ATƏT-in Minsk Qrupunun həmsədrləri Igor Popov (Rusiya), Stephane Visconti (Fransa) və Richard Hoagland (ABŞ), təmas xəttində baş verən toqquşma ilə bağıl bəyanat yayıblar.
Bəyanatda qeyd edilir ki, həmsədrlər Azərbaycan və Ermənistan Müdafiə nazirliklərindən və digər mənbələrdən fevralın 25-də səhər təmas xəttində atəşkəs rejiminin ciddi surətdə pozulduğu və insan tələfatı olduğu barədə məlumat alıblar.
"Həmsədrlər tərəfləri təmas xətti yaxınlığındakı ağır texnikanı əvvəlki mövqelərə çəkməyə və dünən ATƏT-in şəxsi nümayəndəsinin vasitəçiliyi ilə əldə edilən razılaşmaya uyğun olaraq cəsədlərin evakuasiyasının təmin edilməsinə çağırır” deyə bəyanatda vurğulanır.
Həmsədrlər həmçinin də tərəfləri güc tətbiq etməmək barədə öhdəliyə əməl etməyə çağırır.
XATIRLATMA
Fevralın 24-dən 25-ə keçən gecə cəbhə boyunca baş verən döyüşlər zamanı Azərbaycan itki verib. Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirliyin açıqlamasına görə, cəbhənin Xocavənd-Füzuli istiqamətində əlverişli mövqeləri ələ keçirməyə cəhd göstərən qarşı tərəflə "daha ağır döyüş toqquşması” baş verib və bu zaman Azərbaycan itki verib.
Nazirlik bildirir ki, döyüş nəticəsində qarşı tərəf geri çəkilib, ancaq rəsmilər hələ ki, Azərbaycanın nə qədər itki verdiyini açıqlamayıb.
"Ermənistan silahlı qüvvələrinin bölmələri bütün cəbhəboyu irimiqyaslı təxribatlar törətmək məqsədilə müxtəlif istiqamətlərdə Azərbaycan mövqelərinə soxulmağa cəhd göstərib”, açıqlamada deyilir.
Məlumatda göstərilir ki, Azərbaycan ordusunun qarşı tərəfin daim izlənməsi, qurulan pusqular və döyüş mühafizəsinin təşkili nəticəsində hərəkəti əvvəlcədən aşkar edərək müdafiənin dərinliyinə irəliləməsinin qarşısı alınıb.
Ancaq qarşı tərəf Azərbaycan Silahlı Qüvvələrin mövqelərini ağır artilleriyadan atəşə tutmaqda davam edir, deyə nazirliyin məlumatında vurğulanır.
"Neytral zonada Azərbaycan əsgərlərinin meyiti var”
Qarşı tərəf isə iddia iddia edir ki, Azərbaycan əsgərləri xüsusi minatəmizləyən alətlərdən istifadə edərək onların mövqeyinə hücum etməyə cəhd göstəriblər.
"Neytral zonada bir neçə meyit var. Ermənistan tərəfindən heç kim ölən və yaralanan yoxdur”, deyə məlumatda qeyd edib.
Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib.
2016-cı ildə, əvvəlki illərlə müqayisədə, cəbhədə atəşkəs halları daha çox pozulub. Həmin il aprelin 2-dən 5-nə kimi hətta cəbhədə iri silahların işə düşməsi nəticəsində hər iki tərəf itkilər verib. Aprelin 5-də Moskvada qərargah rəislərinin görüşündə hərbi əməliyyatların dayandırılması ilə bağlı razılıq əldə edilib. Ancaq, hələ də, tərəflər bir-birini atəşkəs pozuntusunda günahlandırır.Son günlər isə cəbhədə iri silahların işə düşdüyü bildirilir.