AZƏRBAYCAN İNKİŞAFIN YÜKSƏLİŞİNDƏ

 AZƏRBAYCAN İNKİŞAFIN YÜKSƏLİŞİNDƏ
 
 
Qasımova Ləzifə Nağı qızı
BDU-nun "Pedaqogika” kafedrasının 
müdiri, pedaqogika elmləri doktoru, professor

Bəşər idrakının, mədəniyyətinin, mənəviyyatının inkişafına, onun ali səviyyəsinə göstərilən xidmət tarix səhifəsinə həkk olunur. Bu yüksək idrakı, mədəni və mənəvi fəaliyyət insan kamilliyinin göstəricisi kimi bütün dövrlərdə bəşəriyyət tərəfindən xeyirxahlıq kimi dəyərləndirilir. Belə xeyirxahlıqdan biri xalqının milli irsinə, kimliyinə, tarixinə, elminə diqqətlilik, qədim mədəniyyətinə göstərilən xidmətdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan elminin, təhsilinin, milli mədəniyyətinin inkişafı, mənəvi dəyərlərinin qorunub saxlanılması üçün fədakarlıq göstərir, bu sahədə dövlət dəstəyini və şəxsi dəstəyini əsirgəmir. Onun elmimizə, təhsilimizə, milli-mənəvi dəyərlərimizə hörmət və qayğısı cəmiyyətin paklığının qorunması və yüksək amallara qovuşması imkanlarını gerçəkləşdirir, xalqın öz kökü üstündə inkişafına güclü mənəvi təkan verir.
Məlum olduğu kimi Azərbaycanda elmin, təhsilin tarixi və böyük ənənələri vardır. Etiraf etmək lazımdır ki, ölkəmizdə elmin sistemli şəkildə inkişaf etdirilməsində XX əsr xüsusi mərhələ təşkil edir. Müstəqillik illərində Azərbaycanda elm struktur-təşkilati cəhətdən yeniləşir, təkmilləşdirilir və inkişaf etdirilir. Azərbaycanda elmin sürətli inkişafı təhsilimizin yeniləşməsinə, sahibkarlıq fəaliyyətinin genişləndirilməsinə, elmi-tədqiqat qurumlarının tənzimlənməsinə əsaslı təsir göstərmişdir.
Ölkəmizin prezidenti İlham Əliyevin 9 avqust 2016-cı il tarixdə təsdiq etdiyi "Elm haqqında” Azərbaycan Respublikasının Qanununda elmi tədqiqat qurumlarının və elmi işçilərin innovativ təşəbbüslərinin və sahibkarlıq fəaliyyətinin hüquqi cəhətdən tənzimlənməsinə dair konkret müddəaların öz əksini tapması həmin prosesin bundan sonra daha da genişləndirilməsinə real təminat verir. Bu qanunun qəbul edilməsi ölkəmizdə müstəqil olaraq elm siyasətinin artırılmasına tam hüquqi-siyasi təminat verir. Bütövlükdə 7 fəsil və 40 maddədən ibarət olan "Elm haqqında” Qanunda elmi fəaliyyət sahəsində dövlət siyasətinin prinsipləri, məqsədləri və prioritetləri, elmi işçilərin hüquqları, vəzifələri və sosial müdafiəsi, elmi müəssisələrin və təşkilatların funksiyaları, ali məktəb və sahə elminin fəaliyyət istiqaməti, yüksək ixtisaslı kadr hazırlığı sahəsində dövlət siyasətinin əsaslar, elmi fəaliyyətin idarə olunması, elmdə sahibkarlıq və innovasiya fəaliyyətinin imkanları, beynəlxalq elmi əməkdaşlığın yolları və s. kimi məsələlər öz əksini tapmışdır. Bu müstəqillik dövrü Azərbaycan elminin mükəmməl nizamnaməsidir. "Elm haqqında" Azərbaycan Respublikasının Qanunu vətən elminin milli dövlətçilik maraqları və bəşəri meyarlar əsasında inkişaf etdirilməsinə geniş üfüqlər açdı.
