QARABAĞIN BƏZƏYİ

 QARABAĞIN BƏZƏYİ

Mahirə Nağı qızı Hüseynova

ADPU-nun Filologiya fakültəsinin dekan əvəzi,

Beynəlxalq işlər üzrə prorektoru, filologiya elmler doktoru, professor

 

Xoş görmüşük

 

Möhnətimiz sona yetdi,

Şuşa, xoş görmüşük səni.

Vüsal gəldi, həsrət bitdi,

Yaşa, xoş görmüşük səni.

 

Daha mənim dərd-sərim yox,

Sənə bağlı diləyim çox.

Dəydi düşmən atdığı ox

Daşa, xoş görmüşük səni.

 

Oğlun yağı beli əyən,

Zəfər libasını geyən.

Gəldi Heydər baba deyən,

Başa, xoş görmüşük səni.

 

Vaxt oldu imtahan kimi,

Qərinə keçdi an kimi.

Millətim qəhrəman kimi,

Coşa, xoş görmüşük səni.

 

Gedə İlham Laçın sarı,

Köməyi göy duaları.

Mahirə də mahnıları,

Qoşa, xoş görmüşük sən.

 

8 Noyabr- 2020- Bakı.

 


 

Dünyada bir neçə şəhər var ki, musiqi onun hər daşına, qalasına, ab-havasına hopmuşdur.Belə şəhərlərdən Avstriyanın Vyana, Italiyanın Neapol, Azərbaycanın da Qarabağının Şuşa şəhəridir. Hətta xalq arasıqda məşhur kəlam vardır ki, "Şuşada körpələr bələkdə belə muğam üstündə ağlarlar".

Musiqimizin məbədi və beşiyi olan füsünkar Şuşa şəhərinin əsası 1750-ci ildə Qarabağın ilk xanı Pənah xan tərəfindən qoyulmuşdur. Pənah xanın qala üçün seçdiyi yer əvvəllər tamamilə meşə ilə örtülü bir sahə idi və üç tərəfdən sıldırım qayalarla əhatə olunduğundan, gələcək şəhər üçün əlverşli təbii səngər rolunu oynayırdı. Pənah xan tərəfindən qısa bir müddət ərzində salınan bu şəhər əvvəllər öz banisinin adı ilə "Pənahabad" adlanırdı. Lakin sonralar şəhərin yaxınlığında yerləşən Şuşakəndin adıyla "Şuşa qalası" adlanmağa başlandı.

Tarix boyu bu qala düşmən basqınlarına, hücumlarına məruz qalmışdırsa da, heç vaxt əyilməmiş, həmişə alınmaz olmuşdur.

Şuşanın tarixini yaxşı bilən Ümummilli Lider şəhərə çox böyük qayğı göstərərək onun inkişafına çalışırdı. Dahi lider Şuşaya adi bir şəhər deyil, zəngin tarixi abidə, Azərbaycan xalqının qəhrəmanlıq rəmzi kimi baxırdı. Ulu öndər Heydər Əliyev Şuşanın abidələr şəhəri olduğunu, diyarın zəngin tarixi ilə bağlı olan hər şeyi qorumağın, qədim tikililəri bərpa etməyin vacibliyini qeyd edib və bundan sonra bu şəhərin simasının gözəlləşdirilməsi, tarixi abidələrin bərpası məqsədilə mühüm işlər həyata keçirilib.

1992-ci il mayın 8-də Şuşa şəhəri də düşmən işğalına məruz qaldı. Ermənilər Şuşada Azərbaycanın tarixi mədəni irsinə aid abidələri yerlə-yeksan edib, şəhəri tanınmaz hala saldılar.

Molla Pənah Vaqif, Xurşidbanu Natəvan, Üzeyir bəy Hacıbəyli, Bülbül və başqa sənətkarların yaşayıb yaratdığı Şuşa erməni işğalı nəticəsində dağıdıldı, mədəni irsinə böyük zərbələr vuruldu.

1992-ci il mayın 8-də erməni birləşmələri tərəfindən işğal edilən Şuşada 195 nəfər Azərbaycan vətəndaşı xüsusi amansızlıqla qətlə yetirilib, 165 nəfər yaralanıb, onlardan 150 nəfəri əlil olub, 552 körpə valideynlərini itirib, 20 mindən artıq insan doğma yuvasını tərk edərək məcburi köçkün vəziyyətinə düşüb. Əsir və girov götürülən 58 azərbaycanlının taleyi barədə hələ də xəbər yoxdur. 600-ə yaxın tarixi memarlıq abidəsi və müxtəlif təyinatlı binalar yerlə-yeksan edilib.

