Akif Cabbarlı
HƏYAT ETÜDLƏRİ
Cığatay müəllim qədim binanın enli, amma hündür pilləkənlərini güc-bəla çıxıb üçüncü mərtəbədəki salona girəndə ürəyinin guppultusunu özü də aydın eşidirdi.
- Ə, bu qocalıq nə əclaf şeydir, adamın nəfəsi lap...
Sözünün ardını gətirmədi. Desəydi nə olacaqdı ki... onsuz da salonda ondan savayı heç kim yox idi
Qocaman şair rahat kresloda əyləşdi və heç beş – on dəqiqə keçmədi ki, şirin yuxu onu uzaq keçmişə, cavanlıq illərinə apardı.
...Hər gün cürbəcür tədbirlərə, ziyafətlərə çağırılır, rastlaşdığı insanlar ondan avtoqraf, istirahət gününə görüş istəyirdilər. Qəşəng-qəşəng qızlar yanağından öpdükcə sanki gedib lap cənnətin özünü gəzib dolaşırdı. Kitabları əl-əl gəzirdi, nəşriyyatlar ondan yeni-yeni əsərlər gözləyirdi. Hələ rayonlara təşkil olunan yaradıcılıq ezamiyyətləri, dost təklifləri, raykom katiblərinin, kolxoz sədrlərinin gecə səhərədək, bəzən günlərlə uzanan qonaqlıqları...
Adicə müəllim olsa da şairliyi onu çox məşhur eləmişdi. Parlaq nitqləri, pafoslu çıxışları zəif şeirlərini də mazamata mindirirdi. Sadə yazırdı, ona görə də bəzi misraları yadda qalırdı. Heç kim də olmasa əlaçı şagirdlər bir-iki kupletini əzbər deyəndə Cığatay müəllimin uçmağa qanadı olmurdu. Beləcə illər keçirdi. Şeir məclisləri, disputlar, kitab təqdimatları, sonra da portfelindəki "yanacağın” üzə çıxması, süfrəyə qoyulması ilə başlayan sinə söhbətləri... İnsafən çox içən deyildi, amma özü dediyi kimi hal əhli idi, məclislərdə elə ab-hava yaradırdı ki, sözlə ifadəsi çətindir. Heç kimi incitməz, xətrinə dəyməzdi. Iradlarını, təkliflərini də elə şirin – şirin çatdırardı ki, qarşısındakılar yağ-bal kimi qəbul edərdilər.
Yaşı səksəni keçəndən sonra da əvvəlki şuxluğunu saxlamışdı. Hamını özü axtarır, hal-əhval tuturdu. Heç kəsdən inciməz, bir balaca narazılıq olsa da üzə vurmazdı. Şair dostlarından, nasir və tənqidçilərdən yeganə xahişi, bəlkə də tələbi bu idi ki, ona tez-tez zəng eləsinlər, keçirdikləri tədbirlərə çağırsınlar. Bu ki, bir xərc, xüsusi əmək, enerji tələb eləmir ki, deyin, xəbər eləyin, gəlim də... Sizi yaraşıqdan salan deyiləm, əksinə barənizdə elə sözlər danışaram ki, heç yatanda yuxunuza da girməz. Belə deyirdi həmişə Cığatay müəllim. Onun fikirləri ilə razılaşan da olurdu, ağsaqqalı bilərəkdən ya qanmazlıqdan yaddan çıxaran da. Amma çarəsini tapmışdı. Qəzetlərdən, saytlardan tədbirlər barədə məlumat alan kimi həmən tərpənərdi hadisə yerinə. Fərqində deyildi ki, kimsə bu addımına nə cür qiymət verəcək.
... - Ay Cığatay müəllim, yatmısan, axı sənə soyuq dəyər, portfelin də sürüşüb düşüb yerə. Qoy götürüm silim tozunu, dur keçək mənim kabinetimdə kresloda dincəl.
- Yox, Vüqar müəllim, sağ ol, yatmamışdım, sadəcə mürgü aparıb. Sən Allah bağışla, Sakit Çılğının yeni kitabının təqdimatına gəlmişəm. Bəs nə vaxt başlayacaq tədbir.
- Cığatay müəllim, indi saat onbirdir. Təqdimat isə saat on beşdə olacaq. Bir az tez gəlmisən axı deyəsən...
- Hə, nə olar. Onda keçək sənin kabinetinə. Portfelimdə yanacağım da var. İndi könül bir qanacaqlı oğlan istəyir ki, zakuskası ilə çıxsın ortalığa...
Gülnisə xanımın əlahiddə səlahiyyəti
Beytulla müəllim daha dözmədi. Dala-qabağa durub arvadı Gülnisəyə canlı bir şapalaq ilişdirdi. Zərbə elə güclü oldu ki, xanım tirtap uzandı mətbəxin döşəməsinə. Uşaqlar necə qışqırıb-bağırdılarsa ataları vahiməyə düşdü. Oğlu Cavid isə tez zəng edib dayısı "Zek” Əlişi çağırdı, dedi ki, anam yıxılıb, tez özünü yetir bizə.
Beytulla uşaqları künc otağa yığıb dinməz durmalarını tapşırdı, qapını bağladı. On – on beş dəqiqə keçmədi ki, qaynı Əliş həyətdə muskullarını oynadırdı.
- Ə, Beytulla, hanı mənim bajım. Niyə yıxılıb, nə olub ona.
Birlikdə mətbəxə keçdilər. Gülnisə necə var, eləcə də yerdə qalmışdı. (Burada adamın yadına bəzi futbol şərhçilərinin tez-tez işlətdiyi ifadə düşür – A.C.) Əliş tərs nəzərlərlə yeznəsinə baxdı. O, bununla bacısının niyə evdə, yataq otağında deyil, məhz mətbəxdə uzanılı vəziyyətdə qalmasının səbəbini araşdırmaq istəyirdi.
Beytulla arvadının yerdə uzanma səbəbləri ilə bağlı tələm-tələsik arayış verməli olduğunu gözəl anlayırdı. Çünki vaxt onun əleyhinə işləyirdi. Gülnisə tez ayılsa, ayağa dursa vəziyyət gözlənildiyindən də ağır olacaqdı. Odur ki, dil-boğaza qoymadan bunları çatdırdı Herakla oxşayan qaynlına
- Əlişcan, nə deyim vallah. Sağ olun, hamınız kömək elədiniz mən kasıba. Şəhərin kənarında belə gözəl, yaraşıqlı ev tikdirdim. Amma bacınız gündə əlli dəfə üzümə vurur ki, mənim bu işdə heç bir əməyim olmayıb, qəpik də xərcləməmişəm. Tez-tez deyir ki, aşağı pilləkəndən tutmuş ikinci mərtəbənin balkonunadək hər qarış onundur. Mənə bir santimetr də yer düşmür. İndi qardaş, bacınız özü bilər də, biz qarışan iş deyil. Bu evin hər küncü-bucağı onundur. Mənim, uşaqlarımın qarışacağı yoxdur, eləmi. İndi mətbəxi xoşlayıb, yıxılıb yatıb, özü üçün dincəlir. Durar keçər yuxarı, orada yatar, sonra düşər, aşağı pilləkənin üstündə dincələr. Daha...
Axırıncı sözün ağzından çıxması ilə Beytullanın qabaqdakı iki dişinin qan qarışıq ovcuna düşməsi bir oldu. Gülnisə isə hələ də yatırdı, uşaqlar da künc otaqda bağırmaqlarında idilər...