Azərbaycan musiqisinin beşiyi

 
Azərbaycan musiqisinin beşiyi  
 
Həcər Nəsirova
İki dəfə Sovet İttifaqı Qəhrəmanı tank qoşunları 
general-mayoru  Həzi Aslanovun ev muzeyinin 
baş fond mühafizi (fond müdiri), "Müstəqil Azərbaycan-100”,
"Zirvədəki Azərbaycanlılar”, "Fəxri Fərman”, "Azərbaycan Qadını” media mükafatları laureatı
 
 
Qarabağın döyünən qəlbi, Azərbaycan musiqisinin beşiyi Şuşa 1992-ci il mayın 8-də Ermənistan tərəfindən işğal edilib. Bu şəhərdə yerləşən yüzlərlə tarixi abidə təhqirlərə məruz qalıb, məhv edilib.
 Bu qədim və müqəddəs torpaq artıq üçüncü onillikdir erməni işğalçılarının tapdağı altında idi. Mədəni-maarif ocaqları, muzeylər, kitabxanalar, məktəblər, tibb ocaqları, tarixi abidələr – bütün bunlar erməni vandalları tərəfindən yerlə-yeksan edilib.
Şuşa muzeylərinin qiymətli eksponatları, o cümlədən rəsm və heykəltəraşlıq əsərləri, qədim xalçalar, mühüm sənədlər və başqa dəyərli materiallar Ermənistana aparılıb. 
Bu tayı-bərabəri olmayan sirli şəhərin banisi Pənahəli xan Sarıcalı-Cavanşir olub. Nadir şahın ölümündən sonra 1747-ci ildə özünü xan elan edən Pənahəli bəy Qarabağ xanlığını düşmən hücumundan qorumaq üçün qala inşa etmək qərarına gəlir. O, 1750-ci ildə Qarabağın ən gözəl guşəsində vaxtilə üç tərəfdən sıldırım qayalarla əhatə olunmuş çox qədim qalanın xarabalıqları üzərində yenisinin təməlini qoyur, müdafiə divarları, binalar və saray inşa etdirir.
Kurort və müalicəvi sanatoriya zonası kimi məşhur olan Turşsu Şuşanın 40 kilometrliyində Laçın yolunda yerləşir. Soldan Daşaltı çayı axır. Turşsu müalicəvi və profilaktik vannaları ilə məşhurdur. Gəzinti və istirahət yerlərindən biri də Yuxarı Daşaltı idi. Xalq arasında bu istirahət yerinə Şəmilin bağı da deyirdilər. Bu yerin özünəməxsus xüsusiyyəti ondan ibarətdir ki, o,  Daşaltı çayının üstündə, Ağzıyastı kahanın yerləşdiyi Üçmıx dağının düz altında, çeşmə ətrafında yerləşir. Ağzıyastı kaha isə Cıdır düzünün yaxınlığında səfalı bir yerdə, sıldırım qayalar arasında yerləşən mağaradır.
Şuşaya gələn turistlərin digər sevimli məkanı bənzərsiz və unikal təbiəti olan Cıdır düzü idi. Cıdır düzünün qərb hissəsində yan-yana düzülmüş və  sanki torpağa sancılmış üç mıxı xatırladan 3 təpədən ibarət Üçmıx dağı yerləşir. Sanatoriya və istirahət evlərində dincələn turistlər həmişə bu yerlərə seyrə çıxar və təbiətin Şuşaya bəxş etdiyi bu gözəlliyə valeh olardılar. Hər ilin may ayında Cıdır düzündə Xarıbülbül festivalı keçirilərdi.
Şuşanı Azərbaycan musiqisinin məbədi və beşiyi, Qafqazın konservatoriyası da adlandırırdılar. Böyük Azərbaycan şairi Səməd Vurğun deyirdi ki, Azərbaycanın bütün məşhur müğənni və musiqiçiləri şuşalıdır. Azərbaycanın qədim və özünəməxsus muğam sənəti Şuşada xüsusi nəfəs kəsb edib. Təsadüfən demirlər ki, Şuşada körpələr bələkdə belə muğam üstündə ağlarlar.  Şuşa zəngin mədəni həyatı ilə şöhrət qazanmış, ədəbiyyatının, musiqisinin və arxitekturasının çiçəklənmə dövrünü yaşamışdı. Burada çoxlu ədəbi-musiqi məclisləri fəaliyyət göstərirdi.
