Bəşəriyyətin gələcəyi naminə həmrəylik çağırışları

Ötən il Azərbaycan üçün müstəsna tarixi əhəmiyyətə malik bir çox hadisələrlə yanaşı, ölkəmizin evsahibliyi ilə keçirilən qlobal əhəmiyyətli tədbirlərlə də əlamətdar oldu. Bu baxımdan, mart ayında təşkil edilmiş X Qlobal Bakı Forumu və Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun iyulda keçirilən nazirlər görüşü xüsusi qeyd olunmalıdır. Hər iki qlobal miqyaslı tədbirdə indiyə qədər əldə olunmuş nailiyyətlər, qarşıda duran vəzifələr diqqətə çatdırıldı, gələcəklə bağlı strateji baxışlara nəzər yetirildi.
Qlobal Bakı Forumu Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə 2013-cü ildən keçirilir. X Qlobal Bakı Forumunun panel iclaslarında və sessiyalarında da bəşəriyyətin qarşısında duran yeni çağırış və perspektivlər - yeni dünya nizamı, iqlim dəyişikliyi, ədalətli və bərabərhüquqlu enerji keçidi, meqatəhdidlər - iqlim, qida və nüvə təhlükəsizliyi, qlobal səhiyyə sisteminin qurulması, sağlamlığın təbliği, qlobal yoxsulluq, bərabərsizlik, iqlim böhranı və münaqişələr nəticəsində son illər qarşısıalınmaz miqrasiya prosesləri, yeni enerji və nəqliyyat dəhlizlərinin rolu, dünyanın müxtəlif regionlarında sülhün, sabitliyin və inkişafın axtarışı yolları və digər bu kimi mühüm mövzular qoyulmuşdu. 

 

Avropanın enerji xəritəsini dəyişən Azərbaycan

 

Öncə qeyd edək ki, X Bakı Qlobal Forumunun iştirakçılarının təmsilçilik səviyyəsi və intellektual potensialı aparıcı beynəlxalq konfranslara uyğun idi və bu da həmsədrlərin, bütün idarə heyətinin düşünülmüş və səmərəli fəaliyyətinin təzahürü kimi diqqəti cəlb edirdi. Açılış zamanı Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin adını daşıdığı dahi Azərbaycan şairinin xatirəsinə və irsinə olan dərin hörmətin təzahürü olduğunun diqqətə çatdırılması tədbirin böyük rəğbət doğuran məqamlarından birinə çevrildi. Qeyd olundu ki, dahi şairimizin zəkası və müdrikliyi Azərbaycan xalqının istedadını və böyüklüyünü təcəssüm etdirir. 
Forumun mövzusuna uyğun olaraq bu mötəbər yığıncaqda dünyada enerji təhlükəsizliyi məsələlərində baş verən yeniliklər, Azərbaycanın Avropa Komissiyası ilə imzaladığı memorandum, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında ölkəmizin yeri və rolu ilə bağlı fikirlər diqqətə çatdırıldı. Bu istiqamətdə gələcək perspektivlər üzrə strateji mövqelərdən bəhs olundu. Avropanın enerji xəritəsində mühüm dəyişikliklərin olacağı ilə əlaqədar gözləntilər dilə gətirilərək Azərbaycanın neft və qaz boru kəmərlərinin inşası ilə Avropanın enerji xəritəsinin artıq dəyişildiyi, indi isə növbənin "yaşıl enerji"ni təmin edəcək elektrik xətlərinə çatdığı bəyan edildi. Bu forumda dünyanın ümumi mənzərəsinin parlaq təsviri verildi, müasir çağırışlarla bağlı fikirlər, birgə yerinə yetirilməli olan təşəbbüslər aktuallaşdırıldı. 

 

Sülh zamanı

 

