"Mühasibat uçotu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2023-cü il 22 dekabr tarixli 1059-VIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, "Mühasibat uçotu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2023-cü il 22 dekabr tarixli 1059-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək  məqsədilə qərara alıram:
1. Müəyyən edilsin ki:
1.1. "Mühasibat uçotu haqqında" Azərbaycan Respublikası Qanununun 3.1-1.1-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
1.2. həmin Qanunun 3.1-1.1-ci maddəsində "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti "Mühasibat uçotu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2023-cü il 22 dekabr tarixli 1059-VIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.
3. "Mühasibat uçotu haqqında" Azərbaycan Respublikası Qanununun 3.1-1.1-ci  maddəsinə uyğun olaraq orta sahibkarlıq subyektləri tərəfindən mühasibat uçotunun elektron formada aparılması aşağıdakı mərhələlərdə həyata keçirilsin: 
3.1. Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş maliyyə xidmətlərini göstərən şəxslər - 2024-cü il yanvarın 1-dən;
3.2. telekommunikasiya xidmətləri göstərən şəxslər - 2024-cü il aprelin 1-dən; 
3.3. yanacaqdoldurma məntəqələrində neft və qaz məhsullarının satışı ilə məşğul olan şəxslər - 2024-cü il iyulun 1-dən;
3.4. idman mərc oyunlarının operatoru - 2024-cü il oktyabrın 1-dən; 
3.5. bu Fərmanın 3.1-3.4-cü bəndləri ilə əhatə olunmayan digər orta sahibkarlıq subyektləri - 2027-ci il yanvarın 1-dən.
4. "Mühasibat uçotu haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli 192 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005,  № 2, maddə 68 (Cild I)) aşağıdakı dəyişikliklər edilsin:
4.1. 2.1-ci bəndə "2.1.20-ci" sözlərindən sonra ", 3.1-1.1-ci" sözləri əlavə edilsin;
4.2. aşağıdakı məzmunda 2.1-1-ci bənd əlavə edilsin:
"2.1-1. həmin Qanunun 3.1-1.1-ci maddəsində "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur;".




[email protected]