Əhməd Cavad Azərbaycan poeziyasının siması

Əhməd Cavad Azərbaycan poeziyasının siması 
 
Cənab Prezident İlham Əliyevin tərəfindən Əhməd Cavadın 130 illik yubleyinin keçirilməsinə dair sərəncamın imzalanması çox böyük tarixi əhəmiyyətə malikdir.
Əhməd Cavad Azərbaycan poeziyasının və ictimai-siyasi fikrinin eyni zamanda azərbaycançılıq idelogiyasının ən nəhəng xadimlərdindən biridir. Bizim xalqımız hər zaman Əhməd Cavada borcludur. Əhməd Cavad repressiya qurbanı olsa da, onun xidmətləri unudulmazdır. O, bütün 20-ci və 30-cu illərdə Türk dünyasının məşhur bir şəxs olub. Hər zaman mübahisəli məsələlərdən olsa da, Əhməd Cavad Azərbaycan Respublikasının himninin müəllifidir. Həmçinin türk dünyasının tanınan və bilinən şeirlərinin müəllifidir. Əhməd Cavadın şeirlərinə hər zaman musiqilər bəstələnmişdir. Hamının bildiyi kimi Əhməd Cavad repressiyaya məruz qalmışdır və yalnız özü yox bütün ailəsi bu hadisənin qurbanına çevrilmişdir. Bu gün səslənən ən gözəl nəğmələrin şeirləri məhz onun adı ilə bağlıdır. Misal olaraq "Şükriyyə” şeiri bu gün Azərbaycan poeziyasının ən gözəl nümunələrindən biridir. 
30-cu illər repressiyasına xalqımızın ən istedadlı ziyalılarının, söz ustalarının, müstəqilliyimiz uğrunda böyük mübarizlərin məruz qalmaları hamıya məlumdur. Bu repressiya ədəbiyyatımızın, mədəniyyətimizin  inkişafına ağlagəlməz zərbələr vurmuşdur. Hüseyn Cavid, Mikayıl Müşfiq, Əhməd Cavad, Vəli Xuluflu, Salman Mümtaz və başqa yazıçılarımızla sonradan gələn nəsillər arasındakı varislik tellərini amansızcasına kəsib doğramışdır. Həmin sənətkarlar arasında ən çox bəxti gətirməyənlərdən biri Əhməd Cavaddır.  Sənət təşnəsi ilə yanıb-yaxılmaq, sözün mahir ustası olmaq, xeyriyyəçilik əməlləri ilə xalqına fayda vermək, əsərləri ilə oxucuların qəlbində özünə əbədi heykəl ucaltmaq səadəti yalnız o sənətkara qismət olur ki, yaşadığı torpağına, vətəninə, millətinin müstəqilliyi uğrunda mübarizəyə qırılmaz tellərlə bağlı olsun. Əhməd Cavad məhz belə həmişəyaşar sənətkar olmuş, olaraq qalacaqdır.
 Ə.Cavad 1892-ci il mayın 5-də Gəncə qəzasının Şəmkir dairəsi, Seyfəli kəndinin Mehrəli tirəsində ruhani ailəsində dünyaya gəlmişdir. Atası Məmmədəli axund olub. Azərbaycanın görkəmli tarixi simalarından biri kimi tanıdığımız Cavadxan axund Məmmədəlinin atası ilə yaxın idi və ailədə həmişə onun haqqında xoş söhbətlər gedərdi; mərdliyi, igidliyi, xalq yolunda qəhrəmanlıqla həlak olması dönə-dönə xatırlanırdı. Elə bu hörmət və ehtiramın əlaməti kimi axund Məmmədəli oğlunun adını Cavad qoymuşdu. Cavad beş yaşına çatmamış atası dünyasını dəyişdi. O, anası Yaxşı xanımın ümidinə qaldı. İlk təhsilini molla məktəbində almış, üç il orada oxumuşdur. Sonrakı təhsilini Gəncədə Müsəlman Ruhani Seminariyasında almış (1906-1912-ci illər) və oranı müvəffəqiyyətlə bitirmişdir. 1913-cü ildə Zaqafqaziya şeyxülislamı Pişnamazzadənin imzası ilə ona müəllimlik şəhadətnaməsi verilib. Həmin ildə Şəmkir, Gədəbəy, Zaqatala və Gəncədə fasilələrlə dərs demişdir. Birinci Cahan müharibəsi başlayanda müharibəyə getmiş, dörd il cəbhədə müxbir, xeyriyyə cəmiyyətinin üzvü, katibi, bəzən də sədr müavini kimi fəaliyyət göstərmişdir. O, Şimali Qafqazda, Dağıstanda, Batumda, Qarsda, Ərdəhanda, Gürcüstan və Türkiyədə olmuşdur. Ən çox türk xalqları yaşayan bölgələrə gedərək onlara maddi və mənəvi yardım göstərmişdir.
Müharibədən sonra müəllim işləməklə yanaşı, həm yaradıcılıqla məşğul olmuş, həm Azərbaycan Demokratik Cumhuriyyətinin  yaradılmasında yaxından iştirak etmiş, həm də onun fəal üzvlərindən olmuşdur.
Əhməd Cavad yaradıcılığından danışılarkən qeyd edilməlidir ki, həmişə təqiblərə və təhqirlərə məruz qalan şair hər dəfə həbs edilərkən evi ciddi şəkildə axtarılmış, əsərləri çox güman ki, məhv edilmişdir. Lakin yaradıcılığının əlimizdə olan nümunələri göstərir ki, o, həm romantik, həm də realist üslubda yazan incə duyğulu sənətkar olmuşdur. Şairin "Yazım gəl, baharım gəl”, "Səhər-səhər”,  "Sevgi candan ayrılmaz”, "Yuxuma gəlmişdin”, "İmdad”, "Axşamlar” və s. şeirləri dediklərimizə əyani sübutdur. Qeyd edək ki şairin dili aydın, rəvan və oxunaqlıdır; xalq şeir dilinə çox yaxındır.
 
Əhmədova Zeynəb Qasım qızı
Sumqayıt Dövlət Universitetinin
Xarici Dillər kafedrasının baş müəllimi




[email protected]