X Qlobal Bakı Forumunda ölkəmizin Vətən müharibəsindəki tarixi zəfərindən sonra yaranmış yeni reallıqlar, aparılan sülh prosesləri barədə fikirlər də səsləndirildi. 2020-ci ilin noyabrında, müharibə bitdikdən dərhal sonra Azərbaycanın sülh danışıqlarına başlamaq üçün təşəbbüs irəli sürdüyü və Ermənistanla sülh müqaviləsinin əsasını təşkil edəcək beş məşhur prinsipin təqdim edildiyi xatırlandı. Bir daha bəyan olundu ki, sülh üçün vaxt yetişib, ölkəmiz daimi sülhün əldə olunmasını istəyir. Çoxkonfessiyalı, çoxmillətli ölkə olan Azərbaycanda azlıqların hüquqları Konstitusiyamızla qorunur. Ölkəmizdəki real vəziyyətlə tanış olan hər kəs Azərbaycanın yüksək dini və etnik dözümlülüyü ilə seçilən, müxtəlif etnik qrupların, konfessiyaların nümayəndələrinin dinc və ləyaqətli şəkildə yaşadığı ölkə olduğunu təsdiqləyə bilər. Tədbirdə o da qeyd olundu ki, hər münaqişənin öz tarixi, öz dinamikası və sonu var. Vacib məqam odur ki, ölkələr arasında mübahisələr beynəlxalq hüquq əsasında həllini tapsın, onların ərazi bütövlüyü və suverenliyi güc hesabına dəyişdirilməsin. Bildirildi ki, hazırda rəsmi İrəvan üçün öz qonşuları ilə qonşu kimi davranmaq şansı yaranıb. 
X Qlobal Bakı Forumunun panellərindən birinin məhz multilateralizmə həsr olunması xüsusilə təqdir edildi. Siyasi ədəbiyyatdan məlum olduğu kimi, multilateralizm, beynəlxalq əlaqələrin hər bir ölkənin bütün tərəfdaşlarla münasibətlərdə imtiyazlardan istifadə etməsinə imkan verən mexanizmlərə əsaslanaraq təşkil edilməsi deməkdir. Müasir dünyamızda multilateralizm böyük dövlətlərin birtərəfli siyasətinə qarşı çıxır, başqa dövlətlərin və xalqların da milli maraqlarının müdafiəsi, bərabərhüquqlu münasibətlər prinsipinin qorunması zərurətini aktuallaşdırır. 
Multilateralizmin əsas məqsədlərindən biri beynəlxalq münasibətlərin inkişafını təmin etmək, mövcud siyasi və iqtisadi sistemlərini düsturlaşdırmaq, hüquq və ədalət prinsiplərinə əsaslanan beynəlxalq qaydalara riayət etmək, qlobal təhdidlərə qarşı birgə mübarizə aparmaqdır. 
Bu gün bütün dünyada multilateralizmin əsl müdafiəçisi qismində BMT-dən sonra ikinci böyük təsisat olan Qoşulmama Hərəkatı çıxış edir. Azərbaycanın Qoşulmama Hərəkatına 2019-cu ildən başlamış və üzv dövlətlərin istəyi ilə bir il uzadılaraq 2023-cü ilə qədər davam edən sədrliyi bu təşkilatın yenidən formalaşan dünya nizamında öz yerini tapmasına böyük töhfələr verib. Forumda qeyd olundu ki, 2019-cu ilə kimi passiv fəaliyyəti ilə yadda qalan, qlobal proseslərdə rolu, təsiri bir o qədər nəzərə çarpmayan Qoşulmama Hərəkatının fəaliyyəti bu illərdə kifayət qədər canlandırılıb. Bu məqsədlə beynəlxalq tədbirlər, zirvə toplantıları təşkil edilib. COVID-19 pandemiyasının ən gərgin vaxtlarında Azərbaycanın təşəbbüsü, Qoşulmama Hərəkatının dəstəyi ilə BMT Baş Assambleyasının pandemiya ilə bağlı Xüsusi Sessiyasının təşkili mümkün olub. COVID-19-la mübarizə üzrə məlumat bazası yaradılıb. Ümumdünya Səhiyyə Təşkilatı bu bazadan səmərəli şəkildə istifadə edə bilib. Pandemiyanın ilk aylarında peyvənd millətçiliyinə və peyvəndlərin qeyri-bərabər paylanılmasına etiraz səsinin ucaldılması, postpandemiya dövrü ilə bağlı aktual məsələlərin gündəmə gətirilməsi, əksəriyyəti Qoşulmama Hərəkatına üzv olan 80-dən artıq ölkəyə maliyyə və humanitar yardımların edilməsi, koronavirusla mübarizəni dəstəkləmək üçün Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları həcmində birbaşa ianə yardımının göstərilməsi də Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə gördüyü real tarixi işlərdir. Azərbaycan quruma sədrliyi dövründə Qoşulmama Hərəkatının institusional inkişafına nail olub, o cümlədən bu məqsədlə Qoşulmama Hərəkatının 60 illik tarixində ilk dəfə ölkəmizin təşəbbüsü ilə Parlament Şəbəkəsi, ardınca gənclər şəbəkəsi yaradılıb. 

