Əhmədova Naibə Əhmədağa qızı
Azərbaycan Dövlət Pedaqoji
Universiteti, Azərbaycan tarixi
kafedrasının müdiri, tarix üzrə
fəlsəfə doktoru, dosent
Vətən müharibəsində qələbəmizi təmin edən əsas amillərdən biri kimi Prezident İlham Əliyevin iqtisadi inkişaf strategiyası ümumilli lider Heydər Əliyevin iqtisadi strategiyasının davamıdır. Bu strategiyanın əsas istiqamətləri: iqtisadi gücdən Dağlıq Qarabağ probleminin həllində təsirli vasitə kimi istifadə etmək, dövlət idarəçiliyinin prinsipləri və institusional islahatlar, Azərbaycanın neft sektorunun inkişafının davamı ilə yanaşı neft və qeyri-neft sektorunun əlaqələndirilməsi, iqtisadiyyatın şaxələnməsi və inkişafı, regionların inkişafı, ərzaq təhlükəsizliyi və aqrar sahədə dövlət siyasəti, əhalinin məşğulluğunun təmin edilməsi, sahibkarlığın inkişafı, yoxsulluğun azaldılması və iqtisadi ideoloji təbliğat işi idi. Prezident "Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri” haqqında 2003-cü il 24 noyabr tarixli Fərmanı ilə hökümətin iqtisadi blokuna ilk tapşırıqlarını verdi. Fərmanda əks olunan məsələlər məzmun və xarakterinə görə 5 əsas blok üzrə qruplaşdırılmışdır: institusional (idarəçilik), sosial, sənaye, sahibkarlığın inkişafı, bazar mühitinin yaxşılaşdırılması, dövlət maliyyə sisteminin təkmilləşdirilməsi.
2003-2018-ci illərdə 201 Proqram Xarakterli Sənəd, o cümlədən 12 Konsepsiya, 12 Milli Strategiya, 12 Strateji Yol Xəritəsi, 94 Dövlət Proqramı, 10 Milli Fəaliyyət Planı, 23 Tədbirlər Planı, 21 Tədbirlər Proqramı, 17 Milli Plan və Milli Proqramlar qəbul edildi. Əvvəlki iki əsrdə olduğu kimi XXI əsrin əvvəllərində də Azərbaycan iqtisadiyyatının əsasını neft sənayesi təşkil edirdi. Mütəxəssislərin hesablamasına görə ölkəmizdə neftlə zəngin 57 yataq mövcuddur ki, bunun da 18-i Xəzər dənizinin Azərbaycana aid olan hissəsindədir. Xəzər dənizi hövzəsində karbohidrogen ehtiyatlarının 30 mlyrd.ton neft və 17-20 trilyon kub metr həcmində qaz ehtiyatı təşkil edir. Xəzər hövzəsinin Azərbaycana aid olan hissəsində 3-5 milyrd.ton neft, 5 trilyon kub metr həcmində qaz ehtiyatı mövcuddur. Xəzərin "Şahdəniz” yatağında təbii qaz ehtiyatı 1 trilyon kub metrdən, kondensatnt ehtiyatı 300 milyon tondan çoxdur.
2005-ci ilin fevralında Xəzərdə "Azəri-Çıraq-Günəşli” yataqlarında ilkin neft çıxarılmışdır. 2010-cu ildə "Azəri-Çıraq-Günəşli” layihəsi üzrə neft hasilatında ən rekord nəticə qazanıldı, 54.9 mln.ton neft çıxarıldı. 2017-ci ilin 8 noyabrında Bakıda Heydər Əliyev Mərkəzində 2 milyardıncı ton
Azərbaycan nefti çıxarılması münasibətilə böyük tədbir keçirildi. 2019-cu il ərzində respublikamızda
37.5 mln.ton xam neft hasil edilmişdir.
