"Azərbaycan bu gün tolerantlıq və multikulturalizm baxımından da dünya mərkəzlərindən birinə çevrilib"

 "Azərbaycan bu gün tolerantlıq və multikulturalizm baxımından da dünya  mərkəzlərindən birinə çevrilib"
Həcər Hüseynova-Umani 
ADPU-nun filologiya üzrə elmlər doktoru, professor,
Prezident təqaüdçüsü, yazıçı-publisist,
"Zəfər”, "Nizami Gəncəvi-880” media mükafatları laureatı

Günəş yer üzünün anasıdır: öz isti nəfəsi ilə dünyanı, torpağı isidir, ona sığal çəkir. Dəniz dalğaları ilə, çaylar şırıltısı ilə, quşlar cəh-cəhi ilə kainata layla çalır.Torpaq, yer isə ağacların, çiçəklərin anasıdır: onları dünyaya gətirir, böyüdür, bəsləyir, insanlara sevinc bəxş edir. Azərbaycanın anası isə ölkənin Birinci Xanımı Mehriban Əliyevadır. Onun mənəvi və fiziki gözəlliyini məhz bu analıq hissi tamamlayır. Onun dağdan böyük olan ürəyi xalqına məhəbbətlə doludur. Adətən, birinci ledilər öz ölkələrinin ictimai-sosial həyatında fəal iştirak edən, bundan əlavə  dövlətlərarası  dostluq, humanitar və mədəni əməkdaşlığı, beynəlxalq sülhü, qadın və uşaq hüquqlarını, ümumbəşəri dəyərlərin qorunmasını müdafiə edən şəxslər olurlar. 
Azərbaycan tarixində Mömünə xatun, İnanc xanım, Mehrcan xanım, I Şah İsmayılın yaxın sirdaşı olan Taclı xanım və qızı Pərixan xanım, Qubalı Fətəli xanın xanımı Tutu Bikə, Gəncə xanı Cavad xanın xanımı Bəyim xatun və başqa  xanımlar birinci ledi statusunda olmuşlar. Ağqoyunlu hökmdarı Uzun Həsənin anası  Sara Xatun - Azərbaycan tarixində ilk  "Birinci ledi və Şərqdə ilk diplomat qadın” statusunda olan qadındır.  Hazırkı olduqca mürəkkəb şəraitdə, keşməkeşli bir dövrdə həmin missiyanı onun xələfi Azərbaycan Respublikası Prezidentinin xanımı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev fondunun Prezidenti Mehriban xanım Əliyeva yerinə yetirir. Ulu Öndər Heydər Əliyev demişdir: "Xalqın, vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir”. Mehriban xanım da məhz Vətənin taleyini öz taleyində yaşayanlardan, yaşadanlardan biridir. Hər bir xalq səciyyəvi  xüsusiyyətləri ilə tanınır, sayılr və dünya xalqları içərisində  fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü  isə mədəniyyətdir. Mehriban Əliyevanın yüksək mədəniyyəti, intellekti və uzaqgörənliyi bütün xalqımızın, dövlətimizin adına şərəfdir. 
Vətənimiz  hər bir vətəndaşımız üçün, gələcək nəsillər üçün cənnət edilməyə layiqdir. Vətənimizi cənnətə döndərə  biləcək insan isə Azərbaycanın Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevadır. Adı kimi özü də mehriban olan birinci xanıma millət sevgisi sonsuzdur.  Dünyada millət sevgisi qədər böyük mükafat ola bilməz. Mehriban xanımda isə millət sevgisi, vətən sevgisi, xalqına qarşı mehribançılıq hissi tükənməzdir. Yəqin ki, Uca Allahın hökmü  ilə ona doğularkən Mehriban adının verilməsi də təsadüfi olmamış, gələcəkdə onun üçün Allah tərəfindən nəzərdə tutulmuş missiyanın başlanğıcı olmuşdur. Bəzən uzun zaman düşünürük, əsl insan olmağın yollarını  axtarırıq. Mehriban xanım bu sualın əsl cavabıdır: Əsl insan vəzifəsinin yarısını vətənə, digər yarısını isə xalqa xidmət edənlərdir. Xalqımız çox xoşbəxtdir ki, Mehriban Əliyeva kimi Birinci xanımı var. Bu, ictimai fikirdir. İctimai fikrə bütün dünyada müqavimət göstərə biləcək heç bir qüvvə yoxdur. 
