Bu hadisəyə statistika prizmasından yanaşsaq, bir kimsənin tükü tərpənməyəcək. Qəza olub, insanlar ölüb. Olan şeydir. Bu ölkədə ildə 1000 nəfərdən artıq adam yol qəzasında ölür.
Ancaq biz məsələyə insan faciəsi baxımından yanaşaq. Öz əzizlərimizi yol qəzasında ölənlərin yerinə qoyaq, sonra baxaq. Görək, ona sakit, əsəbsiz, duyğusal ovqata köklənmədən yanaşa bilirikmi.
Söhbət dərsə gedən beş tələbənin vaxtsız və faciəvi ölümündən gedir.
Nə yaşları vardı? Çox az. 18-20. Hələ ana qoynundan yeni ayrılmışdılar.
Daha dünən onlar bayram keçirmişdilər, qızlar təbrik almışdı, oğlanlar qadın yaxınlarını təbrik etmişdilər.
Martın 9-da isə dərsə gedirdilər. Arzuları vardı. Oxuyub məzun olacaqdılar, bir işə düzələcək, özlərinə gün-güzəran düzəltməyə başlayacaqdılar, ailə quracaqdılar.
Bu gün onlar, bu gənc insanlar artıq aramızda yoxdurlar. Bir talesiz qəza onları həyatdan vaxtsız qopardı.
Bir talesiz qəza onların valideynlərinə, qohum-əqrəbalarına, keçmiş və indiki məktəb yoldaşlarına, sevənlərinə dağ çəkdi.
Bir valideyn düşünün, 18-20 il boyunca min bir əziyyətlə, boyunu sevə-sevə övlad böyüdür, təhsil alması, adam olması üçün hər əzaba qatlaşır, uşaq ali məktəbə daxil olur, bunun sevincini yaşayıb bitirməmiş, onun qara haşiyəyə alınmış şəkli ilə üz-üzə qalır.
Bundan böyük faciə yoxdur.
Heç kəs deməsin ki, bu alın yazısıdır, o gənclərin də qisməti, taleyi beləymiş.
Bu, heç də elə deyil.
Bu cür vaxtsız, faciəvi ölüm müharibədə olan, döyüş əməliyyatlarında iştirak edənlərin qismətinə çıxsa belə, bunu taleyin işi sanmaq olmaz. Çünki adam elə bir yerdədir ki, hər an ölümlə üz-üzədir.
Bu baxımdan səhər ertə ictimai nəqliyyatla 25-30 kilometrlik yolu qət edib dərsə, işə gedənlərin qismətində heç cür ölüm ola bilməz. Olmamalıdır. Yoldur, minlərlə insan gedir, bir az ehtiyatlı olanda hamı mənzil başına salamat çatır.
Yol əcəlin pusqu qurması üçün deyil.
Yol cəbhə xətti, səngər deyil. Yol getmək, mənzil başına çatmaq üçündür və hamının istifadə etdiyi bir yerdir.
Yol bu qədər təhlükəli olsaydı, hər gün yola çıxan milyonlarla adam qəzalarda həlak olardı.
Ancaq yol-hərəkət qaydaları deyilən bir şey var, yol-hərəkət iştirakçıları ona riayət edəndə faciəvi qəzalar olmur.
Avropa ölkələrində sürücülər də, piyadalar da yol-hərəkət qaydalarına diqqətlə əməl edirlər. Ona görə də orada yol qəzasında ölənlərin sayı bizim tipli ölkələrdə olduğundan 20 dəfə azdır.
Ən azı 20 dəfə... Bu o deməkdir ki, Azərbaycan boyda olan Avropa ölkəsində ildə yol qəzalarında 35-40 adam ölürsə, bizdə ölü sayı 1000-i keçir. Hətta arada 1200-ə çatdığı da olub.
Bu, ondan irəli gəlir ki, sürücülər məsuliyyətsizdir, intizamsızdır, qayda-qanunlara məhəl qoymurlar, lazımınca cəzalandırılmırlar.
Elə bugünlərdə Dövlət Yol Polisindən belə bir məlumat yayılmışdı ki, sükan arxasında içkili vəziyyətdə 2600 şəxs saxlanılıb. Bu, 2600 potensial qatil deməkdir.
Bu, həm də o deməkdir ki, 2600 sürücü içkili vəziyyətdə saxlanılmaqdan, ciddi cəzaya məruz qalacaqlarından qorxmurlar.
Yəqin ki, bu, aysberqin görünən tərəfidir, vəzifəsinə, əlaqələrinə, puluna güvənərək sərxoş halda avtomobil idarə edənlər qat-qat çoxdur.
Bu cür durumların yaranmaması üçün çoxdan bəlli, işlək düsturlar var. Burada çıxış yolu heç də yol-hərəkət iştirakçılarına münasibətdə mövcud olan qayda-qanunları sərtləşdirmək deyil. Əsas məsələ mövcud qanunların tətbiqində güzəştsiz olmaqdır.
Müvafiq qanunvericilik sənədləri mükəmməl olmasa da, ona riayət ediləcəyi təqdirdə, Avropa ölkələrindəki vəziyyəti yaratmaq mümkündür.
Ancaq nə yazıq ki, illərdir avtobus sürücülərinin işıqforun qırmızı işıqda keçmələrinin, ötüşmələrinin, sürət həddini aşmalarının qarşısını almaq olmur.
Onlar da, taksi sürücüləri də özlərini yolların sahibi, ağası kimi aparırlar, hesab edirlər ki, hər qarışını tanıdıqları, gün ərzində 7-8 saat o baş-bu başa getdikləri yol məhz onlarındır və onlar burada istdədikəri hərəkəti edə bilərlər.
Gün gəlir, situasiya fərqli olur və ağır nəticələr verir - dərsə gedən beş uşaq birlikdə həyatını itirir və bu, ölkədə matəm havası yaradır.