Ölkəmizdə dağ turizmi də inkişaf edir
Azərbaycanda son illər turizmin inkişaf etmiş sahələrindən biri də dağ turizmidir. Dağ turizmi deyəndə ilk yada düşən ölkəmizin şimal bölgəsində ilboyu fəaliyyətdə olan "Şahdağ" qış-yay turizm kompleksi olur. "Şahdağ" qış-yay turizm kompleksi dünyadakı bu tipli komplekslərdən nadirliyi və universallığı ilə fərqlənir.
Qusar rayonunun mərkəzindən 32 kilometr məsafədə - Şahdağ Milli Parkının ərazisində yerləşən "Şahdağ" qış-yay turizm kompleksinin təməli 2009-cu ilin sentyabrında Prezident İlham Əliyevin iştirakı ilə qoyulub. Yarandığı gündən keçmiş MDB məkanında və digər xarici ölkələrdə dağ turizmi həvəskarlarının diqqətini çəkən bu kompleksdə sonralar avtomobil yolu genişləndirilib, körpülər tikilib, torpaq sürüşmələrinin qarşısının alınması üçün mühafizə tədbirləri həyata keçirilib. Dəniz səviyyəsindən 1300-2300 metr yüksəklikdə yerləşən turizm kompleksinin ərazisi 2058 hektardır.
Ölkəmizdə dağ-xizək kurortlarına maraq böyükdür. Şahdağ kompleksi fəaliyyətə başlayandan turizm şirkətləri bu məkana yüzlərlə turlar təşkil etmişlər. Mütəxəssislərin fikrincə, dağçılıq idmanı bütün dünyada, o cümlədən də Azərbaycanda populyarlıq qazanıb. Artıq ölkəmizin müxtəlif bölgələrində bu idman növü üzrə 50-dən çox klub fəaliyyət göstərir. İdmançılarımızın sayı isə təxminən 5 minə yaxındır. Onların arasında dağ idmanı üzrə beynəlxalq təcrübəyə yiyələnən onlarca bələdçi var. Ona görə dağ turizminə maraq göstərən şirkətlərin və turistlərin sayı ildən-ilə çoxalır.
Böyük Qafqazda, əsasən də Şahdağ silsiləsində dağ turizmi üzrə yay və qış marşrutları fəaliyyətdədir. Mövsümlə əlaqədar burada Gürcüstandan və Rusiyadan gəlmiş velosipedçilər və skeytbordçular çoxluq təşkil edir. Xüsusi ayrılmış velocığırlarla yarışan dağ velosipedçiləri və hündürlükdəki maneəni aşmaq üzrə yarışan skeytbordçuların adrenalin dolu performansları izləyicilərə həyəcanlı anlar yaşadır. Bu marşrutların üzərində daldalanacaq yerləri, düşərgələr salınması üçün ərazilər müəyyənləşdirilib, eyni zamanda təhlükəsizliklə bağlı müxtəlif işlər görülüb.
Azərbaycanın cənub qapısı olan Naxçıvanda da dağ turizmi sahəsində diqqətçəkən məqamlar çoxdur. Yamac paraşütçüləri Şahbuz rayonunun ərazisində, dağların qoynunda yerləşən Ağbulaq İstirahət Mərkəzində maraqlı uçuşlar həyata keçirirlər. Əlincəqalanın zirvəsindən də uçuşlar olur. İzləyicilərə maraqlı anlar yaşadan paraşüt səyahəti muxtar respublikada bir ilk olmaqla, turizmin hərtərəfli inkişafından xəbər verir.
Ekspertlərin fikrincə, Naxçıvanda son illər qış və dağ turizmində mühüm canlanma müşahidə edilir. İdmanın hava və ekstremal növləri ilə məşğul olanlar Naxçıvanda mövcud olan bu imkanlara maraq göstərirlər. Son bir neçə ildir ki, xarici ölkə alpinistləri muxtar respublikanın əzəmətli dağlarına maraqlı səfərlər edir, həmin anları sosial şəbəkələrdə böyük həvəslə paylaşırlar.
