Qabil Hüseynli: "Dediklərinin xalqı sevdiyindən irəli gəldiyi qənaətindəyəm”
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən Azərbaycan vətəndaşlarının dini radikal silahlı birləşmələrə və ölkə hüdudlarından kənarda aparılan silahlı münaqişələrə cəlb edilmələrinə qarşı kompleks mübarizə tədbirləri davam etdirilir.
Ermənistanın birinci prezidenti, "Erməni Milli Konqresi” partiyasının lideri Levon Ter-Petrosyanın Dağlıq Qarabağ münaqişəsinin həlli yolları ilə bağlı növbəti açıqlamalar verib. Ter-Petrosyan 2 aprel seçkilərinin nəticələri barədə yazdığı məqalədə Qarabağ məsələsinin bir daha üstünə qayıdıb. Seçicilərin seçkilərdə pulla ələ alındığını qeyd edərək, erməni xalqını "qul” adlandıran sabiq ölkə rəhbəri Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində hazırda danışıqlar masası üzərində olan həll variantında yaxşısının olmayacağını vurğulayıb.
Ter-Petrosyanı həm də o narahat edir ki, erməni KİV-ində və sosial şəbəkələrdə bəziləri Ermənistan və Dağlıq Qarabağın separatçı rejimi arasına pazlar vurmağa çalışırlar: "Bu, Ermənistan və Dağlıq Qarabağ erməniləri arasında düşmənçiliyin qızışdırılmasına yönəldilib. Bu, qəbuledilməzdir. Məhrumiyyətlər, hansılara ki, ermənilər Qarabağdakı müharibəyə görə dözürdülər, qarabağlıların qınanılması üçün əsas deyil”.
Sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli hesab edir ki, Ter-Petrosyan hakimiyyətdən getdikdən sonra daha çox müdrikləşib: "Bölgədəki siyasi prosesləri, dünyanın aparıcı dövlətlərinin yürütdüyü siyasəti, xüsusilə yaxın qonşular arasındakı münasibətləri dərindən öyrənib. Onsuz da o hakimiyyətdə qalsaydı, Dağlıq Qarabağ münaqişəsinin həllinin bir variantı tapılacaqdı. O yolun böyük bir hissəsini də təklif etmişdi. Məhz hakimiyyətdən gedişinə də bu səbəb olmuşdu. Düzdür, Petrosyan münaqişənin həllində Dağlıq Qarabağın qeyri-şərtsiz Azərbaycanın tərkibində qalmasını istəmir. O, sadəcə, Dağlıq Qarabağda olan ermənilərin öz müqəddəratlarını təyin etmək hüquqlarına malik olduqlarını və münaqişənin də həllinin bu istiqamətdə aparılmasını təklif edir. Petrosyanın əsas üstünlüklərindən biri odur ki, Azərbaycanla yeni müharibəyə heç zaman getmək olmaz, işğal edilmiş ərazilər, yəni Dağlıq Qarabağdan kənarda olan ərazilər dərhal Azərbaycana qaytarılmalıdır, Azərbaycanla yaxın əlaqələrin yaradılması üçün maksimum səy göstərilməlidir, Ermənistan Rusiya ilə əlaqələrini bu şəkildə qurmamalıdır. Qərbyönlü siyasət yürüdülməsini də Ermənistanın xarici siyasətinin əsaslarından biri kimi təqdim edir”.
Politoloq erməni müxalifətinin liderinin nədən belə açıqlamalar verdiyinə də aydınlıq gətirdi: "Petrosyan niyə belə hərəkət edir? Düşünürəm ki, o, xalqına sevgisindən bunu bəyan edir. Çünki xalqının torpaq işğal etməsinin nə ilə nəticələndiyini yaxşı görür. Bunların hamısını göz önünə gətirən Petrosyan hesab edirəm ki, vətənpərvər kimi çıxış edir. Onun vətənpərvərliyini sübut edən amillərdən biri odur ki, Petrosyan erməni xalqının inkişafını müharibələrdə deyil, elmdə, mədəniyyətin inkişafında, dünyaya inteqrasiyada görür. O, əqlinə, zəkasına görə bəşəri dəyərlər üstündə tərbiyə edilmiş şəxs təsiri bağışlayır. O, Serj Sərkisyan kimi səhra komandiri olmayıb, Robert Köçəryan kimi oğurluq, quldurluqla məşğul olmayıb. Gözəl bir ailədə tərbiyə alıb. Düzdür, Azərbaycan torpaqları onun hakimiyyəti dövründə işğal edilib. Amma bu onun naşı dövrünə təsadüf edirdi. Sonradan naşılığını anladı və danışıqlar prosesində loyal mövqe sərgilədi. Bu səbəbdən də vəzifəsindən uzaqlaşdırıldı. Amma indi Petrosyan münaqişənin həllində daha humanist mövqe tutmağa başlayıb. Çalışır ki, hər iki xalq ömrü boyu düşmənçilik edən xalqa çevrilməsin. Petrosyan sülh istəyir, yaxın qonşuluq əlaqələrinin qurulmasını vacib sayır. O, erməni xalqı barədə nə qədər tənqidi fikirlər səsləndirsə də, dediklərinin xalqı sevdiyindən irəli gəldiyi qənaətindəyəm. O, xalqını manqurt, millətçi kimi görmək deyil, dünyanın inkişaf etmiş qabaqcıl xalqları sırasında görmək istəyir. Xalqının digər xalqlara nifrət etməsinin təhlükəli olduğunu yaxşı görür. O, təkcə müasir tipli siyasətçi deyil, həm də ziyalıdır”.