Yerli istehsal və ixrac manatın xilaskarı kimi...

Günün iqtisadi tələbi: yerli istehsal və ixracatın stimullaşdırılması...

2014-cü ildə dünyada yaşanan iqtisadi böhran və neftin qiymətinin kəskin ucuzlaşması səbəbindən Azərbaycan vaxtından əvvəl postneft dövrünə qədəm qoydu. Bununla da qeyri-neft məhsullarının ixracı yolu ilə ölkəyə valyuta cəlb etmək, eləcə də idxalı daxili istehsalla əvəz edib ölkədən çıxan vəsaitlərə qənaət etmək zərurətə çevrildi. Dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə bu istiqamətdə xeyli iş görüldü, makroiqtisadi göstəricilərdə müəyyən irəliləyişlər əldə edildi. Xüsusən kənd təsərrüfatının müxtəlif sahələrində istehsalın artımına nail olundu.

"Qara qızıl”ın kəskin dəyər itirməsi dünyanın əksər neft ölkələrində olduğu kimi, Azərbaycanda da milli valyutanın ucuzlaşması ilə nəticələndi. Bu səbəbdən hazırda dövlətin iqtisadi siyasətinin əsas qayəsi manatın sabitliyini qorumaqdır. O baxımdan, yerli istehsalın artması, idxalın hiss olunacaq dərəcədə azalması və ixrac göstəricilərinin yüksəlməsi ilə ölkəyə valyuta cəlbi son 5 ayda manatın məzənnəsinin sabitləşməsinə səbəb olub.


Qeyd edək ki, bu ilin ilk 5 ayında Azərbaycana idxal 3,33 milyard dollar olub, bu da ötən ilin eyni dövrünün müvafiq göstəricisi ilə müqayisədə 15 faiz və ya 514,5 milyon dollar azdır.


Digər tərəfdən, bu ilin ilk 5 ayında Azərbaycandan ixrac 4,45 milyard dollar olub ki, bu, ötən ilin müvafiq göstəricisi ilə müqayisədə 45 faiz və ya 1,36 milyard dollar çoxdur. Beləliklə də ölkədə ilin ilk 5 ayında xarici ticarət dövriyyəsi 1,63 milyard dollar müsbət saldoya malik olub. Halbuki ötən ilin eyni dövründə xarici ticarət balansında 242 milyon dollarlıq kəsir var idi.
Eyni zamanda nəzərə almaq lazımdır ki, ötən illə müqayisədə ixracatdan əldə edilən valyuta 1,36 milyard dollar artdığı halda, idxala xərclənən valyuta 514,5 milyon manat azalıb.


Bu isə manatın məzənnəsinin stabilləşməsi ilə yanaşı, ölkənin digər makroiqtisadi göstəricilərinə də müsbət təsir göstərib. Qarşılıqlı olaraq, manatın iki dəfə devalvasiyaya uğrayaraq dollar qarşısında ucuzlaşması da dünya bazarında Azərbaycan istehsalı olan məhsulların rəqabət qabiliyyətini artırıb.


"Made in Azerbaijan” brendini hansı məhsullarla tanıdaq?


Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov hesab edir ki, hökumət qeyri-neft sektorunun inkişafı, ixracın stimullaşdırılması və "Made in Azerbaijan” brendinin tanıdılması üçün vacib olan bir çox addımlar atıb: "Son illərin iqtisadi prosesləri Azərbaycan hökumətinin qeyri-neft sektoruna diqqətini daha da artırdı. İqtisadi islahatlar həyata keçirildi, Strateji Yol Xəritəsi imzalandı, ”Made in Azerbaijan" brendinin dünyadan tanıdılması üçün xüsusi qərarlar qəbul edildi. Prezident İlham Əliyev bu istiqamətdə bir çox sərəncamlar imzaladı. Doğrudur, hələ ki bir çox ölkələrlə müqayisədə Azərbaycanın xarici bazarlara çıxaracaq məhsulları o qədər də çoxçeşidli deyil. Ölkəmiz xarici bazarlarda əsasən alkoqollu içkilər və kənd təsərrüfatı məhsulları ilə təmsil olunur. Bu məhsullar isə daha çox yaxın ölkələrə ixrac olunur. Son vaxtlar ixracyönümlü yerli istehsalın artırılması üçün daha çox addımlar atılıb. Sumqayıtda "Texno park” istifadəyə verilib. Orada istehsal olunan məhsulların xarici ölkələrə, hələlik MDB dövlətlərinə ixracı Azərbaycana müəyyən qədər valyuta gətirəcək. Azərbaycanın ölkəyə valyuta gətirə biləcək və "Made in Azerbaijan” brendini tanıdacaq kifayət qədər məhsulları var. Birincisi, kənd təsərrüfatı məhsullarıdır ki, onların emalı və qablaşdırılması məsələsinə ciddi önəm vermək lazımdır. Elə etmək lazımdır ki, həmin məhsullar dünya bazarında rəqabətə davam gətirə bilsinlər".