2019-cu ildə respublikamızda əsas dövlət şirkəti - SOCAR öz neft və qaz hasilatını sabitləşdirməyə nail olmuşdur. Ölkə üzrə ümumi qaz hasilatı 2018-ci illə müqayisədə 2019-cu ildə təqribən 17 % artaraq 35.6 milyard kub metrə çatmışdır. SOCAR birbaşa özünün istismar etdiyi yataqlarda neft hasilatını sabitləşdirməyə nail olsa da, başqa əməliyyatçı şirkətlərin göstəriciləri də daxil olmaqla ümumilikdə 2019-cu ildə Azərbaycan üzrə neft hasilatının azalması davam etmişdir. Təbii azalma 2010-cu ildən sonra əsasən beynəlxalq konsersium tərəfindən istismar edilən Azəri- Çıraq-Dərinsulu Günəşli yataqlarında müşahidə olunur. Azərbaycan neft-qaz istehsal edən ölkədən neft-qaz ixrac edən ölkəyə çevrildi.
2002-ci il sentyabrın 18-də Sənqəçalda əsası qoyulmuş Heydər Əliyev adına Bakı-Tbilisi- Ceyhan (BTC) əsas ixac boru kəmərinin 2003-cü il mayın 23-də Gürcüstan hissəsinin təməli qoyuldu. 2005-ci il mayın 25-də BTC-nin Azərbaycan, oktyabrın 13-də isə Gürcüstan hissələrinin doldurulması başa çatdırıldı.
2006-cı il iyulun 13-də Azərbaycan, Gürcüstan, Türkiyə liderlərinin iştirakı ilə kəmərin Türkiyə hissəsinin açılışı oldu. Yalnız Azərbaycanın deyil, dünya iqtisadiyyatının inkişafı üçün böyük əhəmiyyəti olan BTC boru kəməri Türkiyə və Avropanın enerji təhlükəsizliyi sisteminin ayrılmaz hissəsinə çevrildi.
2007-ci il iyulun 3-də "Şahdəniz” qazı Bakı-Tbilisi-Ərzurum marşrutu üzrə Cənubi Qafqaz boru kəməri vasitəsilə Türkiyənn qaz kəmərləri sisteminə daxil oldu. Azərbaycan qazının Avropaya çatdırlmasında Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) layihəsi üzrə Azərbaycanla Türkiyə arasında sazişlər imzalandı (2011-2012).
Trans-Adriartik Qaz Boru Kəməri (TAP) layihəsi Azərbaycanın Xəzər dənizindəki "Şahdəniz- 2”yatağından çıxarılan qazın Yunanıstan və Albaniya vasitəsilə Adriatik dənizinin dibindən keçməklə İtaliya və Qərbi Avropa ölkələrinə nəqli nəzərdə tutulurdu.
2019-cu ilin noyabrında TANAP istifadəyə verildi. TANAP Cənub Qaz Dəhlizinin əsas hissəsidir. Cənub Qaz Dəhlizi 4 layihədən ibarətdir və onlardan 3-ü-"Şahdəniz-2”layihəsi çərçivəsində hasil olunan qazın ilkin olarq ildə 10 mlrd. kubmetrinin Avropaya nəqli nəzərdə tutulur. "Cənubi Qafqaz Qaz” kəməri və "TANAP” artıq reallığa çevrildi. 4-cü layihə olan TAP kəməri noyabr 2020-ci ildə tamamlandı və ticarət fəaliyyətinə başladı.
