Sözün Şuşa zirvəsi

 Sözün Şuşa zirvəsi
 
Səmədova Könül İbrahim qızı
ADPU-nun Filologiya fakültəsinin
"Müasir Azərbaycan dili" kafedrasının müdiri,
filologiya üzrə fəlsəfə doktoru, dosent,
"Qabaqcıl təhsil işçisi" döş nişanı mükafatı laureatı

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2022-ci ili "Şuşa ili” elan etməsi son verilən qərarlardan – "Multikulturalizm ili”, "İslam həmrəyliyi ili”, "Azərbaycan Xalq Cümhuriyyəti ili”, "İmadəddin Nəsimi ili”, "Nizami Gəncəvi ili”ndən sonra mədəniyyətin inkişafına, tarixi yaddaşın bərpasına xidmət baxımından müstəsna addımdır. Bu qərar Qarabağla bağlı aparılan quruculuq işlərinə həm də mənəvi planda yanaşmaq, onun dəyərlərinin ehtiva olunduğu ən kiçik nüansı belə bədii-estetik yaddaşın məxəzinə çevirmək məqsədi daşıyır.
XXI əsr Azərbaycanı, Vətən müharibəsi və müasir Qarabağ zəfəri əsərinin baş qəhrəmanı Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevdir. Zəmanəmizin bu diqqətəlayiq faktını Azərbaycan ədəbiyyatı duyur, təqdir edir və özünün bədii dünyasının episentrinə gətirir. Buna görə də təsadüfi deyildir ki, son bir ildə yazılan poemaların əksəriyyəti səciyyəsinə görə "hadisə-poema” deyil, "ideya-poema”dır.
Bu gün bizim diqqət mərkəzində dayanan XXI əsr Azərbaycanı, Vətən müharibəsi və müasir Qarabağ zəruri fəaliyyətlərin kompleksi kimi məhz İdeyadır. Bizi çağdaş tarixin öncinahına çıxaran ideya.
Müstəqilliyimizin başlanğıc mərhələsində Qarabağı itirməyimiz və 30 illik işğal dövrünün faciəvi acıları Azərbaycan nəsrində gerçək bədii ya­şantlarını tapmışdı. Bütün bu acılara son qoyan Vətən müharibəsi isə, adətən, hadisələrin iliklərinə, proseslərin toxu­malarına varmaq, onların bədii arxitek­turasını biçimləmək spesifikasına malik olan nəsr poetikasında hələ indi-indi seçkin təsvir keyfiyyətlərini alır. Lakin, heç şübhəsiz ki, XXI əsrin ilk çərəyində Azərbaycan dövlətinə və xalqına tarixi zəfər qazandıran Vətən müharibəsi öz dramatizmi ilə daha çox nəsr və drama­turgiyamızda bədii sənət monumentallı­ğını əldə edəcək.
Ölkə başçısı İlham Əliyev 2022-ci ili "Şuşa ili” elan etməklə milli-mədəni və tarixi irsimizin qorunması və təbliğ olunması istiqamətində estetik bir dönəm başlatdı. Hələ ötən il, mayın 7-də Şuşanın Mədəniyyət paytaxtı kimi bəyan edilməsi də Şuşa ilə bağlı bir sıra məqamlara geniş kontekstdə nəzər yetirməni yenidən gündəmə gətirirdi. Bu labüdlüyə iki mühüm nümunəni Prezident özü göstərdi. "Xarıbülbül” musiqi festivalı və Vaqif Poeziya günlərinin təşkili Şuşanın ehtiva etdiyi zəngin mədəniyyətin bütün dünyaya uca səslə bəyanı idi. 1908-ci ildə V.D.Korqanov "Qafqaz musiqisi” əsərində yazırdı ki, "Zaqafqaziyaya musiqi xadimlərini çalğıçı və xanəndələrin, şeir, musiqi və mahnıların füsunkar vətəni olan Şuşa verdi”. İndi, ölkə başçısı vaxtilə Qafqazın və  Şərqin müasir mədəni mərkəzlərindən biri olan, mədəniyyətlərin bütün sahələrini əhatə edən Şuşanın əzəli parlaq obrazını bərpa etmək, ona daha sivil və kreativ mahiyyət aşılamaq naminə müstəsna bir sərəncama imza atdı və bununla Şuşaya unikal tarixi mövqe  təmin etmiş oldu.
