Qələbə diplomatiyası və yeni reallıqlar

Səmədova Könül İbrahim qızı
ADPU-nun Filologiya fakültəsinin "Müasir Azərbaycan 
dili" kafedrasının müdiri, filologiya elmləri doktoru, 
professor, "Qabaqcıl təhsil işçisi" döş nişanı, 
"Azərbaycan Qadını” media medalı mükafatları laureatı 

Otuz ilə yaxın bir müddətdə doğma yurdlarından didərgin düşən bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün həyatı sürməyə məcbur olmuşdur. İşğal altında qalan torpaqlarımızda şəhərlərimiz, kəndlərimiz, mədəni və dini abidələrimiz dağıdılmış, talan edilmişdi. Lakin Azərbaycan dövləti bu ədalətsiz vəziyyətlə heç zaman barışmadı.
Prezident İlham Əliyevin məqsədyönlü, prinsipial və uzaqgörən siyasəti, güclü ordu quruculuğu və hərbi sənaye kompleksinin inkişaf strategiyası nəticəsində ölkəmiz öz torpaqlarını azad etməyə tam hazır vəziyyətə gətirildi. Müstəqillik illərində formalaşmış milli ordumuz, yüksək döyüş ruhuna və müasir texnoloji təchizata malik güclü silahlı qüvvələrimiz xalqın inamını və dövlətin qüdrətini birləşdirərək tarixi ədaləti bərpa etdilər.
İkinci Qarabağ müharibəsi yalnız cəbhədə deyil, həm də milli ruhda, ictimai həmrəyliyimizdə qazanılmış Qələbə idi. Hakimiyyət və müxalifət bir mövqedə birləşdi, “hakimiyyətə müxalifətdən Vətənə müxalifətə keçid” anlayışı reallığa çevrildi. Dövlətin, xalqın və ordunun vahid məqsəd ətrafında birləşməsi, Prezident İlham Əliyevin “dəmir yumruq” kimi xalqı birləşdirən liderliyi, Azərbaycan tarixində misilsiz bir həmrəylik nümunəsi yaratdı.
Prezidentin müharibə dövründə etdiyi çıxışlar, xalqa müraciətləri hər bir azərbaycanlının qəlbində qürur, inam və vətən sevgisi oyatdı. Hər bir söz, hər bir bəyanat xalqın səfərbərliyini daha da gücləndirdi. İlham Əliyevin rəhbərliyi ilə 44 gün ərzində Azərbaycan dövləti, xalqı və ordusu öz gücünü, iradəsini və birliyini bütün dünyaya nümayiş etdirdi.
2020-ci ilin 10 noyabrında Ermənistanın kapitulyasiyası və üçtərəfli Bəyanatın imzalanması ilə Azərbaycanın ərazi bütövlüyü təmin olundu, tarixi ədalət bərpa edildi. Lakin bu, mübarizənin sonu deyil, yeni mərhələnin başlanğıcı idi. Azərbaycan dövlətinin Qələbə diplomatiyası sayəsində regionda yeni siyasi reallıqlar formalaşdı.
Davam edən proseslərin məntiqi nəticəsi kimi, 2023-cü ilin sentyabrında həyata keçirilən lokal xarakterli antiterror əməliyyatı Qarabağda separatizmin tam kökünün kəsilməsi, qanunsuz silahlı birləşmələrin zərərsizləşdirilməsi və ölkə suverenliyinin tam bərpası ilə nəticələndi.
Bunun ardınca, 2025-ci il 8 avqust tarixində imzalanan sülh sazişi Cənubi Qafqaz regionunda uzunmüddətli sülhün və sabitliyin bərqərar olunmasına yol açdı. Bu sənəd Azərbaycanın diplomatik qələbələrinin, siyasi iradəsinin və beynəlxalq nüfuzunun daha bir təntənəsi kimi tarixə düşdü.
Qazanılmış Qələbənin əbədiləşdirilməsi məqsədilə ölkəmizdə bir sıra mühüm dövlət qərarları qəbul edilmişdir. Bakıda Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyi yaradılır, Hərbi Qənimətlər parkı xalqımızın qəhrəmanlığının canlı yaddaşına çevrilmişdir. Zəfər paradı, Zəfər Günü münasibətilə amnistiya elan edilməsi, həmçinin Dövlət Suverenliyi Gününün təsis olunması Azərbaycanın müstəqillik tarixində qürurverici hadisələrdir.
Bu gün Azərbaycan artıq Qarabağ və Şərqi Zəngəzurda yeni həyatın əsaslarını qurur. İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış proqramı dövlətin əsas prioritetinə çevrilmişdir. Qarabağın yenidən məskunlaşdırılması uğurla davam edir - ağıllı şəhərlər və kəndlər salınır, müasir infrastruktur, məktəblər, xəstəxanalar, hava limanları, sənaye zonaları və kənd təsərrüfatı layihələri reallaşdırılır.
“Laçın” sərhəd-buraxılış məntəqəsinin yaradılması Azərbaycanın sərhədləri üzərində tam suverenliyinin təmin olunmasının rəmzi oldu. Qarabağda və Şərqi Zəngəzurda aparılan məşğulluq və sosial-iqtisadi inkişaf tədbirləri bu ərazilərin qısa zamanda ölkənin ən inkişaf etmiş bölgələrinə çevriləcəyindən xəbər verir.
Bu gün Azərbaycan regionun siyasi, iqtisadi və enerji təhlükəsizliyi baxımından aparıcı ölkəsidir. İqtisadi sahədə regional və qlobal üstünlüklər, enerji layihələrinin strateji əhəmiyyəti, nəqliyyat və logistika dəhlizlərinin inkişafı, çoxşaxəli və effektiv xarici siyasət ölkəmizi beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaşa və müstəqil güc mərkəzinə çevirmişdir.
Ölkə başçısı İlham Əliyevin uzaqgörən liderliyi altında Azərbaycan artıq təkcə regionun deyil, qlobal miqyasda söz sahibidir. Bu, həm 44 günlük müharibədə, həm də müharibədən sonrakı sülh quruculuğu mərhələsində özünü təsdiqləmişdir.
Beləliklə, 8 Noyabr - Zəfər Günü Azərbaycan xalqının iradəsinin, Vətən sevgisinin, milli birliyinin və dövlətçiliyinin təntənəsidir. Bu Qələbə əsrlər boyu azadlıq, ədalət və suverenlik uğrunda aparılan mübarizənin yekunu, müasir Azərbaycan tarixinin ən uca zirvəsidir.
Bu gün hər bir azərbaycanlı fəxrlə deyir:
“Qələbəmiz əbədidir, bayrağımız daim yüksəklərdə dalğalanacaq!
Qarabağ Azərbaycandır!”

07.11.2025


[email protected]