Ölkəmizdə dağ turizminin inkişafı prioritet məsələlərdəndir. Hazırda bu istiqamətdə erməni işğalından azad edilmiş Şuşa, Laçın və Kəlbəcərdə böyük tikinti-quruculuq işləri həyata keçirilir. Qarabağda və Şərqi Zəngəzurda mədəniyyət, təbiət, sağlamlıq, dağ-xizək turizmi istiqamətləri üzrə zəngin resurslar var. Təbiət turizmi üzrə piyada yürüşləri (hayking), yamac paraşütü, dağ velosipedi, dağ çaylarında qayıqçılıq idman növlərinə hazırlıq görülür. Mütəxəssislər bildirirlər ki, Şuşa, Laçın, Kəlbəcərin təbiətində turizm növlərinin inkişafı nisbətən daha böyük potensiala malikdir. Sağlamlıq turizmi üzrə termal bulaqlar, isti vannalar, iqlim kurortları turistlərə təklif edilə bilər. Dağ-xizək turizm istiqaməti üzrə insanlara istər Laçında və Kəlbəcərdə, istərsə də Şuşada və bu yerlərə yaxın dağlıq ərazilərdə müxtəlif xidmətlər göstərmək üçün şərait yaradılacaq.
Laçın təbiət yasaqlığında qırmızı palıd meşələri, mineral sular, bir neçə min il yaşı olan arxeoloji abidələrin mövcudluğu qış turizm mərkəzinin yaradılmasını yaxın vaxtlarda reallaşdıracaq.
Gümrahlıq və xoş ovqat yaradan dağ turizmi üçün Kəlbəcərdə çəmənliklərdə piyada yürüşləri, Qarabağ yaylağında və Qarabağ silsiləsində dağ yürüşləri, Dəlidağın yamaclarındakı İstisuda müalicə və istirahət, Qafqaz Albaniyası memarlığının incisi Gəncəsər monastırına yürüşlər və s. təşkil edilməsi ölkəmizdə dağ turizmini daha da diqqətçəkən edəcək. Burada qış turizminin yaradılması baxımından kurort mehmanxana və sanatoriyaların tikilməsi sürətlə davam etdirilir.
Ötən il avqustun 16-da Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva Kəlbəcər və Laçın rayonlarında olarkən dövlətimizin başçısı demişdir: "Bu da gözəl Kəlbəcər dağları, hər tərəf dağ, çay, meşə, cənnətməkan. Cənnətə də çevriləcəkdir".
Son üç ildə Qarabağ və Şərqi Zəngəzurda quruculuq, tikinti-quruculuq işləri sürətlə aparılır. Bunu Fizuliyə, Laçına, Zabuxa, Şuşaya və digər ərazilərə, öz doğma ata-baba yurdlarına qaydan ailələrin timsalında da aydın görmək olur.
Mütəxəssislərin fikrincə, Laçında, Şuşada, Kəlbəcərdə olduğu kimi, Gədəbəydə də dağ turizminin yaradılmasına yaxşı şərait var. Ötən il Gədəbəyə yerli turistlər bir yana, dünyanın 26 xarici ölkəsindən yüzlərlə səyahətçi gəlmişdi.
Qazaxda, Şəmkirdə, Göygöl ətrafında, Daşkəsəndə, Goranboyun dağlıq ərazisində, Quba, Qax, Astara, Lerik, Yardımlı kimi məkanlarda da dağ turizminin inkişafı üçün imkanlar genişdir. Bu təbii imkanlardan istifadə etmək üçün həmin ərazilərdə müvafiq infrastruktur yaradılır.
Azərbaycan Prezidentinin diqqət və qayğısı sayəsində yeni inkişaf mərhələsinə qədəm qoyan dağ turizmi özünün maraqlı və güvənli dövrünü yaşayır. Bu, Azərbaycanın dünyada tanıdılması, ölkəmizin inkişafı, insanların sağlamlığı və yeni iş yerlərinin açılması baxımından çox əhəmiyyətlidir.
[email protected]