"Mən konkret iş görmək, konkret insanlara kömək etmək istəyirəm"

"Mən konkret iş görmək, konkret insanlara kömək etmək istəyirəm" 
 
Genişmiqyaslı xeyriyyəçilik fəaliyyətinə, nəcib və tərəqqipərvər təşəbbüslərinə görə 2004-cü ildə YUNESKO-nun, 2006-cı ildə İSESKO-nun xoşməramlı səfiri adına layiq görülən, 2007-ci ildə isə "Qızıl ürək" beynəlxalq mükafatı, Dünya Səhiyyə Təşkilatının İhsan Doğramacı Ailə Sağlamlığı Fondunun mükafatı, "Əsrlərin xeyriyyəçiləri" Beynəlxalq Fondunun Yaqut Xaç ordeni ilə təltif olunan Heydər Əliyev Fondunun prezidenti üzərinə götürdüyü şərəfli missiyanı belə dəyərləndirir: "... İstər YUNESKO-nun xoşməramlı səfiri, istərsə də Heydər Əliyev Fondunun prezidenti kimi mənə ehtiyac olduğunu hiss edirəm. Mənim adıma hər gün 200-dən çox məktub gəlir. Onların heç biri diqqətsiz qalmır. Mən konkret iş görmək, konkret insanlara kömək etmək istəyirəm. Konkret problemləri həll etmək, yardım edə bildikdə sevinc hissi keçirmək və səndən asılı olmayan səbəblər üzündən nəsə edə bilmədikdə təəssüflənmək, qəzavü-qədər, sağalmaz xəstəlik qarşısında bütün gücsüzlüyünü dərk edərkən əziyyət çəkmək, xilas edilmiş bir uşağın təbəssümünü gördükdə isə bir daha sevinmək istəyirəm. Bu, mənim seçimimdir".
Müasir dövrdə iqtisadi inkişaf səviyyəsindən asılı olmayaraq, hər bir dövlətdə sosial müdafiəyə, köməyə, xeyirxahlığa ehtiyacı olan köməksiz təbəqə olur. Bazar iqtisadiyyatının sərt reallıqları ilə uzlaşmasına rəğmən, əksər dövlətlər bu həssas sosial təbəqənin ehtiyaclarına, problemlərinə biganə yanaşmır, onları imkan daxilində öz himayəsinə götürür. Azərbaycan dövlətinin bu istiqamətdəki fəaliyyəti isə xüsusilə diqqəti çəkir - respublikamızın dövlət büdcəsində sosialyönümlü xərclər, eləcə də insan inkişafına xidmət edən, iqtisadi səmərə məqsədi güdməyən investisiyalar xüsusi çəkiyə malikdir. Bununla belə mövcud problemlərin həllini bilavasitə hökumətin üzərinə qoymaq, orta təbəqəni, qeyri-hökumət təşkilatlarını, vətəndaş cəmiyyəti institutlarını məsuliyyətdən tamamilə kənarlaşdırmaq da düzgün yanaşma olmayıb, sovet dövrünün qeyri-adekvat, yanlış düşüncə tərzindən irəli gəlir. Bu mənada Heydər Əliyev Fondunun dövlətin fəaliyyətinə hərtərəfli dəstəyə əsaslanan nəcib, xeyirxah fəaliyyəti digər qurumlar üçün də nümunə, örnək sayıla bilər. Fondun fəaliyyəti Azərbaycan üçün müəyyən mənada yeni olan xeyriyyəçilik institutunun inkişafına, cəmiyyətdə filontropiya meyilli təbəqənin formalaşmasına xidmət edir.
Fond Azərbaycan xalqının kökü çox qədimlərə gedən sənət xəzinəsinə - muğama sahib çıxaraq bu sahəyə yaxından himayədarlıq edib, ilkin layihələrdən biri kimi "Qarabağ xanəndələri" adlı albom nəfis tərtibatda buraxılıb. Albom üçün bu cür adın seçilməsi böyük ideoloji-siyasi məzmun kəsb etməklə Qarabağın əzəli və əbədi Azərbaycan torpağı olduğunu bütün dünyaya bir daha nümayiş etdirmək niyyətindən irəli gəlib. Bu, adi musiqi layihəsi olmaqdan savayı, həm də ermənilərin ifşası baxımından mühüm əhəmiyyət daşıyıb. Fondun Ermənistanın Azərbaycana təcavüzü nəticəsində qaçqın-köçkün həyatı yaşayan uşaqlara qayğı istiqamətində gördüyü işlər bütün digər qurumlar üçün layiqli örnəkdir. "Qarabağ həqiqətləri" kitabının çapa hazırlanması isə Azərbaycanın, Qarabağın tarixi keçmişinin öyrənilməsinə və təbliğinə diqqətin dəyərli təzahürlərindən biri kimi diqqəti çəkib.
Heydər Əliyev Fondu tarixi abidələrin qorunması üçün həyata keçirilən tədbirlərdə də yaxından iştirak edir. Fondun təşəbbüsü ilə son 4 ildə Gəncə şəhərindəki Cavadxan türbəsi, habelə Comərd Qəssab məqbərəsi, Bakının Şüvəlan qəsəbəsindəki Pirhəsən ziyarətgahı, Abdulla Şaiqin ev muzeyi əsaslı təmir edilib. Məşhur xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin Mərdəkandakı ev-muzeyinin müasir tələblər səviyyəsində təmir olunması da Fondun həyata keçirdiyi xeyirxah layihələrdən biridir.
