Türkiyə ülküçü hərakatının və yeraltı dünyasının əfsanə isimlərindən 64 yaşlı Alaattin Çakıcı xəstəliyi səbəbi ilə bir neçə gündür yenidən gündəmdədir. Mütəşəkkil cinayətkarlıqda suçlu bilinərək 2000-ci ildə həbs edilən Çakıcının üzərində cərrahiyyə əməliyyatı uğurla keçib. Həkimlər bildirir ki, yaxın günlərdə o, yenidən cəza evinə dönə bilər.
Alaattin Çakıcı Türkiyənin mafiya liderləri içərisində ən ziddiyyətli şəxslərdən sayılır. Əski ülküçülər onu ehtiramla "rəis” çağırır, rəsmilər isə "cinayət kralı” hesab edir.
"Yeni Müsavat”a bu haqda danışan Trabzon Ülkü Ocaqları liderlərindən Temel Kahveçi deyir ki, Çakıcı milliyətçi cameə içərisində indi də böyük nüfuz sahibidir: "Qısaca onu deyə bilərəm ki, Alaattin Çakıcı ülkücüdür, atasını, bir neçə qohumunu bu yolda itirib. Məhz oğlu milliyyətçi lider olduğu üçün solçular Ali Çakıcını qətlə yetirib. Alaattin bəyin mafiya lideri olmasına gəlincə, o zamankı dövlət yapısı onun kimi bir sıra ülküçüləri mafiya dünyasına çəkərək PKK-nın narkotika bazarını ələ keçirməsini əngəlləyib. Zamanla Çakıcı da yeraltı dünyanın qurallarını mənimsəyib. Ancaq onu tanıyan birisi kimi deyə bilərəm ki, Alaattin Çakıcı milliyətçi düşüncə sahibidir və adı keçən işlərin hamısına siyasi görüşləri üzündən qatılıb”.
Temel Kahveçi
Türkiyə mediasında dərc edilən yazılarda Çakıcının indiki Türkiyə iqtidarı ilə münasibətlərinin yetərincə gərgin olduğu bildirilir. Məsələnin kökündə yenə də Çakıcının ülküçü kimliyi dayanır. Qəzetlər yazır ki, Çakıcının son məhkəmə proseslərindən birində AKP-nin və partiya liderlərinin ünvanına səsləndirdiyi sərt tənqid münasibətləri daha da soyudub. Temel Kahveçi də düşünür ki, bu gərginliyin kökündü ideoloji savaş dayanır:"Türk milliyyətçisi olduğu üçün AKP onu heç zaman qəbul etməyib. Çakıcının iqtidara qarşı sərt müxalif mövqedə dayanan Meral Akşeneri dəstəkləməsi də görünür bu odun üzərinə yağ əlavə edib”.
Çakıcı ilə Akşeneri isə uzun illərin dostluğu bağlayır. Akşenerin daxili işlər nazirinin müavini olduğu dönəmlərdə PKK-ya qarşı çox ciddi cəbhə açdığını Türkiyədə hər kəs bilir. Onun yeraltı dünyadakı "sağ əli” deyilənlərə görə, məhz Çakıcı olub. Akşener-Çakıcı işbirliyi PKK-nın bir sıra ciddi maliyyə qaynaqlarını sıradan çıxarıb, PKK-nın iş adamlarına qarşı çoxsaylı basqınların qarşısını alıb. Bu dostluq Çakıcını da bir bəzi dönəmlərdə qoruyub. Çakıcının təqdim etdiyimiz özkeçmişində bu haqda aydın yazılıb.
Türkiyənin ən böyük mafiya liderlərindən sayılan Alaattin Çakıcı 1953-cü ildə Trabzonun Arsin-Fındıklı kəndində doğulub. Kiçik yaşlarında atasının qarışdığı bir qan davasına görə ailə İstanbula köçmək məcburiyyətində qalıb. Çakıcı ailəsi İstanbulda "qaradənizlilər məhəlləsi” kimi tanınan Gültəpədə yaşayıb, Alaattin o məhəllədə böyüyüb.
