Sərkisyanın Moskvaya qarşı demarşı-könlü yenə xalat istəyir...

Politoloq: "Sərkisyanla Rusiyanın siyasi rəhbərliyi arasında ciddi narazılıqlar mövcuddur”

Son zamanlar Rusiyanın maşası olan Ermənistan Qərbə, NATO-ya yönəlmiş siyasət aparır. İrəvanın siyasi dairələri, NATO rəsmiləri hətta Ermənistanın Alyansa üzvlüyü imkanları haqda danışmağa başlayıblar. Həmçinin onu da qeyd edək ki, Ermənistan son vaxtlar aktiv şəkildə NATO-nun hərbi təlimlərinə də qatılır və yaxın gələcəkdə də bu kimi tədbirlərin iştirakçısı olacağı açıqlanıb. Xatırladaq ki, bir müddət əvvəl Ermənistan Rusiya qazından imtina etmək istəyirdi və ölkədə mitinqlər keçirilirdi. Belə bir ərəfədə Moskvada bir erməni sürücü rusları qəzaya uğratdı, nəticədə isə bir neçə nəfər dünyasını dəyişdi. Həmin ermənini məhkəməyə qadın xalatında gətirdilər ki, bu da Ermənistanda daha ciddi narazılığa səbəb oldu.

Ekspertlər bildirirlər ki, bununla Rusiya ermənilərə mesaj vermişdi ki, əgər bizə qarşı çıxarsanız, sizə xalat geyindirərik. Son aylar yuxarıda da qeyd etdiyimiz kimi, Ermənistanın prezidenti Serj Sərkisyan apardığı qərbyönümlü siyasəti ilə Rusiyaya qarşı çıxır. Sərkisyanın könlü xalatmı istəyir?

Image result for Politoloq Qabil Hüseynli


Politoloq Qabil Hüseynli bildirdi ki, kiçik dövlət olsa da bütün dövlətlərin NATO-ya daxil olması bu qurum üçün əhəmiyyətlidir: "Ermənistanın isə NATO arzusunun real olduğuna o qədər də inanmıram. Rusiya NATO-nun genişlənməsinin, onun sıralarına yeni dövlətlərin qəbul edilməsinin qəti şəkildə əleyhinədir. Biz görürük ki, Ermənistanın NATO-ya meyllənməsi daha çox Rusiyaya acıq vermək məqsədindən irəli gəlir. Ermənistan NATO-nun Sülh Naminə Tərəfdaşlıq Proqramına qoşulsa da sona qədər orada nəzərdə tutulan müddəaları yerinə yetirmədi və əlaqələri qısa müddətdə dayandırdı. Azərbaycan isə bu proqram üzrə NATO ilə əməkdaşlığı başladı və nəzərdə tutulan müddəaları da sona qədər həyata keçirdi. Məsələn, ordunun daxili intizam qaydalarında NATO standartları tətbiq olundu. Ona görə də Azərbaycan daha sonra NATO ilə ikili müqavilə də imzaladı. Burada Azərbaycan öhdəliklərdən yalnız onun üçün əhəmiyyətli ola biləcəklərini qəbul etdi. Bu gün də həmin xətt davam etdirilir”.