Mehriban Əliyeva YUNESCO-nun tamamilə yeni sahəsi olan Qeyri-maddi mədəni irsin qorunması üzrə məsuliyyət daşıyan çox fəal xoşməramlı səfirdir. Belə ki, o, Qeyri-maddi mədəni irs üzrə yeni Konvensiyanın nəinki Azərbaycanda, həm də dünyanın hər yerində həyata keçirilməsinə çalışır. Hazırda  Qeyri-maddi mədəni irsin qorunması üzrə Konvensiya 160-dan çox ölkə tərəfindən ratifikasiya olunub. Bundan daha dəyərli Konvensiya isə 190 ölkənin ratifikasiya etdiyi Dünya irsi Konvensiyasıdır ki, bu işdə Mehriban Əliyevanın xüsusi əməyi vardır.  Mehriban xanım yalnız mədəniyyət sahəsində deyil, təhsil sahəsində də mühüm görüşlər, müzakirələr təşkil etmiş, bəzən mühüm beynəlxalq görüşlərə sədrlik də etmişdir. Azərbaycanda  məktəbəqədər müəssisələrin, yeni məktəblərin, müasir  tələblərə cavab verə bilən səhiyyə müəssisələrinin, idman şəhərciklərinin, stadionların tikilib xalqın öhdəsinə verilməsi də Mehriban Əliyevanın xidmətləridir. Beynəlxalq karyera baxımından Mehriban Əliyeva bir çox sahələrdə, xüsusilə qeyri-maddi mədəni irs sahəsi üzrə çox fəaldır. Həmçinin əlavə etmək olar ki, Mehriban Əliyeva Azərbaycanın ictimai-siyasi aləmində də çox fəal, beynəlxalq səviyyədə tanınan siyasi xadimdir.
Mehriban xanımın Azərbaycanın qədim muğam, aşıq və xalçaçılıq sənətlərinin dünyada tanıdılması istiqamətində misilsiz xidmətləri olmuşdur.  Qeyri-maddi mədəni irs üzrə Azərbaycanın təqdim etdiyi ilk sahə  muğam sənətidir. Prezident İlham Əliyev və Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın xidmətləri sayəsində  Bakıda Beynəlxalq Muğam Mərkəzi yaradılmışdır. Muğam Mərkəzinin təməlqoyma mərasimində və açılışında YUNESCO-nun sabiq baş direktoru Koişiro Matsuura da iştirak etmiş və bu tədbirdən çox razı qalmışdır.
Azərbaycan aşıq sənətinin, muğamlarımızın, rəqslərimizin  dünyaya  tanıdılmasında  Mehriban xanımın zəhməti əvəzsizdir.
Milli bayramımız  Novruz bayramının böyük təmtəraqla keçirilməsini xüsusilə qeyd etmək lazımdır. Bu bayramın təntənəli keçirilməsinin təməli Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuşsa da, Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva tərəfindən bu tədbirin keçirilməsi daha böyük vüsət almışdır. Ölkə başçısısnın ailəsi ilə birgə bayram günlərində tarixi məkanları-qədim İçərişəhəri ziyarət etməsi hər bir vətəndaşa nümunədir və bu hadisə xalqla dövlətin birliyinin simvoludur.
