1 yanvar görkəmli alim, pedaqoji elmlər doktoru, professor, Əməkdar elm xadimi, Beynəlxalq Pedaqoji Akademiyanın həqiqi üzvü ,Pedaqoji və Sosial Elmlər Akademiyasının akademiki, hər şeydən öncə isə sadə və səmimi müəllim Fərrux Rüstəmovun doğum günüdür.
Fərrux Rüstəmov 1 yanvar 1961-ci ildə Qərbi Azərbaycanın Göyçə mahalının Cil kəndində anadan olmuşdur. 1978-ci ildə Cil kənd orta məktəbini əla qiymətlərlə başa vurmuş, həmin ildə V.İ.Lenin adına (indiki ADPU) APİ-nin pedaqoji fakültəsinə qəbul olunmuşdur. Tələbəlik illərində fakültə əlaçılar şurasının və tələbə elmi cəmiyyətinin sədri kimi fakültənin və institutun ictimai-pedaqoji həyatında fəal iştirak etmiş, "Əla təhsilə görə", "Əla təhsilə və ictimai işə görə" SSRİ Ali və Orta İxtisas Təhsili Nazirliyinin, ÜİLKGİ-nin döş nişanları, Azərbaycan Ali və Orta İxtisas Təhsili Nazirliyinin I-II dərəcəli diplomları (tələbə elmi tədqiqat işinə görə), ÜİLKGİ-nin və institut rektorluğunun Fəxri Fərmanları ilə təltif olunmuşdur. Təhsil əlaçısı, bacarıqlı tədqiqatçı və ictimaiyyətçi tələbə kimi təhsil illərində ən yüksək təqaüdə - Lenin təqaüdünə layiq bilinmiş, Lenin təqaüdü ilə oxuyan ali məktəb tələbələrinin 1982-ci ildə Bakıda keçirilən Ümumittifaq konfransında iştirak (həm də çıxış) etmişdir. 1982-ci ildə institutu fərqlənmə diplomu ilə başa vurmuş, təyinatla Quba rayonunun Rəngidar kəndindəki səkkizillik məktəbdə 1982-1985-ci illərdə müəllim və məktəb direktoru işləmişdir. Az vaxt ərzində məktəbin maddi-texniki bazasını yaxşılaşdırmış, məktəbi ixtisaslı kadrlarla təmin etmiş, kollektivdə işgüzar mühit yaratmış, şagirdlərin, müəllimlərin və kənd əhalisinin sevimlisinə çevrilmişdir. 1985-ci ildə elmi işə maraq onu yenidən V.İ.Lenin adına APİ-yə gətirmiş, o, pedaqogikanın nəzəriyyəsi və tarixi üzrə əyani aspiranturaya qəbul olunmuşdur. 1985-1987-ci illərdə sovet ordusu sıralarında Qazaxıstanın Leninski şəhərində xidmət etmişdir. Hərbi xidmətdən sonra aspirantura təhsilini davam etdirmiş, akademik Hüseyn Əhmədovun elmi rəhbərliyi altında "Azərbaycan sovet pedaqoji elminin inkişafı (1961-1981-ci illər)" mövzusunda elmi axtarışlarını başa çatdırmış, vaxtından xeyli əvvəl, 1989-cu ildə müdafiə edərək pedaqoji elmlər namizədi, 2003-cü ildə "Azərbaycanda pedaqoji elmin inkişaf yolları (1920-1991-ci illər)" mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş, pedaqoji elmlər doktoru alimlik dərəcəsi almışdır. ADPU-nin Ümumi pedaqogika kafedrasının nəzdindəki "Şagirdlərin peşəyönümü" problem elmi laboratoriyasında kiçik elmi işçi kimi fəaliyyətə başlayan F.Rüstəmov, az sonra kafedrada müəllim kimi əmək fəaliyyətini davam etdirmişdir. "Dədə Qorqud" elmi-tədqiqat laboratoriyasının "Pedaqogika, psixologiya, fəlsəfə" bölməsinin rəhbəri olmuşdur. 1998-2006-cı illərdə Bakı Qızlar Universitetinin pedaqogika kafedrasının müdiri olmuşdur. 