Elxan Şahinoğlu: "Əks təqdirdə, Həmasın səmimiyyətinə kimsə inanmayacaq və İsrailin cavab tədbirləri daha dəhşətli olacaq”
Həmas təşkilatının İsraillə barışığa qərar verdiyini açıqlaması gündəmin əsas müzakirə mövzularından biridir. Təşkilatın son bəyanatında 1967-ci il sərhədləri daxilində Fələstin dövlətinin qurulmasını müdafiə etməsi birmənalı qarşılanmayıb. Bir sıra müşahidəçilər bunu bölgədə uzunmüddətli müharibənin nəhayət ki, tarixə qovuşması istiqamətində atılan addım hesab edirlər. Lakin qeyd edək ki, İsrail və Həmas arasında indiyədək dəfələrlə barışıq istiqamətində addımlar atılıb, atəşkəs razılaşması əldə olunub.
Lakin çox keçməyib ki, razılaşmaları mərmi atəşləri yerlə bir edib. Bu dəfə də Həmasın hərbi qanadının verdiyi bəyanat ümidləri alt-üst edir. Belə ki, İzzəddin Qəssam Briqadaları həbsxanalarda aclıq aksiyası keçirən fələstinli məhbusların tələblərini yerinə yetirməsi üçün İsrailə 24 saat vaxt verib. Axar.az xəbər verir ki, bu barədə bəyanatı İzzəddin Qəssam Briqadalarının rəsmi nümayəndəsi Əbu Ubeydə söyləyib. Qeyd edək ki, İsrail həbsxanalarında təxminən 2 min fələstinli həbs şəraitlərinin yaxşılaşdırılması üçün 17 apreldən aclıq aksiyasına başlamışdı. İsrail həbsxanalarında hazırda 7 min fələstinli məhbus var. Göründüyü kimi, Həmasın digər qanadı konstruktivlik nümayiş etdirənlərdən fərqli yanaşma sərgiləyir və gərginliyin artırılması xəttinə sadiqdir.
Politoloq Elxan Şahinoğlu "Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Həmasın İsrailə yönəlik siyasətinin dəyişməsinin iki əsas səbəbi var: "Birinci səbəb odur ki, Həmas Türkiyə, Səudiyyə Ərəbistanı və Misirin yardımlarından asılıdır. Bu dövlətlər isə Həmasın radikallığının azalmasını istəyirlər. Ona görə də Həmas yardım aldığı ölkələri eşitmək məcburiyyətindədir. İkincisi, Həmas özü də anlayır ki, İsraili tanımamaq Fələstin problemini həll etməyəcək, tam əksinə, fələstinlilər əvvəlkitək müharibə və səfalət içində yaşayacaqlar. Ona görə də Həmas sonda Fələstin Azadlıq Təşkilatının mövqeyinə gəldi. Bu təşkilat da illər uzunu İsraili tanımırdı, terror aksiyaları törədirdi. Ancaq 1988-ci ildə bu siyasətin nəticə vermədiyini anlayaraq İsraillə dialoq yolunu tutdu. Məhz bunun nəticəsində Fələstin ilkin olaraq muxtariyyət statusunu qazandı. Buna baxmayaraq, Həmasın son açıqlamalarının reallaşacağını gözləmək lazımdır. Yəni təşkilat birinci növbədə İsrail ərazisini raker atəşinə tutmaqdan əl çəkməlidir. Əks təqdirdə, Həmasın səmimiyyətinə kimsə inanmayacaq və İsrailin cavab tədbirləri daha dəhşətli olacaq".
E.Şahinoğlu hesab etmir ki, Həmasın kompromis nümayişinin arxasında İranın təklənməsi planı dayanır: "Misir Həmasa daha yaxındır. Misir isə İranın Fələstindəki proseslərə qarışmasını istəmir. Çünki İranın bu proseslərə qarışması həm Fələstinə, həm İsrailə, həm də elə Misirə problemlər yaradır. Ona görə də Həmas Misirlə İran arasında seçim etməlidir. Misiri seçsə, bu yol sülhə, İranı seçsə, əvvəlkitək İsraillə müharibəyə və fələstinlilərin itkisinə aparacaq”.
Son günlər ABŞ və Şimali Koreya arasında nüvə müharibəsi təhlükəsindən danışılır. Hesab olunur ki, dünyanın supergücü savaş ünvanını artıq dəyişib və diqqətini Şimali Koreya təhlükəsinin neytrallaşdırılmasına yönəltdiyi üçün digər münaqişə ocaqlarında gərginliyi azaltmağı qarşısına hədəf qoyub.
Politoloq E.Şahinoğlu isə Fələstin ətrafında yeni situasiyanın yaranmasının ABŞ-ın diqqətinin Şimali Koreyaya yönəlməsi ilə izah edilməsini doğru saymır: "Güman etmirəm ki, bu məsələnin rolu var. Ancaq o da var ki, Həmasın son bəyanatı Donald Tramp administrasiyası üçün Fələstin problemini həll etmək üçün fürsət pəncərəsi yaradır. Təsadüfi deyil ki, Tramp Fələstinin lideri Mahmud Abbası Ağ Evə dəvət edib”.
Bu arada İsraildən eşidilən növbəti təhdid bəyanatı da diqət çəkir. "Suriyada hələ də tonlarla kimyəvi silah saxlanılır”. Bunu yerli televiziyalardan birinə müsahibəsində İsrail baş naziri Benyamin Netanyahu söyləyib. "Sizi əmin edirəm ki, əgər nə vaxtsa, kimsə bizə qarşı kütləvi qırğın silahından istifadə etmək istəsə, o zaman ona dəhşətli cavab veriləcək. Suriyanın bu addımı BMT-nin qətnamələrinə ziddir”, - deyə o bildirib. (Axar.az). Bu isə bölgədə tezliklə sabitliyin bərqərar olacağı barədə ümidləri xeyli azaldır.