Heydər Əliyev siyasəti xoşbəxt gələcəyimizin təminatçısıdır

 Heydər Əliyev siyasəti xoşbəxt gələcəyimizin təminatçısıdır
 Məmmədova İranə Oktay qızı
ADPU "İbtidai təhsilin pedaqogikası və metodikası" kafedrasının 
müəllimi, "Zirvə" medalı media mükafatı laureatı
 
 

Ümummilli liderimizin şəxsiyyətinin və fəaliyyətinin mahiyyətinin dərk olunması 40 ilə yaxın müddətdə Azərbaycan ətrafında cərəyan etmiş hadisələrin təbiətinə, son dərəcə mürəkkəb problemlərin həlli yollarına işıq salır. Ulu öndərin mənalı və şərəfli ömür yolunun parlaq səhifələri xalqımızın yaxın tarixi keçmişi ilə ayrılmaz vəhdət təşkil edir. Azərbaycanın son 40 illik tarixinin elə bir mərhələsi yoxdur ki, orada bu fenomenal şəxsiyyətin nəhəng işləri olmasın. Heydər Əliyev siyasi fəaliyyətinin bütün mərhələlərində Vətənə, xalqa, torpağa sonsuz məhəbbət və sədaqət hissi, qurub-yaratmaq amalı ilə yaşamış, hər zaman milli ideallara bağlı olmuşdur. Ümummilli liderimiz Heydər Əliyev bütün zəngin və mənalı həyatı boyu daim xalqını, Vətənini düşünmüş, Azərbaycanın ən çətin məqamlarında onu üzləşdiyi faciələrdən, çətinliklərdən xilas etmək üçün misilsiz fədakarlıqlar göstərmiş, təbiətin bəxş etdiyi bir çox fitri keyfiyyətlər sayəsində tarixi hadisələrin inkişaf məcrasını qabaqcadan müəyyən edə bilmişdir.

Heydər Əliyev hələ 1969-cu ildə birinci dəfə Azərbaycan Respublikasına hakimiyyətə gəldiyi ilk gündən respublikanın hərtərəfli inkişafının təməlini qoydu. Bu təməl üzərində təhsil, elm, kənd təsərrüfatı, neft sənayesi, neft emalı və neft-kimya sənayesi, ordu qoruyuculuğu öz inkişaf yoluna çıxdı. Ulu öndər hələ o vaxtdan müstəqil Azərbaycan üçün möhkəm özül yaratdı.
Heydər Əliyev qədər öz xalqını, onun tarixini, mədəniyyətini və dilini sevən ikinci bir şəxsiyyət tapmaq çox çətindir. SSRİ-nin ən sərt idarəçilik sistemi ilk növbədə "sovet xalqı" adı altında onun tərkibində olan xalqları ümumiləşdirmək ideyasını həyata keçirirdi, o cümlədən dövlət dili olaraq xalqların həm də öz dillərinin olmasını məqbul hesab etmirdi. Məhz dahi Heydər Əliyev öz xalqının müqəddəs dilini dövlət dili kimi Azərbaycan Respublikasının konstitusiyasına salmağa nail oldu. Heydər Əliyev SSRİ-nin məhv olacağı tarixi həqiqəti çox-çox illər öncə görürdü və müstəqil Azərbaycanın yaranacağını və onun öz dilinə böyük ehtiyacı olacağını bildiyindən onu qorudu və özünə layiq olan səviyyədə sevdirdi.
Heydər Əİiyev bu gün dünyanın enerji təminatçılarından biri olan Azərbaycanın uğurlarını hələ keçən əsrin 70-ci illərindəki müdrik qərarları ilə təmin etmişdi. Həmin illərdə neft sənayesinin inkişafı, "28 May", "Günəşli" yataqlarının mənimsənilməsi, Dərin Özüllər Zavodunun istifadəyə verilməsi, dənizin Azərbaycan sektorunda yeni neft və qaz yataqlarının kəşfi bu gün üçün əvəz olunmaz baza idi.
