SON XƏBƏRLƏR
Şəhid ailələrindən minnətdarlıq: "Prezident İlham Əliyev ən böyük qayğıkeşimiz, ən doğma himayədarımızdır"

Şəhidlərin özü kimi, elə ailələri də sanki bir-birilərinə bənzəyirlər. Necə ki, onlardan şəhid oğlunu, ərini, atasını xəbər tutursan, səsləri qürurlu və məğrur çıxır! Şəhid həsrəti onların çöhrələrinin qırışına, əllərinin qabarına çevrilsə də, qamətlərini bükməyə imkan verməyib. 
Şəhidlərin adı bəs edir ki, qamətlər şux dayansın. Vətən müharibəsi şəhidi Xudayar Yusifzadənin zümzümə etdiyi, xalqın əzbərinə çevrilən mahnıda da deyilir axı: "Şair, sorma Vətən nədən yaxşıdır, adı gəlcək könlüm xəndana döndü". İndi aydın olur ki, Vətənə dönən oğulların adı gəlcək, xalqımız nəyə görə alnıaçıq-üzüağ dayanır, qamətimiz niyə şuxlaşır.

 

Şəhid ailələri və qazilər ən böyük diqqətə layiqdirlər

 

Bəli, şəhid ailələrinin həsrəti, şux qamətləri və səsləri kimi, onların evlərinə gedən yollar da, ocaqlarının istisi də eynidir. Şəhidlərin izi ilə yola düşüb çatdığımız Ramana qəsəbəsində yerləşən, ötən ilin fevralında şəhid ailələri və müharibə əlillərinə təqdim edilən mənzillərdə bütün bunların bir daha şahidi olduq. Sən demə, qəsəbənin həmin hissəsində Vətən qoxusu daha kəskin hiss edilir. Vətən müharibəsinin başa çatmasından cəmi iki il keçməsinə baxmayaraq, bir qrup şəhid ailəsi mənzil və ya fərdi evlərlə təmin edilib, onların isti nəfəsi quru divarlara həyat verib.
Prezident İlham Əliyev də ötən ilin fevralın 25-də Bakının Ramana qəsəbəsindəki həmin yaşayış kompleksində şəhid ailələri və müharibə əlillərinə mənzillərin təqdim olunması mərasimində iştirak edib. Prezident çıxışı zamanı bildirib ki, dövlət şəhid ailələri, müharibə əlilləri üçün əlindən gələni edir: "Bildirmək istəyirəm ki, Azərbaycan bu sahədə də dünya miqyasında ən qabaqcıl yerlərdədir. Dünyada müharibələr çox olub, itkilər çox olub. O qədər də uzaq olmayan tarixə nəzər salsaq, görərik ki, müxtəlif ölkələrdə müharibələrdə həlak olmuş insanların yaxınlarına heç vaxt bizdəki qədər qayğı, diqqət göstərilməyib".
Ali Baş Komandanın "Qəhrəman Azərbaycan əsgəri öz gücünü bütün dünyaya göstərəcək" sitatını təsdiqləyən bütün Vətən müharibəsi iştirakçıları, şəhidlərimizin ailələri və qazilərimiz ən böyük diqqətə və qayğıya layiqdirlər. 
Azərbaycanın ərazi bütövlüyü uğrunda silaha sarılan, öz canı-qanı bahasına Vətən torpaqlarını işğaldan azad edən şəhidlərin ailələrinə, həmçinin müharibə ilə əlaqədar əlilliyi olan vətəndaşlara dövlət tərəfindən daim diqqət və qayğı göstərilir. Bunun nəticəsidir ki, şəhid ailələrinə və müharibə əlillərinə indiyədək təxminən 13 min, postmüharibə dövründə isə 4 min mənzil və fərdi ev təqdim edilib. 2020-ci ilin sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsi şəhidlərinin ailələrinin mənzillə təminatına 2021-ci ilin əvvəlindən başlanılıb. Cari ildə bu kateqoriyaya aid olan vətəndaşlara ümumilikdə 1500 mənzil və fərdi ev verilməsi nəzərdə tutulub.
Ümumiyyətlə, dövlət başçısının 2021-ci ilin yanvarında imzaladığı sərəncamla təsdiq olunmuş proqramlara əsasən, 2021-2025-ci illərdə ev şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan 11 mindən çox şəhid ailəsi və müharibə əlilinin mənzil və ya fərdi evlə təmin edilməsi planlaşdırılıb.

