Müasir dövrümüz elm və texnika dövrüdür, inkişaf əsasən bu iki amillə izah olunur. Təhsilsiz isə bu sahələrdə heç bir irəliləyiş ola bilməz. Dövlətin savadlı kadr potensialı da məhz müasir təhsil və keyfiyyətli tədrislə yaradılır.
Azərbaycan xalqının ümummilli lideri, görkəmli ictimai-siyasi xadim Heydər Əliyevin dövlətçilik fəaliyyətində təhsilə diqqət xüsusi yer tutur. Təsadüfi deyil ki, ulu öndər: "Təhsil millətin gələcəyidir”, - deyirdi. Ümummilli lider ölkənin və dövlətin hərtərəfli tərəqqisində millətin imzasının imzalar içində seçilməsində təhsilin rolunu həmişə yüksək dəyərləndirər və inkişafına qayğı göstərərdi. Dahi rəhbər deyirdi: "Hər bir dövlət əgər istəyirsə ki, öz ölkəsinin inkişafını təmin etsin, öz millətinin elmini, mədəniyyətini dünya standartlarına çatdırsın, o, mütləq, hər şeydən çox təhsilə fikir verməlidir, təhsilin inkişafına səy göstərməlidir, təhsil üçün bütün imkanları yaratmalıdır”. Ulu öndər təhsilin məzmununun, səmərəli təşkilinin dövlətin hərtərərfli inkişafında həlledici rol oynadığını, müəllim əməyinin yüksək dəyərini vurğulamış, şagirdlərin və tələbələrin əsl vətəndaş və savadlı olmaları üçün bu sahədə böyük inkişafa rəvac verən sistemli tədbirlər həyata keçirmişdir.
İstər keçmiş SSRİ, istərsə də müstəqillik illərində Azərbaycana rəhbərliyi dövründə ümummilli lider təhsilə, tərbiyəyə elmi, strateji sahə kimi baxmış, Vətənin, xalqın tərəqqisi naminə o, bu sahədə qarşıya çıxan problemlərin həllinə yüksək həssaslıqla yanaşmışdır. Müdrik dövlət xadimi təhsilin həm də, hər bir vətəndaşın həyatını düzgün qurmasında, fəal vətəndaş mövqeyinin formalaşdırmasında, cəmiyyətdə, dövlət quruculuğu prosesində yaxından iştirak etməsində mühüm rol oynayan amil olduğunu diqqətə çatdırmışdır: "Həyat böyük bir prosesdir. Bu prosesdə uğurla iştirak etmək üçün insan müasir tələblərə uyğun olan təhsilə malik olmalıdır”. Ulu öndərin bu ifadələri aforizm xarakterlidir, o, təhsilin insana cəmiyyətdə, həyatda gənclərin layiqli yer tutmalarında, şüurunun formalaşmasında mühüm əhəmiyyətə malik olduğunu demişdir. Heydər Əliyev orta məktəbə təhsilin bünövrəsi qiymətini vermişdir: "İnsan təhsilinin əsasını orta məktəbdə alır... Əgər onun fundamental, köklü orta təhsili varsa, o, cəmiyyətdə özünə yer tapacaq, çalışacaq, ...cəmiyyətimizin şüurlu üzvü olacaqdır”. Qeyd etmək vacibdir ki, dahi rəhbərin təhsilin qarşısında duran vəzifələrlə bağlı tövsiyə və tapşırıqları Azərbaycanın strateji inkişafı üçün yüksək dəyərini saxlayan zəruri fəaliyyət proqramıdır. Xalqımızın böyük oğlu Heydər Əliyev müasir dövrün çox mühüm tələbi olan şagirdlərin və tələbələrin bütün müvafiq elmlər üzrə zəruri biliklərə yiyələnməsini, onların öz seçdikləri ixtisaslarına uyğun fənləri daha dərindən öyrənmələrini xüsusi olaraq tövsiyə etmişdir: "Bizim uşaqlarımız, gənclərimiz hər bir fənni bilməlidirlər və xüsusən o fənlərdə ki, ixtisaslaşmaq istəyirlər, onu daha da yaxşı bilməlidirlər... Amma orta məktəblər üçün bizim bir neçə şərtlərimiz vardır, onları həyata keçirməlidirlər. Ana dilini bilməlidirlər, ədəbiyyatımızı bilməlidirlər, bizim tariximizi bilməlidirlər, bizim mədəniyyətimizi bilməlidirlər”. Bu tapşırıq vətənsevərlik, milli mənəviyyatımızı inkişaf etdirmək, bir xalq kimi əsrlərcə yaşamaq üçün strateji inkişaf yolunu göstərir. Çünki dil, ədəbiyyat, tarix millətin varlığı, onun dünya xalqları içində pasportudur. Bütün bu müddəalar gələcək nəslimizin təlim-tərbiyəsi və təhsilin milli məzmununu müəyyənləşdirən çox mühüm istiqaməti göstərir və xalqımızın, vətəndaşlarımızın qarşısında ciddi bir vəzifələr qoyur.