Həcər Nəsirova
İki dəfə Sovet İttifaqı Qəhrəmanı tank qoşunları
general-mayoru Həzi Aslanovun ev muzeyinin
baş fond mühafizi (fond müdiri), "Müstəqil Azərbaycan-100”, "Zirvədəki Azərbaycanlılar”, "Fəxri Fərman”, "Azərbaycan Qadını”
media mükafatları laureatı
Nəsirova Həcər Fərhad qızı 1973-cü il yanvarın 1-də Lənkəran rayon Rvo kəndində anadan olub. 1990-cı ildə Rvo kənd tam orta məktəbini bitirib. 1991-ci ildə Mirzəağa Əliyev adına Dövlət Mədəniyyət və İncəsənət Universitetinin teatr sənəti fakültəsinə daxil olmuş, 1997-ci ildə teatrşünaslıq ixtisası üzrə tam kursu bitirmişdir. Həmin ildən Rvo kənd klubunda mədəni tədbirlərin təşkilatçısı vəzifəsində çalışmış və 2000-ci ildə öz arzusu ilə Lənkəran rayon Lüvəsər kənd tam orta məktəbində psixoloq vəzifəsində çalışmağa başlamışdır.
2007-ci ildə Lənkəran şəhər H.Aslanovun ev muzeyinə işə dəvət alan Həcər Nəsirova böyük fəxarət hissi ilə bələdçi vəzifəsində çalışmağa başlayır. 2014-cü ildə H.Aslanov ev muzeyində baş fond mühafizə vəzifəsinə irəli çəkilib.
"Zirvədəki Azərbaycanlılar - II” kitabının müəllifidir.
***
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva Azərbaycanda təhsilin, mədəniyyətin, səhiyyənin, idmanın inkişafı, ölkəmizlə bağlı həqiqətlərin dünyada təbliği, xalqımızın maddi-mənəvi dəyərlərinin yenidən dirçəldilməsi, onların qorunub saxlanılması, dünya xalqlarının mədəniyyətlərinə inteqrasiyası istiqamətində böyük işlər görüb. Azərbaycan və dünya xalqlarının sosial-mənəvi həyatına verdiyi töhfələrlə yanaşı, Mehriban xanım Əliyeva ictimai-siyasi fəaliyyəti ilə də nümunə təşkil etməkdədir.
Mehriban xanım Əliyevanın fəaliyyəti dünya miqyasında yüksək dəyərləndirilir
Mehriban xanım Əliyevanın gördüyü işlər təkcə Azərbaycanda deyil, dünya miqyasında da yaxından izlənilir və yüksək qiymətləndirilir. Elə buna görədir ki, Mehriban xanım Əliyevanın genişmiqyaslı fəaliyyəti daim diqqət mərkəzində olub və ayrı-ayrı dövlətlər, beynəlxalq təşkilatlar tərəfindən müxtəlif mükafatlara layiq görülüb. Mehriban xanım Əliyeva 2004-cü il avqustun 13-də Azərbaycanın şifahi xalq ədəbiyyatının və musiqi irsinin qorunub saxlanılması və inkişaf etdirilməsi sahəsindəki fəaliyyətinə görə YUNESKO-nun xoşməramlı səfiri adına, 2005-ci il iyunun 9-da ictimai, messenatlıq və xeyriyyəçilik fəaliyyətinə, həmçinin təhsil və mədəniyyət müəssisələrinin dəstəklənməsinə, Rusiya və Azərbaycan xalqları arasında dostluğun möhkəmlənməsinə sanballı töhfələrinə görə Rusiyanın "Yüzilliyin messenatları” Beynəlxalq Xeyriyyə Fondunun "Yaqut Xaç” ordeninə, sivilizasiyalararası dialoq daxil olmaqla, müxtəlif sahələrdə genişmiqyaslı və fədakar fəaliyyətinə, qayğıya ehtiyacı olan uşaqlara diqqətinə, onların yaşayış şəraitinin yaxşılaşmasına, təhsilə, həmçinin İslam aləmində görülən işlərə böyük dəstəyinə görə 2006-cı il noyabrın 24-də İSESKO-nun xoşməramlı səfiri adına, 2007-ci ildə bəşəriyyətin ali ideyalarına xidmətdə qazandığı görkəmli nailiyyətlərə görə "Qızıl ürək” beynəlxalq mükafatına, 2009-cu ildə Azərbaycanın ictimai-siyasi və mədəni həyatında səmərəli fəaliyyətinə görə "Heydər Əliyev Mükafatı”na, həmçinin, iki mötəbər mükafata - Fransa dövlətinin "Şərəf Legionu” ordeninə və YUNESKO-nun "Qızıl Motsart” medalına, eyni zamanda, Krans Montana Forumunun Qızıl medalına, Polşa Respublikasının "Xidmətlərə görə” Böyük Komandor Xaçı ordeninə, İslam mədəni irsinin dünyada geniş təbliği, Azərbaycanda və ölkə hüdudları xaricində nəcib xeyriyyə fəaliyyəti, təhsilə, tibbə verdiyi böyük töhfələrə görə Küveyt Dövlətinin Fəxri diplomuna, Azərbaycanda "Heydər Əliyev” ordeninə, Rusiyada Müqəddəs Mələksima Knyaginya Olqa ordeninə, İtaliyanın "Xidmətlərinə görə” Böyük Xaç Kavaleri ordeninə layiq görülüb.