 

Mübariz İbrahimovun döyüş yolunu tamamlayanlar

 

Həmin qəsəbədə mənzillə təmin edilmiş ailələrdən biri də şəhid Elvin Məlikovun ailəsidir. Elvin özündən geridə anasını, iki bacısını qoyub. 2001-ci ildə Bakıda anadan olan Elvin orta təhsilini Xətai rayonu 24 saylı tam orta məktəbdə alıb. 
Elvinin ailəsi artıq bir aydan çoxdur ki, Ramanadakı mənzildə yaşayır. Anası İlhamə Məlikova dövlət qayğısından razılığını ifadə edir, Prezidentə təşəkkürünü bildirir. Məğrur dayanmağa çalışır. Deyir ki, oğlu müharibə dövründə onunla telefonda danışarkən deyib ki, "ana, mənə söz ver, nə olursa-olsun, hər zaman güclü olacaqsan". İlhamə xanım da indi oğluna verdiyi sözünü tutmağa, qızlarına həm ata-ana, həm də qardaş olmağa çalışır. Anasının dediyinə görə, Elvin ta uşaqlıqdan bəri çox mərd və qoçaq olub. Milli Qəhrəmanımız Mübariz İbrahimovun qeyrətinə, onun təkbaşına o qədər ermənini öldürməsinə heyrətini heç vaxt gizlətməyib.
"Həmişə Qarabağdan odlu-alovlu danışırdı, deyirdi ki, şəhidlərimizin qanını yerdə qoymayacağıq. Xocalı faciəsi ilə bağlı nəsə oxusa, izləsə, dəhşətə gəlirdi. Döyüş yoldaşları danışırlar ki, heç nədən qorxmur, döyüşdə irəli atılırdı, düşməndən qisas almaq onun sanki başlıca amalına çevrilmişdi. Elə bil ona hər şey agah imiş: hələ 2018-ci ildə atası rəhmətə gedəndən sonra mənim ağladığımı görüb narahat olurdu. Deyirdi, ağlama, mən şəhid olsam, ağlayarsan. Dediyi kimi də oldu... Əllərini göstərirdi ki, bax, ay ana, atamın əllərinə necə oxşayır, mən elə qapını da atam kimi döyürəm...", - deyə şəhid anası bildirib.
Elvin Məlikov oktyabrın 3-də Füzuli uğrunda gedən döyüşlərdə snayper gülləsinə tuş gələrək şəhadətə ucalıb. Prezident İlham Əliyev demişdi ki, Füzulidə düşmənin qurduğu istehkamları dağıtmaq üçün, doğrudan da, həm peşəkarlıq, həm də milli ruha böyük ehtiyac var idi. Elvin də Prezidentin sözləri ilə desək "dərsliklərə salınası" Füzuli döyüşlərində öz şücaəti və döyüş ruhu ilə Zəfərə imza atanlardan, alnımızı açıq edən oğullardan olub. O, döyüş tapşırıqlarını yerinə yetirərkən göstərdiyi igidliyə görə, ölümündən sonra "Füzulinin azad olunmasına görə" və "Vətən uğrunda" medalları ilə təltif edilib.

 

"Vətəni mən qorumasam, bəs kim qoruyacaq?!"