Qeyd edək ki, Şuşaya münasibətdə belə bir tarixi mövqeni ilk sərgiləyən  şəxsiyyət, 1970-ci illərdə rəhbər vəzifədə olan böyük dövlət xadimi Heydər Əliyev olmuşdur: Şuşanın yalnız mənəviyyatımızın deyil, tariximizin, dövlətçiliyimizin, dilimizin, diriliyimizin qalası olduğunu sübut etmişdir! Bunun üçün onun təşəbbüsü ilə 1977-ci ildə Şuşa şəhərinin tarixi hissəsini tarixi-memarlıq qoruğu elan etmək haqqında qərar imzalanmışdır. Daha sonra, 1982-ci il, yanvarın 14-də Şuşada Vaqif məqbərəsinin ucaldılması əslində Heydər Əliyevin mənəviyyata, mədəniyyətə qoyduğu böyük abidə idi.
Ümummilli lider Heydər Əliyevin Şuşada şairin adına məqbərə ucaltması onun milli ruha xidmət edən poeziyası ilə bərabər, həm də milli diplomatiya tarixində oynadığı rolla bağlı idi. Həsən Həsənovun "Gələcək haqqında... xatirələr” məqaləsində bu məqamla bağlı maraqlı epizod yer alır: "Bir dəfə Heydər Əliyev gözlənilmədən məndən soruşdu: "Sən şair Vaqifi tanıyırsanmı?” Mən cavab verdim: "Əlbəttə, tanıyıram”. O, mənə diqqətlə baxdı və dedi: "Yox, sən hamısını bilmirsən”. Sonra söhbət bizim cari kommunist və beynəlmiləlçi vəzifələrimizdən uzaq mövzuya keçdi. Heydər Əliyev dedi ki, Şuşada Vaqifin məqbərəsini tikməyi qərara alıb. Məqbərənin layihəsi hazırlanır, yer seçilib, tikinti başa çatandan sonra məqbərənin təntənəli açılışını və Vaqif Poeziya Bayramını keçirmək nəzərdə tutulur. Heydər Əliyev sözünə davam edərək dedi: "Sən bu məsələləri ən yaxın vaxt üçün prioritet məsələ kimi qəbul etməlisən. İstəyirəm ki, sən mənim əsas məqsədimi biləsən. İndiki halda Vaqif bizim üçün sadəcə şair, məqbərə sadəcə qəbirüstü abidə, bayram sadəcə şeirlər oxumaq deyil, Vaqif bizim üçün Azərbaycanın dövlət xadiminin rəmzidir və belə də olacaq. Şuşadakı məqbərə bizim üçün Qarabağ xanlığının timsalında Azərbaycan dövlətçiliyinin rəmzi, poeziya bayramı bu torpaqda Azərbaycan dilinin əbədi təntənəsinin rəmzidir”.
Bəli, Heydər Əliyev bu mücadiləni ana dilimizi məhdudlaşdıran, tariximizi saxtalaşdıran, ədəbi irsimizi unutduran,  milli aydınlarımızı yox etməyə çalışan Kommunist Partiyasının ən mötəbər vəzifəsində əyləşərək aparırdı və hər addımı ilə tarixin sabahına yönələn amalları hədəfə çevirirdi. Çünki "Hamısını bilirdi”...
Onu da bilirdi ki, Şuşa hansı tərəfdən baxırsaq baxaq, müxtəlif sənətlərin qovuşduğu müqəddəs məkandır. Söz və rəng qamması, sənət və təbiət harmoniyası, muğam və qəzəl arifmetikasının sinkretik şəkildə qovuşduğu və ilahi ahəng yaratdığı mədəniyyət yurdumuzdur Şuşa. Bu gün dünyada xüsusi olaraq araşdırma predmeti olan, mədəniyyətlərin dialoqunun xüsusi forması sayılan intermediallıq mövzusunun Azərbaycan məkanında ilk təmsilçisidir. Musiqi, ədəbiyyat, teatr, rəssamlıq, memarlıq, xəttatlıq – incəsənətin müxtəlif sahələrinin kodlarını bir yerə cəm etmək, onların kəsişən bucaqlarını öyrənmək baxımından Şuşa ədəbi mühiti hər zaman böyük material verib və indi, "Şuşa ili” kimi səciyyə qazanan yeni dönəmdə bu estetika və enerji bütövlüyünü layiqincə ifadə eləmək hər birimizin üzərinə düşən missiyadır.
Otuz ilə yaxın işğal dönəmindən sonra Şuşa öz azadlığına, ruhsal bütövlüyünə qovuşmaqdadır. Dövlət başçısı İlham Əliyev bu mənəviyyat qalamızı tarixin indiki aşamasında yenidən müqəddəs dəyər və sərvətə çevirir, ona yeni minilliyin, yeni epoxanın tərəqqi hərəkatında aparıcı obraz statusu qazandırır. 2022-ci ilin "Şuşa ili” kimi təqdimi bu mənada, bütöv mentalitet və yaddaşa xidmət sayılmalıdır. Bu təqdimat eyni zamanda bütün sahələrin təmsilçilərinin üzərinə böyük borc və məsuliyyət qoyur və bəzi nüanslara diqqət yetirməyi zəruri edir.





[email protected]