Azərbaycan dövlətinin ideoloji əsaslarını təşkil edən azərbaycançılıq məfkurəsi ölkəmizdə elmi fəaliyyətin də istiqamətlərini və hədəflərini müəyyən edir. Müstəqil Azərbaycan Respublikasının daha da inkişaf etdirilib möhkəmləndirilməsinə, müasir elmi məktəblərin və yeni elmi nəsillərin formalaşdırılmasına dünya birliyində xalqımızın və ölkəmizin tanıdılmasına xidmət etmək müasir Azərbaycan elminin şərəf işi və vəzifəsidir.
Cəmiyyət həyatının digər sahələrində olduğu kimi, təhsil sahəsində də kortəbii, kütləvi dağıdıcılıq proseslərinin qarşısı alınmışdır. Keçmiş Sovet dövründəki Azərbaycan təhsilində geniş yer tutmuş sosializm-kommunizm ideyaları və sosialist ideoloji prinsipləri bir kənara qoyulmaqla, davamlı ənənələr üzərində yeni dövrü təriflər əsasında milli təhsil konsepsiyası formalaşdırılmışdır. Hər şeydən əvvəl təhsil sistemindən Sovet ideologiyası uzaqlaşdırılmış, əvəzində tədris prosesində milli dövlətçilik və azərbaycançılıq ideyaları əsas kimi qəbul edilmişdir. Buna uyğun olaraq təhsilin bütün pillələri üzrə yeni tədris proqramları dərsliklər və tədris-metodik ədəbiyyat hazırlanaraq nəşr edilmiş, gənc nəslin istifadəsinə verilmişdir. 
Azərbaycanda müstəqillik illərində milli təhsilin formalaşdırılması və inkişaf etdirilməsində aparılan düşünülmüş və məqsədyönlü təhsil siyasətinin mühüm rolu və əhəmiyyəti vardır. Cəmiyyət həyatıının bütün sahələrində olduğu kimi, təhsil istiqamətində də dövlət siyasətinin əsasları Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuşdur. O, 1993-2003-cü illərdə ölkəmizdə milli təhsil strategiyasının hazırlanması və tətbiq olunması sahəsində mühüm islahatları həyata keçirmişdir. Azərbaycan dövlətinin böyük qurucusu Heydər Əliyevin möhkəm siyasi qənaətinə görə "təhsil sistemimiz müstəqil Azərbaycanın gələcək inkişafını təmin etməlidir". O, bu fikirdə idi: Cəmiyyətdə hər şey məktəbdən, təhsildən başlayır. Ona görə də ulu öndər həmişə qəti olaraq bəyan etmişdir ki, "Təhsil millətin gələcəyidir".
Ulu öndər Heydər Əliyevin 2003-cü ilin 17 fevralında imzaladığı "Azərbaycan Respublikasında yeni ümumtəhsil məktəblərinin tikintisi, əsaslı təmiri və müasir tədris avadanlıqları ilə təmin olunması"na dair proqramının (2003-2007-ci illər) təsdiq edilməsi haqqındakı sərəncamı ölkədə keçid dövründə dağıntılara məruz qalmış və maddi-texniki təchizatı aşağı düşmüş Azərbaycan məktəbinin xilasına xidmət etmişdir.
Azərbaycan Respublikasının birinci xanımı, Heydər Əliyev mərkəzinin rəhbəri, Milli Məclisin deputatı, İSESKO-nun xoşməramlı səfiri Mehriban xanın Əliyevanın irəli sürdüyü "Yeniləşən Azərbaycana yeni məktəb" adlı genişmiqyaslı kompleks proqramı da bu istiqamətdə meydana çıxmış, Dövlət Proqramının əsas hərəkətverici qüvvəsinə çevrilmişdir. Nəticədə Respublikamızın bütün regionlarında məktəblərin tikintisi, əsaslı təmiri, yenidənqurulması və kompüterləşməsi hərəkatı başlamışdır. Hər il ölkə üzrə müasir tipli məktəb binaları tikilib istifadəyə verilmiş, ümumtəhsil məktəbləri müasir kompüterlərlə, laboratoriya avadanlıqları ilə, məktəb ləvazimatları ilə təchiz olunmuşdur.
