İndi də sosial şəbəkələrdə Novruz bayramına qarşı qara piar kampaniyasının elementləri müşahidə olunur. Ay, bu bayram atəşpərəstlikdən qalmaymış; vay, dinimizə ziddir; bay, kəndçi-kündçü bayramıdır; oy, Keçəl ilə Kosa xalqımızın adını batırır; eeyy, qapı pusmaq yaxşı şey deyil, qeyrət rəmzi olan papağı sovqat üçün qapılara atmaq olmaz və sair və ilaxır, daha nə bilim, nələr.
Söz yox, hamı belə düşünmür, Novruz bayramını müqəddəs sayanlar çoxdur. Ancaq hiss olunur ki, anti-novruzçular dəstəsi yavaş-yavaş genişlənir. Bir gün mütəşəkkil qüvvə kimi ortaya çıxacaq, Novruz tonqalımızı dağıdacaqlar.
Bir Novruz bayamı deyil, ölkəmizdə antibayramçılar kontingenti, hərəkatı var.
Yekə bir qrup da Ramazana qarşıdır. Onlar da hesab edir ki, bu, ərəb bayramıdır, aktuallığını itirib, 1 ay boyunca gün ərzində ac-susuz qalmaq insan orqanizminə ziyandır və s.
Qurban bayramının qədim yəhudi bayramı olduğunu bildirənlər, müasir dövrdə o bayramı yaşatmağın lazım olmadığını hər il israrla yazanlar da çoxdur.
İki ay əvvəl Yeni il bayramının başına nə gəldiyini gördünüz, Şaxta babanı alkaş, Qar qızı "quş” elan etdilər. Bu da xaçpərəst bayramıymış, gərək biz bunu qeyd etməyək, təqvim dəyişməsini sakitcə, heç nə olmamış kimi yola verək, əksi günaha batmaqdır.
14 Fevral - Sevgililər günü da artıq haram elan edilib. Bu il bu günlə bağlı çoxlu pis-pis şeylər danışdılar, yazdılar: "Valentin müqəddəs deyilmiş, sözün birbaşa mənasında oğraş (aradüzəldən) imiş, homoseksuallığı da varmış, cinsi azlıqlara kəbin kəsirmiş” və sair. Beləcə, milli sevgililərin illərdən bəri qutladığı bayramın ortasına təzək sıçratıdlar, getdi.
8 Martın əleyhdarları sovet dövründə də vardı. Çünki birdən-birə ailədəki, kollektivdəki qadınlara hədiyyələr almaq üçün kişilər xeyli xərcə düşməli olurdular, bu üzdən ürəklrinin dərinliklərində 8 Mart - beynəlxalq qadınlar gününə qarşıydılar. Son vaxtlarda isə bu günün üzərinə əxlaq ləkəsi salınıb - heç demə, bu günün baniləri olan Klara Setkina və Roza Lüksemburq "təmiz ev qızı” olmayıblar, gəzirmişlər, çoxlu oturub-durduqları varmış. Belə qadınların icad etdiyi günü necə bayram etmək olar? Bu, Həcər qeyrətli, Nigar ismətli qadınlarımıza yaraşarmı?
İdeoloji bayram olan 1 Mayın zibili sovet dövləti dağılandan sonra çıxdı. Sanki ölkədə ta zəhmətkeşlər yoxdur və onlar həmrəylik günü keçirə bilməzlər. 9 May - Qələbə gününə isə güllə 8 mayda - Şuşa işğal olunanda dəydi. Çünki 9 Mayın əsas müəllifi olan ruslar 8 mayı da ermənilərə peşkəş ediblər. Ona görə də biz artıq mayın 9-da bayram havasına köklənə bilmirik.
Ta nə qaldı? Əlamətdar günlər. Gül bayramına qarşı olanlar Qurtuluş gününə də qarşıdır, 28 Mayı (İstiqlal günü) bəyənməyənlər avtomatik olaraq 18 Oktyabrı (dövlət müstəqilliyinin bərpası günü) və17 Noyabrı (Milli dirçəliş günü) da bəyənmirlər.
Beləcə, bu ölkədə hamının birmənalı olaraq, yekdilliklə qəbul etdiyi,qutladığı bayram yoxdur. Hətta 31 Yanvar - Dünya Azərbaycanlılarının Həmrəylik Gününə də dodaq büzən, bu günə görə mübahisə edən, bir-birilə dalaşan adamlar var.
Eyni şakərimiz "qara bayram”larımızda, faciəvi əlamətdar günlərdə (20 Yanvar, 26 Fevral, 31 Mart, 30 aprel, 8-18 May, 23 İyul, 23 avqust, 20 noyabr) də özünü göstərir. Mütləq mız qoyanlar, bəyənməzlik, laqeydlik nümayiş etdirənlər olur.
Əslində isə bütün bayramlar uşaqlar üçündür. Onlar bu günlərdə tətil edir, gəzməyə çıxır, əylənir, şənlənir, hədiyyə alır, əzizlənirlər. Onlar nə Roza Lüksemburqu tanıyırlar, nə də başqa rozaları.
Üstəlik, mahiyyətindən, tarixi yaranış səbəbindən asılı olmayaraq, bayram bayramdır, şən gündür. Avropalılar öz bayramlarından belə iqtisadiyyatlarını inkişaf etdirmək, alış-verişi artırmaq, insanları daha da sosiallaşdırmaq, mehribanlaşdırmaq üçün istifadə edirlər.
Biz isə bayram üstündə də söyüşürük, dalaşırıq, küsüşürük...