Nuray Əliyeva
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı,
AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun
Dilçilik şöbəsinin baş elmi işçisi, filologiya elmləri doktoru
Azərbaycan dili xalqımızın milli kimliyini və mədəniyyətini əks etdirən ən əsas dəyərdir. Ümummilli lider Heydər Əliyev Azərbaycan dilinin inkişafında, onun dövlət dili statusunun qorunmasında və zənginləşdirilməsində mühüm rol oynamışdır. Onun dil siyasəti Azərbaycan xalqının milli mənlik şüurunun formalaşmasında, milli birliyimizin güclənməsində mühüm əhəmiyyət kəsb edir. Heydər Əliyevin Azərbaycan dilinə verdiyi töhfələr həm dilin hüquqi statusunun möhkəmləndirilməsində, həm də dilimizin beynəlxalq aləmdə tanıdılmasında öz əksini tapmışdır.
Heydər Əliyev Azərbaycan dilini xalqın milli sərvəti kimi qiymətləndirirdi. O, dilin xalqın varlığı üçün əhəmiyyətini belə ifadə etmişdir: “Azərbaycan dili bizim millətimizin milli sərvətidir. Bu dili qorumaq, inkişaf etdirmək və gələcək nəsillərə çatdırmaq hər birimizin vəzifəsidir”. Bu fikir onun Azərbaycan dilinə verdiyi dəyəri və onun qorunması uğrunda apardığı siyasətin əsasını təşkil edir.
Heydər Əliyevin birinci dəfə hakimiyyətə gəldiyi illərdə Azərbaycan dili ilə bağlı bir sıra əhəmiyyətli addımlar atılmışdır. Sovet İttifaqının tərkibində olduğumuz dövrdə rus dilinin dominant olduğu şəraitdə Azərbaycan dilinin inkişafı xüsusi əhəmiyyət kəsb edirdi. Heydər Əliyev həmin dövrdə Azərbaycan dilinin orta və ali məktəblərdə tədrisinin genişləndirilməsi üçün ciddi tədbirlər həyata keçirmiş, dilin tədris proqramlarında daha çox yer almasını təmin etmişdir. 1978-ci ildə Azərbaycan SSR Konstitusiyasında Azərbaycan dilinə dövlət dili hüququ verilməsi bilavasitə Heydər Əliyevin apardığı gərgin işin nəticəsi idi. Belə ki, 1978-ci ildə qəbul olunan yeni konstitusiyanın 73-cü maddəsi Azərbaycan dilini dövlət dili kimi təsbit etdi. Ulu öndər Azərbaycan müstəqillik qazandığı dövrə qədər artıq ziyalılarımızın dil uğrunda mübarizəsinə elə ustalıqla rəvac vermişdi ki, bu mübarizə səngiməsin. Ona görə də o, ölkədə olmadığı dövrlərdə də milli ictimai şüurda bu, öz təsirini qorumuşdur.
1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qayıdışı onun dil uğrunda fədakar mübarizəsinə yenidən təkan vermişdir. Belə ki, 1990-cı ildən sonra ən çox diqqət yetirilən məsələlərdən biri də ölkəmizdə dövlət dilinin inkişafı idi. Çünki bu dil eyni zamanda dünya azərbaycanlılarının birliyinin göstəricisi kimi mühüm əhəmiyyətə malik idi. 1995-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyasında Azərbaycan dili dövlət dili kimi təsbit edilmişdir. Bu, Heydər Əliyevin dil siyasətinin ən böyük nailiyyətlərindən biri hesab olunur. Konstitusiyanın 21-ci maddəsində deyilir: “Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Azərbaycan Respublikası Azərbaycan dilinin inkişafını təmin edir”. Bu maddə Heydər Əliyevin dilə verdiyi hüquqi dəstəyi açıq şəkildə göstərir.
