Ölkəmizdən xaricə ilbiz ixracı artırılır; Tahir Əmiraslanov: "Bu, dünyada ən bahalı yeməklərdən biridir və daha çox kişi yeməyi hesab olunur”
Azərbaycandan ilbiz ixracı artacaq. Bu barədə marja.az saytı məlumat yayıb. Məlumatda deyilir ki, proteini yüksək, xolestrolu az olan, insana yüksək enerji verən ilbiz əti bir çox xalqlar tərəfindən yeyilir. Lakin dünyada ilbiz ətinə olan tələbatın 70 faizi ödənilmir. Bir çox Avropa və Şərq ölkələrində ilbiz geniş istehlak olunur.
Bu imkanı dəyərləndirən Azərbaycanda fəaliyyət göstərən şirkətlərdən daha biri bu ildən ilbiz ixracına başlayıb. 2017-ci ilin fevral ayında təsis edilən şirkət istehsal üçün texniki avadanlıqlar alıb.
Şamaxıda qəbul məntəqəsi açan şirkətə ilbizlər Şamaxının və ətraf rayonların kəndlərinin sakinləri tərəfindən təbiətdən toplanaraq briqadirlərə, briqadirlər də məntəqəyə təhvil verirlər. Hazırda 30-dan çox kənddə ilbiz toplanır. Kəndlilərdən ilbizin kiloqramı 50 qəpikdən alınır.
Şirkət bu günədək 183 ton ilbiz yığıb. Yaz mövsümünün sonuna kimi 270-300 ton məhsul yığılacağı gözlənilir. Emal prosesi nəticəsində malın çəkisi 25% azaldığı üçün ixrac üçün təxminən 200-230 ton mal qalacaq.
Daha əvvəl isə analoji zavod Sulutəpə qəsəbəsi yaxınlığında yaradılmışdı və bir neçə ildir ki, fəaliyyətdədir.
Cəmiyyəti maraqlandıran bir sual isə odur ki, Azərbaycan ilbiz ixracından nə qədər qazana bilər? Bu qidanın faydalı cəhətləri nələrdir? İlbiz Azərbaycan mətbəxinə də ayaq aça bilərmi?
"Yeni Müsavat”a açıqlamasında bu haqda danışan Milli Kulinariya Mərkəzinin rəhbəri Tahir Əmiraslanov vurğuladı ki, ilbiz dünyada ən bahalı yeməklərdən biridir və daha çox kişi yeməyi hesab olunur: "İlbiz və onun kürüsü ən dəyərli məhsullardandır. Azərbaycanda artıq 7-8 ildir ki, ilbizin və onun kürüsünün istehsalına başlayıblar. İndi artıq istehsal formasına salınıb. Bu, ixrac üçün çox gözəl məhsuldur. Biz Novruz bayramında keçirdiyimiz sərgilərdə də bu məhsulu xaricilərə təqdim etmişik, bir çox ölkələrdə nümayiş etdirmişik. Bu il də Azərbaycanın ilbiz kürüsü, ağ kürü dünyanın ən bahalı kürüsü kimi tanınır. Biz o məhsulları İsveçrədə qonaqlara verdik. Orada bu ən yaxşı və ən bahalı hədiyyə sayılır. İllərdir Milli Kulinariya Mərkəzi olaraq bu işə dəstək veririk. Artıq tədricən bu işi istehsalat formasına salırlar”.
Baş kulinar bu məhsulun Azərbaycan mətbəxinə də ayaq açacağına ümid etdiyini bildirdi:"İlbiz qədimdən bəri bütün dünyada istifadə olunur. Ondan ən çox Fransa və yunan mətbəxində istifadə edirlər. Bizə də bir çox məhsullar kənardan gəlib, kartof 200 il əvvəl gəlib, çay Hindistandan gəldi, kofe Amerikadan gəldi. Ancaq indi hansı gədəbəylidən soruşsan deyər ki, 1000 ildir kartof əkirik. Hər bir məhsulun ölkəyə girmə vaxtı var və onun burada qalıb tədricən insanların süfrəsinə girmə müddəti var. Yəqin ki, nə vaxtsa biz bu məhsula da öyrəşəcəyik. Çünki çox keyfiyyətli məhsuldur, bədənə çox xeyirlidir. Həm də çox gözəl cavanlaşdırıcı effekt verir, 10 günə ilbizlə 10 illik cavanlaşma effektini almaq olar. Bir çox xəstəliklərin dərmanıdır və gözəl bir məhsuldur”.
