ABŞ-ın dövlət katibi R.Tillersonun Ukraynanın xarici işlər nazirilə görüşündə öz ölkəsinin Rusiyaya qarşı sanksiyaları götürməyəcəyini bir daha deməsi heç şübhəsiz ki, müəyyən qənaətlərə zəmin yaradır.
Bəli, artıq D.Trampın and içməsindən bir aydan çox müddət keçib. O, seçkilər vaxtı ən qısa müddətdə Rusiyaya səfər edəcəyini, bu ölkə ilə ən tez bir müddətdə "ən yeni münasibətlər” quracağını vəd etsə də, hələki heç nə edə bilmir. Hətta elə bir vəziyyət yaranıb ki, Rusiya başı qalmaqallardan heç açılmayan Trampın yadına da düşmür. Bir qalmaqal bitməmiş digəri başlayır və Tramp da ABŞ - Rusiya münasibətlərində heç cür "yeni səhifə” aça bilmir ki, bilmir...
Düzdür, bu qısa bir müddət ərzində iki ölkənin silahlı qüvvələrinin qərargah rəisləri iki dəfə görüşə biliblər. Bir görüş Azərbaycanda, digəri isə Türkiyədə reallaşıb. Di gəl, onlar daha çox ilkin təmas xarakteri daşıyıbdır. Üstəlik, yeni ABŞ hökuməti Rusiya ilə münasibətləri hələki yalnız Suriya məsələsilə məhdudlaşdırır və ilkin təmaslarda dialoq da elə yalnız bu məsələ ətrafında aparılıbdır.
Amma Rusiya ilə ciddi təmaslar ləngidiyi kimi Ukrayna ilə də işgüzar dialoq hələki başlamır. Çoxdan D.Trampın P.Poroşenko ilə görüşəcəyi haqda söhbətlər gəzsə də, bu kontakt da indiyədək reallaşa bilməyibdir. Bunun bir səbəbini belə izah edirlər ki, P.Poroşnenko ABŞ-da seçkilər getdiyi bir zamanda "özünü bir o qədər də yaxşı aparmamışdı” – bir çox ölkələrin liderləri kimi o da H.Klintona dəstək vermişdi.
Bəli, məhz bu amilin D.Trampla P.Poroşenko arasında bir azca soyuqluğa səbəb olduğunu indi deyənlər çoxdur. Amma Ukrayna prezidentini də qınamaq olmur. D.Tramp seçkilər vaxtı çox rusofil çıxışlar edirdi, hətta Krımı Rusiyanın ərazisi kimi tanıyacağını bildirirdi. Belə bir vəziyyətdə P.Poroşenko kimə dəstək verməli idi ki?..
Elə bu səbəbdən bizə digər ehtimal daha inandırıcı görünür. Böyük ehtimalla D.Tramp hələ P.Poroşenkoya nə deyəcəyini bilmir, çünki onun Rusiya, Ukrayna ilə bağlı siyasətində hələ aydınlaşmamış çox məqamlar var...
İndi də vəziyyət tam durulmayıbdır. Amma hiss olunur ki, D.Tramp seçkilər vaxtı dediklərini edə bilməyəcəkdir. Hətta R.Tillerson özü də dövlət katibi vəzifəsinə təsdiq olunarkən ona verilmiş əsas suallardan biri məhz elə Ukrayna ilə, Krımla bağlı olmuşdu.
Bu səbəbdən də artıq Rusiyada əvvəlki eyforiya, əvvəlki nikbinlik yaşanmır. Hətta bir az da məyusluq duyulur. Bir ara ruslar D.Tampı ABŞ – da "pis vəziyyətdə qoymamaq” üçün öz hislərini cilovlamağa çalışsalar da, indi bunun yerini acı reallıq tutur – Rusiyada başa düşməyə başlayırlar ki, D.Trampa bütün hallarda ABŞ – Rusiya münasibətlərində "yeni səhifə” açmaq elə də asan olmayacaqdır.
Biz də öz növbəmizdə ümid edirik ki, belə bir məyusluq epizodik xarakterli olmayacaqdır və rusları gələcəkdə daha böyük peşimançılıq gözləyir.