 

Abbas Əliyev də İkinci Qarabağ savaşında Vətən uğrunda könüllü olaraq döyüşlərə qatılan igidlərimizdəndir. O, 1988-ci ildə Bakıda anadan olub, Ramana qəsəbəsində yerləşən 90 saylı orta məktəbdə təhsil alıb. Hələ iyul hadisələrində Milli Qəhrəman, general Polad Həşimov şəhid olduqdan sonra hərbi səfərbərliyə gedərək könüllü kimi adını siyahıya yazdırıb. Vətən müharibəsində Cəbrayıl, Füzuli və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb, noyabrın 2-də elə Xocavənddə şəhid olub.
Dövlət digər şəhid ailələri kimi, Abbasın da ailəsini diqqətdən kənarda saxlamayıb. Sosial vəziyyətlərinin yaxşılaşdırılması üçün onlara ötən il Ramanada mənzil təqdim edilib. 
Abbasın anası Təranə Əliyeva deyir ki, ailəsi onun orduya könüllü yazılmasından xəbərsiz olub: "Bu barədə səfərbərikdən çağırış gələndə xəbər tutdum. Dedi, gedirəm döyüşməyə, Vətən torpaqlarını işğaldan azad etməyə... Ürəyim çox narahat idi. Vətən üçün böyütdüyüm oğulu sanki elə özüm şəhidlik məqamına yola saldım. Deyirdi, ana, gərək biz güclü olaq, Vətəni mən qorumasam, kim qoruyacaq?!"
Onun ailəsi - həyat yoldaşı Əfsanə xanım və 11 yaşlı oğlu İsmayıl indi Təranə xanıma oğlundan qalan yeganə yadigarlardır. Nənəsi deyir ki, İsmayıl atasına çox oxşayır, tez-tez onu soruşur.
"Arada düşünürəm ki, o, şəhidliyi ilə oğluna ən böyük dərsi verib, ona ömürlük örnək olub. İndi bizim başımız hər zaman uca, alnımız açıq, gözümüz toxdur. Dövlətin də qayğısını hər zaman üzərimizdə hiss edir, Prezident İlham Əliyevə və əziyyəti keçən hər kəsə minnətdarlığımızı bildiririk. Ötən il ailəmizə təqdim edilmiş mənzil də sanki oğlum Abbasın bizə ölümündən sonrakı hədiyyəsi idi. Gərək şəhidlərimizin qanı bahasına alınmış torpaqlarımızı, elə onların əmanətlərinin sosial vəziyyətinin yaxşılaşdırılması üçün təqdim edilmiş həmin mənzilləri də göz bəbəyimiz kimi qoruyub saxlayaq", - deyə şəhid anası bildirib.
Hələ uşaqlıqdan yatanda belə yanından ayırmadığı oyuncaq avtomatı ilə  ermənilərdən qisas almağın xəyalını quran Abbas nə bilərdi ki, gün gələcək torpaqlarımızı azad etmək üçün, həqiqətən, silaha sarılıb döyüş meydanına atılacaq. 
Abbas Əliyev torpaqlarımızın işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarını yerinə yetirərkən şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə, ölümündən sonra "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib. 

 

"Müsəlləh əsgərəm mən də bu gündən"

 

Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda silaha sarılan igidimiz Dostəli Məmmədovun ailəsinə də Ramana qəsəbəsindəki binaların birində mənzil verilib. Hələ müharibəyə yollanmazdan əvvəl mənzil alıb, işlərini qaydasına saldıqdan sonra ailə qurmağı planlaşdıran Dostəliyə evlilik nəsib olmayıb. Anası deyir ki, Ataş ailənin yeganə övladı olub. Babasının adını daşıdığına görə onu adı ilə yox, elə daha çox "Ataş" deyə çağırıblar. Məktəbi bitirdikdən dərhal sonra işləməyə, ailəsinə kömək etməyə başlayıb. Anası Əzimə Məmmədovanın dediyinə görə, o, ailədə, məhəllədə, məktəbdə çoxunun sevimlisi olub. Hələ müharibə ərəfəsində onunla əlaqə saxlayanda deyirdi, narahat olmayın, hər şey yaxşıdır.
"Özü döyüş meydanının ortasında düşmənlə mübarizə aparırdı, bizi isə narahat olmağa qoymurdu. Atası ürək xəstəsi olduğu üçün ona deyirdi ki, hər şey yaxşıdır. Ataşın döyüş yoldaşları, komandirləri indi də bizimlə əlaqə saxlayır, oğlumun qəhrəmanlığından, qorxmazlığından danışırlar. Oğlum Bakıda doğulub, elə burada boya-başa çatıb. Düşünürəm ki, Allah mənə Ataşı elə Vətən üçün böyüdüb, Vətən üçün də şəhid vermək üçün bəxs edibmiş".
Şəhidin atası Seymur Məmmədov oğlunun uşaqlığından söz açır. Sən demə, elə bütün Azərbaycan oğulları kimi, Dostəli də Vətən üçün döyüşməyin xəyalını ta uşaqlıqdan bəri qururmuş. Vətən torpaqlarını azad görmək istəyən Ataş tez-tez bu mövzularda söhbətlər açar, 2016-cı ildə hərbi xidmətdə olduğu günlərdən danışarmış.
O, anasına görüb bəyəndiyi, sevdiyi qızın olduğunu desə də, hələ işlərindən razı qalmadığı üçün onun barəsində ətraflı danışmayıb, anasına kim olduğunu deməyib. Şəhid anası oğlu ilə bağlı tez-tez xəyallar qurur. Deyir ki, kaş oğlumun mənə yadigarı qalardı, onlar bu ocağı öz nəfəsləri ilə isidib, bizə də ümid olardılar: "Amma deyəcək başqa söz yoxdur. Biz elə oğullar böyütməmişik ki, düşməndə bir qarış torpaq buraxsınlar. Allah bütün şəhidlərimizə rəhmət, qazilərimizə şəfa versin. Dövlətimizin qayğısı üstümüzdən əskik olmasın. Vətən sağ olsun. Şükürlər olsun ki, biz indi azad Azərbaycanımızın azad xalqıyıq!"
Əzimə xanım deyir ki, bir ildən çoxdur ki, dövlətin təqdim etdiyi mənzildə  yaşayırlar. Onlar Dostəlinin ailəsinə baş çəkmək üçün gələn dostlarını, döyüş yoldaşları və komandirlərini bu evdə qarşılayır, onun ruhunu şad etməyə çalışırlar. Valideynləri bildirirlər ki, Azərbaycanın işğaldan azad edilmiş torpaqlarının dirçəlməsi, dövlətin şəhid ailələri və qazilərə göstərdiyi diqqət və qayğı, şəhidlərin daim yad edilməsi onlar üçün yeganə təsəllidir.
Dostəli Məmmədov Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması uğrunda Hadrut qəsəbəsində və Füzulidə gedən döyüşlərdə savaşıb. O, Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə ölümündən sonra "Vətən uğrunda" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib. 

 

Örnək ölkə, nümunəvi siyasət

 

Ötən 30 ildə olduğu kimi, İkinci Qarabağ müharibəsindən sonra da torpaqlarımızın azadlığı, Azərbaycanın ərazi bütövlüyünün təmin olunması uğrunda sinəsini düşmənə sipər edən, canını Vətənə fəda deyən şəhidlərimizin ailələrinə və müharibə iştirakçılarına daim diqqət və qayğı göstərilir. Prezident İlham Əliyevin göstərişlərinə əsasən, həmin kateqoriyaya aid vətəndaşların sosial vəziyyətinin yaxşılaşdırılması, onların problemlərinin həll edilməsi istiqamətində daim müvafiq tədbirlər həyata keçirilir. Şəhid ailələri və qazilər ən böyük diqqətə layiq olduqları üçün dövlətimiz də onların ən böyük himayəçisidir.
Birmənalı şəkildə demək olar ki, bu gün Azərbaycan dövləti şəhid ailələrinin və müharibə əlillərinin bütün problemlərinin həllinə həssas yanaşır, öz dəstəyini əsirgəmir və bunun üçün bütün gücünü səfərbər edir. Görüşdüyümüz şəhid ailələri də onlara göstərilən maddi və mənəvi dəstəyə görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə edir, dövlət başçısının onların ən böyük qayğıkeşi, ən doğma himayədarı olduğunu bildirirlər. Qeyd edirlər ki, dövlət başçısı və birinci xanım onlara hər zaman qayğı ilə yanaşırlar. Bu, bir daha təsdiq edir ki, Azərbaycan dövləti şəhid ailələrinə göstərilən diqqətə görə müharibə aparmış digər ölkələr arasında ön sırada dayanır.




[email protected]