ARDNF-in İcraçı direktoru Suveren Fondların Beynəlxalq Forumunun İdarə Heyəti sədrinin müavini seçilib
Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) İcraçı direktoru İsrafil Məmmədovun başçılıq etdiyi nümayəndə heyəti üzvlərinin məcmu vəsaitlərinin həcmi 8 trilyon dollarından çox olan və dünyanın suveren institutlarını bir araya toplayan ilk və yeganə təşkilat olan Suveren Fondların Beynəlxalq Forumu (SFBF) Oman Sultanlığının paytaxtı Maskat şəhərində keçirilən illik 16-cı iclasında iştirak edir.
ARDNF-dən bildirilib ki, Oman İnvestisiya Təşkilatının ev sahibliyi ilə “Dayanıqlı gələcək axtarışında” mövzusunda tədbir dayanıqlı və davamlı investisiya strategiyalarının müzakirəsi məqsədilə SFBF-nin üzvü olan suveren fondları bir araya gətirib. Yığıncağa 100-dən çox maliyyə və inkişaf institutlarını təmsil edən 200-dən çox nümayəndə qatılıb.
Yığıncaq çərçivəsində SFBF-nin İdarə Heyətinin yeni tərkibi müəyyən olunub. SFBF-nin sədr müavini vəzifəsinə keçirilən seçkilərdə ARDNF-in İcraçı direktoru İsrafil Məmmədov səs çoxluğu ilə qalib gəlib. Qeyd olunmalıdır ki, İdarə Heyəti sədrinin müavini vəzifəsi üç ili əhatə edir və həmin müddət bitdikdən sonra birbaşa əsaslarla növbəti üç il ərzində İdarə Heyətinin sədri vəzifəsinin icrası başlayır. İsrafil Məmmədovun bu vəzifəyə seçilməsi ARDNF-in suveren fondların idarə edilməsində dayanıqlı və davamlı yanaşmalara sadiqliyini bir daha nümayiş etdirməklə yanaşı, həm də Azərbaycanın dayanıqlı investisiyanın təşviqinə və suveren fondların idarə edilməsində qlobal ən yaxşı təcrübə standartlarının inkişafına sadiqliyinin əhəmiyyətli göstəricisidir.
İsrafil Məmmədov çıxışı zamanı Santyaqo Prinsiplərinin əhəmiyyətini bir daha vurğulayaraq qeyd edib ki, güclənən proteksionizm və dəyişən geosiyasi dinamika investisiya mühitini yenidən formalaşdırır. “Suveren fondlar olaraq biz yalnız gəlir əldə etmək üçün deyil, həm də davamlılıq, dayanıqlılıq və çevikliyin təmin olunması üçün çalışmalıyıq”, – deyə o bildirib.
Tədbirdə, həmçinin öz ölkələrinin ən iri suveren fondları olan Sinqapur Dövlətinin İnvestisiya Korporasiyası (“GIC”), Əbu-Dabi İnvestisiya Təşkilatı (“ADIA”), Çin İnvestisiya Korporasiyası (“CIC”), Avstraliyanın Gələcək Fondu (“Future Fund”) qurumlarının təmsilçiləri İdarə heyətinin üzvləri seçilib.
Katibliyi London şəhərində yerləşən SFBF Suveren Fondların Beynəlxalq İşçi Qrupunun 2009-cu il aprelin 5-6-da Əl-Küveyt şəhərində keçirilmiş iclasında yaradılıb və ilk rəsmi iclasını 2009-cu il oktyabrın 8-9-da Bakı şəhərində keçirib. Könüllü qrup olan SFBF-nin əsas məqsədi Suveren Fondların ümumi maraqlarına dair məsələlər ətrafında fikir mübadiləsi aparmaq və Santyaqo Prinsipləri və Suveren Fondların fəaliyyətinin anlaşılmasını asanlaşdırmaqdır.
Xatırladaq ki, ARDNF-in həmtəşkilatçılığı ilə SFBF-nin “Dəyişiklik naminə sərvətin səfərbər edilməsi” mövzusunda 14-cü illik iclası 2022-ci ildə Bakıda keçirilib.
[email protected]