Bizim məsələyə marağımıza gəldikdə isə burada onu demək olardı ki, ABŞ – ın bir çox məsələlərə münasibətdə siyasətinin aydınlaşmaması, xüsusən də Ukraynaya münasibətin durulmaması elə digər bölgələri də - Cənubi Qafqazı da bir növ intizarda saxlayır.
Məsələ bundadır ki, Ukraynaya münasibət həm də ABŞ – ın MDB məkanına yönəlik siyasətinin bir növ indikatorudur. Bizim də Qarabağ kimi bir problemimiz var. Düzdür, ABŞ Ukrayna probleminə digər bölgələrdəki oxşar problemlərdən çox fərqli münasibət sərgilədi və bu, hətta bir azacıq inciklik də yaratdı.
Ukraynaya görə Rusiya çox ciddi və sistemli sanksiyalara məruz qaldığı bir halda on illər ərzində həmin bu ölkə digər oxşar münaqişələrə görə bircə dəfə belə olsun, qınanmadı da....
Amma ehtimal çox az olsa da, hər halda bir sual tamamilə predmetsiz də deyildir: bəlkə bir çox istiqamətlərdə büsbütün fərqli siyasət yürüdəcəyini vəd edən D.Trampın Qarabağ, Abxaziya, Cənubi Osetiya və Dnestryanı problemə baxışda da siyasəti fərqli olacaqdır?
Bir daha deyirik ki, D.Tramp nə seçkilər vaxtı, nə də sonra bu xüsusda hər hansı fikir bildirməyibdir, elə ona görə də bunun ehtimalı olduqca azdır. Amma nə bilmək olar?..
Ən azı Rusiyanı bir az "sıxışdırmaq” digər problemlər üçün də təsirsiz ötüşməzdi. İndi Rusiya özünü elə aparır ki, sanki dünyanın iki yiyəsindən biridir. Elə bil ötən yaz, eləcə də bir azca sonra Qarabağ probleminin çox tez müddətdə həll ediləcəyini deyən rusiyalı diplomatlar deyildi!..
Bəs indi nə baş verir? Çox qəribə, hətta anlaşılmaz vəziyyət yaranıb. Azərbaycan Ermənistanın danışıqları dayandırdığını deyir, Rusiya isə gah "danışıqların gedişi”ndən razı qaldığını, gah da Azərbaycanla Ermənsitan arasında hələ də bir çox prinsipial məqamlarda anlaşmanın olmadığını bildirir.
Bax, beləcə dolaşıq vəziyyət yaranıbdır. Halbuki, cəmi bir il əvvəl o qədər "Putin – Lavrov” planı deyirdilər ki, gecə yuxumuzda da Putinlə Lavrovu görürdük!
Daha bu haqda danışmırlar. Hətta ötən ilə dil qəfəsə qoymayan və ağızları sulana – sulana Qarabağ probleminin artıq həll edildiyini deyən bəzi "müstəqil politoloq”lar da indi susmağa üstünlük verirlər.
Hökumət adamları da bir söz demir və əvəzində isə çox kiçik bir kəndin – Cocuq Mərcanlının bərpasını böyük bir qayıdış, böyük bir qələbə kimi qələmə verirlər.
Mən də başa düşürəm, insanlara ümid və inam aşılamaq lazımdır, bunun üçün isə ən kiçik bir uğuru belə, kiçik bir qələbəni də qabartmaq, hətta bir az da şişirtmək olar. İnsanlarımız on illərdir qələbəyə tamarzıdırlar və bu illər ərzində deyilənlərin, vədlərin gerçəkləşməsini gözləyirlər...
Belə aspektdən yanaşanda əslində çox şeyləri başa düşmək olur – cəmiyyəti də və elə hökuməti də yaxşı başa düşmək olur. Amma Cocuq Mərcanlı işğal olunmuş yüzlərlə Qarabağ kəndlərindən ancaq biridir, bəli, yalnız biri...
Bu kəndə qayıdışı yalnız və yalnız bir başlanğıc kimi qəbul etmək olar və heç bir halda onunla kifayətlənmək olmaz. Amma bu, böyük uğurun, əsl qələbənin başlanğıcı olacaqmı? Hər halda, hamı bunu gözləyir...
Hüseynbala Səlimov