Azərbaycanda müasir xeyriyyəçilik institutunun əsası Mehriban xanım Əliyeva tərəfindən qoyulub
Mehriban xanım Əliyevanın Azərbaycan cəmiyyəti üçün həyati əhəmiyyət daşıyan fəaliyyət istiqamətlərindən biri də xeyriyyəçilikdir. Mehriban xanımın bu sahədəki fəaliyyətini izlədikdə bir daha əminliklə demək olar ki, Azərbaycanda müasir xeyriyyəçilik institutunun əsası Mehriban xanım Əliyeva tərəfindən qoyulub. Məhz bu gün ölkəmizdə Mehriban xanım Əliyevanın rəhbərliyi ilə xeyriyyəçilik sektorunun köhnə filantropiyaya xas olan paternalizm ruhundan azad olunması və onun mütəşəkkil, ölkə miqyasında konsolidasiya edilmiş, öz standartları, infrastrukturu və texnologiyaları olan müasir "sənaye”yə çevrilməsini müşahidə edirik.
Mehriban xanım Əliyeva xeyriyyəçilik fəaliyyəti ilə Azərbaycanda bu sahədə sosial-fəlsəfi təməl yaratmaqla yanaşı, gələcək nəsillərə nəcib bir yolun əsas konturlarını göstərmiş olur. Mehriban xanım Əliyeva müsahibələrinin birində qeyd edir ki, müasir Azərbaycanda xeyriyyəçilik institutunun inkişaf perspektivləri, ilk növbədə, ölkəmizin gələcək iqtisadi inkişafı, sosiomədəni modernləşməsi, vətəndaş cəmiyyətinin möhkəmlənməsi və cəmiyyətimizin mənəvi tərəqqisi ilə bağlıdır: "Çünki bu amillər bir-biri ilə bağlıdır və bütövlükdə xeyriyyəçilik sahəsində dəyişikliklər tələb edən, eyni zamanda, bunun üçün zəruri imkanlar yaradan prinsipcə yeni mühit formalaşdırır. Şübhəsiz, iqtisadiyyat inkişaf etdikcə, vətəndaşlarımızın maddi rifahı yüksəldikcə, əhalinin sosial müdafiəsi və dəstəklənməsi tədbirləri gücləndikcə, xeyriyyəçiliyin strukturunda əhalinin imkansız təbəqəsinə birbaşa maddi yardımın xüsusi çəkisinin azalması labüddür. Buna müvafiq olaraq, xeyriyyəçilik resursları getdikcə daha artıq dərəcədə başqa ictimai ehtiyaclara - mədəniyyətin, elmin, təhsilin, səhiyyənin, idmanın inkişafına, təbii mühitin qorunmasına və yaxşılaşdırılmasına, digər oxşar sahələrə yönələcək. Azərbaycan cəmiyyətinin sosiomədəni transformasiyası xeyriyyəçilərin öz fəaliyyətlərində "ənənəvi” cəmiyyət üçün daha çox səciyyəvi olan adət və ənənələri deyil, səmərəlilik, praqmatizm, ictimai faydalılıq mülahizələrini və özlərinin üstünlük verdikləri məqamları rəhbər tutacaqlarına gətirib çıxaracaq”.
Göründüyü kimi, bu gün ölkəmizdə fərdi və korporativ filantropiya ilə yanaşı, xeyriyyəçilik sisteminin bir sosial institut kimi iş mexanizmində xüsusi imkanları və məxsusi yeri olan mütəşəkkil vətəndaş xeyriyyəçilik sektoru formalaşır və o, gələcək perspektivlərdə daha da möhkəmlənəcək. Təbii cəmiyyətin demokratikləşməsi və humanistləşməsi yolu ilə irəlilədikcə, ölkəmizdə xeyriyyəçiliyin tərəqqisi yolundakı mənəvi-əxlaqi maneələr də aradan qalxacaq. Əlbəttə ki, bu vacib sektorda Mehriban xanım Əliyevanın əsasını qoyduğu ənənə və nümunəvi fəaliyyət müasir Azərbaycan xeyriyyəçilik institutunun daha da inkişafına yeni imkanlar açır, stimul verir.
Heydər Əliyev Fondu: sosial-mədəni və humanitar layihələrin təşəbbüskarı, insanların ümid yeri
Mehriban xanım Əliyeva 2004-cü ildən təsis edilmiş Heydər Əliyev Fondunun prezidenti kimi Azərbaycan cəmiyyəti və dünya xalqları üçün xüsusi əhəmiyyəti ilə seçilən sosial-humanitar layihələrin təşəbbüskarı və reallaşdırıcısı olub. Yarandığı gündən qarşısına qoyduğu ali məqsədlərin gerçəkləşdirilməsi naminə inamla çalışan, qısa müddətdə strateji əhəmiyyət daşıyan bir sıra layihələri gerçəkləşdirən Heydər Əliyev Fondu son 14 ildə cəmiyyətdə xeyirxahlıq ünvanına çevrilib.
[email protected]