Geniş mənada ölkənin yeni dinamik inkişafına nail olmaq, bütün sahələr üzrə müasirləşdirmə və modernləşdirmə strategiyasını məqsədyönlü şəkildə müəyyən edib bacarıqla həyata keçirmək müstəqil Azərbaycan dövlətinin strategiyasına çevrildiyi üçün təhsil istiqamətində islahatların ən müasir hədəflərə doğru hərəkət etdirilməsi vəzifələrinə cəmiyyətdə diqqət artmışdır. Ölkəmizin iqtisadi imkanlarının çoxalması, neft gəlirlərinin artım tempi təhsil sahəsində genişmiqyaslı böyük layihələrə doğru ciddi bir prosesin başlanmasına səbəb olmuşdur. Ona görə də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev elm və təhsil sferasının işçiləri qarşısında müasirləşmə və modernləşdirmə ilə əlaqədar konkret vəzifələr qoymuşdur. Mahiyyət etibarilə "Maddi dəyərlərimizi, iqtisadi potensialımızı insan kapitalına çevirməliyik" müddəasının daha da dərinləşdirilməsi və genişləndirilməsindən doğan və onu daha da tamamlayaraq inkişaf etdirməyə xidmət edən müasir dövlət siyasətinin çağırışlarına çevrilmişdir. Prezident İlham Əliyevin aşağıdakı fikirləri ölkəmizin elm və təhsil işçilərinin ən zəruri vəzifələrini özündə əks etdirir. "Təhsil əsri elan edilən XXI əsr də yüksək intellektə malik insan kapitalının formalaşması və güclü iqtisadiyyatın qurulmasında təhsilin rolu heç vaxt indiki qədər aktual olmamışdır. Təcrübə göstərir ki, hər hansı bir dövlətin inkişafını təbii sərvətlərin bolluğu deyil, bu sərvətlərin yüksək səviyyədə insan kapitalına çevrilməsi təmin edir".
Bütün bunların sayəsində müasirləşdirmə Azərbaycan Respublikasının təhsil sisteminin əsas prioritetlərini təşkil etmişdir. Ölkəmizdə yeni inkişafa nail olmaq məqsədilə başlanan müasirləşmə hərəkatı təhsilin bütün pillələrində özünü göstərmişdir. İlham Əliyevin 2005-2007-ci illərdə "Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı Proqramının təsdiq edilməsi haqqında"kı sərəncamı müasirləşmənin sürətli inkişafına böyük imkanlar yaratmışdır. Qısa müddət ərzində kompüterləşmə proqramının həyata keçirilməsi Azərbaycan təhsilinin dünya təhsil sistemi ilə inteqrasiyası üçün də yeni imkanlar yaratmışdır. Beləliklə, Azərbaycan məktəbində yeni təhsil mühiti formalaşdırılmışdır. Bundan sonra imzalanmış "2007-2015-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramının tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ümumtəhsil məktəbləri ilə bərabər ali təhsil üzrə də kompüterləşmə proqramlarının reallaşdırılmasında mühüm rol oynamışdır. Azərbaycan təhsil sistemində ali məktəblərə tələbə qəbulunun sağlam əsaslar üzərində qurulması sahəsində həyata keçirilən məqsədyönlü dövlət siyasəti müasir inkişafın təmin edilməsində xüsusi yer tutur. Respublika üzrə test üsulu ilə tələbə qəbulunun həyata keçirilməsi qısa müddət ərzində xalqın mütləq əksəriyyətinin, gənc nəslin böyük dəstəyini qazanmışdır. Tələbə qəbulunda şəffaflığa nail olmaq, biliyi əsas meyara çevirmək ictimai şüurda mühüm dəyişikliklər yaratmışdır. 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 11 aprel 2016-cı il tarixli sərəncamı ilə Tələbə Qəbulu üzrə Dövlət Komitəsinin bazasında Tələbə imtahan mərkəzi publik hüquqi şəxsin yaradılması ali məktəblərlə yanaşı dövlət qulluğuna işə qəbulla əlaqədar imtahanların və imtahan götürülməsi tələb olunan digər fəaliyyətlərin də yüksək səviyyədə təşkilinə imkan verir. 