Heydər Əliyev sadəcə bir siyasi rəhbər kimi çıxış etmirdi. Onun çıxışları o qədər səmimi, dilçilik baxımından zəngin idi ki, onunla razılaşmamaq mümkün deyildi. Onun bu sahədəki biliyi, dilimizi bütün incəliklərinə qədər bilməsi bütün dinləyiciləri valeh edirdi. O, öz dilini sadəcə ünsiyyət vasitəsi kimi deyil, həm də qədim tarixə malik olan xalqımızın milli-mənəvi dəyəri kimi qorumuşdur. Ümumilli liderin dil siyasəti yalnız Azərbaycan daxilində deyil, həm də beynəlxalq miqyasda əks-səda doğurmuşdur. O, Azərbaycan dilinin dünya miqyasında tanıdılması, onun zənginliyinin və tarixiliyinin vurğulanması istiqamətində mühüm təşəbbüslər irəli sürmüşdür. Heydər Əliyev çıxışlarında Azərbaycan dilini dünya dilləri arasında mühüm yer tutan dil kimi qiymətləndirmiş, onun zəngin ədəbi və elmi irsə malik olduğunu dəfələrlə vurğulamışdır.
2001-ci il avqustun 9-da Heydər Əliyevin imzaladığı “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” fərman Azərbaycan dilinin inkişafına yönəlmiş ən mühüm hüquqi sənədlərdən biridir. Bu fərmanla Azərbaycan dilinin tətbiqi sahəsində bir sıra irəliləyişlər təmin edilmişdir. Həmin dövrdən etibarən dövlət idarələrində, təhsil və mədəniyyət müəssisələrində Azərbaycan dilindən istifadə zərurəti daha da gücləndirilmişdir.
Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan dilinin lüğət fondunun genişləndirilməsi, terminologiyanın təkmilləşdirilməsi və müasir dövrün tələblərinə uyğunlaşdırılması üçün kompleks işlər həyata keçirilmişdir. Azərbaycan dilinin izahlı lüğətinin yenidən nəşri, yeni terminlərin işlənib hazırlanması, elmi və texniki sahələrdə dilimizin istifadəsinin artırılması onun təşəbbüsü ilə gerçəkləşdirilmişdir.
Eyni zamanda ulu öndər Azərbaycan dilinin saflığının qorunmasını vacib hesab etmişdir. O, dilimizə yad sözlərin daxil olmasının qarşısını almaq, ədəbi dil normalarını qorumaq və xalq danışıq dilinin zənginliyini qoruyub saxlamaq üçün çağırışlar etmişdir. Onun təşəbbüsü ilə yaradılmış Dövlət Dil Komissiyası bu istiqamətdə mühüm rol oynayır.
Heydər Əliyev irsi bu gün də Azərbaycan dilinin inkişafında və tətbiqində mühüm rol oynayır. Onun başladığı dil siyasəti hazırda da Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan dilinin informasiya texnologiyaları sahəsində tətbiqi, beynəlxalq tədbirlərdə tanıdılması və tədrisinin genişləndirilməsi istiqamətində addımlar atılmaqdadır.
Heydər Əliyevin irsi gənc nəslin ana dilini sevərək öyrənməsi və onun inkişafında fəal iştirak etməsi üçün mühüm nümunədir. Onun Azərbaycan dili ilə bağlı gördüyü işlər xalqımızın dilə olan sevgisini daha da artırmış, dilimizin əbədiliyinə zəmanət yaratmışdır.
Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan dilinin qorunması və inkişafı naminə indiyə qədər həyata keçirilmiş dövlət siyasəti müstəqilliyimizin qorunmasında, möhkəmlənməsində mühüm rol oynamaqdadır, çünki dil xalqın, dövlətin varlığının ifadəsidir. Heydər Əliyev Azərbaycan dilinin inkişafı və qorunması sahəsində misilsiz xidmətlər göstərmiş bir liderdir. Onun dil siyasəti yalnız milli kimliyimizi qorumaqla məhdudlaşmamış, həm də dilimizin dünyada tanıdılmasına xidmət etmişdir. Bu gün Azərbaycan dilinin dövlət dili statusuna malik olması, onun beynəlxalq səviyyədə tanınması və zənginləşdirilməsi Heydər Əliyevin uzaqgörən siyasətinin bəhrəsidir. Bu siyasət gələcək nəsillərə dilimizin əzəmətini və onun əhəmiyyətini dərk etmək üçün örnək olmalıdır.