Ermənistan müstəqil dövlət olsa da, USAID kimi təşkilatların “oyuncağı” olaraq qalmaqdadır - ŞƏRH
ABŞ dünyada “demokratiyanın beşiyi” olduğu kimi, varlı və güclü dövlət hesab edilir. Kapitalizmin ifrat formada inkişaf etdiyi bu ölkədə hər bir məsələnin pulla həll olunduğu artıq heç kimə sirr deyil. Böyük maqnatlara və korporativ maraqlara xidmət göstərən ABŞ iqtisadiyyatı inkişaf etdikcə xarici dövlətlərə də “yumşaq güc” ilə müdaxilələrin sayı artır.
Özünü beynəlxalq ictimaiyyətə humanist, insanpərvər kimi təqdim edən ABŞ müxtəlif qeyri-hökumət təşkilatları vasitəsilə bu və ya digər ölkələrin siyasətinə təsir göstərir. Müxtəlif regionlarda milli və etnik azlıqları, siyasi partiyaları, mətbuatı, təhsili, mədəniyyəti maliyyələşdirərək onları özü istədiyi istiqamətə yönəldir, bununla da bir tərəfdən maraqlarını reallaşdırır, digər tərəfdən isə “çox humanist” siyasət apardığını təlqin edir.
Lakin bu humanistliyin arxasında dayanan niyyət heç də həmişə xoş olmur və geosiyasi oyunlarda ABŞ-ın qalib gəlməsinə xidmət edir. ABŞ-n Beynəlxalq İnkişaf Agentliyi (USAID) bəlkə də dünyada fəaliyyət göstərən ən böyük və geniş maliyyə imkanlarına malik qeyri-hökumət təşkilatıdır. İri donor təşkilatı olan USAID kənd təsərrüfatı, səhiyyə və təhsildən tutmuş idarəetmə, demokratiya və insan haqlarına qədər bütün sahələrdə proqramlar həyata keçirir. Qurum əsasən dövlət büdcəsindən maliyyələşir, 80-dən çox ölkədə nümayəndəlikləri və 100-dən çox müxtəlif sahə üzrə proqramı var. SSRİ dağıldıqdan sonra yeni müstəqillik qazanan dövlətlərin zəif iqtisadiyyatından istifadə edən ABŞ USAID vasitəsilə bu dövlətlərə yardım etməyə başladı. İnsanlarda bu təşkilat və ümumilikdə ABŞ barəsində çox müsbət obrazın təəssüratı yarandı. Lakin əsl həqiqətin nədən ibarət olması heç kimi düşündürmədi. Sonralar məlum oldu ki, USAID, sadəcə olaraq, ABŞ-ın istifadə etdiyi “yumşaq güc” deyilən siyasi texnologiyadır. Məsələnin mahiyyəti ondan ibarətdir ki, edilən yardımlar heç də təmənnasız deyil.
MDB Ölkələri İnstitutunun rəhbəri, politoloq Vladimir Yevseev qeyd edir ki, USAID-in müxtəlif ölkələrdə həyata keçirdiyi proqramlar məqsədli xarakter daşıyır. 2019-2020-ci illərdə keçmiş SSRİ ərazisindəki dövlətlərdə müxtəlif proqramlar üçün USAID 775 milyon dollar vəsait xərcləyib. Ən çox vəsait Gürcüstan və Ukraynaya ayrılıb ki, bu ölkələrdəki siyasi vəziyyət göz qabağındadır. Yardımlar vasitəsilə yaradılan təşkilatlar yalnız USAID tərəfindən verilən tapşırıqları icra edirlər. Məsələn, Gürcüstanda təhsilə yardım adı ilə ayrılan vəsait rus dilinin bu ölkədən sıxışdırılıb çıxarılmasına, mətbuata ayrılan vəsait müstəqil siyasət yürüdən hökumətin əleyhinə təbliğat aparmağa, qeyri-hökumət təşkilatlarına ayrılan vəsait isə kütləvi aksiyaların keçirilməsi istiqamətində xərclənirdi. Görünən odur ki, bu yardımlar heç də təhsilin, demokratiyanın inkişafı və dövlətin möhkəmlənməsi üçün deyil, hökuməti yönəltmək və özünün geosiyasi oyunlarına alət etmək üçündür.
USAID-in 2021-ci ildə açıqladığı hesabatında göstərilir ki, 2019-2020-ci illər ərzində Gürcüstan 252, Ukrayna isə 808 milyon dollar vəsait alıb və müxtəlif sahələrdə həyata keçirilən proqramlar maliyyələşib. Bu gün Ukraynanın müharibəyə cəlb olunaraq dağılması, Gürcüstanda isə sabitliyin kövrək xarakter alması göz önündədir. Bu dövlətlər ABŞ-ın Rusiyaya qarşı mübarizəsində alətə çevrildilər və əlbəttə ki, hər iki ölkənin milli maraqları, əhalisinin sosial-iqtisadi vəziyyəti, beynəlxalq imici Dövlət Departamentində oturanları qətiyyən maraqlandırmır. ABŞ Dövlət Departamentinin adını da təsadüfən çəkmədik. USAID Dövlət Departamenti ilə birlikdə işləyir, onun tövsiyələri əsasında fəaliyyət göstərir.
