Qanun qəbul edildi, ancaq paytaxtda “Exchange”lər hələ də gözə dəymir

İqtisadçı ekspert səbəblərdən danışıb durumu şərh etdi

Təxminən bir ay öncə Azərbaycanda valyutadəyişmə məntəqələrinin fəaliyyəti bərpa edildi. Bununla bağlı Milli Məclisdə "Valyuta tənzimi haqqında” qanuna dəyişiklik edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılaraq qəbul edildi. Lakin hələ də nə paytaxtda, nə də regionlarda "Exchange”lərin kütləvi şəkildə fəaliyyətə başlamasının şahidi olmuruq. Halbuki ölkəmizə turistlərin də axın etdiyi bir ərəfədə bu, çox önəmlidir.


Bəs, görəsən valyutadəyişmə məntəqələrinin açılması niyə gecikir? "Exchange”lər fəaliyyətə başlayarsa, dolların alış-satışı ilə bağlı hansı müsbət yeniliklər ola bilər?


İqtisadçı ekspert Natiq Cəfərli dedi ki, hazırda "Exchange”lərin fəaliyyətinin bərpası üçün müvafiq şərtləri əks etdirən sənəd hazırlanmayıb: "Valyutadəyişmə məntəqələrinin (VDM) bərpa edilməsi ilə bağlı qanun qəbul edilərkən müvafiq icra orqanına depozit hesabı ilə bağlı qərarın verilməsi tapşırıldı. Bu icra oranı da hazırda Maliyyə Bazarlarına Nəzarət Palatasıdır. Həmin qurumun də bununla bağlı bir rəsmi açıqlaması yoxdur ki, nə qədər depozit qoyulmalıdır. Hansı şərtlər daxilində VDM açılmalıdır. Əvvəlcə, depozit hesabının 50 min manat olması təklif olunmuşdu. Daha sonra deputatlar buna etiraz etdi və 50 min manat qanunvericilikdə yazılmadı. Ancaq çox yayğın bir ifadə yazıldı ki, müvafiq icra orqanı bununla bağlı əlavə qərar verəcək. Hələ ki o qərar yoxdur. Bu baxımdan valyutadəyişmə məntəqəsi açmaq istəyən şəxslər belə indi hansıl şərtlər daxilində bunu edəcəklərini bilmirlər. Bununla bağlı bir aydınlıq yoxdur. Proses buna görə dayanıb. Çünki Maliyyə Bazarlarına Nəzarət Palatası sənədləşmə məsələsi ilə bağlı ciddi bir açıqlama verməlidir. Ortaya konkret sənəd qoyulmalıdır ki, hansı şərtlər daxilində valyutadəyişmə məntəqəsi açmaq mümkün olacaq. Ancaq lisenziyanın ödənişi müəyyənləşib - illik 500 manat. Başqa hansı şərtlərin olacağı, valyutadəyişmə məntəqəsinın hansı avadanlıqlarının olması, depozit hesabında nə qədər vəsaitin olması bəlli deyil. Bütün bu suallar açıq qalıb. Ona görə də hələlik heç kim maraq göstərmir. Nə vaxt ki, Palata bununla bağlı qərar verəcək, o zaman bu sahəyə maraq yaranacaq. Çünki VDM-lər bağlanmazdan öncə, təkcə Bakı şəhərində 500-dən çox belə məntəqə fəaliyyət göstərirdi. Ona görə də, düşünürəm ki, yaxın vaxtlarda bununla bağlı qərar olacaq”.


Bəs məntəqələr fəaliyyətə başladıqdan sonra dolların satışında məhdudiyyət olacaqmı? Yoxsa vətəndaşlar istədikləri qədər dollar alıb-satmaqda sərbəst olacaqlar?


Bu sualı cavablandıran iqtisadçı Natiq Cəfərli qanunvericilikdə bununla bağlı hər hansı məhdudiyyətin nəzərdə tutulmadığını bildirdi: "Bu ancaq tələb və təklifdən, bir də valyutadəyişmə məntəqələrinin valyutaya çıxış imkanlarından asılı olacaq. Çox təəssüf ki, VDM-lərin valyutaya çıxış imkanı ya əhalidən aldığı pulu satmaqla olacaq, ya da banklardan valyuta əldə etməyə məcbur olacaqlar. Hər iki halda bu tələbatdan asılı olacaq. Əgər valyutaya tələbat artsa, VDM-lər həmin tələbatı ödəmək qabiliyyətində olmaya, buna görə də müəyyən məhdudiyyətlər tətbiq oluna bilər. Ancaq ən azından ”Exchange"lər açıldıqdan sonra alış və satış arasında fərq azalacaq. Bəzi banklar var ki, alış və satış arasında hər 100 dollara görə az qala 3-4 manat, hətta 5 manat fərq var. Alış və satış məzənnəsi arasında bu qədər fərqin olması isə doğru deyil. Əgər rəqabət yaranarsa, VDM-lər fəaliyyətə başlayarsa, o zaman bu marja azalacaq. Bu da əhalinin xeyrinə olacaq".


"Exchange”lərin nə zamandan etibarən kütləvi fəaliyyətə başlayacağına gəlincə, N.Cəfərli bildirdi ki, İslam Oyunlarının keçirildiyi və turistlərin ölkəmizə gəldiyi hazırki ərəfədə VDM-lərin fəaliyyətə başlaması daha məntiqli olardı: "Ancaq təəssüf ki, bu baş vermədi. Qarşıdan Formula 1 yarışları gəlir, kifayət qədər populyar bir idman növüdür. Minlərlə insanın Azərbaycana gəlib bu yarışları izləməsi ehtimalı var. Ən azından onların gəlişinə qədər, yəni iyun ayının ortalarına qədər bu problem həll olunsa, həm turistlər üçün, həm də əhali üçün ciddi bir irəliləyiş olar. Çünki bir çox hallarda valyutaya çıxış imkanları məhdud olur. Şənbə və bazar günləri bir çox banklar çalışmadığından, bu sahədə insanlarda narahatlıq yaranır.”




[email protected]