Azərbaycan üçün mühüm önəm daşıyan infrastruktur layihələri sırasında Avropanın ən böyük infrastruktur layihələrindən olan "Cənub Qaz Dəhlizinin” reallaşması mühüm yer tutur. Bu layihənin ilkin mərhələsi olan "Şahdəniz-2” artıq yekunlaşmaq üzrədir. Cənub Qaz Dəhlizinin əsas hissəsini TANAP təşkil edir. Hazırda dünya siyasətinin aktual məsələlərindən biri enerji təhlükəsizliyidir. Xüsusən Avropa ölkələri son illər öz enerji təhlükəsizliklərini təkmilləşdirməyə və gücləndirməyə
ehtiyac duyur. Xəzərdə hasil olunan təbii qazın Avropa ölkələrinə çatdırılmasında Avropa İttifaqı (Aİ) böyük maraq göstərir. Aİ-nin bu sahədə əməkdaşlıq etdiyi əsas ölkə Azərbaycandır. 2006-cı ilin noyabrında Brüsseldə imzalanmış "Azərbaycan Respublikası və Aİ arasında enerji sahəsində strateji tərəfdaşlıq haqqında Anlaşma Memorandumu”, 2008-ci ilin noyabrında imzalanmış "Bakı Bəyannaməsi”nin müddəaları və 2009-cu ilin mayında Praqa Zirvə Görüşünün Müvafiq Enerji Bəyannaməsində təsbit olunmuş Azərbaycan-Aİ enerji münasibətlərinin vacibliyi bunları təsdiq edirdi. Qeyd olunanların nəticəsi kimi 2011-ci il yanvarın 13-də Bakıda Aİ ilə "Cənub Qaz Dəhlizi haqqında Birgə Bəyannamə” imzalandı. Cənub Qaz Dəhlizini istifadəyə vermək üçün Şahdəniz qaz yatağınını 2-ci mərhələsinin işlənməsinə başlanmalı, mövcud qaz kəmərləri genişləndirilməli, Türkiyə və Avropa ölkələrinin ərazisində yeni qaz kəmərləri çəkilməli idi.
Cənub Qaz Dəhlizinin bütün komponentlərinin reallaşdırılması üzrə beynəlxalq razılaşmalar əldə olundu. 2012-ci il iyunun 26-da Azərbaycan höküməti ilə Türkiyə höküməti arasında Trans-Anadolu təbii qaz boru kəməri (TANAP) sisteminə dair saziş imzalandı və hər iki dövlətin qanunverici orqanları həmin sazişi ratifikasiya etdilər. 2013-cü il iyunun 30-da isə Trans-Adriartik boru kəməri layihəsi üzrə beynəlxalq saziş, 2013-cü il dekabrın 17-də isə Şahdəniz yatağının 2-ci mərhələsi üzrə beynəlxalq müqavilə imzalandı. Hələ 2015-ci il noybarın 15-də prezident İlham Əliyev "Böyük İyirmiliyin (G-20)” Antalya Sammiti çərçivəsində keçirilən iclasdakı çıxışında "Cənub Qaz Dəhlizi” layihəsinin Avropanın enerji təhlükəsizliyinin təmin olunması işində önəminə toxunmuşdur. O demişdir: "XXI əsrdə biz Cənub Qaz Dəhlizi layihəsini həyata keçirdik. Bu layihə Azərbaycanın və Türkiyənin fəal iştirakı ilə reallaşır. Mən Türkiyə və Azərbaycanı, Xəzər və Aralıq dənizlərini birləşdirən layihəni nəzərdə tuturam. Bu, tarixdə ilk hadisədir”.
2018-ci il iyunun 12-də Cənub Qaz Dəhlizinin Türkiyə hissəsi olan TANAP-ın Eskişəhərdə rəsmi açılış mərasimi oldu. TAP-ın tam başa çatmasından sonra isə daha 20 mlrd.kub metr qaz Avropaya nəql edildi.
"Əsrin müqaviləsi”nin müddəti 2017-ci ildən 2050-ci ilə qədər uzaldıldı. Bu müqavilə üzrə istismar olunan "Azəri-Çıraq-Günəşli”neft yatağında çoxlu neft ehtiyatının olduğunu göstərir.
"Cənub Qaz Dəhlizi” layihəsinin reallaşdırılmasının səbəbi Azərbaycanın həyata keçirdiyi uğurlu siyasi-diplomatik fəaliyyətidir. Bu cür layihələrin həyata keçirilməsi Azərbaycanı regionun lider dövlətinə çevirmişdir, beynəlxalq aləmdə ölkəmizi etibarlı tərəfdaş kimi tanıtmışdır.
