İstiqlal şairi Əhməd Cavad

Azərbaycan şairi, tərcüməçi, AYB-nin üzvü (1934),professor (1933)Əhməd Cavad 1892-ci il may ayının 5-də Gəncə qəzasının Şəmkir dairəsi Seyfəli kəndində ruhani ailəsində anadan olmuşdur. Əhməd Cavad ailə mənsubiyyətinə görə Cənubi Azərbaycanla, digər tərəfdən Gürcüstanla əlaqəli olmuşdur. Cavadın ata babası Cənubi Azərbaycandan olub, Ərəbistanda oxuyub qayıtmış müctəhid idi. O, ömrünün sonuna kimi Gəncədə yaşamışdır. Anası Yaxşı xanım xalq ədəbiyyatına dərindən bağlı olmuş və ağız ədəbiyyatını mükəmməl bilmişdir.

Ə.Cavad ilk təhsilini Şəmkirdə molla məktəbində almışdır.Ərəb,fars dillərini,Quranı mükəmməl öyrənmişdir. Atasının vəfatından sonra anası ilə 1908-ci ildə Gəncəyə gəlmiş və bu hadisəni "Gəldim Gəncəyə” şeirində ifadə etmişdir.

Burada o, Şah Abbas məscidi nəzdində fəaliyyət göstərən Müsəlman-Ruhani Seminariyasında təhsil almağa başlayır. Hətta yaxşı oxuduğuna görə hər ay 7 dinar qızıl təqaüd də almışdır. Bu məktəbdə Ə.Cavada o dövrün tanınmış ziyalıları Abdulla Sur, Hüseyn Cavid, İdris Axundzadə və başqaları dərs demişdir. Türkmüəllim Savad Cavadın isə Ə.Cavadın yetişməsində mühüm rolu olduğu qeyd edilmişdir. O, Ə.Cavada şeir yazmağın qayda-qanunlarını öyrətmişdir. Təhsil illərində Ə.Cavad yazdığı ilk şeirlərlə artıq müəllimlərin diqqətini cəlb etmişdir.

1910-cu ildə Ə.Cavadın müəllimi A.Tofiq öz dostu Abdulla Şaiqə göndərdiyi məktubda yazmışdı: "Tələbələrimin içində Cavad adlı gənc bir şair var. Mənə oxuduğu ilk mənzumələri gələcəyə böyük ümdilər verir. Lisanı sadə və gözəldir”.

Prof.C.Qasımov öz yazılarında göstərmişdir ki, Abdulla Sur öz tələbəsi Əhməd Cavadı dostları arasında tanıtmaqla yanaşı, görkəmli şərqşünqas Qordlevskiyə yazdığı məktubunda da bəhs etmiş, ona böyük ümid bəslədiyini qeyd etmişdir.

Əhməd Cavad 6 il seminariyda təhsil alaraq 1912-ci ildə buranı bitirmişdir. Dərs aldığı bütün fənlərdən əla qiymətlər alaraq, 1913-cü ildə Gəncədə Qafqaz Şeyxülislamı Məhəmməd Pişnamazzadəyə imtahan vermiş, "şərəfli türk və fars dilləri müəllimi" adını almışdır. Gəncədə ilk rəsmi müəllim kimi 1 nömrəli Qız məktəbində pedaqoji fəaliyyətə başlamışdır.

1910-cu ildən başlayaraq şeirləri, tənqidi məqalələri ilə qəzet və jurnallarda çıxış etmişdir. İlk şeirlərinə "Utan” və "Müəllim” şeirlərini nümunə göstərmək olar. Bundan başqa şəxsi arxivində saxlanılan "Fələk dil kaba...” adlı əlyazmasınd da şairin ilk qələm təcrübələri saxlanılır.

Əhməd Cavadın əsərlərinin dili xüsusilə oxucu və tənqidçilərin diqqətini cəlb etmişdir. 1913-cü ildə qələmə aldığı "Dilimiz" şeirinə baxaq:

Baxaq dilimizə nələr görünür:

Oxuyub-anlamaq yazmaqdan gücdür.

Yazan düşünmədən yazsa da belə,

Oxucu beş-on gün gərək düşünə,

Ki, anlasın bu söz ərəbmi, farsmı?

 

İlk növbədə, şeirin dili sadəliyi, şirinliyi. Xalq dilinə bağlılığı ilə diqqəti cəlb edir.

Şeirdən də göründüyü kimi, Əhməd Cavad əsas diqqətini dilin saflığının qorunması məsələsinə yönəlməklə, dilimizin əcnəbi elementlərlə, yad dil ünsürləri ilə doldurmağa qarşı çıxmışdır.

