Fransalı məmurlardan "Telegram”, "WhatsApp” və "Signal” messencerlərini telefonlarından silmək xahiş olunub.
"Le Figaro” qəzetinə istinadla xəbər verir ki, Fransanın hakimiyyət orqanları bunu məxfi məlumatları ehtiva edən görüşlərin təhlükəsizliyini gücləndirmək zərurəti ilə izah edib.
"Mesajlaşma servisləri gündəlik ünsiyyətimizdə getdikcə daha mühüm rol oynayır. Lakin bu rəqəmsal alətlərdə təhlükəsizlik problemləri mövcuddur”, - deyə sənəddə qeyd olunur.
Bununla yanaşı, Fransa hökumətinin üzvlərinə öz telefonlarına İnformasiya Sistemlərinin Təhlükəsizliyi üzrə Milli Agentlikdən (ANSSI) birinci dərəcəli təhlükəsizlik sertifikatı alan yeganə proqramı - "Olvid” tətbiqini yükləməyə icazə verilib.
Qeyd edək ki, bu ərəfədə İraqda "Telegram” messencerinin bloklandığı barədə məlumat yayılıb.