Beynəlxalq Bank rəhbəri mediaya danışdı, iqtisadçılar təhlil etdi...

Natiq Cəfərli: "Artıq Beynəlxalq Bankın zəiflədiyi inkar olunmur”

"Bankın xarici öhdəliklərinin restrukturizasiya edilməsi qərarı yaranmış fəsadın aradan qaldırılmasına, Azərbaycan Beynəlxalq Bankının kapital mövqeyinin güclənməsinə hesablanmış bir qərardır”. Bu fikirləri ABB-nin İdarə Heyətinin sədri Xalid Əhədov "APA-Economics”-ə müsahibəsində səsləndirib.


Xalid Əhədov həmçinin qeyd edib ki, xarici öhdəliklərin restrukturizasiya prosesinin Azərbaycan Beynəlxalq Bankının müştərilərinə, hüquqi və fiziki şəxslərin bankdakı vəsaitlərinə, onların bankla əlaqədar istənilən fəaliyyətinə hər hansı şəkildə təsiri yoxdur: "Çünki xarici öhdəliklərin restrukturizasiyası prosesi onları əhatə etmir. Hətta deyərdim ki, bu, müştərilərimizin faydasına olan bir qərardır. Çünki bank xarici öhdəliklərdən azad olaraq daha bu öhdəliklərə xidmət etmir, bu öhdəlikləri dövlət ödəyir, bank isə güclənməyə, inkişafa, digər strateji məqsədlərinə fokuslanır. Nəticədə müştərilərimizin bankı daha sağlam və güclü maliyyə institutuna çevrilir”.


Beynəlxalq Bankın beynəlxalq reytinqinin aşağı düşməsinə toxunan bank rəhbəri bu qurumun sağlamlaşdırılmasından sonra reytinqlərin qalxacağına da inamını ifadə edib.


Nyu-York Məhkəməsinə müraciət olunmasını da təsdiqləyən X.Əhədov bu yolla xaricdəki aktivlərini qorumağa çalışdıqlarını açıqladı: "ABB xarici öhdəliklərinin restruturizasiyası prosesinin ABŞ-da tanınması və bu səbəbdən kreditorlar tərəfindən ABŞ məhkəmələri vasitəsilə onun aktivlərinə qarşı iddia qaldırılmasının qarşısının alınması məqsədilə Nyu-York Məhkəməsinə müraciət etdi və bu müraciətimiz məhkəmə tərəfindən təmin olundu. Bu da bütün dünyada restrukturizasiya proqramının ayrılmaz hissəsidir”.


Xalid Əhədovun müsahibəsində yer alan nüansları dəyərləndirən iqtisadçı ekspert Natiq Cəfərli "Yeni Müsavat”a açıqlamasında ilk növbədə bank rəhbərinin media qarşısına çıxmasını müsbət qiymətləndirdi: "Müsahibənin məğzi ondan ibarətdir ki, media vasitəsilə müəyyən məsələlərə aydınlıq gətirilməyə çalışıldı. Burada sanki vətəndaşlar sakitləşdirmək üçün bir işarə var idi. Əslində bu diskussiyalar olmalı idi. İnsanlarla normal dialoq qurulmalı idi, baş verən proseslərlə bağlı onlara izahat verilməli idi. Gecikmiş də olsa internet mediada gedən bu müsahibə bəzi məqamlara aydınlıq gətirildi. Artıq Beynəlxalq Bankın son illərdə daha çox zəiflədiyi inkar olunmur. Daxili resurslar hesabına 10 milyard manata yaxın vəsaitin başqa təşkilata ötürüləcəyi və hətta bunun da bankın sağlamlaşması üçün yetərli olmadığı ortaya çıxdı. Beynəlxalq öhdəliklərlə bağlı da açıqlama oldu ki, MDB məkanında olan öhdəliklərlə bağlı problem yoxdur. Onlar dövlət zəmanəti ilə həll ediləcək”.