Neft maşınqayırması və tekstil sənayesi ...

Image result for Vahid Əhmədov


Vahid Əhmədov vurğuladı ki, tekstil sənayesi sahəsində də "Made in Azerbaijan" brendinin yaradılmasına ehtiyac var: "Kənd təsərrüfatının ipəkçilik və baramaçılıq kimi sahələrindən əldə olunan materialları xam məhsula çevirmək üçün çox ciddi çalışmaq lazımdır. Hazırda ölkə başçısının sərəncamı ilə sənaye parkları, məhəllələri tikilir. Mingəçevirdə, Sumqayıtda belə parklar tikilib, Qaradağda böyük bir Xüsusi İqtisadi Zona yaradılıb. Bu mənada Azərbaycanın böyük ixrac potensialı var. Amma bu prosesin normal axarına düşməsi üçün müəyyən qədər vaxt lazımdır. İxrac etdiyimiz məhsulun dünya bazarında yer tutması və rəqabətə davamlı olması üçün minimum 3-4 il ardıcıl iş görülməlidir. Hazırda bu istiqamətdə iş gedir".


Millət vəkili qeyd etdi ki, Azərbaycanda sənayenin ən önəmli sahələrindən biri olan neft maşınqayırması sahəsinin inkişafı da çox vacibdir: "Bu sahə SSRİ dövründə normal fəaliyyət göstərirdi, biz 30-a yaxın dövlətə məhsul ixrac edirdik. Ancaq sonradan bu zavodlar ləğv olundu. İndi isə cənab prezident Strateji Yol Xəritəsində Dövlət Neft Şirkətinə bu barədə tapşırıq verib. Azərbaycana idxal olunan neft-mədən avadanlıqlarını ölkəmizdə istehsal etmək daha yaxşı olar və buna əlavə vəsait sərf etmərik. Həmçinin neft hasil edən ölkələrə də bu məhsulları satmaq imkanı əldə etmiş olarıq. Vacib sənaye sahələrindən biri də tekstil sənayesidir. Azərbaycanda bunun üçün yetərincə xammal var. Çünki hökumət baramaçılığın, ipəkçiliyin və pambıqçılığın inkişafına böyük diqqət ayırıb. Yaxşı olar ki, ölkəmizdə istehsal olunan bu xammalları son məhsula çevirərək xaricə ixrac edək. Bunun üçün imkanlarımız böyükdür. Azərbaycanın iqlim şəraiti imkan verir ki, istənilən məhsulu istehsal edib dünya bazarına çıxaraq. Bunun üçün də müəyyən qədər vaxt lazımdır”.

Image result for Vüqar Bayramov


İqtisadçı ekspert Vüqar Bayramov da vurğuladı ki, hazırda əsas hədəf qeyri-neft sektorunun ixrac qabiliyyətinin artırılmasıdır: "Yerli istehsalın artırılması daxili tələbatın ödənilməsi və idxalın məhdudlaşdırılması baxımından çox önəmlidir. Qeyri-neft sektorunun ixracının artırılması Azərbaycan üçün nə qədər əhəmiyyətlidirsə, idxalın azaldılması da bir o qədər vacibdir. Bu da idxalın əvəzlənməsi və yerli istehsalın genişlənməsi hesabına baş verməlidir. Azərbaycanda həm yerli istehsalda, həm də ixracatda aqrar sektor prioritetdir. Çünki aqrar sektorun ixrac imkanları böyükdür və ənənəvi bazarlara malikdir, Rusiya kimi böyük bir bazarı var. Ancaq sənaye sektorunun ixrac qabiliyyətinin artırılmasına nail olmaq da çox vacibdir. Bu yolla ixracatın məhsullar üzrə diversifikasiyasına nail olmaq da mümkün olacaq”.