27 sentyabr 2020-ci il tarixində de-fakto Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilən və Qondarma Dağlıq Qarabağ Respublikası tərəfindən idarə edilən, lakin de-yure Azərbaycanın bir hissəsi olan Qarabağ bölgəsində döyüşlər başlamışdır. Azərbaycan qüvvələri əvvəlcə müvafiq inzibati mərkəzlərini işğaldan azad edərək Füzuli və Cəbrayıl rayonlarında uğur əldə etmiş, oradan Hadrut qəsəbəsinə doğru irəliləmişdir. 15 oktyabrda Hadrutun ələ keçirilməsindən sonra Azərbaycan qoşunları daha intensiv irəliləməyə, ermənilər isə geri çəkilməyə başlayırlar. Azərbaycan qüvvələri daha sonra Zəngilan və Qubadlı şəhərlərini işğaldan azad etmişdir. Onlar, həmçinin, Laçına hücuma keçir, meşələri və dağ keçidlərini aşaraq Şuşa rayonuna daxil olurlar.
Azərbaycanın 28 illik həsrətinə son qoyuldu və xalqımızın tarixi-mədəni irsində xüsusi yeri olan Şuşa geri qaytarıldı. Beləliklə, Azərbaycanın qədim şəhərinin işğaldan azad edilməsi ilə həlledici üstünlüyə nail olundu. Bu, Vətən müharibəsində qələbə deməkdir.  Şuşanın azad edilməsi son əsrdə Azərbaycan tarixinin ən şanlı qələbəsidir.
      "Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq” cümlələri Azərbaycanın son yüz illik tarixinin ən möhtəşəm müjdəsidir. Qələbə xəbərinin elan edilməsindən öncə dövlət başçısının ümummilli lider Heydər Əliyevin ruhu önündə nümayiş etdirdiyi ehtiram, məhz ulu öndərin vəsiyyətini yerinə yetirdiyini deməsi Azərbaycanın həm də dövlətçilik prinsiplərinə sahib olduğunu göstərdi. Strateji əhəmiyyətli məsələlərlə bağlı vəsiyyətlərin mövcudluğu və yerinə yetirilməsi yalnız oturuşmuş dövlətçilik ənənəsinə malik olan dövlətlərdə müşahidə edilə bilər. 1992-ci il 8 mayda itirdiyimiz Şuşa 28 il sonra 2020-ci il 8 noyabrda Ali Baş Komandanımızın rəhbərliyi ilə geri qaytarıldı, Azərbaycanın 28 illik ŞUŞA yarası sağaldı! Bu, Dövlət Bayrağı Günü ərəfəsində Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqımızın səbirsizliklə gözlədiyi müjdəni tarixi gündə verdi. Bu gün Azərbaycan bayrağı Şuşada dalğalanır.
   Azərbaycan bəlkə də son bir əsrdə bu qədər sevinc, qürur yaşamamışdı, bayrağa bu qədər sevgi görməmişdik. Bu tarixi müjdəyə sevinən xalqımız Azərbaycanın bütün şəhər və bölgələrində üç rəngli bayraqlarımızı dalğalandıraraq bir daha Bayrağımıza, qələbəmizə olan sevgilərini böük coşqu ilə nümayiş etdirdilər. Şuşaya bayrağımızın sancıldığı 2020-ci ilin 8 noyabr günü Azərbaycan tarixinə əbədi həkk olundu. Nəinki hərbi ekspertlərin, elə ermənilərin özlərinin də dediyi kimi, "kim Şuşaya nəzarət edirsə, Qarabağa da o nəzarət edir”. Ermənistanın öz acı məğlubiyyəti öz dillərindən hələ çoxdan eşidilirmiş. Bəli, Şuşaya nəzarət edən Azərbaycan Ordusu tarix yazdı. Arzumuz reallıq oldu. Şuşa öz sahibinin oldu. Lakin bu bəs deyildi. Biz hər bir qarış torpağımızı, hər bir daşımızı, ağacımızı, yurdumuzu-yuvamızı sonuna qədər istəyirdik. Şuşa azad edildikdən dərhal sonra noyabrın 9-u bayraq günündə Prezident İlham Əliyev 71 kəndin, bir qəsəbənin və 8 strateji yüksəkliyin işğaldan azad edildiyi barədə ölkə ictimaiyyətini yenidən sevindirdi. Beləliklə də, Şuşanın alınması Ermənistanı tam tərk-silah etdi, onun bütün manevr imkanları puç oldu, ölkə və dünya ictimaiyyətini aldatmaq taktikası bütün anlamını itirdi. Düşmənin ağ bayraq qaldırmaq və kapitulyasiya etməkdən başqa çıxış yolu qalmadı.
   1993-cü ildən ötən dövr ərzində böyük əziyyətlər hesabına əldə edilən nailiyyətlər, qazanılan uğurlar zərrə-zərrə bizi möhtəşəm qələbəyə yaxınlaşdırdı. 2003-cü ildən sonrakı mərhələdə İlham Əliyev diplomatiyasının apardığı fəal iş Azərbaycanın haqlı mövqeyinin beynəlxalq hüquqi əsaslarını daha da möhkəmləndirdi.



[email protected]