"Şüşə evdə yaşayırsansa, ona-buna daş atma”
(İngilis ata sözü)
Çağdaş dünyamızda zəiflik heç yaxşı qəbul olunmur. Kim yıxıldısa, azca büdrədisə, yoldan keçən qapazı vurur. Misal üçün, bir ara banan dövlətlərindən birində xalq etiraz aksiyası keçirib məğlub olmuşdu, telekanalizasiya isə həmin müxalifətçiləri "quduzlar, vandallar” adlandırmışdı. Əgər qalib gəlsələr elə adlandırardımı? Qətiyyən. Əksinə, həmin müxalifətçilərin liderinin qəlyanından tökülən külü başlarına səpərdilər, deyərdilər, bu, kəpəyə qarşı dərmandır.
Uzun sözün qısası, vaxt ötdü, il dolandı, dərələrdən sel kimi, təpələrdən yel kimi fırlandıq, bir gün baxdıq telekanalizasiyanın özünü bağlayıblar, yerləşdiyi ofisdən də qovurlar. Özü də biri var, səni hansısa humanist təşkilat qovsun, biri də var zoologiya elmi üzrə idarə. İkinci daha yandırıcı olur. Həyatını respublikanın xəbər fondunu-zadını qayırmağa xərclə, bütün prezidentlərin bığının (hətta bığı olmayanların da) altından keç, lakin bir gün səni heyvanat alimləri ofisdən qovsun... Dəhşətdir. Kərbəlayı demişkən, Yadullanın müsibəti belə olmamışdı. Ancaq imkanlar, güc əldə olsaydı həmin zooloqlara "İlin adamı” adını verib ofisdə qalmaq olardı. İndi isə yoxdur. İndi heç "Günün ilan-qurbağası” adı versən götürən olmaz. 20 illik xəbərçilik-zad 20 saniyənin içində yox sayılıb, hansısa kaset prokatı budkasını sökürmüş kimi, kasetləri qoltuğuna verib atırlar bayıra.
Söz düşmüşkən, Ərdoğanın dünən Niderlandı "banan dövləti” adlandırmasını xeyli ləzzətlə oxudum. "Banan dövləti” 20-ci əsrin siyasi leksikonunda yaranmış bir ifadədir, yoxsul, aqrar, hansısa kənd təsərrüfatı məhsulunun ixracından asılı Latın Amerikası dövlətinin ümumiləşdirilmiş adıdır. Ancaq banan dövlətinin əsas cəhəti orda tez-tez dövlət çevrilişləri olması, hərbi xuntaların, diktatorların hakimiyyəti ələ keçirməsidir. İndi gəlin baxaq görək bizim əziz və sevimli Türkiyəmizin Niderlandı banan dövləti adlandırmağa bir damcı da olsa haqqı çatırmı? Deyəsən, yox. Çünki Niderlandda haçansa dövlət çevrilişi olması kiminsə yadına gəlmir. Türkiyədə isə təkcə 1960-cı ildən bəri azı 6 dəfə dövlət çevrilişi və ya buna cəhd olubdur! Ən axırıncı cəhd keçən il olmuşdur. İndi banan dövlətində kim yaşayır? Əlbəttə, honduraslılar! Qanuna uyğun yaşamalı idilər.
Bu baxımdan, bizdə son dövrlər qanunçuluğun möhkəmlənməsi, güclü dövlətə çevrilmək istiqamətində böyük işlər görülür. Elə bloqçu Mehman Hüseynovun həbsini götürək. Qabaqlar kimsə hökumətin xoşuna gəlməyəndə onu ya narkotik, ya xuliqanlıq maddəsi ilə tuturdular. Mehman Hüseynovu isə sərf media fəaliyyətinə görə həbs ediblər - ittihamda onun bir polis rəisini təhqir etdiyi göstərilmişdir. Hər şey öz adıyla çağırılanda gözəl olur. Üstəlik, buna qədər məlum deyildi böhtana görə cəza maddəsini cinayət məcəlləmizə nə üçün salmışıq. Adam tutmağa yaramayan maddə, pas atmış tüfəng kimi bir şey olur. Maddə varsa, işlətmək lazımdır.
İnternet saytlarının qara siyahılarını hazırlamaq, Mətbuat Şurasının Google şirkətini reket elan etməsi, Səyavuş müəllimin sosial şəbəkələrdə şərh yazanlardan şəxsiyyət vəsiqəsi istəməsi, 64 dəfə cərimə edilən idiotun sürücülük vəsiqəsi ilə mükafatlandırılması və sairə - bunlar da dövlətimizin gücünü göstərir. Zəiflər qorxaqdır, Azərbaycan isə cəsarətlə dünyanın üstünə gedir. Axtarsan bəlkə heç Ermənistanda böhtana görə adamları tutmağa da ürək eləmirlər. El məsəlimizdə deyilən kimi, erməni qan görübdür, qorxubdur.
Daha bir gücümüz Lələtəpəyə elektrik xətti çəkilməsində özünü göstərdi. Yaxşı olar ora qaz, su, kanalizasiya, internet, faks, telefon xətləri də çəkilsin. O cümlədən BDU-nun müəllimləri Cahangir Məmmədli və Nəsir Əhmədli Cocuq Mərcanlı məktəbində dərs deməyə getmək üçün and içmişdilər, əldə etdiyimiz xəbərə görə, hələlik Lökbatanı da keçməyiblər. Bəs nəyi gözləyirlər? Güclə göndərilməyi? Söz vermisən, zəhmət çək, get.
Hərə andını bir cür pozsa, sabah bura da Niderlandın gününə düşəcəkdir. Əlim qurusun yazdığım yerdə: hətta ola bilər kişilər kişilərlə evlənsin!