Şair şeirin bütün vəznlərindən, formalarından daha çox şair qoşmaya (yenə də xalq şeiri formasına) üstünlük vermişdir. Şairin yaradıcılığında realist əsərlər də yer almışdır. Demək olar ki, şairin bədii yaradıcılığında iki nəhəng ədəbi üslub, yəni realist üslubla romantik üslub paralel şəkildə əks edilmişdir. Bu sırada "Yazım gəl”, ”Yuxuma gəlmişdin”, "Sevgi candan ayrılmaz” və s. adlı şeirləri, eləcə də aşıq şeirlərinə nəzirə kimi qoşduğu şərqilərdən "Səhər-səhər”, "Olmaz” bayatıları, oxşamaları daha çox diqqəti cəlb edir.

Ə. Cavadın inqilabdan əvvəlki dövr mətbuatda çap olunmuş əsərlərində insanları doğruluğa, dostluğa, qardaşlığa, birliyə çağırmışdır. 1911-ci ildə yazdığı "Bir-birimizi sevəlim” adlı məqaləsi "Məktəb” jurnalında çap edilmişdi. Şairin "Məktəb” jurnalında çap etdirdiyi uşaq şeirləri də diqqətəlayiqdir.[2]

Qələmindən çıxan lirik, realist, romantik üslubda əsərləri ilə, uşaq çeirləri ilə müqayisədə şairə türk dünyasında çöhrət qazandıran azadlıq, müstəqillik, baxımsızlıq mövzularında yazdığı şeirlər daha çox şöhrət qazandırmışdır. Dostları sevindirmiş, düçmənləri isə qorxuya salmışdır.

Əhməd Cavad Türkiyə səfərindən aldığı təəssüratın poetik ifadəsi olan çoxlu şeirlər yazmışdır. Türk xalqına məhəbbət hissini tərənnüm edən bu şeirlərdən biri 1914-cü ilin noyabrında Gəncədə qələmə alınmışdır. Türkiyədə böyük şöhrət qazanmış və Üzeyir Hacıbəyovun 1918-ci ildə Qafqaz İslam Ordusu Bakını azad etdikdən sonra musiqisini bəstələdiyi "Çırpınırdın, Qara dəniz" şeiri Türkiyədə ən çox "Yol ver türkün bayrağına” adıyla məşhurdur.[3][11]

Şeirin Türkiyədə sevilmə səbəblərindən biri şairin türkçülüyü, türk dünyasına rəğbəti, sevgisi ilə bağlı idisə, bir səbəbi də 1912-ci ildə dəniz savaşında Türkiyənin məşhur "Həmidiyyə" zirehli gəmisinin Yunanıstanın "Averof" hərbi gəmisini məhv etməsidir. Birinci Dünya müharibəsində admiral Rauf Orbay öz ixtiyarındakı "Həmidiyyə" zirehli gəmisi ilə gecə Odessa limanına girir və rusların dəniz qoşunlarının Osmanlı donanmasını vurmağa hazırladıqları "Kazbek" və "Kaqul" adlı hərbi gəmilərini qeyri-bərabər döyüşdə məhv edib suda batırır, Odessa limanını bombardman edir.

Ə. Cavad da 1912-ci ildə baş vermiş bu hadisədən ilhamlanaraq, 1914-cü ildə həmin şeiri yazmışdır. Şeir Rusiyanın "Kazbek" və "Kaqul" hərbi zirehli gəmisinə meydan oxuyan məşhur "Həmidiyyə" hərbi gəmisinin və onun hərbi heyətinin qəhrəmanlığı münasibətilə qələmə alınmışdır. Gəminin kapitanı Atatürklə yaxın olmuş, Başbakanlıq və Böyük elçilik vəzifələrində çalışmış admiral Rauf Orbay bu hünərinə görə "Həmidiyyə" qəhrəmanı kimi şöhrətlənmişdir.

Çırpınırdın, Qara dəniz,

Baxıb Türkün bayrağına!

"Ah!" -deyərdin, heç ölməzdim,

Düşə bilsəm ayağına!

Şair Rəfiq Zəka Xəndan bu barədə deyirdi:[5]

Bu şərqini dahi Atatürk çox sevirdi. Şərqini ilk dəfə dinlərkən Atatürkün gözləri yaşarmışdır.

Tarixçi alim Muhiddin Nalbəndoğlu bu mövzudan bəhs edərkən yazırdı:

"Dünya dənizçilik tarixində ilk korsan zirehlisi kimi tanınan "Həmidiyyə"nin bu hünəri bütün türk xalqlarında qürur hissi yaratmışdı. Şərqilərə, türkülərə keçən bu qəhrəmanlıq məşhur "Çırpınırdın, Qara dəniz!" şərqisində də yer almışdır…”.

Ə.Cavad Azərbaycan uğrunda gedən döyüşlərdə həlak olmuş qardaş türk əsgərlərinə həsr olunmuş "Qalx” ıeirini yazmış və həmin şeiri şəhid olmuş türk əsgərlərinin şərəfinə Bakıda qoyulmuş Şəhidlər abidəsinin təməlqoyma mərasimində oxumuşdur.3

Qalx, qalx sarmaşıqlı məzar altından,

Gəlmiş ziyarətə, qızlar, gəlinlər.

Ey karvan keçidi, yollar üstündə

Hər gələn yolçuya yol soran əsgər.