Respublikada nüvə enerjisinin dinc məqsədlərlə istifadəsi üzrə ilk infrastrukturun, Radiasiya Tədqiqatları Sektorunun yaranması Heydər Əliyevin birinci dəfə Azərbaycan rəhbərliyinə gəlişi dövrünə təsadüf edir. Ulu öndər nüvə enerjisinin dinc məqsədlərlə istifadəsi üzrə aparılan elmi və praktiki işlərin gedişinə xüsusi diqqət ayırır və bu sahənin Azərbaycanda aktual elmi-texniki sahə kimi inkişafına xüsusi şərait yaradırdı. Həmin illərdə Azərbaycanda ən müasir və güclü radioizotop mənbə kompleksi, elektron sürətləndiriciləri, müasir fiziki və kimyəvi laboratoriyalar yaradılmışdı. Heydər Əliyev siyasətinin əsası həmişə kadr potensialı olduğundan bu sahədə də kadr hazırlığına xüsusi diqqət ayıraraq SSRİ-nin nüvə məktəblərində hazırlıq keçmək üçün hələ o dövrdə gəncləri universitet, aspirantura təhsilləri almaq üçün Moskvaya göndərmişdi. Onlardan bəziləri hələ də bizim sıralarımızda fəaliyyət göstərirlər. Bu xəttin köməkliyi ilə nüvə elmləri sahəsində 50-dən çox yüksək hazırlıqlı kadr yetişdirilmişdi. Çoxlu sayda gənclər Moskvanın, Obninskin nüvə sahəsində fəaliyyət göstərən institutlarına ezam edildilər. Azərbaycan alimləri İttifaqın əksər nüvə mərkəzlərində elmi işlər aparır və mühüm elmi nəticələr alırdılar. Heydər Əliyevin SSRİ miqyasında nüfuzu imkan verirdi ki, digər nüvə qurğularında biz sərbəst elmi-tədqiqatlarımızı həyata keçirək və kadr potensialımızı daha da genişləndirək.
Ulu öndər Azərbaycan xalqının təkidi və xahişi ilə yenidən hakimiyyətə gələrkən Azərbaycan vətəndaş müharibəsi astanasında idi. Bu qayıdış ərazilərimizin işğalı, istehsalın, elm və texnoloji sistemlərin dağılması, iqtisadi cəhətdən dözülməz olduğu bir dövrə təsadüf edirdi. Lakin dahi rəhbərin qorxmaz, mətin mövqeyi, yüksək elmi və siyasi biliklərə malik olması və uzaqgörən siyasəti nəticəsində tezliklə bütün sahələrdə stabillik əldə edildi və respublika inkişaf yoluna çıxarıldı. Heydər Əliyev elmin cəmiyyətdə və onun inkişafında rolunu yüksək qiymətləndirərək tezliklə Elmlər Akademiyasının üzvləri ilə görüş keçirib bu istiqamətdə öz strateji xəttini bəyan etdi. Belə ki, Elmlər Akademiyasının statusu və vəzifələri yeni dövrə müvafiq olaraq formalaşdırıldı. İlk dəfə Azərbaycan Milli Elmlər Akademiyasına respublikada elmi siyasəti yeridən, koordinasiya və əlaqələndirici kimi ali dövlət qurumu statusu verildi. Məhz həmin illərdə də ulu öndərin uzaqgörənliyi sayəsində Azərbaycanda suveren nüvə strategiyasının əsası qoyuldu. Belə ki, ilk dövrdən Azərbaycan yalnız dinc məqsədli nüvə siyasətlərinin dəstəklənməsini dünya birliyinə bəyan etdi. Azərbaycan nüvə silahlarının sınaqlarının hərtərəfli qadağan edilməsi, nüvə materialları qaçaqmalçılığı, onların yayılmaması və mühafizəsi üzrə bütün beynəlxalq saziş və konvensiyalara tərəfdar çıxdı. Azərbaycan erməni terroruna məruz qalan bir ölkə kimi bütöv terrorçuluğa, xüsusən də nüvə terrorizminə qarşı beynəlxalq birliklərə qoşulan ilk ölkələrdən biri oldu.