T.Əmiraslanovun fikrincə, ilbiz kürüsü balıq kürüsündən daha faydalıdır və dünya bazarında ona alternativ ola bilər: "Bildiyiniz kimi, ətraf ölkələr balığı Xəzər dənizindən vəhşicəsində istismar edirlər. Demək olar ki, çox az balıq qalıb. İlbiz balığa alternativ ola bilər. Onun kürüsünün tərkibi balıq kürüsünün tərkibindən daha zəngindir. Dünyada Koreya, Fransa, Yunanıstan ilbiz idxalına başlayıb. Yəqin ki, digər ölkələr də buna başlayacaq. Məhsulun qiymətinin çox və ya az olması bazardakı oyunçuların sayından və məhsulun miqdarından asılıdır. Məhsul artdıqca qiymət düşür, məhsul az olanda isə qiymət qalxır”.
İqtisadçı-ekspert Vüqar Bayramov da vurğuladı ki, kiçik və orta sahibkarların ilbizin emalından və ixracından gəlir əldə etmək şansı böyükdür: "Azərbaycanda elə sektorlar var ki, ilk baxışdan heç də cəlbedici görünmür, ancaq dünyada həmin məhsullara olan tələbatı nəzərə alsaq kifayət qədər əhəmiyyətli olduğunu demək olar. İlbiz istehsalı və ixracı Azərbaycan sahibkarı üçün elə də diqqətçəkən bir sahə deyil. Amma dünyada, eləcə də bizim üçün qonşu sayılan Avropada bu məhsula tələb yüksəkdir. Buna görə də, Azərbaycanın iş adamları həmin məhsulun ixracı ilə məşğul olub gəlir əldə edə bilərlər. Söhbət ondan getmir ki, sadəcə ilbiz ixrac etməklə dövlət gəlirləri kəskin arta bilər. Biz burada dövlət gəlirlərinin artırılması baxımından deyil, biznesin gəlirlərinin artması aspektindən qiymətləndirmə aparırıq. Sözsüz ki, indiki məqamda iş adamlarının çox fərqli məhsulların istehsalı, eləcə də ixracatı ilə məşğul olması çox vacibdir”.
İqtisadçının fikrincə, ixracatın hər bir məhsul üzrə mərhələli şəkildə diversifikasiyasına nail olmaq da vacibdir: "Burada xüsusi bir proqramın hazırlanmasına və icra edilməsinə ehtiyac yoxdur. Bu işlə kiçik və orta sahibkarlar məşğul olmalıdırlar. Dövlət çalışmalıdır ki, bu işlə birbaşa kiçik və orta sahibkarlar məşğul olsunlar. Dövlətin burada funksiyası ondan ibarət ola bilər ki, burada təşviqedici proqramlar həyata keçirə bilər, güzəştli kreditlər verə bilər. Bunun hesabına da həmin sahibkarların ilbiz emalı və ixracatı ilə məşğul olmasına nail ola bilər. Ona görə də burada birmənalı şəkildə söhbət kiçik və orta sahibkarların təşviqindən getməlidir. Bu sahədə güzəştli kreditlərin verilməsinə də ehtiyac var. Bu proses həm sahibkarların gəlirlərinin artması, həm də əlavə iş yerlərinin açılması deməkdir. Dövlət bizim üçün ənənəvi hesab olunmayan bu cür məhsulların istehsalı ilə məşğul olan sahibkarları dəstəkləməli və onlara güzəştli, uzunmüddətli kreditlər təklif etməlidir ki, bu sektor sahibkarlar üçün cəlbedici olsun”