Mehriban Əliyevanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, bu münaqişə zamanı Xocalı şəhərində və digər yerlərdə baş vermiş faciələrin dünya ictimaiyyətinə çatdırılması ilə əlaqədar fəaliyyəti yüksək qiymətləndirilməlidir. Azərbaycan xalqı üçün çox böyük faciə olan Dağlıq Qarabağ faciəsi Mehriban xanım Əliyevanın istər  Bakıda, istərsə də YUNESCO-nun baş qərargahındakı  rəsmi çıxışlarında olduqca doğru şəkildə dəyərləndirilsə də, münaqişənin həlli istiqamətində addımlar atılsa da,  təəssüf ki, siyasi nöqteyi-nəzərdən münaqişə hələ də həllini tapmamışdır. 
Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın zəhməti sayəsində ölkəmiz, paytaxtımız gündən-günə gözəlləşir, böyük  sürətlə inkişaf edir. Bakı hər gün yeniləşir, daha da gözəlləşir… Bunu Azərbaycan paytaxtında təşkil olunan müxtəlif, çoxsaylı beynəlxalq tədbirlərə qatılan xarici qonaqlar da etiraf edirlər. 
Mehriban Əliyeva Azərbaycanın idman sahəsində də dünyada tanınmasında böyük xidmətlər göstərmişdir. Avropa oyunlarının 2015-ci ildə Bakıda yüksək səviyyədə keçirilməsi bunun isbatıdır. Bu haqda Mehriban Əliyeva: "Azərbaycan Avropa oyunlarını yay olimpiya oyunları səviyyəsində keçirmək əzmindədir”- demişdir. 
Mehriban xanımın sayəsində bu gün Azərbaycan dünyada idman məkanı kimi tanınır. İdmana dəstək, olimpiya hərəkatına dəstək dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilmişdir. Mehriban Əliyeva xatırlatmışdır ki, son yay olimpiya oyunlarında Azərbaycan atletləri on medal qazanıblar  və bu nəticələrinə görə Avropa ölkələri arasında 15-ci, iştirakçılar arasında isə 30-cu yeri tutmuşlar: "Ölkəmizdə idman infrastrukturunun inkişafına böyük diqqətlə yanaşılır və son on ildə Azərbaycanda 50-dən çox olimpiya mərkəzi inşa olunub. İdmanla məşğul olan, idmanı özünə peşə seçən gənclərin sayı son illər artır və bu gənclərin qarşısında yeni perspektivlər və imkanlar açılır. Ölkəmiz beynəlxalq idman tədbirlərinin keçirilməsində də böyük təcrübə əldə edib. Bakıda idmanın müxtəlif növləri üzrə Avropa və dünya çempionatları keçirilib. Bakıda keçirilən bədii gimnastika üzrə Avropa çempionatı həm idmançılar, həm də idman ictimaiyyəti tərəfindən ən yüksək səviyyədə hazırlanmış çempionat kimi qiymətləndirilmişdir”. Mehriban xanımın sayəsində Azərbaycan dünya miqyaslı idman yarışlarının keçirilməsi üçün ən uyğun məkanlardan birinə çevrilmişdir.