22 aprel 1998-ci ildə Beynəlxalq pedaqoji Akademiyanın (Moskva) həqiqi üzvü (akademiki) seçilmişdir. Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. "Akademik Mehdi Mehdizadə", "Gənc alimlər" və "Qızıl qələm" mükafatları laureatıdır. ADPU-nun "Xəbərlər" nin pedaqoji-psixoloji elmlər seriyasının redaktorudur. 2007-ci ildə ADPU-nun pedaqoji fakültəsinin dekanı, böyük Elmi şuranın üzvü və pedaqoji fakültənin Elmi Şurasının sədri seçilmişdir. ADPU -nun Elmi şurasının qərarı ilə " İlin müəllimi və İlin alimi" muüsabiqəsinin qalibi olmuşdur. 2007-2012-ci illərdə ADPU-nun ibtidai təhsilin pedaqogikası kafedrasının müdiri olmuşdur. 2004 -cü ildən professordur. ADPU-də fəaliyyət göstərən ümumi pedaqogika, pedaqogika və təhsilin tarixi üzrə ixtisaslaşdırılmış Dissertasiya Şurasının sədr müavinidir. 2010-cu ildə "Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi" döş nişanı ilə təltif olunmuşdur. 2010-cu ilin aprelində Pedaqoji və Sosial Elmlər Akademiyasının həqiqi üzvü (akademiki) seçilmişdir. Təhsildə və elmdə qazandığı uğurlara görə Azerbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Tərəqqi medalı" (2006) ilə təltif olunmuş , "Əməkdar Elm Xadimi" (2012) fəxri adı verilmişdir.
İlk kitabını 1990-cı ildə nəşr etdirən F.Rüstəmovun qısa bir dövr ərzində 30-dan artıq monoqrafiya, kitab və kitabçanın, 31 tədris proqramının, 200 elmi məqalə və tezisin, 250-yə qədər elmi-pedaqoji və publisistik yazının müəllifidir. 10 kitabın tərtibçisidir. 40-a yaxın kitabın elmi redaktoru olub. Rəhbərliyi ilə 8 nəfər pedaqogika üzrə fəlsəfə doktoru dissertasiyası müdafiə edib. 3 nəfərin doktorluq , 20 nəfərin namizədlik dissertasiyasının rəsmi opponenti olub. Təhsil haqqında qanunu hazırlayan işçi qrupunun üzvü olmuşdur.
"Pedaqoji tədqiqatlar" elmi məqalələr məcmuəsinin redaktorudur. Elmi - pedaqoji fəaliyyəti ilə bağlı "Professor Fərrux Rüstəmov 50" kitabı (2011, 576 səh.) nəşr olunmuşdur.
Əsərləri Bakı, İstanbul , Tbilisi, Moskva, Çeboksarı, Səmərqənd, Təbriz şəhərlərində nəşr olunmuşdur.
Prof. F.Rüstəmov akademik Hüseyn Əhmədovun əsərlərinin biblioqarfik göstəricisinin (1996, 2001, 2006), həm də 5 cildlik "Seçilmiş pedaqoji əsərləri"nin tərtibçilərindən biridir.
Məhəmməd Peyğəmbər müsəlmanlara təkidlə "Beşikdən məzara qədər elm öyrənin!” - deyirdi. Bu baxımdan Fərrux müəllim öz elmi araşdırmalarını bu gün də məhsuldar şəkildə davam etdirir. Öz həyatını Azərbaycan elminin inkişafına həsr etmiş bu görkəmli alimi, bizim hamımızın əziz müəllimini doğum günü münasibətilə ürəkdən təbrik edir, ona ömrün bu kamillik zirvəsində uzun, sağlam həyat arzu edirik.
Təbrikə İctimai fikir.az xəbər portalının rəhbəri Nahidə Aslanqızı və kollektivi də qoşulur, Fərrux müəllimə şərəfli həyat və peşə yolunda uğurlar diləyirlər.
Ayşə Məmmədova
ADPU-nun "İbtidai təhsilin pedoqogikası" kafedrasının
baş müəllimi,pedaqogika üzrə fəlsəfə doktoru
[email protected]