Ekspert bildirdi ki, Nyu-York Məhkəməsinə müraciətin səbəbi də onun daha öncə səsləndirdiyi gümanlarla üst-üstə düşdü: "Bu müraciətin çox pislə pis arasındakı bir seçimdən doğduğu üzə çıxdı. Ən pisi o ola bilərdi ki, Beynəlxalq Bank may ayından etibarən xarici öhdəliklərini yerinə yetirə bilməsəydi, beynəlxalq məhkəmələrdə ABB-yə qarşı iddialar qaldırıla bilərdi və bankın xaricdə yerləşdiyi aktivlərə həbs qoyula bilərdi, kreditorlar tərəfindən geri tələb oluna bilərdi. Bunu önləmək üçün Mərkəzi Bank çox pis ssenaridən pis ssenariyə keçdi. Nyu-York Məhkəməsinin qərarından sonra Beynəlxalq Bankın xarici borcları ilə bağlı iddialar qaldırılmayacaq. Həmçinin danışıqlar dövrü başlayacaq. Çox güman ki, mart ayının 23-də Londonda ilk görüş baş tutacaq. Bu, kreditorlarla bank rəhbərliyinin ilk görüşü olacaq, burada maliyyə naziri də iştirak edəcək. Bu görüşdə borcların ödənilmə qrafiki təsdiqlənəcək və xarici kreditorlara güvən mesajları veriləcək. Bütün bu borcları dövlətin öz üzərinə götürdüyü bəyan ediləcək. Məni narahat edən əsas məsələ isə odur ki, Beynəlxalq Bank dövlət büdcəsinə bu qədər ziyan vurmasına baxmayaraq, dövlətə arxayın olduğunu, bu sağlamlaşdırmanın bir illik dövlət büdcəsinə başa gəldiyini deməkdən çəkinmir, bank rəhbəri bu dəstəyin davam edəcəyini söyləyir”.


Natiq Cəfərlinin sözlərinə görə, bank rəhbəri həmçinin özəlləşdirmə ilə bağlı da çox pozitiv fikirlər səsləndirib, lakin bunun iqtisadi əsası yoxdur: "Burada da problemlər var. Dövlət bankın öhdəliklərini öz üzərinə götürsə də, özəlləşdirməyə açılan bankların əsas göstəricilərindən biri beynəlxalq reytinqlər olur. Bu gün beynəlxalq reytinq agentliklərinin verdiyi qiymətə görə, Beynəlxalq Bankın reytinqi ən aşağı səviyyədədir. Rusiyada buna ”zibil reytinqi" deyirlər.


Bu reytinqin düzəlməsinə isə illər lazım olacaq. Bu baxımdan, hər hansı xarici investorun Beynəlxalq Bankla maraqlanması mümkün görünmür. Buna baxmayaraq, Xalid Əhədov çox optimist danışırdı. Lakin bu optimist yanaşmanın əsası yoxdur".


İqtisadçı müsahibədə bankın müflis olmasına gətirib çıxaran səbəblərin açıqlanmamasından narahatlığını ifadə etdi: "Məni narahat edən əsas məqam isə odur ki, bank rəhbəri müsahibəsində bankın keçmişdə idarə olunması ilə bağlı yol verilən səhvlərdən danışmadı. Bankın hansı səhvlərə görə bu vəziyyətə düşməsi ilə bağlı ciddi heç nə demədi. Hazırda hər kəs bu səhvlərin doğurduğu nəticə ilə mübarizə aparır. Ancaq səbəblər ciddi araşdırılmır. Yaxşı olardı ki, bank rəhbəri özünün daxili auditi hesabına keçmişdə baş verən səhvləri araşdırsın, sonradan gələcəkdə bu cür nəticələrlə yenidən qarşılaşmasın. Bu mənada müsahibədə Beynəlxalq Bankın bugünkü vəziyyətinin səbəbləri haqqında normal bir izah yoxdur”.




[email protected]