Mehriban Əliyeva demişdir ki, Azərbaycan bu gün tolerantlıq və multikulturalizm baxımından da dünya  mərkəzlərindən birinə çevrilib. Əsrlər boyu ölkəmizdə müxtəlif xalqların və dinlərin təmsilçiləri dostluq, qarşılıqlı etimad və sülh şəraitində rahat yaşamış, fəaliyyət göstərmişlər: "Bu gün də biz öz ənənələrimizi, köklərimizi və tariximizi qoruyub saxlayaraq dünya mədəni müxtəlifliyinə böyük hörmətlə yanaşırıq. Əziz dostlar. Biz bu təqdimatı - birinci Avropa oyunlarının təqdimatını Avropanın müxtəlif şəhərlərində keçirəcəyik. Amma ilk təqdimat Fransada, Kannda keçirilir və bu da təsadüfü deyil. Fransa Avropanın aparıcı dövlətidir, ümumbəşəri mədəniyyət mərkəzidir. İdman sahəsində böyük nailiyyətlər əldə etmiş dövlətdir. Azərbaycan üçün də dost dövlətdir. Mən çox şadam ki, son illər ölkələrimiz arasındakı, xüsusilə də humanitar sahədə olan əlaqələr tamamilə yeni səviyyəyə çıxarılıb. Azərbaycanı daha dərindən tanıdan tədbirlər Fransanın müxtəlif şəhərlərində keçirilir. Bir il bundan əvvəl  Kannda çox böyük uğurla Azərbaycan mədəniyyəti günləri keçirildi və çox böyük maraqla qarşılandı. 1896-cı ildə Fransanın görkəmli ictimai xadimi, pedaqoqu, yazıçısı baron Pyer Kubertenin səyləri nəticəsində olimpiya hərəkatı bərpa olunmuşdur. O vaxtdan etibarən olimpiya hərəkatının təcrübəsi insanları, xalqları, dövlətləri bir araya gətirir, körpülər qurur, sülh, əmin-amanlıq və dostluq yaradır. Ümidvaram ki, Azərbaycanda keçiriləcək ilk Avropa oyunları bu dəyərlərin möhkəmlənməsinə öz layiqli töhfəsini verəcək”. 
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva müxtəlif sahələrdə geniş miqyaslı, fədakar fəaliyyətinə görə bir çox beynəlxalq təşkilatlar, dövlətlər tərəfindən yüksək mükafatlara layiq görülüb: 2005-2016-cı illər arasında Mehriban Əliyeva YUNESCO və ISESCO -nun xoşməramlı səfiridir. Azərbaycanda "İlin qadını”, Milli Qəhrəman Çingiz Mustafayev Fondu və ANS Şirkətlər Qrupunun "2005-ci ilin adamı” mükafatı (2005); Dünya Səhiyyə Təşkilatı (WHO) İcraiyyə Komitəsinin mükafatı ( 2007); "Qızıl ürək” beynəlxalq mükafatı (2007); Azərbaycan Respublikasının Heydər Əliyev Mükafatı (2009); Polşa Respublikasının "Xidmətlərə görə” Böyük Komandor Xaçı ordeni (2009); Fransa Respublikasının "Şərəf  Legionu” ordeni (2010); Pakistanın "Şəhid Bənazir Bhutto Qadın Mükəmməlliyi Mükafatı - 2013” mükafatı (2013); Türk-Alman Dostluq Federasiyasının "Kübele” fəxri mükafatı (2014); Beynəlxalq Olimpiya Akademiyasının "Olympic Excellence” xüsusi fəxri mükafatı (2014); Küveyt Dövlətinin Fəxri diplomu (2014); Azərbaycanda "Heydər Əliyev” ordeni (2015) və s.
Bütün bunlara baxmayaraq, biz düşünürük ki, Mehriban xanımın ən böyük mükafatı, ən dəyərli təltifi elə xalqımızın ona olan sevgisidir.
Azərbaycan xalqı Ümummilli liderimiz, Ulu Öndər Heydər Əliyev kursunun layiqli davamçısı  Hörmətli Prezidentimiz İlham Əliyevin, Birinci xanım Mehriban Əliyevanın ölkədaxili və xarici siyasətini dəstəkləyir, onlara inanır, etibar edir. Biz-Azərbaycan  qadınları Mehriban xanımı hər zaman dəstəkləyir, həm beynəlxalq səviyyədə, həm də ölkə daxilində humanitar missiyasını uğurla davam etdirəcəyinə, yalnız Azərbaycana deyil, bütün dünyaya öz layiqli töhfələrini verəcəyinə inanırıq. Gərgin, çoxşaxəli fəaliyyətində Mehriban xanım Əliyevaya böyük müvəffəqiyyətlər, uğurlar diləyirik. 




[email protected]