Sənaye sektoru məhsullarına gəlincə, iqtisadçı ekspert diqqətə çatdırdı ki, qida sənayesinin ixrac imkanları genişdir: "Azərbaycanda qida sənayesinin kifayət qədər ixrac imkanları var və bu imkanlardan yararlanmaq lazımdır. Eyni zamanda yüngül sənayesinin, yəni tekstil sənayesinin ixrac imkanları var. Lakin bu sahə üzrə dünya bazarında rəqabət güclüdür. Qardaş Türkiyənin dünya bazarında tekstil sənayesi üzrə böyük üstünlükləri var. Azərbaycanda da yüngül sənayenin inkişafı üçün imkanlar var. Ağır maşınqayırma, neft maşınqayırması, eləcə də kimya sənayesinin böyük ixrac potensialı var. Bu sektorların dirçəlməsi vacibdir. ”Made in Azerbaijan" brendinin dünyaya tanıdılması üçün sözügedən sahələrin inkişafı çox önəmlidir. Hazırda bu brendin dünyada tanıdılması üçün real addımlar atılır, sərgilər keçirilir. Hətta Avropanın ən iri supermarketlərində Azərbaycan şöbəsinin yaradılması da ondan xəbər verir ki, hökumət də ixrac məhsullarımızın tanıdılmasında maraqlıdır. O baxımdan, "Made in Azerbaijan” brendinin tanıdılması ilə bağlı ölkə başçısının imzaladığı sənəddən sonra görülən işlər praktik olaraq Azərbaycan məhsullarının seçilmiş bazarlarda, Avropa, Körfəz və Asiya bazarlarında tanıdılmasına xidmət edir".


İqtisadi komandanın prioriteti- ixracın təşviqi...


İqtisadçı ekspertlərin də qeyd etdiyi kimi, prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi siyasətin əsas istiqamətlərindən biri qeyri-neft ixracının artırılması, yeni bazarlara çıxışın təmin olunmasıdır.


Dövlət başçısının 2016-cı il 5 oktyabr tarixli fərmanına əsasən, "Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqi, ixrac missiyalarının təşkili və digər tədbirlərin həyata keçirilməsi sahibkarların ixraca olan marağının artırılması, ixrac olunan qeyri-neft məhsulları çeşidlərinin artması, ixrac coğrafiyasının genişlənməsi, Azərbaycan mənşəli məhsulların xarici bazarlarda analoji məhsullarla rəqabət qabiliyyətinin yüksəldilməsi baxımından çox önəmlidir. Mətbuatda yer alan məlumatlara görə, artıq fərmanın icrası ilə bağlı bir neçə ölkəyə ixrac missiyası göndərilib.


"Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqinin daha da gücləndirilməsi üçün önəmli addımlar atılır. Bu proses çərçivəsində xarici ölkələrdə "Ticarət evləri”də yaradılır. Artıq Belarusda belə bir ticarət evi açılıb, Rusiya və Ukraynada, Qazaxıstanda ticarət evlərinin açılması gözlənilir. Görülən bu tədbirlərin səmərəliliyini artırmaq və ixracın təşviqi məqsədilə AZPROMO-nun nəzdində "İxracatçılar klubu” yaradılıb, "Export.az” rəsmi ixrac portalı istifadəyə verilib, şərab, nar, fındıq, meyvə-tərəvəz, arıçılar ixracatçıları və istehsalçıları assosiasiyaları təsis olunub, sahibkarlara ixracla bağlı təlimlər keçirilib, malın mənşə ölkəsini təsdiq edən sertifikatın verilməsi sadələşdirilərək müddəti 3 gündən 1 günə endirilib.


Həyata keçirilən bu tədbirlər sahibkarlar və fermerlər tərəfindən də böyük ruh yüksəkliyi ilə qarşılanır. Artıq regionlardan fermerlərə dövlət dəstəyinin güclənməsi, yerli istehsalın artması, əlavə iş yerlərinin yaradılması ilə bağlı pozitiv məlumatlar daxil olur. Həmçinin Azərbaycan şirkətlərinin xarici ölkələrdə keçirilən sərgilərdə uğurla təmsil olunması ilə bağlı da materiallar mətbuatda yer alır. Qeyri-neft sektorunda xarici ölkələrlə imzalanan müqavilələrin sayının artması, dünya bazarında Azərbaycan məhsullarına tələbatın yaranması, ölkəmizin 150-yə yaxın dövlətlə ticarət tərəfdaşı olması onu göstərir ki, yaxın illərdə bu sektordan gələn gəlirlər neftin ucuzlaşması səbəbindən yaranan çətinlikləri həll edəcək. Yerli istehsal və ixracatın stimullaşdırılması həm ölkənin ərzaq təhlükəsizliyinin təmin olunmasına, həm də xaricdən daxil olan valyuta həcminin artmasına gətirib çıxaracaq.


Qeyd: Yazı Azərbaycan Mətbuat Şurası və "Veysəloğlu” Şirkətlər Qrupunun "İqtisadi islahatlar və qeyri-neft sektorunun inkişafında yeni hədəflər” mövzusunda keçirdiyi müsabiqəyə təqdim olunur.




[email protected]