti yazdığını qeyd edərək yazır ki, onun "Azərbaycan dilinin tarixinin leksikologiyası" adlı dərsliyi xüsusi əhəmiyyət kəsb edir. Tədqiqatçı alim əsərin müvafiq bölmələrində ümumtürk dilləri dialekt və şivələrinin fonetik, leksik və qrammatik xüsusiyyətləri barədə müqayisələrə də geniş yer ayıraraq, maraqlı fikirlər söyləyib.
Mahirə xanım əsərində dialektoloq Bayram Əhmədovun tədqiqatlarına da xüsusi yer verib. B.Əhmədov "Azərbaycan dili söz yaradıcılığında sadələşmə meyli" adlı dərs vəsaitində şivə sözlərinin tarixi-etimoloji təhlilini verərək, Azərbaycan dili ilə bərabər, türk, qaraçay-balkan, kumuk, karaim, Krım tatarları, noqay, başqırd, altay, tatar, çuvaş və sair türkcələrin ədəbi dil və ya dialekt materiallarına da müraciət edib, olduqca əhəmiyyətli mənbələrdən istifadə edərək qənaətlərini əsaslandırıb.
Monoqrafiyada pofessor İsmayıl Kazımovun, Məhərrəm Məmmədlinin, Hüseyn Əsgərovun, Əzizxan Tanrıverdiyevin, Buludxan Xəlilovun, Kamil Bəşirovun yaradıcılığında ümumtürk dialekt və şivələrinin müqayisəli təhlili, həmçinin, qarşılıqlı inteqrasiya məsələlərindən bəhs edilir, məqalə və əsərləri təhlil olunur.
Mahirə Hüseynova "Azərbaycan dilinin qərb qrupu dialekt və şivələri", "Naxçıvan MSSR-in dialekt və şivələri" əsərlərinin də təhlilini verib, ümumtürk dilləri dialekt və şivələrinin müqayisəli aspektdə tədqiqində dialektoloji lüğətlərin elmi əhəmiyyətini əsaslı nümunələrlə şərh edib. Müəllif ümumtürk dillərində bəzi yemək adlarının tarixi-etimoloji təhlilini də aparıb.
Digər fəsildə ümumtürk dialekt və şivələrinin qarşılıqlı inteqrasiyasını təhlil süzgəcindən keçirən Mahirə Hüseynova daha sonra ümumtürk dilləri dialekt və şivələrinin qarşılıqlı inteqrasiyasını Azərbaycan, türk, qırğız, qumuq, yakut, kaşğar, özbək, karaim, şor, tuva, türkmən və s. dillərin dialekt və şivələri əsasında əhatəli olaraq daha dərindən araşdırıb, sonrakı fəsillərdə uyğunlaşdırılmış sözlərin fonetik, morfoloji xüsusiyyətlərini müqayisəli şəkildə tədqiq edib, leksik-semantik yöndə izahlar verib.
Ümumtürk leksik bazası əsasında müxtəlif peşələrlə bağlı leksik vahidləri, tayfa, nəsil adlarını, qohumluq münasibətini bildirən sözləri, təsərrüfat, atçılıq terminlərini və onların ümumtürk dillərinin dialektlərinə qarşılıqlı inteqrasiyasını, həmçinin toy mərasimi leksikası və onların ümumtürk dillərinin dialektlərində qarşılıqlı əksini zəngin nümunələr əsasında şərh edən müəllif qədim və müasir türk ləhçələrində yemək və içki adlarını, habelə söz-cümlə modelli onomastik vahidləri də nəzərdən qaçırmayıb. Monoqrafiyada uyğunlaşdırılmış sözlərin fonetik, qrammatik, leksik-semantik yöndə tarixi-genetik və struktur-funksional xüsusiyyətləri zəngin dialektoloji və türkoloji mənbələr əsasında ustalıqla nəzərdən keçirilib.
Professor Mahirə Hüseynova əsərində türk dilləri dialektlərinin (Oğuz və Qıpçaq qrupu) bu və ya digər türk dillərinin ədəbi dillərə inteqrasiyasında əsas rol oynayan dialektləri müəyyənləşdirib və bununla qədim türk protodilləri rekonstruksiya edilib.
Mahirə Hüseynovanın Azərbaycan dilçiliyində ümumtürk dillərinin dialekt və şivələrinin müqayisəli aspektdə tədqiqi və qarşılıqlı inteqrasiyasına həsr etdiyi "Ümumtürk dilləri dialekt və şivələrinin qarşılıqlı inteqrasiyası" adlı araşdırması ümumtürk dialekt və şivələrimizin fonetik, leksik və qrammatik yaxınlığı, oxşar və fərqli cəhətləri, onların qarşılıqlı inteqrasiyası barədə son dövrdə yazılmış çox qiymətli əsərdir. Türkoloji dilçiliklə bağlı tədqiqat aparan hər bir şəxs bu kitabdan bəhrələnə bilər.
Professor Mahirə Hüseynovanın "Ümumtütk dillərinin dialekt və şivələrinin qarşılıqlı inteqrasiyası” adlı monoqrafiyası türk dillərinin və dialektlərinin arasında inteqrasiya proseslərinin tədqiqini aktuallaşdıracaq və bu istiqamətdə tədqiqatların genişlənməsinə zəmin yaradacaqdır.




[email protected]