Moskva niyə Minski Bakı ilə əvəz etməyi düşünür?..

Üstündən artıq bir-iki həftə keçsə də iki böyük dövlətin silahlı qüvvələrinin qərargah başçılarının görüşü hələ də Rusiya mətbuatının diqqət mərkəzindədir.


Yox, biz təzədən həmin məsələyə qayıtmaq istəmirik - deyilməli bütün sözlər artıq deyilibdir. Mənim, sadəcə, bir detal diqqətimi çəkdi. Həmin dövrdə Rusiya mətbuatı ciddi şəkildə Bakının Minski əvəz edə bilməsini yazmağa başladılar.
Etiraf edim ki, belə paralel bizim ruhumuzu oxşamaya bilməzdi. Kim istəməz ki, Bakı ciddi siyasi və diplomatik mərkəzə çevrilsin? Bunun üçün kifayət qədər resurslar da var. Bəli, həm siyasi-diplomatik, həm də iqtisadi resurslar...
Amma müəyyən fikirlər də gəldi ağlıma. Düşündüm ki, Rusiya ilə Azərbaycan hakimiyyəti arasındakı münasibətlər Belarusla münasibətə baxanda daha problemsiz və sıcaqdır.

Açığı, Rusiyanın indiki rəhbərləri "batka”nı - A.Lukaşenkonu elə də sevmirlər. Ən birincisi ona görə ki, A.Lukaşenko on illərdir ki, onlarla oyun oynayır, gah "ittifaq münasibətləri” qurmağa çalışır, gah da ki, Rusiyadan uzaqlaşır. Hətta axırıncı prezident seçkisi zamanı Rusiya bu adamın arxasından çəkildi. Amma Lukaşenko yenə də prezident oldu və Moskva ürəksiz olsa da bu aqibətlə barışmalı oldu...

Həm də Minskin siyasi-diplomatik mərkəz olması Lukaşenkonun manevr imkanlarını bir az da artır və təbii ki, bu, ruslara elə də xoş təsir bağışlamır. Onlara zəif və dünyaya çıxışı olmayan bir Belarus daha çox sərf edir...

Nə qədər qəribə olsa da, başqa bir səbəb də var. Lukaşenko daim Rusiyadan nəsə istəyir. Moskvanın isə daha "filantrop imperiya” olmaq fikri yoxdur.

Ona görə də Bakı Moskva üçün daha anlaşıqlı və münasibdir. O, nəinki heç nə istəmir, hətta öz resursları ilə bölüşməyə də hazırdır.

Əvəzində rəsmi Bakı o qədər ehtiyatlı siyasət yürüdür ki, sanki Rusiyanın hətta Qarabağ problemində də heç bir rolu yoxdur. Bəzən bilmək də belə olmur ki, bu hakimiyyət Rusiya ilə münasibətləri nəyin qarantı kimi görür? 
Daha çox belə bir siyasi detal nəzərə çarpır ki, iki ölkə arasındakı münasibətlər daha çox hakimiyyətlər arasındakı bağlılıqdır. Belarusla bağlı isə belə bir sıcaq münasibətlər yoxdur, çünki Rusiyaya "oyunbaz” Lukaşenko deyil, idarə olunan Belarus lazımdır.

Həm də bir daha deyirik ki, Rusiyaya Belarusu yox, məhz Azərbaycanı neytral bir ölkə qismində görmək məqbuldur. Belarusa isə daha çox öz quberniyaları kimi baxırlar...

Təbii ki, bütün bunlar hələ o demək deyil ki, Bakı tez bir müddətdə durub Minski tamam əvəz edəcək. Bunun çox səbəbi var. Ən birincisi də budur ki, burada Ermənistan faktoru var. Erməni lobbisinin təzyiqləri və Qarabağ problemi ucbatından əksər ölkələr Bakı ilə Yerevan arasında bir balans saxlamağa çalışır. Hətta səfər edəndə də hər iki ölkəyə edirlər ki, birdən Yerevan inciyər...

Düzdür, Rusiya ilə Bakının münasibətləri daha normaldır, amma mərkəzə çevrilmək yolunda Azərbaycanın bir rəqibi də var. Bu da qonşu Gürcüstandır.

Qərb Gürcüstana daha isti yanaşır, çünki bu ölkə Qərblə inteqrasiya məsələlərində daha israrlıdır. Üstəlik, Gürcüstanda siyasi və yaxud ictimai iqlim daha mülayimdir. Belə bir hal isə Qərbin diqqətini çəkməyə bilməz...

Qərəz, Rusiya analitiklərinin yazdıqları haqqında deyəcəklərimiz bu qədərdir. Bir daha onu deyirik ki, əgər onlar bir şey yazırsa bu heç də o demək deyil ki, bütün bunlar çin olmalıdır. Amma belə fikirlər Rusiyanın siyasi mətbəxindəki atmosferi duymağa imkan verir...

Təbii ki, Bakı onsuz da mərkəzdir - Rusiyadan, Türkiyədən və İrandan bərabər siyasi məsafə... Üstəlik, Gürcüstanla da çox isti münasibətlər!.. Heç şübhəsiz ki, bütün bunlar onun siyasi çəkisini və bölgədəki rolunu artırır.

Amma narahatlıq yaradan bir amil də var ki, Azərbaycandakı siyasi sistem getdikcə daha çox sərtləşməkdədir.

Düzdür, hazırda Qərbin də başı yalnız özünə qarışmış kimi görünür. Fəqət, qlobal demokratiya səyləri eniş yaşasa da heç bir Qərb ölkəsində insanlar demokratiyadan imtina etmək niyyətində deyillər və belə bir kontekstdə Azərbaycanın azad olmayan ölkə statusu alması yaxşı heç nə vəd etmir...




[email protected]