A.Çakıcını yeraltı dünyası ilə atası tanış edib - Ali Çakıcı Gültəpədə kitab mağazası və qiraətxana işlədirmiş. Bu məkana yeraltı dünyasının məşhurları Laz Ali Bozdoğan və Tahsin Çakıcıoğlu da gəlirmiş. Gənc Alaattin o dönəmlərdə Şişli ülküçü qruplarına qatılır və qısa zamanda fəallığı ilə qrup liderinə çevrilir. Atası da milliyətçi görüşlü olduğu üçün oğluna dəstək verir, digər tərəfdən isə onu yaxın dostları vasitəsi ilə yeraltı dünyası ilə tanış edir. 1984-cü ildə Ali Çakıcı solçuların hücumuna məruz qalır və çay evlərindən birində güllələnərək öldürülür. Digər ailə üzvləri də Çakıcının rəqibləri olan solçuların hədəfinə tuş gəlir. Atasından sonra əmisi oğlu Necati Çakıcı 1978-ci il sentyabrın 18-də öz dükanında güllələnir. Eyni gün başqa bir solçu qrup bacısı Qamze Çakıcıya odlu silahdan atəş açır, daha sonra isə üzərinə benzin tökərək yandırır. Qamzə yaralansa da şans əsəri hər iki olaydan sağ çıxa bilir.
Ailəsinə qarşı edilən hücumlar Alaattini getdikcə radikallaşdırır. Artıq o, Dev-Sol başqanları Dursun Karataş və İbrahim Bingölü şəxsi düşmənləri elan edir. Bu düşmənçiliyin 41 nəfərin ölümünə səbəb olduğu iddia edilir. Bu qisas əməliyyatından sonra Alaattin Çakıcı artıq yeraltı dünyanın ünlü isimlərindən sayılırdı.
Çakıcıya ilk cinayət işi 1970-ci ildə dövlət məmurunu yaralama ittihamı ilə açılıb. Ancaq dəlillər yetərli olmadığı üçün o, istintaqdan sonra azad edilib.
1982-ci ildə o, nüfuzundan qumar borclarının ödənməsi məsələsində istifadə etməyə başlayır. Bu danışıqlara təhkim etdiyi şəxslərin bir müddət sonra iş adamlarına xərac kəsməsi isə onun nüfuzuna ziyan gətirir. Qısa zaman sonra Çakıcı özü həmin şəxsləri cəzalandırır. Bu addımı ilə onun nüfuzu bir qədər də artır.
Az sonra qumar borclarından bank borclarının silinməsi işinə keçən Çakıcı artıq yeraltı dünyasında özünə ciddi yer edə bilir. Bütün bu işlərlə yanaşı o, ülküçü kimliyini heç zaman arxa plana keçirməyib. Hökumətin dövlətin təməlini zəiflətmək istəyənlərə qarşı mübarizədə ondan yararlanmasının kökündə də bu dayanır.
Artıq Çakıcı elə ciddi bir nüfuz sahibi olur ki, zamanın təhlükəli mafiozları Haydar Koç, İdris Özbir (Kürd İdris), İnci Baba Çakıcını sadəcə kənardan izləməklə yetərlənmək məcburiyyətində qalırlar. Uzun bir dönəm yeraltı dünyanın qaydalarını artıq o, müəyyən edirdi.
Çakıcının haqqında çoxsaylı ittihamlar olsa da "dəyirmanın ağzından” dəfələrlə sağ qurtulub. Buna səbəb kimi onun Milli İstihbarat Təşkilatı ilə işbirliyi göstərilir. Onun dosyesində diqqət çəkən bir məqam 1987-ci ildə keçirilən "Mafya Babaları Operasyonu”nda qapısının belə döyülməməsidir. Hökumətin yeraltı dünyaya açıq savaş açdığı həmin əməliyyatda bir çox mafiozlar və onların tərəfdarları həbs edilir, onlara aid silah-sursat anbarları, külli miqdarda vəsait aşkarlanır. Çakıcı isə əməliyyat davam edən ərəfələrdə İstanbulda açıqca gəzir, gecə klublarından xərac yığmağa davam edirdi.
Çakıcının MİT-lə işbirliyini sübut edən daha bir fakt var - Milli İstihbarat Təşkilatının adamı Süleyman Səba 1984-cü ildə Beşiktaş Futbol Klibuna başqan seçildikdən sonra təhlükəsizliyiniAlaattin Çakıcıya etibar edib.
Ancaq hakimiyyət dəyişdikdən sonra Çakıcı yeraltı dünyanın daha dərin qatlarına çəkilməli olur. Artıq onun haqqında axtarış elan edilir, böyük bir dosye məhkəməyə göndərilir. Onu birja sahibi Adil Öngeni yaralamaqda, Pamukbank Genəl Müdiri Burhan Karaçama sui-qəsddə, iş adamları Emin Cankurtaranın, Cavit Çağların, Engin Civanın vurulmasında şübhəli bilirlər. Eyni zamanda onu adı yeraltı dünyanın liderlərindən Tevfik Ağansoyun öldürülməsinin təşkilatçıları sırasında çəkilir.
