Böyük Azərbaycan şairi Nizami Gəncəvi

Böyük Azərbaycan şairi Nizami Gəncəvi

YEGANƏ BAXŞƏLİYEVA

Bakı şəhəri, 29 nömrəli tam orta məktəbin

riyaziyyat müəllimi, "Qızıl qələm",

"Zəfər" media mükafatı laureatı 

 
 
Azərbaycan xalqının bəşər mədəniyyəti xəzinəsinə bəxş etdiyi böyük ədəbi şəxsiyyət, görkəmli şair və mütəfəkkir Nizami Gəncəvi ölməz əsərləri ilə dünya şöhrəti qazanmışdır.

Nizami Gəncəvinin adı dünya ədəbiyyatının ən görkəmli klassikləri sırasında çəkilir.  Nizami Gəncəvi (1141-1209) də Dante, Servantes, Şeks­pir, Əbdürrəhman Cami, Əlişir Nəvai, Məhəmməd Füzuli, Balzak, Vüktor Hüqo kimi mənsub olduqları xalqın milli iftixarı olan sənətkar olmaqla bərabər, həm də dünya ədəbiyyatını yüksək səviyyədə təmsil edir.

Dünyanın harasından, Şərq­dən, yoxsa Qərbdən baxılmasından asılı olmayaraq, Nizami Gəncəvi şeir-sənət səmasında günəş kimi parlayır. Bütövlükdə mədəni dünya Nizami Gəncə­vini dahi şair, qüdrətli sənətkar, bəşəri təfəkkürə malik böyük mü­təfəkkir kimi qəbul edir. Bu mənada Nizami Gəncəvi söz sənətinin möh­təşəm bahadırıdır. Onun əsərlərində dünyanın bir çox ölkə­lərinin və xalqlarının həyatından alınmış ibrətamiz sü­jetlər və işıqlı, düşün­dürücü obrazlar vardır. Ölməz sənətkarın «Xəmsə» adlanan məşhur poemaları sanki Qərbin və Şərqin ədəbiyyat ensiklope­diyasıdır. Yunanıstandan Hindis­tana, Ərə­bis­tan­dan Rusiyaya, İrandan Balkanlara qədərki geniş məkanın hadisələri və şəxsiyyətlərini Nizami Gəncəvi böyük mə­harətlə ədəbiyyata həkk et­mişdir. Böyük fateh Makedoniyalı İsgəndərin az qala dün­yanın yarısını əhatə edən yürüşlərini heç bir sənətkar dünya ədəbiy­yatında Nizami Gəncəvi miqyasında yüksək bədii səviyyədə işıqlandıra bil­mə­mişdir. Nizami Gəncəvinin bir sənətkar kimi şöhrətini daha çox Makedoniyalı İsgəndərlə müqayisə etmək olar. İsgən­dərin qılıncla fəth etdiyi ölkələri Nizami Gəncəvi qələmlə ram etmişdir. Bu mənada Nizami Gəncəvi dün­ya ədəbiy­yatının Makedoniyalı İsgəndəridir. O, Azərbaycan ədəbiyyatına Makedoniyalı İsgəndər şöhrəti qazandırmışdır. Makedoniyalı İsgəndərin bir xidməti də Qərb anlayışını Şərq xalqlarına çat­dırmaq olduğu kimi, Nizami Gəncəvinin dünya dillərinə tərcümə edilmiş əsərləri va­sitəsilə Avropa xalqları geniş şəkildə Şərqi tanımaq imkanı qazanmışlar. Bu mənada Ni­zami Gəncəvi Şərq  dünyasının və Azərbaycanın Qərb ölkələrində və ümumən dünyada ən böyük bələdçisidir.

Nizami Gəncəvi 1141-ci ildə Azərbaycanın qədim Gəncə şəhərində anadan ol­muşdur. Tarix boyu Gəncə şəhəri həmişə Azərbaycana aid ol­muş, bu şəhərdə azərbaycanlıların ulu babaları olan oğuz tay­fa­ları yaşa­mışlar. Özünə Nizami Gəncəvi təxəllüsü qəbul etmiş İlyas Yusif oğlu Gəncə şəhərində mədrəsə təhsili almış, həyatını əsasən bu şəhərdə keçirmişdir. Ehtimala görə o, çox az hallarda Gəncə şəhərindən kənara çıxmışdır. Şairin Gəncədən çıxaraq getdiyi yerlərdən bi­rinin Həmdünyan kəndi olduğunu iddia edirlər. «Xosrov və Şirin» poemasında yazıldığına görə, Nizami Atabəy Qızıl Arslan tərəfindən 1187-ci ildə ona bağışlanmış bu kəndə getmiş, "gəlirindən artıq onun xərci” olan cəmi "yarımca ağac”lıq” bu kəndin ona ərməğan edilməsindən razı qalmamışdır.

Tədqiqatçıların əksəriyyəti Həmdünyan kəndinin bağışlan­ması faktının Qızıl Arslanın Nizami ilə Gəncə şəhəri ətrafındakı görüşü zamanı baş tutduğu qənaətindədirlər. Bununla belə, hə­min tarixi görüşün Gəncə yaxınlığında deyil, Gəncə şəhəri ilə Təbriz arasındakı ortaq bir məntəqədə baş verdiyini ehtimal edən müla­hizələr də vardır.
Nizami Gəncəvi dünya ədəbiyyatında «Xəmsə» adı ilə tanınan 5 məşhur poeması ilə böyük şöhrət qazanmışdır. İlk növbədə onu qeyd etmək lazımdır ki, Nizami Gəncəvi Şərq ədəbiyyatında, türk-müsəlman dünyasında «Xəmsə» («Beşlik») adlanan poemalar silsiləsinin əsasını qoymuşdur. Böyük ustad sənətkardan sonra «Xəmsə» yaratmaq Şərq ədəbiyyatında ənənəyə çevrilmiş, bir çox xalqların şairləri «Beşlik» poemalar yaratmışlar.
Dahi sənətkar Nizami Gəncəvinin ölməz əsərləri həmişə gənc­dir, aktualdır, bəşəridir və müasirdir. Nizami bütün zamanlar üçün humanizmin, ədalətin, bərabərliyin böyük carçısıdır.

Bəşəriyyətin həmişə Nizami Gəncəvinin böyük ideallarına ehtiyacı olacaqdır.

Görkəmli Azərbaycan şairi Nizami Gəncəvi bütün zamanların və gələcəyin qüdrətli şairi və böyük mütəfəkkiri kimi əbədiyyət qazan­mış­dır.



[email protected]