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələri tərəfindən təmas xəttində yerləşən mövqelərimizə və mülki yaşayış məntəqələrimizə edilən hücumlara, açılan artilleriya atəşinə cavab olaraq rəşadətli Azərbaycan Ordusu Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında uğurlu əks-hücum əməliyatı keçirərək 1992-ci il mayın 8-də Erməni silahlı birləşmələri tərəfindən işğal edilən Şuşa şəhərini 2020-ci il noyabrın 8-də düşməndən azad etdi. Ordumuzun cəsur və peşəkar hərbi qulluqçuları şəhərə sıldırım qayalardan qalxaraq, əlbəyaxa döyüşlə Şuşanı düşməndən təmizlədi. Şəhərin işğaldan azad olunmasından sonra düşmən artıq Azərbaycan Ordusunun qarşısındakı acizliyini etiraf edərək noyabrın 10-da üçtərəfli bəyanatı imzalamağa məcbur oldu. Bununla da Azərbaycanın ayrılmaz bir hissəsi olan Qarabağ tamamilə işğaldan azad edildi.

Şuşa indi azad nəfəs alır. Şuşa keçmiş şöhrətinə qovuşur. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişi ilə artıq şəhərdə tarixi abidələrin, yolların, kommunikasiya xətlərinin, ümumiyyətlə bütün infrastrukturun bərpası və yenilənməsi ilə bağlı mühüm işlər görülməkdədir. Şuşa yenidən mədəniyyət beşiyi olaraq dünya mədəni irsinə öz töhfəsini verməyə davam edəcək.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 7 may 2021-ci il tarixli sərəncamına əsasən, Şuşa şəhərinin tarixi görkəminin bərpası, əvvəlki şöhrətinin özünə qaytarılması və ənənəvi dolğun mədəni həyatına qovuşması, eləcə də Azərbaycanın çoxəsrlik zəngin mədəniyyətinin, memarlıq və şəhərsalma sənətinin parlaq incisi kimi beynəlxalq aləmdə təbliği məqsədilə Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı elan edilib.

"Şuşa bizimdir! Qarabağ Azərbaycandır!”

 


 

Şuşa məscidində azan

Bu gün İlisuda, bu gecəvaxtı,

Qapıdan boylanır ilin çilləsi;

Bilmirəm, hardansa qəlbimə axdı,

Şuşada verilən azanın səsi.

 

O yada salırdı ucadan uca,

Vəsf olan Tanrının kim olduğunu.

Ürəyi titrədən azan boyunca,

Bir daha dərk etdim haqq məbudunu.

 

Onun ədaləti bitən deyildir,

Şəfqətlə doludur hər bir çağrısı.

Durdu gözlərimin önündə bir-bir,

O keçən illərin acı- ağrısı.

 

Nələrə şəhadət etdi bu şəhər,

Qəlbində nə qədər yaraları var...

Nə cür dağılmayıb, qalıb birtəhər,

Pənah xan çəkdiyi susqun daş-divar..!

 

Mərmi yağdırdılar, tank yeritdilər,

Saldığı şəhərə İbrahim xanın.

Köksünə od salıb, od ələtdilər,

Gözləri önündə zalım dünyanın.

 

Tarix yaradırdı, tarix olanı

Dəyər- dəyməzinə alıb-satanlar.

Yada salırdılar Sayat Novanı,

Vaqifin qəbrinə güllə atanlar.

 

Nadan öldürürdü, axıdırdı qan,

Aqil əllərində zopa tuturdu.

Allahın adından danışan insan,

Allaın evini topa tuturdu.

 

Odlara qalandı tarix dəftəri,

Nəvvabın naxışı, Cabbarın səsi.

Düşmən saxlamadı bircə nəfəri,

Ruhlardan savayı özgə heç kəsi.

 

Beləcə qərinə dolandı, keçdi,

Qurtarmaq zamanı yetişdi dardan.

Ərən oğulları bir yolu seçdi,

Tutub dırnağıyla sal qayalardan.

 

Hər biri dikəldi, durdu dağ kimi,

Düşmən qabağına verdilər sinə.

Gecənin bağrından bir mizraq kimi,

Onlar sancıldılar düşmən köksünə.

 

O keçən illərin acı- ağrısı,

Çiynimdə yük oldu, qəlbimdə qəhər.

Söndü ürəyimin Şuşa yanğısı,

Hilala qol açdı müqəddəs şəhər.

 

Bu gün İlisuda, bu gecəvaxtı,

Qapıdan boylanır ilin çilləsi;

Bilmirəm, hardansa qəlbimə axdı,

Şuşada verilən azanın səsi.


 

20-12-2020- İlisu-Qax.




[email protected]