Prezident İlham Əliyev Olimpiya Stadionunun ərazisində COP29-a hazırlıqla bağlı görülən işlərlə tanış olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 17-də Bakı Olimpiya Stadionunun ərazisində COP29-a hazırlıqla bağlı görülən işlərlə tanış olub.
“İctimai fikir” xəbər verir ki, Prezidentin köməkçisi Anar Ələkbərov dövlət başçısına COP29 məkanının tədbirə hazırlıq vəziyyətinə gətirilməsi barədə məruzə edib.
Qeyd edilib ki, ərazidə icra edilən tikinti-quraşdırma işləri yekun tamamlanma mərhələsindədir. Hazırlıq işlərinin sürətlə davam etdiyi nəzərə alınaraq tədbir məkanının BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına (UNFCCC) tələb olunan tarixdə təhvil verilməsi planlaşdırılır.
Prezident İlham Əliyevə COP29 konfransının ilk günlərində baş tutacaq Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammitinin təşkili istiqamətində atılan addımlar və icra olunan işlərlə bağlı da geniş məlumat verilib.
Dövlət başçısı ərazidə yaradılmış infrastruktur və qurğular, informasiya texnologiyaları və təhlükəsizliyi sahəsində icra olunan tədbirlər, COP29 məkanının enerji ehtiyaclarının yaşıl enerji mənbələrindən qarşılanması üçün tətbiq edilən həllər, iştirakçıların qeydiyyat prosesi və digər sahələrdə görülən işlərlə yaxından tanış olub.
Azərbaycan Prezidentinə COP29 Yaşıl Zonada görülən işlər barədə də geniş məruzə edilib.
Dövlət başçısı Media Mərkəzinə də baxıb. Burada konfrans çərçivəsində media nümayəndələrinin səmərəli işinin təşkili üçün hərtərəfli şərait yaradılır. Bildirilib ki, konfransın işıqlandırılması üçün bu günə qədər ən nüfuzlu qlobal media qurumları da daxil olmaqla çox sayda media nümayəndəsi akkreditasiyadan keçib.
Prezident İlham Əliyev görüləcək işlərlə bağlı tapşırıq və göstərişlərini verib.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 17-də Bakı Olimpiya Stadionunun ərazisində COP29-a hazırlıqla bağlı görülən işlərlə tanış olub.
Məlumatı Prezidentin Mətbuat Xidməti yayıb.





 Whatsappla göndər
 Teleqramla göndər
 Facebookda paylaş
 Twitterdə paylaş




[email protected]