XXI əsrin müasir təhsilinin qarşısında duran əsas vəzifələri əks etdirən yüksək tələblər kimi milli təhsil sisteminin hazırki inkişaf yollarına gur işıq salır. Milli təhsil sisteminin yeni islahatları təhsilin mənaca dərinləşdirilməsinə, təhsil prosesində yeni forma və metodlardan istifadəyə geniş yol açır.
Dövlət müstəqilliyi dövrünün bütün mərhələlərində Azərbaycan təhsil sistemində informasiya texnologiyalarının tətbiqi sahəsində dövlət səviyyəsində həyata keçirilən siyasətin məntiqi davamı olaraq, son illərdə formalaşdırılmış elektron məzmun layihələri həmin prosesin daha da genişləndirilməsinə meydan açır. Təhsil Nazirliyinin hazırlayıb tətbiq etdiyi elektron tədris layihələri məktəblərinin dərsdənkənar vaxtlarda biliklərini zənginləşdirmələrinə imkan yaradır. Elektron dərsliklər elektron-riyaziyyat və digər fənnlər üzrə məktəb proqramlarını əhatə edən vahid portal yerləşdirilmiş, video-dərslər, ayrı-ayrı fənnlərə dair video oyunlar kimi ümumtəhsil məktəbi həyatın müasir layihələri təliminin müasirləşdirilməsinin yeni formalarıdır. Hazırda Azərbaycan məktəbində müasir informasiya texnologiyalarının geniş və məqsədyönlü tətbiqi vasitəsilə, elektron məzmun layihələri ilə aparılan təlim yeni düşüncə tərzinə və vərdişlərə malik olan gənc nəsli yetişdirib hazırlamışdır.
Prezident İlham Əliyev və onun xanımı Mehriban Əliyevanın təhsilimizə qayğısı deyilənlərlə bitmir. Dünyanın, o cümlədən Azərbaycanın Covid-19 pondemiyasına düçar olduğu bir zamanda da təhsilimiz, onun inkişaf yolu onların diqqət mərkəzində olmuşdur. Onlar böyüyən nəslin sağlamlığını ön plana çəkərək koronavirus bəlasından qurtarmağa çalışmışlar. 2020-ci ilin martın 4-dən məktəblərimizdə təhsilin həyata keçirilməsinə icazə vermədi. Amma məktəblilərin təhsilindən uzaq düşmələrinə imkan verilmədi. Pandemiya dövründə distant (məsafədən) - onlayn yolu ilə tədris fənləri üzrə dərslərin keçirilməsini zəruri saydı və buna nail oldular. İstər orta, istərsə də ali təhsil müəssisələrində təhsilimiz distant yolla həyata keçirildi. Televiziyanın "Mədəniyyət" kanalı bilavasitə bu problemin həllinə yönəldildi. Müəllim əməyini stimullaşdıran ölkə rəhbərinin məqsədyönlü fəaliyyətinə bütün pedaqoji ictimaiyyət cavab verdi. Təhsil işçiləri hər zaman İlham Əliyev və Mehriban xanım Əliyevanın yanında olduqlarını, onların ideyalarını dəstəklədiklərini bildirdilər. Xalqın sağlamlığının təminatçısı olan prezident İlham Əliyev və Mehriban xanım Əliyevanın istifadəyə verilən xəstəxanada yeni fəaliyyətə başlayacaq tibb işçiləri ilə görüşləri onu göstərdi ki, ölkə rəhbərləri bu epidemiyadan qorxmadan, çəkinmədən xalqın yanındadırlar. Ölkə prezidenti İlham Əliyev və xanım Mehriban Əliyevanın cəsarətli, əzmli, fədakar fəaliyyətləri, milli-mənəvi dəyərlərimizin qorunması və yaşadılmasından soraq verir. Bu isə böyüyən nəslin vətənpərvərliyə çağırışı kimi dəyərləndirilməlidir.




[email protected]