Heydər Əliyev müstəqil Azərbaycana rəhbərliyə gəlməsi ilə ölkəmiz iqtisadi tənəzzüldən, parçalanmaq, məhv olmaq təhlükəsindən xilas oldu. 1994-cü ildə sentyabrın 20-dən bağlanan "Əsrin müqaviləsi" Heydər Əliyev şəxsiyyətinin tarixi qələbəsi idi. Azərbaycanın inkişafını istəməyən bir çox xarici ölkələr bu müqavilənin bağlanmasına ya açıq, ya da gizli maneələr yaradırdılar. Heydər Əliyev özünün müdrik siyasəti ilə Azərbaycanı dünyanın enerji təminatçılarından birinə çevirən "əsrin müqaviləsi"nin həyata keçməsini təmin etdi. Bu Azərbaycanın siyasi və iqtisadi qələbəsi idi.
Müasir Azərbaycanın uğrunda bu müqavilənin yeri ölçüyə gəlməzdir. Bunun ardınca Bakı-Tibilisi-Ceyhan neft-boru xəttinin çəkilməsi haqqında müqavilə və onun həyata keçirilməsi Azərbaycan üçün ən uğurlu bir hadisə idi. Artıq Azərbaycanın əla keyfiyyətli nefti Rusiya Federasiyasının aşağı keyfiyyətli nefti ilə qarışmadan birbaşa Ceyhan limanına çıxarıldı və burada yüksək tonnajlı tankerlərlə dünyanın istehlakçı ölkələrinə çatdırıldı.
Qədim İpək Yolunun bərpası ideyasını qaldırmaq və həyata keçirilməsi işinin təşkili sahəsində Heydər Əliyev şəxsiyyətinin təsiri regional yox, dünyəvi xarakter daşıyır. Böyük İpək Yolu ilə əlaqələnən 30-dan çox dövlətin müasir inkişafında bu yolun müstəsna rolu Heydər Əliyevin adı ilə bağlanmalıdır.
Ulu öndərimiz dünya siyasətində nüvə faktorunun rolu, onunla əlaqəli təhlükə problemlərinin durumu və gələcəkdə inkişaf etmiş Azərbaycanın dünya birliyində mövqeyində böyük rol oynaya biləcəyini uzaqgörənliklə qiymətləndirərək bu sahədə özünəməxsus tarazlı siyasət yeridirdi. Azərbaycan artıq 2002-ci ildə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyə (AEBA) üzv oldu. Azərbaycanda praktiki nüvə elmləri üzrə elmi-tədqiqat işləri aparılması üçün xüsusi infrastruktur olan AMEA-nın Radiasiya Problemləri İnstitutu yaradıldı.
Heydər Əliyev təkcə Azərbaycanın deyil, bütöv regionun nüvə və radiasiya təhlükəsizliyi probleminə xüsusi önəm verirdi. Belə ki, 2002-ci ildə AEBA-nın baş katibi Məhəmməd Al-Baradei ilə Bakıda görüşündə region üçün böyük təhlükə olan Ermənistan AES-in durumunun ekspertizası və təhlükə mənbəyi kimi fəaliyyətinin dayandırılması məsələsini qaldırmışdı. Azərbaycanda nüvə elmlərinin inkişafı üçün zəmin olaraq MDB-nin və AEBA-nın imkanlarından istifadəyə xüsusi yer verirdi. Onun birbaşa göstərişi ilə Azərbaycan MDB-nin Atom Enerjisinin Dinc Məqsədlərlə İstifadəsi üzrə Dövlətlərarası Komissiyasının üzvü oldu. AEBA ilə texniki əməkdaşlıq üzrə birgə layihələrdən bəhrələnərək respublikamızda kadr hazırlığı, tənzimləmə üzrə infrastruktur formalaşmasına xüsusi fikir verirdi. Müstəqilliyin ilk dövrlərində Azərbaycanın iqtisadi durumu zəif olduğundan nüvə elmləri sahəsində tədqiqat avadanlıqları əsasən beynəlxalq layihələr vasitəsi ilə əldə edilir və yaxud da elmi işlər beynəlxalq mərkəzlərdə həyata keçirilirdi.