Yuxarıda qeyd etdiyimiz şeirləri ilə yanaşı Ə.Cavadın istiqlal şeirlərinin də dilinin sadə olması, canlı xalq danışıq dilinə yaxınlığı diqqəti cəlb edir.

Qeyd etmək yerinə düşər ki, Ə.Cavad həbsdə olduğu zamanlarda da yaradıcılığını davam etdirmiş, məhbus yoldaşları onun şeirlərini kameranın divarlarına yazaraq əzbərləyərmişlər. Lakin nəzarətçilər tərəfindən həmin şeirlər divardan silinərmiş. Həmin hadisəni şair özü belə təsvir etmişdir:

Barı sən gəl dedim, dinləyib bir az,

Ey vəfalı qələm dərdimi, gəl, yaz…

Gəldi bir çirkin əl, söylədi olmaz,

Dinləyənlər məni gəc duyar, neylim.

Şairin repressiya qurbanı olmasınına "Göy göl” şeiri” də səbəb olaraq götürülmüşdür. Əhməd Cavadın sovet dövründə yazdığı lirik şeirlərdən biri olan "Göy göl" ən çox müzakirələrə və tənqidi fikirlərə səbəb olan əsərlərindən biri olmuşdur. Səkkiz bənddən ibarət olan şeir 1925-ci ildə nəşr olunmuşdur. Məşhur "Göy göl" şeirinə bir qrup həmkarı tərəfindən əksinqilabi şeir damğası vurulmuş və bununla da şair həbsxanaya salınmışdır. Ə. Cavad bu şeirinə görə 5–6 ay həbsdə saxlanılmışdır. Damğaya səbəb şairin yazdığı bu misralardır:

Sənin gözəlliyin gəlməz ki saya,

Qoynunda yer vardır yıldıza, aya!

Oldun sən onlara mehriban daya,

Fələk büsatını quralı, Göy göl!


Ə.Cavadın bu parçada Göy gölün gecə gözəlliyinin füsunkarlığını, ay işığında ulduzların suda əks olunmasını təsvir etdiyi parçaya siyasi don geyindirərək türkçülüklə əlaqələndirmiş, Göy gölü türk bayrağına, ulduz, ay deyərkən də bayrağın üzərindəki nişanlara işarə etdiyini söyləyərək, şairi günahlandırmışlar. Şairi bu bənddə ulduzdan, aydan danışıb müsavatçılara ismarıc göndərməkdə ittiham edib şeirin tərcümə variantını Moskvaya göndərmişlər. "Göy göl”-lə tanış olan Moskva mütəxəssisləri onun yüksək səviyyədə yazıldığını bildirirlər. Beləliklə, şeirdə heç bir siyasi səhv tapılmadığından şairi həbsdən azad etmək məcburiyyətində qalırlar.

Şeirdə Azərbaycanın füsunkar gözəllikləri "Göy göl" timsalında tərənnüm olunmuşdur. Bununla yanaşı, şairin təbiətlə bağlı lirik şeirlərinin nüvəsində xalqın tarixi və taleyi dayanır. Bu şeirlərdə təbiətin təsviri ikinci plana keçir və öz yerini Azərbaycanda baş vermiş ictimai-siyasi hadisələrə verir.

ƏDƏBİYYAT

1. Saləddin Ə. "Əhməd Cavad" // Bakı, "Gənclik" nəşriyyatı — 1992, 328 s.

2. Axundlu Y. "Ədəbi portretlər" // Bakı, "Adiloğlu" nəşriyyatı — 2004, 240 s.

3. "Əhməd Cavad. Sən olasan gülüstan. Seçilmiş əsərləri" // Bakı, "Təhsil" nəşriyyatı — 2012, 192 s.

4. Salmanlı R. "Əhməd Cavadın yaradıcılıq yolu" // Bakı, "Ozan" nəşriyyatı — 2011, 216 s.

5. Bəkir Nəbiyev "Əhməd Cavad" Bakı: "Ozan" nəşriyyatı, 2004. – səh. 29

6. Ələkbərli N. "Üç budaq: Ə. Cavad, M. Müşfiq, A. İldırım" // Bakı, "Şirvannəşr" nəşriyyatı — 2007, 224 s.

7. Salmanlı R. "Cümhuriyyət şairi" // Bakı, "Zərdabi LTD" nəşriyyatı — 2008, 104 s.

8. Süleymanlı Ş. "Nəşriyyat işi və Azərbaycan ədəbiyyatı dünya nəşrində"// Bakı, "Təhsil" nəşriyyatı — 2007, 259 s.

9. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası I cild. Bakı: Lider nəşriyyatı, 2004, s. 329

10.nk.gov.az. 2019-05-11.

 

 İstiqlal şairi Əhməd Cavad

Çinarə Qəhrəmanova
Azərbaycan Dövlət İqtisad Universiteti
Azərbaycan dili kafedrasının dosenti,
"Nizami Gəncəvi-880”, "Azərbaycan xanımı” media mükafatları laureatı




[email protected]