Milli tariximizdə Heydər Əliyev şəxsiyyəti
Qasımova Ləzifə Nağı qızı
BDU-nun "Pedaqogika” kafedrasının
müdiri, pedaqogika elmləri doktoru, professor
Heydər Əliyev 1969-cu il iyulun 14-də Bakı şəhərində keçirilmiş Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin (KP MK) Plenumunda yekdilliklə Azərbaycan SSR KP MK-nın birinci katibi vəzifəsinə seçilmişdir. Dahi Liderin Azərbaycana rəhbərliyinin birinci dövrü 1969-1982 ci illəri, ikinci dövrü isə 1993-2003-cü illəri əhatə edir. Hər iki dövr ölkənin ən ağır və böhranlı vəziyyət keçirdiyi illərə təsadüf etmişdir. Heydər Əliyev hər zaman Azərbaycan xalqının və dövlətinin maraqlarını, mənafelərini müdafiə və təmin edən düzgün siyasi qərarlar qəbul edib həyata keçirməklə onu düşdüyü ağır vəziyyətdən çıxara bilmişdir. Ulu Öndərin Azərbaycana bilavasitə rəhbərlik etdiyi 23 ilin 13 ili SSRİ dönəminə, 10 ili isə müstəqillik illərinin payına düşür. Hər iki dövr Azərbaycanda bərpa və dinamik inkişaf mərhələləri kimi tariximizin qızıl səhifələrinə çevrilib.
Məlumdur ki, SSRİ-nin dağılması ərəfəsində keçmiş ittifaqın tərkibində olmuş respublikaların yalnız ikisi - Rusiya və Azərbaycan tam müstəqil olaraq öz iqtisadiyyatını idarə etmək imkanına malik idi. Həmin illərdə Azərbaycanın bu səviyyəyə qalxmasının əsas səbəbi isə ötən əsrin 70-80-ci illərində ölkəyə məhz Heydər Əliyevin rəhbərlik etməsi ilə izah edilir. Xüsusilə 1988-1993-cü illərdə Azərbaycana rəhbərlik etmiş bəzi səriştəsiz adamların fəaliyyətsizliyi üzündən SSRİ vaxtı burada yaradılmış böyük iqtisadi potensial ilbəil dağıdılıb talan edilməyə başlamış və 1991-1993-cü illərdə özünün kulminasiya mərhələsinə qədəm qoymuşdur. Bu dövrdə vəziyyət elə təhlükəli xarakter almışdır ki, 1991-ci ildə əlverişli tarixi şəraitin və taleyin xalqımıza bəxş etdiyi imkandan yaranmış dövlətimiz səriştəsiz idarəçilik nəticəsində öz müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qalmışdı.
Belə bir vaxtda – 1993-cü ilin 15 iyununda Heydər Əliyev xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdaraq Azərbaycanı və bütünlükdə xalqımızı düşdüyü ağır vəziyyətdən xilas etdi. Dahi şəxsiyyət “Ömrümün bundan sonrakı hissəsini harada olursa olsun, yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm”, - demiş və yenidən respublikaya rəhbərlik etməyə başladığı ilk gündən ölkəmizdə həyata keçirilən bütün iqtisadi islahatların və köklü dəyişikliklərin təşkilatçısı və ilhamvericisi olmuşdur. Heydər Əliyevin gərgin əməyi, səriştəsi, böyük təşkilatçılıq qabiliyyəti, uzaqgörən daxili və xarici siyasəti nəticəsində Azərbaycanda ictimai-siyasi sabitlik bərpa edilmiş, məşhur “Əsrin müqaviləsi” imzalanmış və neft strategiyası işlənib hazırlanmışdır. Həmçinin dünyanın bir çox super dövlətləri ilə neft kontraktları bağlanmış, qədim İpək yolu bərpa olunmağa başlamış və bu məqsədlə TRASEKA proqramı həyata keçirilmiş, dünyanın bir çox ölkələri ilə iqtisadi əlaqələrimiz genişlənmişdir.
Heydər Əliyevin ən böyük və tarixi xidmətlərindən biri də dünyada analoqu olmayan Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərlərinin çəkilməsi, Azərbaycanı Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin başlıca iştirakçısına cəlb edə bilməsindən ibarətdir. Ulu Öndərin neft strategiyasının uğurla həyata keçirilməsinin nəticəsidir ki, cəmi bir neçə il ərzində ölkəmizə 10 milyarddan ABŞ dollarından çox investisiya cəlb edilmişdir. Həyata keçirilən kompleks tədbirlər nəticəsində Azərbaycan iqtisadiyyatında dirçəliş baş vermiş və əhalinin pul gəlirlərinin artım səviyyəsi qiymətlərin artım səviyyəsini üstələmişdir. 1991-1995-ci illərdə respublikamızda iqtisadi inkişafın əsas makroiqtisadi göstəricisi sayılan ümumi daxilli məhsulun (ÜDM) real həcmi ildə 20-25 faiz, sənaye məhsulu istehsalı isə 15-20 faiz azaldığı halda, 1993- 2003-cü illərdə ÜDM istehsalı o vaxtın qiymətləri ilə 22,3 dəfə artaraq, 157,1 milyard manatdan 35,1 trilyon manata yüksəlib. Əhalinin pul gəlirlərinin məbləği 17,9 dəfə artaraq, 135,5 milyard manatdan 24,2 trilyon manata çatmışdır.
1993-2003-cü illərdə respublikamızda 3 minə qədər yeni sənaye müəssisəsi açılmışdır. Heydər Əliyevin həyata keçirdiyi “açıq qapı” siyasəti nəticəsində müqayisə edilən dövrdə ölkəmizdə fəaliyyət göstərən xarici və müştərək müəssisələrin sayı 3 dəfədən çox artmışdır. Respublikanın təkcə sənaye sahəsində 40 dövləti təmsil edən 167 xarici investisiyalı müəssisə fəaliyyət göstərmiş və onlar tərəfindən minlərlə iş yerləri açılmışdır.
Qeyd olunan və olunmayan nailiyyətlərin qazanılmasında Ulu Öndər Heydər Əliyevin iqtisadi strategiyası və taktikası mühüm rol oynayıb. Bəli, Heydər Əliyevin iqtisadi siyasətinin amalı məhz mövcud patensialı qoruyub-saxlamaq, qurmaq-yaratmaq, ondan səmərəli istifadə etmək və bu yolla ölkənin iqtisadi və hərbi qüdrətini möhkəmlətmək, xalqın həyat səviyyəsinin yaxşılışdırılmasına nail olmaqdır.
04.12.2024
[email protected]