 

BMT-də ciddi islahatlar aparılmalıdır

 

X Qlobal Bakı Forumunda da bəşəriyyətə töhfə verən bütün bu nailiyyətlər diqqətə çatdırıldı. Eyni zamanda bildirildi ki, bugünkü parçalanmış dünyamızda belə bir hərəkata böyük ehtiyac var. 
"Bu gün biz soyuq müharibənin bitməsindən sonra bu günədək baş vermiş bəlkə də ən ciddi Şərq-Qərb qarşıdurmasının şahidi oluruq. Qoşulmama Hərəkatı körpülərin salınmasında, münaqişələrin həllində yeni yanaşmaların formalaşdırılması və Qoşulmama Hərəkatının təməl prinsiplərinin - Bandunq Prinsiplərinin təmin edilməsində mühüm rol oynaya bilər və oynamalıdır. Həmin prinsiplər - sülh, əməkdaşlıq, ərazi bütövlüyünə və suverenliyə hörmət, habelə sərhədlərin toxunulmazlığından ibarətdir" - forumda bu fikirlər xüsusilə səsləndirildi.
Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun 5 iyul 2023-cü il tarixində Bakıda keçirilən Nazirlər Görüşündə də müasir dünyamızın reallıqları açıqlandı və qeyd olundu ki, hərəkata üzv dövlətlər "Bandunq prinsipləri" ətrafında qətiyyətlə dayanmalı, suverenliyin və ərazi bütövlüyünün pozulması, ölkələrin daxili işlərinə müdaxilə hallarına qarşı öz səsini ucaltmalıdır. İndi hərəkatın dünya məsələlərində daha ön mövqedə olması mühüm əhəmiyyət kəsb edir. Multilateralizm bizim güclü vasitəmizdir. Hazırda beynəlxalq təşkilatlar, xüsusilə BMT bəşəriyyətin gözləntilərinə cavab vermir. BMT-də ciddi islahatların aparılması qaçılmazdır. BMT Təhlükəsizlik Şurası keçmişin qalığıdır və hazırkı reallıqları əks etdirmir. Biz Təhlükəsizlik Şurasında daha çox ölkənin təmsil olunması və coğrafi baxımdan daha ədalətli olması üçün onun tərkibinin genişləndirilməsinin tərəfdarıyıq. 

 

Fransa neokolonializm siyasətini davam etdirir

 

Bu nüfuzlu görüşdə neokolonializm meyillərinin artmasından Azərbaycanın  narahatlığı da vurğulandı. Neokolonializmi hələ də davam etdirən ölkələrdən biri kimi Fransanın adı çəkildi və qeyd olundu ki, dekolonizasiya prosesi nəticəsində yaranmış Qoşulmama Hərəkatı keçmişin bu utancverici mirasına qarşı qətiyyətlə mübarizə aparmalı və onun tamamilə aradan qaldırılmasına öz töhfəsini verməlidir.
"Özünü yalandan insan haqlarının və beynəlxalq hüququn müdafiəçisi kimi qələmə verən Fransa hələ də digər ölkələrin daxili işlərinə qarışır. Fransa qoşunlarının bu yaxınlarda Mali və Burkina-Fasodan çıxarılması onun Afrikadakı amansız neokolonializm siyasətinin uğursuzluğa məhkum olduğunu bir daha göstərdi" - kimi fikirlərə də tədbirdə xüsusi yer verildi. 
Bildirildi ki, mədəniyyətlərarası və dinlərarası dialoqun təşviqi Qoşulmama Hərəkatının gündəliyindəki əsas məsələlərdən olmalıdır. Geniş vüsət alan islamofobiya və ksenofobiya halları, həmçinin islamın zorakılıq və terrorla eyniləşdirilməsi cəhdləri hamıda narahatlıq doğurur. Danimarkada, Niderlandda, İsveçdə müqəddəs Quranın yandırılması, təhqir olunması və buna ifadə azadlığı adı altında bəraət qazandırılması tamamilə məsuliyyətsizlikdir, qəbulolunmazdır və bu, pislənilməlidir.
Hər iki tədbirdə səslənən çıxışlar müasir dünyamızın gələcəyinə işıq saldı, qlobal problemlərin həlli, bəşəriyyətin xoşbəxtliyi naminə birlikdə, həmrəy şəkildə yerinə yetirilməli olan vəzifələr dünya ictimaiyyətinin diqqətinə çatdırıldı. 




[email protected]