Tarixi faktlara müraciət edərək ABŞ-ın “yumşaq güc” ilə Yaxın Şərq dövlətlərinə müdaxiləsinin şahidi olarıq.
Suriyada baş verən vətəndaş müharibəsinin səbəblərini araşdıran britaniyalı jurnalist Vanessa Billi bildirib ki, Suriyada fəaliyyət göstərən “Ağ dəbilqəlilər” təşkilatı guya humanitar fəaliyyətlə məşğul olurdu. Araşdırma zamanı məlum olub ki, bu təşkilat 2000-ci ilədək ABŞ-ın müxtəlif fondlarından, 2013-2016-cı illərdə isə Soros, Klintonlar, Rokfeller qardaşları fondlarından 150 milyon dollar həcmində maliyyə dəstəyi alıb. Təşkilatın üzvləri Suriyada üsyançılara təlim keçib, təxribat törətməyin texnologiyaları öyrədilib. Hazırda bu təşkilatın cinayətkar fəaliyyəti ilə bağlı toplanan materiallar Haaqa məhkəməsinə təqdim olunub.
Bu proseslər hazırda Ermənistanda aparılır. ABŞ-ın qeyri-hökumət təşkilatları Ermənistana maliyyə yardımlarını artırmaqda davam edirlər. Maraq doğuran məqam ondan ibarətdir ki, Azərbaycan Qarabağı işğaldan azad etdikdən sonra yardımların məbləği daha da artmağa başlayıb, bu da müəyyən düşüncələrin, konkret olaraq isə maliyyə yardımları Ermənistanda revanş hissi ilə yaşayanların fəaliyyətinin genişlənməsinə rəvac verir. Bu ilin sentyabrında Ermənistanın baş nazirinin müavini Mqer Qriqoryan ilə USAID-in bu ölkədəki missiyasının rəhbəri Con Alelo arasında imzalanan sənədə əsasən, yardımın məbləği 120 milyon dollardan 250 milyon dollara yüksəlib. İmzalanan sənədə əsasən, ayrılan vəsait əhalinin sosial vəziyyətinin yaxşılaşmasına, müdafiə qabiliyyətinin artırılmasına, enerji təhlükəsizliyinin təmin olunmasına yönəldiləcək.
İyul ayında ABŞ və Ermənistan hərbçilərinin birgə hərbi təlimləri, avqustda isə İrəvanın “Zvartnoç” aeroportuna ABŞ-ın silah-sursatla yüklənmiş “Boeing C-17” markalı iki hərbi nəqliyyat təyyarəsinin gəlməsi və digər faktlar regionun təhlükəli dövrə qədəm qoyduğunu deməyə əsas verir. ABŞ bu bölgədə sabitliyin pozulması yolu ilə dövlətləri nəzarəti altına almağa cəhd göstərir.
USAID-in rəhbəri Samata Pauerin isə Qarabağı könüllü tərk edən əhaliyə 100 milyon dollar ayırmaq haqqında bəyanatı və onların köməyə ehtiyacı olmaları barədə fikirləri ABŞ siyasətinin ikiüzlülüyünü açıq formada ortaya qoyur. 1990-cı illərin əvvəllərində Ermənistanın hərbi təcavüzü nəticəsində evlərini məcburi tərk edərək Bakıya gələn azərbaycanlılar nə üçün USAID-in nəzərindən yayınıb. Nədənsə Xocalı soyqırımı, Qarabağda uşaqların, qadınların və yaşlıların qətlə yetirilməsi USAID-i maraqlandırmayıb. Digər tərəfdən ABŞ 1990-cı illərin əvvəllərində bir tərəfdən Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edirdi, digər tərəfdən isə Azərbaycana qarşı “birbaşa yardımı” qadağan edən qanun qəbul etdi. Ermənistan nə qədər silahlanıb sabitliyi pozmağa cəhd göstərəcəksə və xarici dövlətlərin maraqlarının “vəkili” kimi çıxış edəcəksə, bir o qədər də yoxsulluğa və deqradasiyaya uğrayacaq.
Bu gün müxtəlif ölkələrdəki destruktiv fəaliyyətini nəzərə alan milli hökumətlər USAID-i ölkədən qovublar. Son 5 il ərzində USAID Belarus, Rusiya, Türkmənistan, Zimbabve, Venesuella, Boliviya, Konqo və digər ölkələrdən çıxarılıb. Azərbaycanın isə yardıma ehtiyacı yoxdur. Ermənistan müstəqil dövlət olsa da, USAID kimi təşkilatların oyuncağı olaraq qalır.
[email protected]