Əhməd Cavad və Azərbaycan ədəbiyyatı

Əhməd Cavad Məhəmmədəli oğlu Axundzadə 1892-ci ildə Şəmkir rayonunun Seyfəli kəndində anadan olmuşdur. Kənd məktəbini bitirdikdən sonra təhsilini Gəncədə müsəlman ruhani seminariyasında davam etdirmiş, burada rus, ərəb, fars dillərini mükəmməl öyrənmiş, Hüseyn Cavid və Abdulla Sur kimi görkəmli ziyalıların tələbəsi olmuşdur. Poeziya ilə də ilk dəfə Gəncədə təhsil illərində maraqlanmış, 1910-cu ildən başlayaraq lirik şeirlər və tənqidi məqalələrlə müxtəlif qəzet və jurnallarda çıxış etmişdir.

Birinci dünya müharibəsi illərində o, rus-türk cəbhəsi xəttindən müharibədən zərər çəkmiş dinc əhaliyə yardım göstərən cəmiyyətin üzvü və katibi olmuş, inqlabdan əvvəl və sovet hakimiyyətinin ilk illərində Gəncədə, Hacıkənddə, Quba rayonunun Xuluq və Laqer kənd məktəblərində, Bakıda müəllimliklə məşğul olmuşdur. 1926-cı ildə Ali Pedaqoji İnstitutu bitirmiş, ilk dərsliklərin və dərs vəsaitlərinin yaradılmasında bir maarifçi-pedaqoq kimi yaxından iştirak etmişdir.

1922-ci ildə Bakıda (fəhlə fakültəsində), 1924-cü ildə isə Nərimanov adına texnikumda dərs demişdir, Ədəbiyyat cəmiyyətinin katibi, "İnqlab və mədəniyyət” dərgisinin məsul katibi, Kənd Təsərrüfatı Texnikumunun müəllimi, AzərbaycanKənd Təsərrüfatı İnstitunun dosenti, həmin institutun dilçilik kafedrasının rəhbəri vəzifələrində işləmişdir.

1934-cü ildə Azərbaycan yazıçılarının I qurultayına nümayəndə seçilən Əhməd Cavad 1935-ci ildən ömrünün sonuna kimi Azərnəşrin bədii şöbəsində redaktor kimi fəaliyyət göstərmişdir.

Əhməd Cavad "Qoşma”, "Dalğa”, "Sinfi mübarizə”, "Şeirlər”, "Çırpınırdı Qara dəniz”, "Seçilmiş əsərləri” kitablarının, külli miqdarda publisist məqalənin, onlarca nəsr əsərlərinin müəllifidir. Onun poetik əsərləri zərif, lirik-romantik üslubi, dil təravəti, realist və demokratik məzmunu, sadəliyi və xəlqiliyi ilə seçilir.

Şairin bədii-siyasi ideya dünyası da təbiət və sevgi lirikası qədər çeşidli və zəngindir. Milli tarix, fəlsəfə və mənəviyyatla bağlı elə bir motiv yox idi ki, Əhməd Cavad ona toxunmamış olsun. Təkcə üçrəngli bayrağa altı nəğmə yazıb, "Dilimiz” şeirini qələmə alıb, əlifbaya poeziya həsr edib. Cəfər Cabbarlı ilə birgə latın əlifbasını müdafiə edən ilk iki ziyalıdan biri olub. Türklərlə birgə Balkan hərbində iştirak edib, Birinci dünya müharibəsində şərq cəbhəsində ermənilərə qarşı vuruşub. Şəhid məzarını və obrazını qələmə alıb; didərginlə, qaçqınla, girov düşənlə təmasda olmaq hələ 90-cı illərdən çox-çox əvvəl ilk dəfə onun taleyinə qismət düşüb.

Əhməd Cavad türkün başında qatılaşan dini, milli, qövmi genasidə qarşı türk birliyi ideyasının beşiyi başında duranlardan biri olub. Elə bütün bunlara görə də onu hamıdan çox təqib ediblər, "xalq düşəni”, "müsavat şairi” anlamına və obrazına tuşlanan bütün zərbələr ona dəyib. Üç dəfə həbs olunub, həyat yoldaşını sürgünə, üç oğlunu koloniyaya göndəriblər.

Azərbaycan Cümhuriyyətinin ilk himni, ilk marşı, ilk bayrağı onun adı ilə bağlı oldugu kimi, ilk şəhidi, 37-də mehraba gətirdiyi ilk qurbanı da Əhməd Cavad olub.

Əhməd Cavadın sovet dövrü poeziyası da fəal ideya məzmunu, inqlabi romantikası, lirizmi, obrazlılığı, ilə şeçilir. Əhməd Cavad Azərbaycan ədəbiyyatı tarixinə həm də görkəmli tərcüməçi kimi daxil olmuşdur. O, Şekspirin "Otello” pyesini, A.S.Novikov-Priboyun "Sualtı səfər”, puşkinin "Kapitan qızı”, "Tunc atlı”, F.Berezovskinin "Ana”, M.Qorkinin "Mən necə oxumuşam”, "Mənim darülfünunlarım”, "Çocuqluq”, V.P.Kinin "O tayda”, T.Şevçenkonun "Kobraz”, F.Rablenin "Qarqantua və Pantaqruel”, B.Ronin "Od uğrunda mübarizə” əsərlərinin bədii tərcüməsinin müəllifidir. 1930-cu ildə gürcü ədəbiyyatının klassiki Şota Rustavelinin məşhur "Pələng dərisi geymiş pəhləvan” poemasını orijinaldan azərbaycancaya çevirmiş və həmin tərcümə kitab halında Bakıda 1978-ci ildə nəşr edilmişdir.