Politoloqun sözlərinə görə, Ermənistanın NATO ilə belə bir ikili əməkdaşlıq xətti mövcud deyil: "İndiyə qədər Ermənistan NATO ilə bağlı məsələlərdə fəal və birmənalı mövqe də nümayiş etdirməyib. Onlar Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) qoşulan ölkələrdən birincisidir. KTMT-nin hava hücumundan müdafiə sistemləri birinci Ermənistanda qurulmağa başladı. Bu gün Ermənistanın sərhədlərini də Rusiyanın sərhəd qoşunları qoruyur. Ermənistan çox cidd-cəhdlə Azərbaycanın hərbi qüdrətinin artmasından vahiməyə düşərək, Rusiya ilə hərbi qüvvələrin birləşdirilməsi haqqında razılıq əldə etməyə çalışırdı. Sonda isə bunu əldə etdi. Hərbi-siyasi və iqtisadi baxımdan Ermənistan o qədər Rusiyanın nəzarətinə keçib ki, artıq müstəqilliyinin bir çox elementlərini də ruslara güzəştə gedib. Ermənistanı diqqətlə izləyən politoloqlar bəzən buna görə bildirirlər ki, Ermənistan Rusiyanın quberniyasıdır və burada verilən siyasi qərar Kremldən gələn göstərişlər əsasında formalaşır. Belə olan halda Ermənistanın NATO istiqamətində göstərdiyi cürət kifayət qədər təəccüb doğurur. Son seçkilərdə Rusiyanın siyasi dəstəyi olmasaydı, müxalifətin birləşmiş qanadı Sərkisyanı hakimiyyətdən devirəcəkdi. Lakin Rusiyanın dəstəyi buna imkan vermədi, ölkəni parlamentli respublikaya çevirdilər. Bütün bu sadalanan faktların kölgəsində Ermənistanın NATO-ya daxil olmaq uğrunda cəhdlər etməsi kifayət qədər ötəri görünür”.


Politoloq onu da qeyd edib ki, KTMT üzvü olan Ermənistan əslində NATO-nun nizamnaməsinə görə, bura üzv olmağa müraciət etməməlidir: "Hətta onların NATO ilə hər hansı bir təlimlərə qoşulma səlahiyyəti də yoxdur. Çünki artıq bu quruma zidd olan hərbi-siyasi təşkilatın üzvüdür. Özü də bu təşkilatda çox canfəşanlıq edirlər və elə ona görə də KTMT-nin akademiyası İrəvanda yaradılıb. Belə bir şəraitdə görünür ki, yenidən prezident seçilib və ölkə konstitusiyasını dəyişən Sərkisyanla Rusiyanın siyasi rəhbərliyi arasında ciddi narazılıqlar mövcuddur. Bu narazılığın biri Ermənistanda rus dilinin ikinci dövlət dili kimi qəbul edilməsinə Ermənistanın şiddətli müqavimət göstərməsi ilə bağlıdır. Üstəlik də, belə bir məsələ də ortaya atıldı ki, Ermənistan hələ bir müddət əvvəl də Avropa Birliyinə müraciət edib, ikili müqavilə imzalayaraq iqtisadi əlaqələri canlandırmaq istəyib. Bunun üstü açılandan sonra Sərkisyan və onun komandası haqqında Rusiyanın təsəvvürləri mənfiyə doğru dəyişdi. Bu fonda erməni lobbisi tərəfindən Rusiya-Azərbaycan münasibətlərinin korlanması haqqında da aktiv iş aparılırdı. Onlar xüsusi əməliyyatları həyata keçiriblər. Moskvadakı Azərbaycan diaspora təşkilatının bağlanması, Zaxarovanın məlum bəyanatları buna misaldır. Azərbaycan isə bunlar barəsində Rusiyaya məlumatlar göndərirdi. Putinin özü də görünür bunlar barədə düşünməyə başladı. Soçi görüşündən sonra verilən məlumatlarda qeyd edildiyi kimi, bir çox məsələlər, o cümlədən Azərbaycanla Rusiya arasındakı strateji tərəfdaşlıq proqramının daha da genişləndirilməsi qeyd edildi. Prezidentlərin görüşü çox şeyə aydınlıq gətirdi. Bundan sonra münasibətlərin daha da inkişaf etməsinin əsas konturları müəyyənləşdi. Erməni avantürası indi də NATO ilə bağlı məsələlərdə özünü göstərməyə başlayıb. Məqsəd isə Rusiyaya acıq vermək, onun Azərbaycanla olan münasibətlərini korlamaqdır”.





[email protected]