Ulu öndərin dinc nüvə strateji xətti, nüvə və radiasiyalı tədqiqatlara dəstək və bu istiqamətdə dövlətimizin mövqeyi Respublika Prezidenti cənab İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə uyğun həyata keçirilir. Belə ki, Azərbaycan dövlətinin dəstəyi ilə respublikamızda Tədqiqat Nüvə Reaktorunun əsaslandırılması və Radiasiyalı Texnologiyaların imkanlarının genişləndirilməsi üzrə AEBA ilə birlikdə layihə həyata keçirilir. Ölkə Prezidenti müstəqil Azərbaycan Respublikasının nüvə və radiasiya təhlükəsizliyi probleminin həllinə böyük önəm verir. Belə ki, ölkədə nüvə təhlükəsizliyi problemlərinin həlli üçün infrastrukturun yaradılması, nüvə və radioaktiv materialların istifadəsi və saxlanılması zamanı təhlükəsizliyə, texnoloji sistemlərdə istifadə olunan nüvə və radioaktiv materialların aktivliklərinə nəzarətin artırılması kimi problemlərin həlli məqsədi ilə Fövqəladə Hallar Nazirliyinin tərkibində "Nüvə və radioloji fəaliyyətin tənzimlənməsi üzrə" Dövlət Agentliyi yaradılmışdır. Azərbaycanda nüvə terrorizminin qarşısının alınması üçün sərhəd-keçid məntəqələrində beynəlxalq standartlara uyğun nüvə və radiasiya təhlükəsizliyi sistemləri qurulmuşdur. Ölkədə radiasiya təhlükəsi yarada bilən lokal sahələrin təmizlənməsi, radioaktiv mənbə və materialların utilizasiyası üzrə müxtəlif layihələr həyata keçirilmış, respublika ərazisinin radiasiya fonu, təbii radioaktiv maddə və materiallar üzrə radiasiya xəritəsinin yaradılması ilə əlaqədar işlər həyata keçirilməkdədir.
Azərbaycan Respublikası bu gün SERN, Dubna və sair nüvə və yüksək enerjili hissəciklər fizikası üzrə beynəlxalq mərkəzlərdə aparılan elmi layihələrdə aktiv iştirak edir, dünya nüvə elminə öz töhfəsini verir. Azərbaycan alimləri Böyük Adron Kollayderində təcrübələrdə, Dubna Beynəlxalq Nüvə Mərkəzində yeni növ şüa detektorları yaradılması, tədqiqat nüvə reaktorunun neytron balansını və orada müxtəlif enerjili neytronların materiallara təsirinin tədqiqi üzrə böyük işlər aparırlar.
Azərbaycan dövləti artıq Azərbaycanda radiasiya texnologiyaları imkanlarının genişlənməsi üzrə Sterilizasiya Məqsədli Güclü Qamma Şüalanma Kompleksinin yaradılması üzrə layihə icra edir. Azərbaycan alimləri dünyanın müxtəlif nüvə mərkəzlərində tədqiqat nüvə reaktorunda radiasiya materialşünaslığı, neytron aktivləşmə, hissəcik-nüvə toqquşması üzrə sərbəst elmi işlər aparırlar.
Azərbaycan Prezidenti cənab İlham Əliyev ulu öndərimiz Heydər Əliyevin siyasi xəttinə sadiq qalaraq nüvə istiqamətində tarazlı, təhlükəsizlik təminatlı, müasir, daxili və beynəlxalq duruma uyğun olan nüvə siyasəti yeridir və bu istiqamətdə böyük uğurlar qazanılıbdır.