Əhməd Cavadın adı çəkilən kimi bu gün dilimizin əzbəri, ruhumuzun qidası olan himnimiz qeyri ixtiyari olaraq səslənir.

XX əsrin əvvəllərində zərbaycanın romantik poeziyasının bir nümayəndəsi kimi Əhməd Cavad Türkiyə ilə ədəbi əlaqələrin inkişafında, türkçülük və istiqlal ideyalarının formalaşmasında və təbliğində iki ölkə arasında ictimai-siyasi, ədəbi-mədəni əlaqələrin qüvvətlənməsində, Türkiyə istiqlal şairləri ilə münasibətlərin genişlənməsində xidmətləri böyükdür. Bu cəhət xüsusilə vurğulanmalıdır ki, heç bir Azərbaycan şairi Əhməd Cavad qədər Türkiyə ilə bu dərəcədə bağlı olmamışdır. Hətta cümhuriyyət dönəmində Azərbaycanın çətin zamanlarında yurdumuza çağırılan Qafqaz İslam Ordusu ilə birgə döyüşlərdə iştirak edən Türkiyə şairlərini Azərbaycanda qarşılayan, görüşlər keçirdən, ən çox çıxışlar edən sənətkar da Əhməd Cavad olmuşdur.

Əhməd Cavad Türkiyədə daha çox tanınmışdır. Hətta Mustafa Kamal Atatürkün imzalı kitabları arasında Əhməd Cavadın "Qoşma” kitabının da olduğu müəyyən edilmişdir. Əhməd Cavad adına və əsərlərinə yalnız bəraət aldıqdan sonra ehtiyatla, müraciət olunmağa başlanmış, onun yaradıcılığının əsas mahiyyəti xalqdan gizli saxlanılmağa çalışılmışdır.

Əhməd Cavad xalqımız üçün yalnız ədəbi yox, eyni zamanda tarixi şəxsiyyətdir. O, təkcə Azərbaycanın deyil, butun türk dünyası xalqlarının gələcəyini düşünür, birliyini arzu edirdi. Onların yaşam və tərəqqisini bir-birindən ayrılıqda təsəvvür etmirdi. Bu yolda Türkiyənin roluna ayrıca önəm verirdi. Ümumtürk mədəniyyətinin parçalanmamasını, birliyinin daha da güclənməsini arzu edirdi, onun mədəni türkçülük görüşləri türk birliyi və türk dövlətçiliyi məsələsinə siyasi türkçülüklə qovuşurdu.

Klassik Azərtürk şairi sayılan Əhməd Cavad türk xalqının dərdlərilə dərdləşmiş, sevinclərinə də sevinmişdir.

1912-ci ildə Balkan müharibələri başlayanda Osmanlı dövləti daxilində türk qardaşları faciəli günlər yaşayarkən, Azərbaycandan İstanbula gedən könüllülərin içində Əhməd Cavad da var idi. O, Azərbaycan klassik ədib və şairi Abdulla Şaiqlə birgə Qafqaz könüllü hissəsi sıralarında Türkiyə cəbhəsində "Mehmetcik”lərlə səngərdə çiyin-çiyinə döyüşə girmiş və düşmənlə mübarizə aparmışdır. Balkan müharibəsi qurtardıqdan sonra Yusif Akçura oğlu hər iki Azərbaycan şairinə Azərbaycanda onlara daha şox ehtiyac duyulduğunu, öz doğma yurdlarına dönərək, xalqına xidmət etmələrini tövsiyyə edir. Bu tövsiyyədən sonra hər iki ədib Azrbaycana dönür.

Birinci dünya müharibəsi zamanı Türkiyənin şərq hissəsi rus ordusunun işğalına Qars və Ərzurum əhalisi rus və ermənilərin qırğınına məruz qalarkən Əhməd Cavad Bakıdakı "Azərbaycan xeyriyyə cəmiyyəti” vasitəsilə Türkiyənin şərq vilayətindəki əhaliyə yardım edir, rusların Bakı ilə Qars arasında yaratdığı bütün maneələrə baxmayaraq gedib-gəlir, yardım işlərində yorulmadan çalışırdı. Qardaş xalqın bu bədbəxt günündə Qarsda qarşılaşdığı ürək parçalayan mənzərəni bədii şəkildə "Nə gördümsə” şeirində dilə gətirir.

 Əhməd Cavad və Azərbaycan ədəbiyyatı

SAMİRƏ MUSAYEVA 
233 nömrəli tam orta məktəbin biologiya müəllimi,
biologiya üzrə fəlsəfə doktoru 





[email protected]