2008-ci il sentyabrın 17-də "Gülüstan" sarayında Heydər Əliyev Fondunun "Üzeyir dünyası" və "Azərbaycan muğamı ensiklopediyası" layihələrinin təqdimatı da milli mədəniyyətə qayğı siyasətinin tərkib hissəsidir. Azərbaycanın musiqi mədəniyyəti tarixində xüsusi yeri olan, müasir Azərbaycan professional musiqi sənətinin və milli operanın banisi Üzeyir Hacıbəyliyə həsr olunmuş "Üzeyir dünyası" layihəsinə "Ömür salnaməsi", "Üzeyir Hacıbəyli ensiklopediyası", "Bədii və publisistik əsərlər" kitabları, "Leyli və Məcnun", "Koroğlu", "O olmasın, bu olsun" operaları və musiqili komediyalarının klavir, libretto və SD - ləri daxildir.
Elmin, təhsilin dinamik inkişafı, milli-mədəni irsin qloballaşma tendensiyalarından hiss olunması, gənc nəslin təlim-tərbiyəsinin yüksək səviyyədə qurulması, bu günün uşaqlarının sabahın layiqli vətəndaşları kimi yetişməsi yolunda məqsədyönlü işlərin görülməsi, ilk növbədə həqiqi vətənpərvərlikdən irəli gəlirdi. Yalnız səmimi vətənpərvərlik hissi, vətən sevgisindən qaynaqlanan təmənnasız, pak hisslər insanı olduqca çətin, lakin xalqın və dövlətin gələcəyi baxımından müstəsna əhəmiyyətli işləri həyata keçirməyə sövq edə bilər. Bu baxımdan Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın son illərdə yeni məktəblərin inşası və əsaslı təmiri ilə bağlı irəli sürdüyü bütün nəcib təşəbbüslər, ictimai səviyyədə gördüyü bütün işlər məhz mövcud iqtisadi potensialın insan kapitalına çevrilməsi, Azərbaycanda sivil dünyanın reallıqları ilə ayaqlaşmağı bacaran yüksək intellektual səviyyəyə, geniş dünyagörüşünə malik vətəndaşların tərbiyəsi, milli-mənəvi dəyərlərimizin qorunaraq gələcək nəsillərə çatdırılması, Azərbaycan təhsilinin dünyaya inteqrasiyası məqsədinə yönəlib. Fondun prezidentinin hələ 2005-ci ildə irəli sürdüyü "Yeniləşən Azərbaycana yeni məktəb" proqramı cəmiyyətdə yeni məktəblərlə birgə həm də yeni düşüncə tərzinin, müasir təfəkkürün, sivil həyat normalarının gəlişi, ictimai həyatımızda bütün parametrlər üzrə yeni inkişaf mərhələsinin başlanğıcı olub. Proqram əsasında yalnız 2005-ci ildə 132 məktəbin inşa olunaraq müasir avadanlıqlarla təchiz olunması Azərbaycan təhsilinə böyük dəstək, əsaslı töhfə olub. Son üç ildə fondun təşəbbüsü ilə reallaşdırılan "Yeniləşən Azərbaycana yeni məktəb" və "Uşaq evləri və internat məktəbləri" proqramları çərçivəsində 43770 şagird yerlik, 226 yeni məktəb tikilib. 39 məktəb, o cümlədən xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün 28 internat məktəbi əsaslı təmir olunub, müasir avadanlıqlarla təmin edilib, 8 uşaq bağçasında bərpa işləri aparılıb.
Heydər Əliyev Fondunun son illər səhiyyə sahəsində həyata keçirdiyi layihələr də cəmiyyətdə böyük rezonansa və rəğbətə səbəb olub. Təhsil ocaqlarındakı kimsəsiz uşaqların sağlamlığının təmin olunması istiqamətində həyata keçirilən sosial layihələr xüsusilə təqdirəlayiqdir. Bu layihələr səhhətindəki problemlər üzündən əziyyət çəkən insanları yenidən sağlam həyata qaytarır və onlara həyat eşqi verir. Bu baxımdan "Diabetli uşaqlara ən yüksək qayğı" və "Talassemiyasız həyat naminə" layihələri cəmiyyətdə daha böyük diqqət və rəğbətlə qarşılanıb. Ümumiyyətlə, Fond səhiyyə məsələləri ilə bağlı hər bir müraciəti diqqətlə araşdırır, onlara kömək göstərilməsi üçün tibb müəssisələri ilə sıx əlaqə qurur. Ürək xəstəliklərindən əziyyət çəkən körpələrin bir qisminə xarici ölkələrdə cərrahiyyə əməliyyatı aparılmasına kömək göstərən Heydər Əliyev Fondu milli genefondumuzun qorunmasında da öz sözünü deyir.
"Mən konkret iş görmək, konkret insanlara kömək etmək istəyirəm"
SAMİRƏ MUSAYEVA 
Bakı şəhəri 233 nömrəli tam orta məktəbin biologiya müəllimi,
biologiya üzrə fəlsəfə doktoru, "İlin müəllimi”,
"Heydər Əliyev-98” media medalı mükafatları laureatı




[email protected]