Bu ittihamlar üzrə istintaq başlayandan az sonra – 1992-ci ildə Çakıcı indiyə qədər kimliyi bilinməyən güclər tərəfindən xaricə qaçırılır. Sonralar onun ölkədən diplomatik pasportla çıxarıldığı sübut olunur. 7 il fərarda yaşayır. Həmin aralar Belçikada, ABŞ-da, Güney Afrikada, Fransada, İtaliyada, Yaponiyada, Sinqapurda olduğu haqqında xəbərlər gəlir.
Çakıcının axtarışda olduğu dönəmdə Palermoda İtaliya mafiyasının üzdə olan ailələri ilə bir toplantı düzənlədiyi də bəllidir. 7 illik axtarışdan sonra Alaattin Çakıcı 1998-ci il avqustun 17-də Fransanın ünlü turizm şəhəri Nitsada mühafizəçisi Muradi Gülər və sənətçi Səlcuk Uralın qızı olan sevgilisi Aslı Uralla birlikdə yaxalanır. Çakıcının həbs edilməsi dövlət aparatında da gərginlik yaradır. Onun evindən tapılan kasetlərdən sonra Ana Vətən Partiyasından olan nazir Eyup Aşık istefa verməli olur. Səbəb kimi, Aşıkın keçiriləcək əməliyyat haqqında Çakıcıya bilgi verməsi göstərilir. Aşıkla birlikdə DYP-li daxili işlər nazirinin müavini Meral Akşener, Milli İstihbarat Təşkilatının yetkililərindən Yavuz Ataç və Bursalı iş adamı Erol Evcilin də adları ona yardım edənlər sırasında çəkilir.
Fransada 16-ay tamamilə qapalı kamerada saxlanan Çakıcı 1999-cu il dekabrın 14-də öz istəyi ilə Türkiyəyə gətirilir.
Türkiyədə Çakıcının ilk məhkəmə prosesi İstanbul Dövlət Təhlükəsizliyi Məhkəməsində baş tutur. 3 saat yarım davam edən prosesdə Çakıcı susmaq haqqını qullanaraq heç bir suala cavab vermir. Məhkəmənin hökmü ilə 41 nəfərin ölümündə suçlu bilinən Çakıcı öncə cəzasını Erol Evgin, Ergin Kardeşler kimi ünlü iş adamlarının da "yatdığı” Kartal Özəl Tibb Qapalı Cəza evində çəkib. Onun cəza evində komfort içində "yaşaması” əfsanələri də bir müddət Türkiyə gündəmini zəbt edib. İddialara görə, o, dışarıdan lahmacun sifariş edir, mobil telefon saxlayır, vəkilləri ilə istədiyi zaman görüşürmüş.
28 Mart 2000-ci ildə Alaattin Çakıcıya daha bir məhkəmə qurulur. Ona qarşı qəzetçi Hıncal Uluça qarşı sui-qəsd ittihamı irəli sürülür və 2 ildən 5 ilədək həbi istənir.
O, cəza evindəykən münaqişə etdiyi mafiya qrupları arasında bir neçə dava çıxıb. Çakıcı 2000-ci il mayında Türkbankın tenderlərini araşdıran parlament komissiyasına da ifadə verib. O, ifadəsində ANAP lideri, baş nazir Məsud Yılmazla iki dəfə təkbətək görüşdüyünü bildirib. Çakıcı bildirib ki, Türkbank məsələsində çox ciddi pullar silinib. O, Fransada həbs edilməsi məsələsini də pulsilmə əməliyyatı kimi dəyərləndirib. Çakıcının iddiasına görə, ona haqqı çatan 60 milyon dolların verilməməsi üçün həbsə atılıb.
Parlament soruşdurmasının ilginc faktı həm də o olub ki, Çakıcı 55-ci Refahyol hökumətinin devrilməsi prosesində iştirak etdiyini etiraf edib. O, bu məqsədlə Eyup Aşıkla 200-dən çox telefon danışığı apardığını bildirib. Onun adı bir neçə il davam edən "Sususrluq” istintaqında da keçir.
Çakıcı indi cəzasını F tipli həbsxanada çəkir. Bu, terror, dövlətə qarşı cinayətlər, mütəşəkkil cinayətlər törədən şəxslərin saxlandığı xüsusi rejimli məhbəsdir. Türkiyə mediası yazır ki, təkadamlıq kamerada saxlanan Çakıcı yalnızlığını xəfəflətmək üçün cəza evi rəhbərliyindən tutuquşu istəyib. Vəkillərinin sözlərinə görə, o, zamanının böyük bir hissəsini öz tutuquşusu ilə dəyərləndirir.
Əməliyyatdan sonra Çakıcı vəkilləri vasitəsi ilə mediaya açıqlama verərək bildirib ki, 16 xəstəliyi olsa da daha yüngül rejimli həbsxanaya köçürülməsini istəmir.