Bu gün Azərbaycan nüvə ölkəsi olmamasına baxmayaraq, nüvə təhlükəsizliyi sammitlərinə dəvət olunur, ölkəmizin etibarlı tərəfdaş olmasını bütün mötəbər məclislərdə bəyan edirlər. Prezident İlham Əliyev Vaşinqtonda IV Nüvə Təhlükəsizliyi Sammitində çıxışı zamanı demişdir: "Əvvəla, Azərbaycanı Sammitdə iştirak etməyə dəvət etdiyiniz üçün Sizə minnətdarlığımı bildirmək istəyirəm. Biz bu dəvəti dostluq, tərəfdaşlıq və Azərbaycanın regionda oynadığı rolun təzahürü kimi qəbul edirik. Belə bir mötəbər beynəlxalq toplantıda iştirak etmək bizim üçün böyük şərəfdir. Biz Prezident Obamanın dünya miqyasında nüvə təhlükəsizliyinin möhkəmləndirilməsi istiqamətində həyata keçirdiyi fəaliyyətini və səylərini tam dəstəkləyirik".
Azərbaycan Prezidenti cənab İlham Əliyev ulu öndərin bu sahədə həyata keçirdiyi siyasətin davamı olaraq digər beynəlxalq tədbirlərdə olduğu kimi, yüksək tribunalardan ölkəmizin maraqlarına xidmət edən bəyanatlarla çıxış edir.
Vaşinqtonda IV Nüvə Təhlükəsizliyi Sammitində də İlham Əliyev vurğulayıb: "Diqqətinizi yönəltmək istədiyim digər bir məsələ isə Ermənistanın 1976-cı ildə inşa edilmiş, köhnəlmiş atom elektrik stansiyasının istismarı ilə bağlıdır. Bu stansiya köhnələn reaktorunu soyutmaq üçün su qıtlığı yaşanan çox seysmik bir zonada yerləşir və region üçün birbaşa təhlükə doğurur. Elektrik stansiyasını istismardan çıxarmaq əvəzinə Ermənistan onu 2026-cı ilə qədər istismar etməyi planlaşdırır. Bu isə o deməkdir ki, bütöv region, o cümlədən Ermənistanın özü də növbəti on il ərzində təhlükə içində yaşayacaqdır. Mən beynəlxalq birliyin diqqətini bu məsələyə yönəltmək istəyirəm ki, elektrik stansiyasının fəaliyyətinin dayandırılması və beynəlxalq ictimaiyyətin gözlədiyi qayda və prosedurlara əməl edilməsi üçün Ermənistana təzyiq göstərsin".
Son illərdəki Seul və Haaqa Nüvə Təhlükəsizliyi sammitlərində də Azərbaycan Prezidenti cənab İlham Əliyev hər dəfə Ermənistan Atom Elektrik Stansiyasının region üçün təhlükə mənbəyi olduğunu, regionun əsas problemi kimi dünya ictimaiyyətinin nəzərinə çatdırmışdır.
Heydər Əliyevin nurlu xatirəsi qəlbimizdə, yaddaşlarda əbədi yaşayır. O, bizim üçün həmişə əziz olub, əziz olaraq da qalacaqdır. Ulu öndər nurlu bir müdriklik simvolu idi. Dahi və bənzərsiz şəxsiyyət parlaq günəşdir ki, üzərimizə səpələnən şüaları onun işıqlı ideyalarıdır. Bu şüalar həyatımızın hər sahəsinə işıq salır, bizə yol göstərir. Bir sözlə, Azərbaycanı inkişaf etdirən, ona beynəlxalq aləmdə nüfuz qazandıran Heydər Əliyev siyasəti uğurlu sabahımızın, xoşbəxt gələcəyimizin də təminatçısıdır.




[email protected]