"Cənub Qaz Dəhlizi”nin reallaşmasına ABŞ və Böyük Britaniya dövlətləri güclü dəstək vermişlər."Cənub Qaz Dəhlizi” layihəsinin gerçəkləşməsi ilə Azərbaycan dünyada gedən iqtisadi və siyasi proseslərə daha fəal cəlb olundu.
"Cənub Qaz Dəhlizi”nin başa çatdırılması enerji məsələlərində Azərbaycanın mühüm siyasi- diplomatik qələbəsidir.
"Şahdəniz-2” yatağında çıxarılacaq qazı Avropadakı istehlakçılara çatdırmaq üçün bu dəhliz boyu üç böyük kəmər bir-birinə calanaraq vahid sistem yaradacaq. Bunlar CQBK (Cənubi Qafqaz Boru Kəməri), TANAP (Trans-Anadolu Qaz Boru Kəməri) və TAP (Trans-Adriatik Qaz Boru Kəməri). Cənubi Qafqaz Boru Kəməri (CQBK) Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Şahdəniz” qaz yatağından çıxarılan qazı Gürcüstana və Türkiyəyə ötürmək üçün inşa edilən kəmərdir. Boru kəməri Bakıda Səngəçal terminalından başlayır. Kəmər Türkiyə sərhədinədək Azərbaycanda və Gürcüstanda Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə eyni marşurutdadır və Türkiyədə bu ölkənin qazpaylayıcı sisteminə birləşdirilib.
XXI əsrin ən mühüm iqtisadi layihələrindən biri olan Bakı-Tbilisi-Qars dəmir yolu artıq layihədən reallığa çevrilib. Bu layihənin reallaşdırılması Azərbaycanı regionda tranzit daşımaların mərkəzi kimi tanıdır. 2017-ci il oktyabrın 30-da Bakı-Tbilisi-Qars dəmir yolunun təntənəli açılış mərasimi reallaşdı. Ümumi uzunluğu 846 kilometr olan Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin 504 kilometrlik hissəsi Azərbaycanın ərazisinə düşür. Dəmir yolu xəttinin 263 kilometri Gürcüstandan keçir. Yolun 79 kilometri isə Türkiyə ərazisindədir.
Bölgə dövlətləri -Azərbaycan, Türkiyə və Gürcüstanın iqtisadiyyatları qarşılıqlı faydalı əməkdaşlıq şəraitində inkişaf etdikcə Ermənistan bu proseslərdən kənarda qalmalı olur. Ermənistanın xaricə çıxışını təmin edən başlıca dəmir yolu xətləri Azərbaycanla bağlıdır ki, bunlar da onun respublikamıza mühüm təcavüzü nəticəsində qapanmışdır. Mənfur qonşularımız xaricə çıxış imkanı qazanmaq üçün əsasən iki istiqamətdə səy göstərirlər. Birincisi, 2007-ci ildə bəyənilmiş Ermənistan- İran dəmir yolunun tikintisi layihəsidir. Orta hesabla 500 kilometr uzunluğunda olan dəmir yolu - xəttinin (420 kilometr Ermənistan, 80 kilometr İran) çəkiliş layihəsinin investisiya təminatı 2 milyard ABŞ dolları həcmində hesablanır. Lakin layihənin reallaşması üçün tələb olunan maliyyə demək olar ki, Ermənistanın hazırki dövlət büdcəsi qədərdir ki, bu da onun imkanları daxilində deyildir. Qəsbkar mövqe bu ölkəni özünü qapanmaya sövq edərək uçuruma yuvarladır.Fəxr edirik ki, ümummilli liderimiz, müasir Azərbaycanın memarı, əbədi rəhbərimiz Heydər Əliyevin misilsiz, alternativi olmayan siyasətini və ideyalarını möhtərəm cənab Prezident İlham Əliyev hazırda çox böyük uğurla davam etdirir. Bu uğurları davamlı olaraq biz həyatımızın bütün sahələrində görürük.
[email protected]